30 Aprel 2024, Çərşənbə axşamı

İlin bütün fəsillərində muxtar respublikamıza turist axınının şahidi oluruq. 2019-cu ildə qədim diyarımıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 416 minə yaxın turist gəlib. Həmçinin Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil edib. Bu statistik məlumatlar bir daha göstərir ki, Naxçıvan turistlərin ən çox müraciət etdiyi şəhərlər sırasında öz yerini qoruyub saxlayır. Keçən günlərdə Pakistan Respublikasından diyarımıza səyahətə gələn turistlər də Naxçıvanın qış fəslində gəzib-görməli yerlərində oldular.

Şəhərimizdə Pakistan vətəndaşı İmran Muhammedlə həmsöhbət olduq. O, qeyd etdi ki, hazır­da ailəsi ilə birgə Bakı şəhərində yaşayır və orada ticarətlə məşğul olur: – Biz bir neçə ildir, Bakıya gəlmişik. Azərbaycan mənim ikinci Vətənimdir. Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi dostluq əlaqələri uzaq keçmişə dayanır. Xatırladım ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk üç dövlət sırasındadır. Hər iki dövlətin insanlarının bir-birinə qarşılıqlı hörmət və ehtiramı var. Azərbaycanın tanınmış diyarı olan Naxçıvana isə ilk dəfədir, gəlirəm. Bura çox xoşuma gəldi. Mən əvvəldən də məlumatlıyam ki, Pakistanla Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı dostluq əlaqələri vardır. Buranın ali təhsil müəssisələrində Pakistandan olan tələbələr təhsil alır, universitetlərarası sıx əlaqələr mövcuddur. Həmçinin görkəmli Azərbaycan yazıçısı, əslən Naxçıvandan olan Cəlil Məmmədquluzadə haqqında kitablar Pakistanda urdu dilində nəşr olunub.

Qeyd edim ki, mən buraya dörd pakistanlı dostumla gəlmişəm. Naxçıvan haqqında çox eşitmişik, ancaq əyani görüb tanımaq isə bizim üçün çox xoş oldu. Dördgünlük səfərimiz müddətində muxtar diyarın görməli yerləri, tarixi abidələri, mədəniyyət müəssisələri ilə tanış olduq. Bura maraqlı bir məkandır. Hər addımda muxtar respublikanın inkişafını gördüm. İnsanların simasında daim təbəssüm var. Bu o deməkdir ki, onların yaşayışları yaxşıdır. Allah bu torpağa bütün nemətlərdən nəsib edib. Blokada vəziyyətində olan bir diyarda belə bir inkişaf insanı heyrətləndirir. Bu onu göstərir ki, Naxçıvanın inkişafı üçün çox böyük tədbirlər həyata keçirilir. Burada geniş və abad yollarda gəzmək də çox rahatdır. Səmimi deyim ki, mən Naxçıvan torpağını, insanlarını çox sevdim. Sakin­lər qonaqpərvər və əliaçıqdırlar. Şəhərdə mərkəzi bazara getdik. Bazardan aldıqlarım müqabilində məndən pul götürmədilər. Dedilər ki, Pakistan Azərbaycanla qardaş ölkədir, qonaq olun. Çox xoşuma gəldi. Biri var dillə dua etmək, biri var qəlblə. Göstərdikləri hörmətə görə mən onlara qəlbdən dua etdim. Bunu hər yerdə deyəcəyəm ki, Azərbaycanın hər yeri gözəldir, lakin Naxçıvan xüsusilə ­seçilir.
Onu da deyim ki, səfərimiz çərçivəsində biz bir sıra görməli yerlərlə tanış olduq. Düşünürəm ki, Naxçıvana gəlib çoxdan haqqında eşitdiyimiz Əshabi-Kəhfi ziyarət etməsəydik olmazdı. Bura ziyarətgah olmaqla yanaşı, həm də Azərbaycanın ən qədim tarixi yerlərindən biridir. Təsadüfi deyil ki, İslamın müqəddəs kitabı “Qurani-Kərim”də də bu qədim ziyarətgahın adı çəkilir. Öyrəndim ki, dünyadakı müxtəlif dinlərə mənsub olan insanlar bura ziyarətə gələ bilirlər. Ziyarətgah həm də insanlara xeyirxah əməllər aşılayır. Biz “Damcıxana”ya qalxdıq, üzərimizə su damcısı düşdü. Bizimlə bərabər, damcının üzərinə düşməsini gözləyən çoxlu insanlar var idi. Möcüzəli bir aurası olan bu yer mənimlə birgə gələn dostlarımın da xoşuna gəldi. Bizim ölkəmizdə olduğu kimi, Naxçıvanda da dini-mənəvi dəyərlərin qorunub saxlanıldığının şahidi olduq.

Daha sonra Duzdağa getdik. Çox gözəl və möcüzəvi yerdir. Buradakı qədim duz mağaraları insanlara sağlamlıq, şəfa bəxş edir. Bu da Uca Yaradanın Naxçıvana ən böyük lütfüdür.
Muxtar respublika ərazisində gəzdiyimiz tarixi abidələrdən biri də Qarabağlar Türbə Kompleksi oldu. Öyrəndik ki, bu türbə Naxçıvanın ən qədim mədəniyyət abidələrindən biridir. Türbə böyük mədəniyyət mərkəzlərindən biri olan Qarabağlar kəndi ərazisində 800 il bundan öncə yaradılıb. Türk-islam mədəniyyətinin izlərini qoruyub saxlayan abidənin bərpa edilməsi isə bu diyarda tarixi-mədəni irsə göstərilən ən böyük diqqətdir. Mən türbə haqqında məlumatlandıqdan sonra orada namaz qılıb, dua etdim.
Görünür ki, bu diyarın əlverişli təbii-coğrafi şəraiti turizmin inkişafına da imkan verib. Şahbuz rayonu ərazisində yerləşən Batabat, Ağbulaq kimi turistik yerlər buna misal ola bilər. Ağbulaq qış turizmi üçün ideal yerlərdən biridir. Biz Ağbulaq Xizək Mərkəzində də olduq. Burada yaradılan şərait dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır. Asudə vaxtımızı dəyərləndirmək üçün mərkəz təlimçilərinin müşayiəti ilə xizək sürdük və motosikletlə səyahət etdik. Bu anlar bizim üçün maraqlı və həyəcanlı idi.
Biz Gülüstan və Nuh Peyğəmbərin türbələrini, Möminə xatın məqbərəsini, Xan sarayını, Naxçıvanqalanı, Əlincə qalasını, Darıdağı da gəzdik. Bu yerlərin hər biri məndə yüksək təəssürat yaratdı.
Ticarətlə məşğul olduğum üçün “Cahan” Ticarət Mərkəzi ilə maraqlandım. Naxçıvanda iqtisadiyyatın inkişafı, xarici ticarət əlaqələri, istehsal edilən yerli məhsullar barədə məlumat əldə etdim. Mən çox istərdim ki, gələcəkdə Naxçıvan və Pakistan arasındakı ticarət əlaqələri genişlənsin, bu diyarda bizim də istehsal etdiyimiz yerli mallar tanınsın.

Bu gün Naxçıvana gələn hər bir turistin dilindən qədim diyarımız haqqında ağızdolusu gözəl sözlər eşidirik və bu məni çox sevindirir, həm də qürurlandırır. Ona görə ki, mən müstəqil Azərbaycanın Naxçıvan adlı dilbər guşəsinin övladıyam və qanımla, canımla, bütün varlığımla öz elimə bağlıyam!

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR