07 May 2024, Çərşənbə axşamı

AMEA Naxçıvan Bölməsində “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, dünyanın tanınmış islam alimlərindən biri olan Nemətullah Naxçıvani ilə bağlı ciddi elmi araşdırmaların aparılmasının, onun irsinin öyrənilib tədqiq edilməsinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 oktyabr tarixli Sərəncamı ilə əsası qoyulub. Sərəncamla birgə “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib və nəzərdə tutulan vəzifələrin icrasına başlanılıb. Sərəncamın icrası ilə əlaqədar AMEA Naxçıvan Bölməsində Nemətullah Naxçıvani irsinin öyrənilməsi üçün 7 nəfərdən  ibarət tədqiqat qrupu yaradılıb. Görkəmli alimin irsinin araşdırılması məqsədi ilə 2019-cu il 21-25 may tarixlərində Türkiyə Respublikasının Konya şəhərinə tədqiqatçı-mütəxəssislər göndərilib. Səfər çərçivəsində Türkiyənin Səlcuq Universitetinin Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” mövzusunda konfrans, 2019-cu il iyulun 8-də Naxçıvanda “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçirilib, “Görkəmli Azərbaycan mütəfəkkiri Nemətullah Naxçıvani” adlı beynəlxalq konfransın materialları” kitabı hazırlanıb nəşr edilib. AMEA Naxçıvan Bölməsinin hazırladığı “Nemətullah Naxçıvani: taleyi və sənəti” adlı kitab Bilik Fondunun dəstəyi ilə nəşr olunub. Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül- Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) adlı 3 cildlik təfsiri türk dilindən tərcümə edilib, Bilik Fondunun dəstəyi ilə təfsirin 3 cildi də nəşr olunub. İmzalanan Sərəncama və tədbirlər planına uyğun olaraq Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfındən “Təfsir alimi Nemətullah Naxçıvani” sənədli fılmi hazırlanıb, qəzet materialları verilib, keçirilən tədbirlər işıqlandırılıb.

Diqqətə çatdırılıb ki, “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” kitabında görkəmli şəxsiyyətin yaşadığı dövrdə siyasi və elmi vəziyyət elmi təhlil süzgəcindən keçirilib. Həmin dövrdə təfsir, hədis, fıqh, kəlam, tibb, tarix, ədəbiyyat kimi elmlər, dini təriqətlər və onların cəmiyyət həyatında rolu təhlil edilib. Professor Yaşar Kurt tədqiqat əsərində Nemətullah Naxçıvaninin bütün əsərlərindən bəhs edib, onlar haqqında ümumi məlumat verməklə, əlyazma nüsxələrini oxuculara təqdim edilib. Monoqrafıyanın ən maraq doğuran məqamlarından biri “Qurani-Kərim”in təfsir metodlarının elmi şərhidir. Nemətulla Naxçıvaninin Quranın təfsirində qarışıq metoda üstünlük verməsi, özünəməxsus yazı üslubu seçməsi onu digər təfsirçilərdən fərqləndirib, təfsir elminə yeni ruh, yeni nəfəs gətirib. “Nemətullah Naxçıvaninin təfsirində təsəvvüfı fıkirlər” adlanan üçüncü fəsil bütünlükdə islam dininin əsasını təşkil edən namaz, oruc, həcc, zəkat haqqında elmi şərhləri, şəriət qanunları, tovhid, vəhdətil vücud və vacibül vücud anlayışları və ümumilikdə alimin fəlsəfəsinin əsasını təşkil edən kamil insan anlayışı və onu formalaşdıran cəhətlərin şərhindən bəhs edir.

Surə Seyid kitabın hazırlanmasında xüsusi əməyi olan Türkiyənin Samsun 19 Mayıs Universitetinin professoru Yaşar Kurta təşəkkürünü  bildirib və elmi fəaliyyətində uğurlar arzu edib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci il tarixli Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirləri türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, təsəvvüf və təfsir alimi Nemətullah Naxçıvanini irsinin öyrənilməsi və tədqiqində mühüm amil kimi qiymətləndirib.

Qeyd olunub ki, həyatının 50 ilə yaxın bir dövrünü Naxçıvanda keçirən, İranda və Türkiyədə yaşayan, təsəvvüf və təfsir sahəsində əsərlərini də burada qələmə alan Nemətullah Naxçıvani “rəbbani elmlərdə sonsuz məlumatı olan, ilahi sirləri dənizin dərinliklərinə qədər enən” alim və arif bir şəxsiyyət idi. Əsərlərində şeir, beyt və rübailərdən geniş şəkildə istifadə edən görkəmli alimin həyatı, fəaliyyəti  muxtar respublikamızda da geniş şəkildə tədqiq edilir, öyrənilir. Nemətullah Naxçıvani irsinin araşdırılması istiqamətində atılan mühüm addımlardan biri də “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” kitabının ərsəyə gəlməsidir. Türk dilindən Azərbaycan dilinə müfəssəl şəkildə tərcümə edilən kitabdan bu nəticəyə gəlmək olur ki, Nemətullah Naxçıvani Orta Anadoluda Nəqsibəndliyin yayılmasında böyük rol oynayıb, təfsir üslubu etibarı ilə zahiri və işari təfsir üsulunu birləşdirən metoda üstünlük verib, şəriət və dünəvi elmlərdə, xüsusilə təsəvvüfi düşüncəni mənimsəyənlərin ən yuxarı təbəqəsinə xitab edən mövzularda dərin bir vaqifliyə sahib olub, dünyanın dairəvi olduğunu və günəşin ətrafında fırlandığını deyən Kopernikdən əvvəl dünyanın dairəvi şəkildə olduğunu, fırlandığını,  dünyanın Ay ilə Günəş arasına girməsindən və digər məsələlərdən bəhs edib.  Kitab Baba Nemətullah Naxçıvaniyə həsr olunmuş sanballı tədqiqat əsəri kimi nəinki Naxçıvan, eləcə də Azərbaycan elmi, ictimaiyyəti üçün də maraqla qarşılanacaq.

İsmayıl Hacıyev çıxışının sonunda görkəmli filosof və alimin həyat və fəaliyyətinin öyrənilməsi və tədqiq edilməsinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev,  Türkiyə Respublikasının Samsun 19 May Universitetinin İlahiyyat fakültəsinin  professoru, kitabın müəllifi Yaşar Kurt (onlayn), AMEA Naxçıvan Bölməsinin İncəsənətDil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, kitabın tərcüməçisi Elxan Yurdoğlu çıxış ediblər.        

Sonda nəşr olunan kitablardan ibarət sərgiyə baxış olub.

Qeyd edək ki, Türkiyə Respublikasının Samsun 19 May Universitetinin İlahiyyət fakültəsinin professoru Yaşar Kurtun müəllifı olduğu “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” kitabını türk dilindən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, fılologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu tərcümə edib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub. “Əcəmi” Nəşriyyat-Poliqrafıya Birliyində 100 tirajla işıq üzü görən, 300-dən artıq elmi ədəbiyyatdan bəhrələnərək qələmə alınan kitab giriş, 3 fəsil və nəticədən ibarətdir. Kitabın cildində Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinovun çəkdiyi “Baba Nemətullah Naxçıvani” əsərinin təsviri verilib. Yeni nəşr Nemətullah Naxçıvani irsinin tədqiqatçıları, tarixçilər, dinşünas alimlər və alitəhsil müəssisələrinin tələbələri, ümumilikdə Naxçıvanşünaslıq üçün qiymətli mənbə rolunu oynayacaq, gələcəkdə Nemətullah Naxçıvaninin elmi irsinə yeni baxışların və yeni tədqiqatların yaranması ilə nəticələnəcəkdir.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR