Şimali Amerika sahillərində qızıl axtarışına çıxan iki yolçu. Mübarizələrlə dolu həyat hekayəsi. Bu mübarizənin yox etdiyi insanlıq, dostluq, mərhəmət hissləri. Bütün bunlara baxmayaraq, həyatı ilə savaşa çıxan mübariz bir qəhrəman. Bu savaşda qarşıya çıxan məhrumiyyətlərə sinə gərən, aclıq və vəhşi heyvanlarla mübarizə aparan, həyat eşqi sönməyən, taleyinə qarşı gələn ümidli insan. Bu hekayə həyat sevgisi olan, hər hansı çətinlik qarşısında belə, inamını, şücaətini qoruyan ümidli insanların hekayəsi, ömrünün son anına qədər həyatla rəqabət etməyi sevən cəsarətli, güclü, əzmkar bir insanın həyat təcrübəsi nəticəsində ortaya çıxan fantastik kəşfdir.
Bərk yorulmuş və taqətdən düşmüş, uzun müddət çətinliklərlə üzləşib, hər cür məhrumiyyətlərə məruz qalmış, qızıl axtarışında olan, çay ilə çatmaq istədikləri sahilə tərəf irəliləyən iki yolçu. Çayın ortasında qalan, bədbəxtliyə düçar olmuş dostunun ümidsiz yalvarış səslərinə cavab verməyən, sahilə çıxmağa can atan və yoluna davam edən Bill. Və bundan sonra başlanan amansız həyat mübarizəsi. “Dost”unun onu yarı yolda qoyub getməsinə baxmayaraq, hələ də Billin onu atmayacağına, “kiçik dəyənəklər ölkəsi”ndə onu gözləyəcəyinə və birlikdə Böyük Ayı gölünə çatacaqlarına inamını itirməyən qərib yolçu. O bu cür düşünməyə məcbur idi. Əks halda, mübarizəni davam etdirməyin heç bir mənası qalmazdı və o zaman yeganə çarə əl-ayağını uzadıb ölmək olardı… Qəhrəman yolda dostu Billin izlərinə rast gəlir. Billdən yalnız ağ-çəhrayı rəngdə sümüklər qalmışdı. Lakin onu atmasına baxmayaraq, o, Billin qızılını götürmür. Hətta görəsən, Bil onun yerində olsaydı, bu cür edərdimi? – deyə də düşündü və sürünərək irəliləməyə davam edir…
Bu hekayədə həm də əsl dost kimdir, onu düzgün seçmək, tanımaq olarmı? – sualına cavab axtarılır. Məncə, dostluq, yoldaşlıq çox dərin anlayışdır. Yoldaşınla sona qədər getmək, onu tək qoymamaq, bəzən onu mənfilərilə də sevmək, müdafiə etmək bir dostun insanlıq borcudur. “Həyat eşqi”nin Billi, bəlkə də, yoldaşını tək qoyub getməsəydi, özü də sonda canavarlara yem olmayacaq, həyat ümidli qəhrəmanımıza növbəti dərsini verməyəcəkdi…
“Həyat olan yerdə, ümid də olmalıdır!” – bu hekayənin cəlbediciliyinin sirri onun yaratdığı emosional təsirdədir, bunun arxasında müəllifin bacarığı, görkəmli Amerika yazıçısı Cek Londonun üstün ədəbi istedadı dayanır. Baş qəhrəmanın yaşadığı aclıq hissi tamaşaçıların şüuruna işləyir. Qəhrəmanın əzabının beynimizdə əksini tapan vizual görüntüləri ona olan mərhəmət hissimizi artırır. O, açıq səma altında yatır, amma narahat, acdır. Tez-tez boş ərazidə canavarların səsini eşidir. Üç canavar onun keçdiyi yoldan keçir, qorxunc Ayı ilə qarşılaşır. O bu vaxt aclıqdan sönən həyatını son dəfə xilas etmək cəhdindən əvvəl baş verə biləcək zorakı ölümdən qorxur. Adam irəlilədiyi yolda artıq çox şeyini atıb. Sonra qızıl ilə doldurulmuş ağır çantanın yarısını boşaldır. Zaman-zaman huşunu itirməyə başlayır. İçindəki həyat eşqi onu hərəkətə gətirir. O düşünür: “Həyat fani və beşgünlükdür. Yalnız həyat əzab çəkməyə məcbur edir. Ölmək ağrılı deyil. Ölmək – yatmaqdır. Ölüm son, istirahət deməkdir. O halda, o, niyə ölmək istəmir?” Ancaq çox fikirləşmir, vaxta fikir vermədən, gecə-gündüz hərəkət edir, yıxıldığı yerdə dincəlir, sönən həyatı yenidən alovlananda isə irəliləyir. Artıq o, adi insanlar kimi mübarizə etmir. Lakin ondakı həyatın özü məhv olmaq istəmir və onu irəliyə getməyə məcbur edir. O, daha əzab çəkmir. Əsəbləri, sanki donaraq kütləşmiş, beynində qəribə xəyallar dolaşır, ümidverici yuxular görür. Ətrafda həyat var. Ancaq bu həyat aşıb-daşan və sağlam bir həyatdır. O dayanmadan parlaq dənizdəki gəmiyə tərəf irəliləyir…
Həyatda rast gəlinən ən amansız bir mübarizənin sonu. Son qüvvəsi ilə sürünən xəstə insan və axsaya-axsaya onun ardınca düşən xəstə canavar. Hər ikisi ölümcül haldadır. Boz və soyuq səhrada sürünərək bir-birini gözdən qoymaq istəmirlər. O, artıq hər şeyə biganədir, nəyisə hiss etmək və ya həyəcanlanmaq hisslərini itirib. Artıq o, ağrını da hiss etmir. Mədəsi və əsəbləri, sanki yuxuya gedib. Ancaq onda hələ sönməyən həyat eşqi var və onu irəliyə getməyə məcbur edir. Canavar isə addım-addım onu izləyir. Bir insanın xəstə canavarla mübarizə etməsi qəhrəmana təhqiramiz görünür, amma bilir ki, hətta bu rəqabət də onun üçün məqbuldur. Bütün olub keçənlərdən sonra ölmək axmaqlıq olardı onun üçün. O, ölümün astanasında olsa da, ölümə təslim olmur. Bəlkə də, bu, ağılsızlıq idi. Ancaq o, ölümün pəncəsində olanda belə, ölümə meydan oxuyur, onunla mübarizə aparır. Yaxınlaşan təhlükə hissi adamı qərar qəbul etməyə məcbur edir. Bütün iradi gücünü, şüurunu qorumağa çalışaraq yuxuda olmağa can atır, səbirlə canavarın ona yaxınlaşmasını gözləyir. Nəhayət, iki varlıq arasında ölümcül bir mübarizə başlayır və sonda adam qalib gəlir. Uzaqdan bir gəmi ölü canavar və huşsuz adamı görür. Dəhşətli əzabların sonudur artıq. Yaşamaq istəyi qalib gəlir. Hər şey, bu mübarizə sonda qazanılan çətin və şirin Qələbə üçün idi…
O, bir qəhrəmandır. Ölümün gözünə dik baxan, həyatın çətin və dözülməz imtahanı qarşısında sonadək savaşan və qazanan qəhrəman. Bu yolda dostunu itirir, həyatında dadmadığı qorxu hissini yaşayır, ancaq bütün bunları onun qarşısına çıxaran, onu sınağa çəkən həyatla sonuna qədər mübarizə aparır. Hekayənin əsas qəhrəmanının adı verilmir. Yazıçı, bəlkə də, bununla oxucunu həmin qəhrəmanın yerində görmək istəyir. Bu qəhrəman mən də ola bilərəm, sən də, bir başqası da. Əsas odur ki, hər bir oxucu həyatla çətin mübarizədə qalib gəlməyi bacarsın…
“Həyat eşqi” 1905-ci ildə yazılıb, ancaq qaldırılan problemlər indi də aktualdır. Bu hekayə göstərir ki, həyat sevgisi ən inanılmaz dərəcədə çətin vəziyyətdə yaşamağa kömək edir. Həyat sevgisi cəsarət və dözümlülük, sonuna qədər döyüşməyinizi öyrədir. Nə olursa-olsun, hədəfə getməyi, yaşadığımız həyatı fəth etməyi öyrədir. Dostlara heç vaxt xəyanət etməməyi, ən yaxşısına inanmağı öyrədir. Əsrin bu mühüm ideya-bədii məziyyətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”na salınıb.
Hekayədə sağ qalmaq uğrunda mübarizə o qədər mükəmməl təsvir edilib ki, həyatın necə dəyərli olduğunu göstərir. Cek London bu hekayə ilə nəyin bahasına olursa-olsun, yaşamağa səsləyir, insana həyat sevinci bəxş edir. İnsan üçün onun həyatından daha dəyərli heç nə yoxdur və həyat nə qədər dəhşətli olsa da, yenə də gözəldir. Bütün çətinliklərə baxmayaraq, həmişə ümidinizin və həyat eşqinizin sizi tərk etməməsi diləyi ilə.
Güntac ŞAHMƏMMƏDLİ