07 May 2024, Çərşənbə axşamı

Azərbaycanın ən qədim bölgələrindən biri olan Naxçıvan diyarında zərgərlik, dülgərlik, xəttatlıq kimi peşələrlə yanaşı, tarixi çox qədimlərə söykənən duzçıxarma peşəsi insanlar arasında geniş yayılıb. Hələ Nuh Peyğəmbər dövründə mövcud olan duzçıxarma sonralar insanların əsas məşğuliyyət sahələrindən birinə çevrilib. Bəs bu gün də  qorunub yaşadılan duzçıxarma peşəsi nə vaxt yaranıb?

Tarixi mənbələrdə Duzdağ və duzçıxarma ilə bağlı o qədər geniş məlumat olmasa da, son illərdə bununla bağlı aparılan genişmiqyaslı araşdırmalar, bu haqda elm adamlarının fikirləri, müxtəlif ölkələrin tarixçiləri tərəfindən verilən məlumatlar gizli qalan bir çox faktları üzə çıxarıb. XIX əsr mənbələrində bununla bağlı rəvayətlərin birində deyilir ki, Nuh Peyğəmbər Dünya tufanından sonra Naxçıvanda məskunlaşan əhaliyə bir sıra sənətkarlıq sahələrini, o cümlədən Duzdağda duzçıxarmanı öyrədib. Araşdırmalar nəticəsində qədim mədənlərdən aşkar edilmiş alətlərin təhlili rəvayətin real­lığını, yəni V minillikdə buradan duzun mədən üsulu ilə çıxarıldığı və dünyanın ən qədim duzçıxarma mağarasının da məhz Naxçıvana məxsusluğu faktı təsdiq olunub. II əsrdə yunan alimi Klavdi Ptolomey, XVI əsrdə ərəb alimi Əl-Şərifi, XIX əsrdə rus alimi Konstantin Nikitin kimi tarixçilər və bundan sonrakı dövrlərdə tədqiqat işləri aparan yerli tarixçilərimiz öz əsərlərində Naxçıvan şəhərinin formalaşmasının Nuh Peyğəmbərlə və duzun çıxarılması ilə bağlı olduğunu qeyd ediblər. Rus tədqiqatçısı K.A.Nikitinin “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsində belə bir məlumat da vardır ki, Nuh Peyğəmbərin özü duz mədənində ilk çalışanlardan biri olub və şəhər əhalisinə duz çıxarmağı öyrədib. Bu da Naxçıvan şəhəri ilə Duzdağın, təxminən, yaşıd olduğunu deməyə əsas verir.

Duzdağ mədənlərinin arxeoloji cəhətdən tədqiqi keçən əsrin 70-ci illərində yenidən başlanılıb. 1967-ci ildə uçqun zamanı və 1976-cı ildə Duzdağda qazma işləri aparılarkən qədim şaxta aşkar edilib. AMEA-nın müxbir üzvü, görkəmli alim, mərhum Hacı Qadir Qədirzadənin “Naxçıvan: Nuh baba və türk atadan gələn yol” kitabında qeyd edilir ki, araşdırmalar zamanı diqqəti daha çox salonların quruluşu cəlb edirdi. Şaxtaçı fanarlarının işığında sanki büllur saray canlanırdı. Hər yer almaz kimi parlayan duz kristalları ilə dolu idi. Həmçinin müəyyən edilmiş qamçıtipli qalıntı, araba izləri və sair buradan uzun müddət duz çıxarıldığının əyani sübutu idi. 2006-2011-ci illərdə AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə fransız arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqat işləri nəticəsində buradan daş alətlərlə yanaşı, Eneolit, Erkən Tunc, Dəmir dövrlərinə və orta əsrlərə aid keramika məmulatları, daş çəkiclər tapılıb. Həmin tapıntılar Erkən Tunc dövründə duz çıxarılması işinin daha geniş hal aldığını göstərir.
Dərələyəz dağ silsiləsindən cənuba, Araz çayına qədər uzanan Duzdağ dağ silsiləsi el arasında “Qaş”, “Cəhrinin qaşı” da adlanır. Duzdağ isə onun cənub hissəsini təşkil edir. Milyon illər boyu duzla örtülmüş bu ərazidən insanlar duz çıxarmaq, çölün vəhşiləri, qoyun-keçi sürüləri isə duz yalamaq üçün gəliblər. “Naxçıvan: Nuh baba və türk atadan gələn yol” kitabında etnoqrafik və arxeoloji məlumatlara əsaslanaraq qeyd edilib ki, qədim dövrlərdən başlamış ilk orta əsrlərdə və sonrakı dövrlərdə Duzdağın indi və tarixən də açıq üsulla duz çıxarılan yerlərinin şərqində, Cəhri kəndi ərazisində Qoşatəpə, Əyri­arx, Tülkü təpəsi, Binətəpə kimi yaşayış məskənləri mövcud olub. Buranın insanları arasında duz çıxarmaq fərdi xüsusiyyət daşıyıb. AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyevin “Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində” kitabında belə bir qeyd vardır ki, XVIII əsrin sonlarınadək Naxçıvanda duz istehsalı ilə Cəhri kəndinin sakinləri məşğul olublar. Lakin Kalbalı xanın vaxtında, XIX əsrin əvvəllərində cəhrililər bu işdən kənarlaşdırılıb. Rəsmi göstərişə baxmayaraq, Cəhri kəndinin sakinləri XX əsrin 30-cu illərinə qədər Duzdağ ərazisindən duz çıxarmaqda davam ediblər.
Duzçıxarma üsulunu mənimsəyən insanlar zamanla bu peşənin sahibinə çevriliblər. “Naxçıvan: Nuh baba və türk atadan gələn yol” kitabında qeyd edilib ki, duz çıxarılmasında lom, külüng, dəmir guppan və daş alətlər əsas vasitələr idi. Çəkisi 2-3 pud, ucları sivri daş guppanlardan duz uçqunu yaratmaq, duz sallarını qırıb tökmək üçün istifadə edilib. Daşla duz çıxarılması ənənəsi isə qədim Daş dövründən, ibtidai insanlardan qalıb. Bu alətlər sonralar zərurət səbəbindən yerli ustalar tərəfindən düzəldilib. Sonrakı dövrlərdə dəmir əmək alətlərindən istifadə və barıtın kəşfi məhsuldarlığı xeyli artırıb. Çıxarılan duz, əsasən, sal, xınc və narın duz formalarında olub. Bir neçə üsulla hazırlanan narın duzdan məişətdə geniş istifadə edilib. Duz salları daş və ya çəkiclə əzilib xınc formasına salındıqdan sonra müxtəlifölçülü dibək daşlarında döyülüb. Duzun çox istifadə edildiyi ailələrdə isə onu kirkirədə (dəstər, əl dəyirmanı) çəkiblər. Xalq arasında belə alətlər “ehsanlıq” adlandırılıb, qohum və qonşular arasında ondan istifadə təmənnasız olub.
O dövrdə ağ duzdan o qədər istifadə edilməyib, çünki ağlığına baxmayaraq, belə duzların dadı olmayıb. Narın duz ayrıca qablarda və duz çuvallarında saxlanılıb. Duz torbaları müxtəlifölçülü olub, naxışlı formada palaz materialından tikilib. Duza böyük inam olduğundan duz çuvalı, duz qabı ciddi şəkildə qorunub. Elə bunun nəticəsidir ki, müqəddəs sayılan Duzdağ da qorunub, insan ömrü ilə müqayisə edilib, dua, alqış yerinə çevrilib. “Səni görüm ömrün Duzdağına dönsün” deyimi indi də Naxçıvanda alqış, dua kimi söylənilir.
Məişətin digər sahələri ilə yanaşı, duzdan heyvandarlıqda da geniş istifadə edilib. Həmin kitabda etno­qrafik materiallara əsaslanaraq yazılıb ki, yastı və hamar duz daşları üzərinə səpilən döyülmüş duz xırdabuynuzlu heyvanların əsas qidası olub. İribuynuzlu mal-qara üçün isə duz sal şəklində müəyyən yerlərə qoyulub. Duzdan təkcə heyvanlara vermək üçün yox, həm də heyvanat məhsullarının hazırlanmasında, xüsusən pendirin duzlanması, şorov hazırlanması, motal və eymələrdə qurd əmələ gəlməsinin qarşısını almaq üçün geniş istifadə edilib.
V.Q.Qriqoryevin “Naxçıvan şəhərinin statistik təsviri” adlı kitabında qeyd edilib ki, ilin yay aylarında Qarabağdan gələn köçlərin Salvartının, Əriklinin, Dərələyəzin yurdlarında yerləşməsi duza olan tələbatı daha da artırıb. Duz yaylaqlara, dağ və dağətəyi kəndlərə qatır və ulaqlarla daşınıb. Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayev öz tədqiqatlarında tarixin müəyyən mərhələsində Naxçıvandan çıxan karvanların əsas yükünün duz olduğu qeyd edir. Deməli, Naxçıvan duzu ən yaxşı ticarət və mübadilə vasitəsi olub.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev də yazır ki, vaxtilə Naxçıvan ərazisində duz ticarəti əsaslı şəkildə inkişaf edib. Naxçıvan mədənlərindən çıxarılan duz İrəvan vilayətinin Gərniçay və İlançay vadilərindəki kənd­lərə, Dərələyəz mahalına, Göyçə gölü, Qarabağ və Gəncə ətrafına, Şuşaya, Zəngəzura aparılıb. Ümumiyyətlə, duzun əsas istifadə bölgələri Naxçıvan, Ordubad, Yeni Bəyazid qəzaları, İrəvan quberniyası, Şuşa və İran olub.
Xalq arasında da duz yükü ən ağır iş sayılıb. İlk baxışdan yüngül görünən işlər haqqında “Hələ duza gedir, tamaşa qayıdandadır” deyilib. Duz yükünü qız uşağının böyüdülməsi, tərbiyəsi ilə də müqayisə edərək deyiblər: “Qız yükü, duz yükü”. Burada qız yükünün duz yükündən maddi deyil, mənəvi ağırlığı diqqətə çatdırılır. Bərəkətinə and içilən, bir çimdiyi yerə töküləndə dava-dalaş düşəcəyinə inanılan duz həmişə təmizlik, paklıq, halallıq rəmzi sayılıb.
Naxçıvanda ilkin şəhərsalma mədəniyyətinin tarixinin, bu mədəniyyətin formalaşmasına mühüm təsir göstərən amillərdən olan Duzdağ mədəniyyətinin tədqiqi və təbliği diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” və başqa beynəlxalq konfranslar keçirilib. Naxçıvanın tarixində Duzdağın və duzun oynadığı mühüm rol nəzərə alınaraq aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, arxeoloji tədqiqatlar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sen­tyabr tarixli Sərəncamı ilə Naxçıvan Duz Muzeyi yaradılıb. Muzeyin ­açılışında Ali Məclisin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır. Naxçıvan tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur... Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınmışdır. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə ­başlanmışdır”.
Bu yaxınlarda isə Naxçıvan Duz Muzeyinin www.duzmuzeyi.nakhchivan.az internet saytı istifadəyə verilib. Sayt Naxçıvanın qədim şəhərsalma mədəniyyətini, Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu bütün dünyaya çatdırmaq, elmi araşdırmalar nəticəsində əldə olunan maddi­-mədəniyyət nümunələrinin qorunub saxlanmasını, virtual şəkildə təbliğini təmin etmək işində mühüm rol ­oynayacaq.
Naxçıvan duzu bu gün də çox böyük əhəmiyyətə malikdir. Duzdağ isə dünyanın ən qədim duz mədəni olmaqla bərabər, həm də təbii şəfa mənbəyi kimi tanınır. Hər il minlərlə insan Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunur. Bütün bunlar bir daha göstərir ki, Naxçıvanın duz yaddaşı qədimdir, onu öyrənmək isə tariximizi öyrənmək qədər mühüm və olduqca əhəmiyyətlidir.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR