Əsrarəngiz təbiəti, iqlimi, flora və faunası, əlverişli coğrafi mövqeyi ilə seçilən Naxçıvanın olduqca zəngin, ləzzətli və özünəməxsus mətbəxinin Azərbaycan milli mətbəxində öz xüsusi yeri vardır. Bu mətbəx bizə məharətli əllərlə ləzzətli yeməklər hazırlayan analarımızın, xüsusilə bəzi yeməklərdə bacarıqlı aşpaza çevrilən atalarımızın, əl ləzzətini öyrəndiyimiz nənələrimizin, mətbəx mədəniyyəti nümunələrini yaradan babalarımızın mirasıdır. Bu mətbəx xalqımızın incəsənətində, musiqisində, rəqslərində, mahnılarında, düşüncə tərzində, fiziki görünüşündə, geyimlərində, folklorunda, bayramlarında və digər milli-mədəni dəyərlərində öz əksini tapır. Bir yaradıcılıq nümunəsi olan mətbəx həm də insanı bioloji fərd kimi var edən, könüllü, zəhmətkeş əməklə ucaldandır.
Zaman keçdikcə mətbəx ləvazimatları, ərzaqlar, süfrə etikası, qismən dəyişilsə də, folklorumuzda, nağıl və əfsanələrimizdə, mahnı və bayatılarımızda, atalar sözlərimizdə, andlarımızda, inanclarımızda yaşadılır qədim və zəngin mətbəx nümunələrimiz. “Ocaq haqqı”, “Kəsdiyimiz duz-çörəyə and olsun!”, “Ocağının tüstüsü əskik olmasın!”, “Ağüzlü, ağ çörəkli olasan”, “Yeməyini bilməyənə lor da birdir, şor da birdir”, “Salmança saldım saca, salınca qarnım aca” kimi and, alqış və deyimləri bu gün də eşidirik. Həmçinin diyarımızın ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış tarixin müxtəlif dövrlərinə aid xörək hazırlamaq, çörək bişirmək üçün xüsusi yerlər, müxtəlif məişət əşyaları, ocaqlar, təndirlər, un hazırlamaq üçün alətlər, dulusçuluq sənətilə məşğul olan babalarımızın hazırladıqları yüksəkkeyfiyyətli şirli, boyalı mətbəx qabları, Naxçıvan Dövlət Tarix Muzeyində nümayiş etdirilən müxtəlif dövrlərə aid məişət əşyaları Naxçıvan mətbəxinin qədimliyindən, özünəməxsusluğundan söhbət açır. Qədimdə insanlar tərəfindən təndirbaşı (və ya təndirəsər), qəfəxana, biş-düş damı, əl damı kimi adlandırılan Naxçıvan mətbəxi ilə bağlı dəyərlər, adət-ənənələr bu gün də qorunub yaşadılır. Muxtar respublikamızda yeraltı və yerüstü təndirlərdə diyarımızın brend məhsulu olan lavaş, təndir çörəyi, müxtəlif xörəklər, bayram yeməkləri, şirniyyatlar bişirilir. Naxçıvanın daş küftəsi, yarmaaşı, əriştəaşı, bozpörtü, pitisi, qovurması, kababı, dolması, kətəsi, qayğanağı və paxlavası, şəkərburası, sucuğu, halvası, quru meyvələri, limonu, mürəbbələri, mineral suları, yabanı və mədəni bitkiləri və digər mətbəx nümunələri xüsusi dad və ləzzəti ilə seçilir, diyarımıza gələn xarici qonaqların da diqqətini cəlb edir. Milli mətbəximizdə mühüm yer tutan plovun Naxçıvan mətbəxində də yeri həmişə görünür. Xüsusilə bayram axşamlarında hazırlanan, “süfrələrin şahı” adlandırılan Naxçıvan plovunun (aş) bu qədər sevilməsinin bir səbəbi diyarımızın təmiz havasının, suyunun, duzunun, ətinin, göyərtilərinin bu yeməyə verdiyi xüsusi ləzzətdirsə, digər səbəbi isə bu diyarın sakinlərinin bacarığında, yeməyə qatdıqları sevgidədir. Diyarımızda “Plov”, “Kətə”, “Naxçıvan çörəkləri”, “Yaradıcı əllər”, “Göycə” festivallarının keçirilməsi zəngin mətbəximizin, süfrə ənənələrimizin təbliğinə, milli dəyərlərimizin yaşadılmasına göstərilən qayğının bariz nümunələrindəndir.
Doğma yurdumuzun mətbəx mədəniyyətinin kökündə duran ən mühüm xüsusiyyətlərdən biri də süfrə mədəniyyəti, qonaqpərvərlik, qonağa hörmət hissidir. Naxçıvanda bu gün də bir çox evlərdə işlədilən “qonaq otağı” ifadəsi bu diyarın insanlarının mənəvi zənginliyinin göstəricisidir.
Muxtar respublikamızda atılan hər addımda, görülən hər işdə milli mətbəximizin qorunmasına, yaşadılmasına, təbliğinə göstərilən xüsusi diqqət və qayğının şahidi oluruq. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalq yaradıcılığının ən qədim sahələrindən biri olan kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi və inkişaf etdirilməsi, təbliği, tanıdılması, unudulmaqda olan mətbəx nümunələrimizə yeni həyat bəxş edilməsi işində mühüm rol oynayıb. Naxçıvan şəhərində “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi yaradılıb, 2012-ci ildə nəfis şəkildə, Azərbaycan və ingilis dillərində “Naxçıvan mətbəxi” kitabı nəşr olunub.
“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin bərpa və yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan şəhər buzxanasında yerləşməsi isə heç də təsadüfi deyil. Ta qədimdən buzxanalar həm də mətbəx mədəniyyətimizin bir parçasını özündə yaşadan maddi mədəniyyət nümunəsi olub. Qədimdə insanların buza olan tələbatını ödəyən, ərzaq məhsullarının uzun müddət saxlandığı buzxanalarda bu gün milli mətbəx nümunələrimizin təbliği tarixi və mədəni irsimizin yaşadılmasına göstərilən ən böyük qayğıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan şəhər buzxanasının bərpa və yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə demişdir: “Buzxana abidəsinin tarixi görkəmi qorunub saxlanılmaqla bərpa olunması ona ikinci həyat vermişdir. Abidədə xalqımızın milli dəyərlərinin bir hissəsi olan kulinariya mədəniyyəti yaşadılacaq və təbliğ olunacaqdır. Bu gün Naxçıvan Dövlət Universitetində müvafiq ixtisas üzrə kadr hazırlığının aparılması və həmin ixtisasın hamiliyə götürülməsi, eləcə də gənclərimizə kulinariya mədəniyyətimizin öyrədilməsi qarşıda duran əsas vəzifələrdəndir. Ona görə də buzxanada Naxçıvan Turizm Departamentinin “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin fəaliyyəti üçün şərait yaradılmış, yeni iş yerləri açılmışdır. Burada milli mətbəx nümunələrimiz hazırlanaraq təbliğ olunacaq, həm tariximiz, həm də dəyərlərimiz yaşadılacaqdır...”
Burada yaradılan şərait bir daha əminlik yaradır ki, gələcəkdə Naxçıvan mətbəxi yerli və xarici turistlərin də böyük marağına səbəb olacaq. Belə ki, tarixi-memarlıq görkəmi saxlanılaraq bərpa olunan abidəni ziyarət edən turist həm min illər ərzində xalqımızın formalaşdırdığı məişət mədəniyyətinin izlərini özündə daşıyan tarixi abidə – buzxana ilə tanış olacaq, həm də Azərbaycan, o cümlədən Naxçıvan mətbəxinin zəngin nümunələrindən, çoxçeşidli milli yeməklərindən dada biləcək.
Mərkəzdən verilən məlumata görə, gələcəkdə də Naxçıvan Dövlət Universiteti, Naxçıvan Qızlar Liseyində müvafiq ixtisas üzrə kadr hazırlığının aparılması, eləcə də gənclərimizə kulinariya mədəniyyətinin öyrədilməsi, televiziya verilişləri vasitəsilə milli mətbəx nümunələrinin hazırlanma qaydalarının əyani formada nümayişi, internet resurslarında təbliğat işinin aparılması, unudulmaqda olan mətbəx nümunələri haqqında məlumatların toplanması və bərpası, mətbəxlə bağlı folklor nümunələrinin əldə olunması, qədim mətbəx nümunələrimizin təbliği məqsədilə müsabiqələrin, festivalların təşkili, milli mətbəxlə bağlı buklet və kitabların nəşrə hazırlanması işi davam etdiriləcək. Yaxın vaxtlarda mərkəzin internet saytının yaradılması da diqqətdə saxlanılır.
Biz də inanırıq ki, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi Azərbaycanın ayrılmaz tərkib hissəsi, zənginliyi və ağız ləzzəti ilə həmişə diqqət mərkəzində olan Naxçıvan mətbəxinin təbliği işinə öz layiqli töhfəsini verəcək.
- Güntac ŞAHMƏMMƏDLİ