Qədim və müasir dövr həm də ona görə bir-birinə bağlıdır ki, informasiya almaq və yaymaq zərurəti hər iki dövrdə mövcud olub və indi bu proses yeni imkanlar hesabına daha da güclənərək inkişaf edir. Bunun əsas səbəblərindən biri insanların daim informasiya axtarışında olmalarıdır. Onlar mövcud informasiyanı əvvəlcə axtarır, toplayır, hazırlayır sonra yayırlar. İnformasiyanın izah və şərhi insanları bu və ya digər formada bilgiləndirir. Bəzən verilən informasiya kontekstdən kənarlaşdırılır, başqa məqsədlərə xidmət edir ki, bu da informasiyanın təhlükəsizlik anlayışını ortaya çıxarır.
İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə insan beyni gündə yüzlərlə informasiyanı qəbul edir. Bu gün sürətlə inkişaf edən internet və ya onlayn media Azərbaycanın media məkanında əsas informasiya daşıyıcısı, ötürücüsü rolunu oynayır. Müasir cəmiyyətimizdə durmadan artan tələbat informasiya əldə etmək işində yeni medianın rolunu daha da artırıb. İnternet məkanında yaradılan informasiya agentliklərinin, xəbər portallarının, televiziyaların sayı günbəgün çoxalır. Bu gün insanlar bir-biri ilə əlaqə yaratmaq, fikirlərini cəmiyyətə çatdırmaq üçün müxtəlif üsullardan, o cümlədən “Facebook”, “Twitter”, “Instagram” kimi sosial şəbəkələrdən, internet vasitəsilə yaradılan bloqlardan istifadə edirlər. Bütün bunlara baxmayaraq, Azərbaycanda mövcud olan televiziya, radio və klassik yazılı mətbuat vasitələri də informasiyanın yayılma mənbələri kimi öz rollarını qoruyub saxlaya biliblər. Onlayn mediaya günü-gündən artan marağın əsas səbəblərindən biri də informasiyanın daha asan və əlçatan olması ilə əlaqəlidir. Bu gün onlayn media və sosial şəbəkələr istənilən sahədə ictimai rəyi yönləndirən əsas vasitəyə çevrilib. Ona görə də burada yayılan istənilən maraqlı xəbər dərhal cəmiyyətdə fəal müzakirələrə səbəb olur. Bu, onlayn mediada yayılan xəbərlərin reallığına əmin olmaq kimi çox vacib məsələni də ortaya qoyur.
Müasir medianın böyük bir hissəsini təşkil edən, cəmiyyətə güclü təsir göstərən onlayn media ictimai maraqdan çıxış etməlidir. Bu media növü azad olsa da, hadisələrə məsuliyyətlə yanaşmalıdır. Burada həm sosial, həm də hüquqi məsuliyyətdən söhbət gedir. Bunların hər ikisi informasiya təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını şərtləndirir. Bu gün dünya dövlətlərinin əsas prioritet məsələlərindən biri olan informasiya təhlükəsizliyinin təmin edilməsi siyasi, iqtisadi, sosial, mədəni və digər sahələri əhatə edən 300-ə yaxın aktiv portal, xəbər saytı və internet informasiya resursunun fəaliyyət göstərdiyi ölkəmizdə də aktual və vacib məsələlərdən biridir. Bəzən dəqiqləşdirilməmiş, qərəzli, mənbəyi məlum olmayan informasiyalar ölkədə gedən proseslərin, konkret hadisələrin mahiyyətini təhrif edir, ictimaiyyəti çaşdırır və dövlətin informasiya təhlükəsizliyinin pozulmasına gətirib çıxarır. Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununun “Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi” maddəsində göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanuna zidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.
Bu gün rəqiblərini üstələmək, oxucu qazanmaq və onu əldə saxlamaq üçün onlayn mediada da bu halların pozulduğunun şahidi oluruq. Bəzən xəbər əldə etmək üçün onlayn jurnalistika bloq və sosial şəbəkələrə müraciət edir. Onlayn medianın əsas vasitələrindən biri olan sosial şəbəkələr insanların ictimai münasibətlərini tənzimləyən bir vasitədir. “Hootsuite Global Digital 2019”un hesabatına əsasən bəlli olur ki, internet istifadəçiləri orta hesabla oyaq vaxtlarının üçdə birindən çoxunu – 6 saat 42 dəqiqəsini onlayn rejimdə olurlar, internetdə keçirilən vaxtın üçdə ikisi isə, yəni, təqribən, 4 saatı sosial şəbəkələrin payına düşür. Bu göstərici inkişaf etməkdə olan ölkələrdə daha yüksəkdir. Belə bir fakt həm də onu təsdiqləyir ki, müasir dünyamızda sosial şəbəkələr informasiya mərkəzlərinə çevrilir, həmçinin informasiyanın operativ mənbəyi olmaqla, öz auditoriyasını formalaşdırır. Müşahidələr göstərir ki, sosial şəbəkələrdə yayılan informasiyalar xəbər portallarının lentlərində özünə yer tapır. Bu da bəzi hallarda qeyri-səhih xəbərlərin yayılmasına səbəb olur. Sosial şəbəkələrdən xəbər qaynağı kimi faydalanan peşəkar jurnalistlərdən tələb olunur ki, hər hansı bir status ictimai maraq kəsb edirsə, jurnalistikanın etik qaydalarını gözləməklə ondan istifadə etmək olar.
Əsas məlumat mənbəyi hesab olunan internetin və mobil telefonların hər evə daxil olması nəticəsində onlayn media istifadəçilərinin sayı hər keçən gün artmaqdadır. Məlumat üçün bildirək ki, Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. Sosial şəbəkə istifadəçilərinin sayı isə 3 milyondan çoxdur. Bu göstəricilər ölkəmizdə internet azadlığının təmin edilməsi kimi xarakterizə olunur. Müasir və qloballaşan dünyada sosial şəbəkələr insanın virtual kimliyini formalaşdırıb. Bu, çox vaxt milli kimliklə üst-üstə düşmür, sosial media platformalarında adi ünsiyyətin və media fəaliyyətinin məğzi dəyişir. Hər şeydən sui-istifadə etməyə öyrəşmiş bəzi adamlar sosial mediadan başqalarına şər, böhtan atmaq, şantaj etmək, yalan məlumatlar yayıb ictimai rəyi çaşdırmaq məqsədilə istifadə edirlər. Cinayət Məcəlləsində bu qəbildən olan hərəkətlərə görə nəinki öz adı altında, saxta ad altında eyni hərəkəti edənlər də məsuliyyət daşıyırlar. İndi məqsəd belə halların qarşısının alınmasıdır. Bunun üçün maarifləndirmə işlərinin aparılmasının vacibliyi ön plana çəkilir. Ən azı, peşə etikasını, informasiya ilə iş prosesini, KİV-in hüquqi tənzimlənməsini, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini bilmək bu işlərin əsasında dayanır.
Noyabrın 30-da Naxçıvan şəhərində “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusunda beynəlxalq konfrans keçirildi. Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri və əməkdaşlarının, Azərbaycan Mətbuat Şurasının sədri və üzvlərinin, tanınmış yerli media rəhbərləri və təmsilçilərinin, tələbə jurnalistlərin iştirak etdiyi konfransda bu məsələlər bir daha müzakirə olundu və qənaətə gəlindi ki, muxtar respublikamızda günün tələbləri səviyyəsində qurulan onlayn media, həm də sosial şəbəkələr üzərindən aparılan geniş təbliğat operativ, dəqiq və qərəzsiz informasiyaların yayılmasını təmin edir. İnformasiya axtarışında olan ölkə və dünya ictimaiyyəti Naxçıvan haqqında obyektiv informasiyaları əldə edə və yaya bilirlər. Bu isə təkcə qanunları mənimsəməklə deyil, həm də yüksək informasiya mədəniyyətinə malik olmaqla bağlıdır. İnformasiya mədəniyyəti isə insanın ümumi mədəniyyətinin bir komponentidir.
P.S. Universitet təhsilim boyunca bu sualı tez-tez eşidirdim: – Jurnalist, yoxsa vətəndaş olmaq? Müəllimlərim deyirdi: – Jurnalist olmadan öncə, əsl vətəndaş olmaq lazımdır. Bəli, peşəsindən asılı olmayaraq, öz Vətənini sevən, qoruyan, onun adını hər yerdə uca tutanlar bu ölkənin vətəndaşı adını daşımağa layiq şəxslərdir.
Güntac ŞAHMƏMMƏDLİ