22 Dekabr 2024, Bazar

Xalqımızın qədim tarixi ilə bağlı olan, əsrlər keçdikcə cilalanaraq müasirliyə qovuşan aşıq sənəti folklorumuzun zənginliyinin təsdiqidir. Dərin məzmunlu, zəngin sənət növü kimi aşıq yaradıcılığı Naxçıvanda qədimdən formalaşıb, inkişaf edib. Elə buna görə də diyarımızda  folklorun aparıcı qolunu təşkil edən ozan-aşıq yaradıcılığının görkəmli nümayəndələri olub. Naxçıvan aşıq mühiti keçən əsrlər ərzində söz və saz yaradıcılığı sahəsində özünəməxsusluq qazanaraq aşıq sənətinə qiymətli töhfələr verib. Bu yazıda sizə zəmanəsinin məşhur aşıqlarından olan, Azərbaycan şairi, çağdaş Naxçıvan aşıq məktəbinin banisi Sərraf Qasım haqqında danışacağıq. Şahbuz aşıq mühitinin bu görkəmli nümayəndəsi uzun illər ərzində saz həvəskarlarına aşıq-saz sənətinin sirlərini öyrədib. Bu gün də Naxçıvan aşıq mühitində fəaliyyət göstərən söz ustadlarının bir çoxu onun yetirmələridir. Onlar muxtar respublikamızda keçirilən xalq mərasimlərində, dövlət tədbirlərində, eləcə də xaricdə qədim diyarımızın folklor-musiqi mədəniyyətini layiqincə təmsil edirlər.  

Aşıq sənətinin bütün sirlərinə vaqif olan və öz yaradıcılığı ilə Azərbaycan aşıq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr verən Sərraf Qasımın həyatı və ədəbi irsi haqqında AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, professor, Əməkdar elm xadimi Hüseyn Həşimli ilə həmsöhbət olduq. 

– Hüseyn müəllim, əvvəlcə istərdim oxucularımıza öz dövrünün tanınan sənətkarı Sərraf Qasımın həyatı haqqında qısa məlumat verəsiniz.
– Qədim və zəngin tarixə malik Naxçıvan ədəbi mühitinin, saz-söz sənətinin inkişafında ulu diyarımızın özünəməxsus mövqeyi vardır. Bu sahədəki çoxəsrlik ənənələrin yeni mərhələdə davamı və inkişafı baxımından unudulmaz el sənətkarı Sərraf Qasımın yaradıcılığı böyük maraq doğurur.
Sərraf Qasım (Rüstəmov Qasım Əyyub oğlu) 31 dekabr 1939-cu ildə Şahbuz rayonunun Aşağı Qışlaq kəndində dünyaya göz açıb. O, gənclik illərindən aşıq sənətinin sirlərini öyrənib, həm mahir saz ifaçısı, həm də aşıq poeziyasının ən müxtəlif janrlarında dəyərli əsərlər müəllifi kimi şöhrətlənib. 2018-ci il 9 fevral tarixdə dünyasını dəyişən istedadlı söz ustadı özündən sonra zəngin ədəbi irs qoyub. Sərraf Qasım böyük yaradıcılıq yolu keçməklə yanaşı, saz-söz sənətinin sirlərini yeni nəsillərə həvəslə öyrədən bir müəllim kimi də tanınıb. Vaxtilə ondan dərs almış bir sıra sənətkarlar hazırda uğurla fəaliyyət göstərirlər.
– Azərbaycan aşıq sənəti tarixində və poeziyasında öz dövründə bir çox ilklərə imza atmış Sərraf Qasımın yaradıcılığı barədə nə deyə bilərsiniz?
– Sərraf Qasımın bayatı, qoşma, cığalı qoşma, gəraylı, təcnis, cığalı təcnis, müxəmməs və digər janrlarda yazdığı şeirlərin əksəriyyəti həm poetik mükəmməlliyi, həm də mövzu, ideya dolğunluğu ilə seçilir. Ayrıca vurğulamağa ehtiyac var ki, onun yaradıcılığında bir sıra dəyərli nümunələrini gördüyümüz elə şeir formaları var ki, bu cür poetik örnəklərə, ümumən, aşıq ədəbiyyatımızda az-az təsadüf olunur. Bu baxımdan Sərraf Qasımın cığalı gəraylı, cığalı müxəmməs kimi poetik formalarda yaratdığı şeirlər çağdaş aşıq poeziyasının nadir nümunələrindən sayıla bilər.
– Sərraf Qasımın yaradıcılığının bir hissəsini təşkil edən şeirləri həm janr, həm də mövzu baxımından çoxcəhətlidir.
– El sənətkarının əsərlərində əxlaqi-didaktik qənaətlərin, nəsihətamiz fikirlərin bədii təcəssümü geniş yer tutur. Bu baxımdan onun Vətən məhəbbətini dolğun deyimlər vasitəsilə əks etdirən çoxsaylı şeirləri ilk baxışdan diqqəti çəkir. Onların birində doğma yurda sevgisini müəllif belə poetikləşdirib:
Qürbət düyünündən, qürbət toyundan
Vətəndə bayatı, ağı yaxşıdır.
Qürbət çəmənindən, laləzarından
Vətənin bir quru bağı yaxşıdır.
Bəllidir ki, çoxəsrlik aşıq poeziyasında bir sıra sənətkarlar həyat sınaqlarından və müşahidələrindən yoğurulmuş müdrik qənaətlərini ustadnamələr, öyüdlər şəklində ümumiləşdiriblər. Sərraf Qasımın yaradıcılığında da belə nümunələr çoxdur. Onun didaktik şeirləri aydın və dolğun qayəsi ilə səciyyələnir, ümumən, gəncliyə faydalı nəsihətlər kimi dəyər qazanır:
Atanın sözləri, bala, öyüdün,
Ananın sözləri qüvvətin olsun.
Əslini itirmə, nəslini danma,
Ucal kökün üstə, qüdrətin olsun.
– Bəs aşığın şeirlərində ideya-estetik məziyyətlərin rəngarəng bədii üsullarla təsvirini necə səciyyələndirmək olar?
– El sənətkarının yaradıcılığındakı yüksək mənəvi dəyərlərin pərvəriş tapmasını, düşüncələrin ədəbi təzahürünü, ideya-estetik məziyyətlərin rəngarəngliyini aşağıdakı misralardan da aydın görmək olar:

Olmamışam var aşiqi,
Olmuşam ilqar aşiqi,
Məclislərin yaraşığı,
Sazlı, sözlü, şənliyəm mən.

Nə qədər ki, ölməmişəm,
Xalqımı sevməkdi peşəm.
Sərrafam, təəssübkeşəm,
Sənliyəm mən, mənliyəm mən.

– Ustad aşığın doğma Vətənimiz Azərbaycanın, eləcə də qədim diyarımızın xəritə üzrə bütün coğrafi bölgələrinin vəsfi barədə yazdığı şeirlər müstəqil Azərbaycanın, eyni zamanda Naxçıvanın ilk poetik xəritəsini əyani olaraq göz önündə canlandırır.
– Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanımıza, onun qədim və həmişəcavan diyarı Naxçıvanımıza, ümumiyyətlə, respublikamızın müxtəlif bölgələrinin tarixi keçmişinə, əsrarəngiz təbii gözəlliklərinə, çağdaş tərəqqisinə həsr etdiyi şeirləri müəllifin vətənpərvərlik duyğularının bədii təcəssümü kimi diqqəti çəkir. Aşağıdakı misralar ulu Naxçıvanımıza, onun iftixar doğuran inkişafına dərin məhəbbətdən yaranıb:
Bağbanın kamildir, doldun barlara,
Layiq oldun böyük iftixarlara,
Köksündən boy atan vəfadarlara
Sevgili canansan, canan, Naxçıvan!
Şərqin gözü, Nəqşi-cahan, Naxçıvan!
– İstərdim ki, görkəmli söz ustasının poemaları haqqında da oxucularımıza məlumat verəsiniz.
– Dəyərli şeirlərlə yanaşı, poema sahəsində də öz bədii sözünü deyən sənətkarın belə əsərlərində də xalq-aşıq şeiri ənənələri önəmli yer tutur. Ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi poemada və şeirlərdə ulu öndərin Azərbaycanın xilaskarı və qurucusu kimi həyata keçirdiyi möhtəşəm tədbirlər, dahi rəhbərə tükənməz xalq məhəbbəti özünün bədii ifadəsini tapıb.
Müəllifin aşağıdakı misraları da bütün zamanların ən böyük Azərbaycanlısı olan ulu öndər şəxsiyyətinin qüdrət və əzəmətini bir daha diqqətə çatdırır:
Bunu idrak, duyğu deyir:
Heydər-Vətən, Vətən-Heydər!
Xalqın mədəd, kömək yeri
Sənsən dada yetən, Heydər.
Heydər-Vətən, Vətən-Heydər!
– Zəngin və məhsuldar sənət yolu keçmiş el sənətkarının ədəbi fəaliyyətinin bir qolu da təbii ki, yaratdığı dastanlardır.
– Sizin də qeyd etdiyiniz kimi, tanınmış sənətkar dastan yaradıcılığı ilə də məşğul olub. Həcmcə o qədər də böyük olmayan, lirik-epik səciyyəli belə nümunələr çağdaş dastançılıq ənənəsinə diqqətəlayiq töhfələr sayılmaqla yanaşı, aşığın yaradıcılıq ənənələrini və əlaqələrini öyrənmək baxımından da maraq doğurur.
– Bəs aşığın poetik irsinin nəşri barədə nə deyə bilərsiniz?
– Sərraf Qasımın əsərləri bir sıra mətbuat orqanlarında, almanax və antologiyalarda işıq üzü görüb, həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş “Gərəkdi Heydərli, İlhamlı sözlər”, “Bu, Sərraf Qasımın söz qalasıdır”, “Bir qartal ol, millətim, zirvələrə çat” və digər kitablarında toplanıb.
– Hüseyn müəllim, Sərraf Qasım haqqında dəyərli fikirlər söylədiniz. Bir ədəbiyyatşünas kimi aşığın poetik yaradıcılığının ümumiləşdirilmiş elmi-ədəbi təhlilini necə verərdiniz?
– Unudulmaz və istedadlı el sənətkarı, söz sərrafı Sərraf Qasım səksən ilə yaxın ömür sürdü. Əlinə qələm, sinəsinə saz aldığı ilk vaxtlardan etibarən həyatının sonunadək xalqa, Vətənə məhəbbət duyğusu ilə yazdı, yaratdı, aşıq poeziyasının inkişafına ləyaqətlə xidmət göstərdi. Və bütün bunlara görə də sevildi, dəyərləndirildi, unudulmadı, mənəvi ölümsüzlük qazandı.
O, Naxçıvanda milli aşıq sənətinin inkişafına misilsiz töhfələr verdiyinə görə tədqiqatçı alimlər tərəfindən çağdaş “Naxçıvan aşıq məktəbinin banisi” adlandırılıb. Şairlər içərisində ən gənc yaşlarında alimlik dərəcəsinə layiq görülən, ən zəngin dastan, cığalı şeirlər və dini yaradıcılığa malik şair kimi tanınıb. Gənc yaşlarından etibarən dahi Azərbaycan aşıqları ilə bədahətən deyişmə istedadına malik şairlərdən olub. Eyni zamanda həm klassik, həm də müasir poeziya janrlarında heyrə­tamiz əsərlər yaradan bir şair olduğuna görə Zəlimxan Yaqub və Həsən Mirzə kimi şair və yazıçılar tərəfindən öz dövründə “Azərbaycanın ən peşəkar və təkrarsız şair oğlu” adlandırılıb. “Azərbaycan xəritəsi” və “Naxçıvan xəritəsi” adlı poemaları ilə müstəqil Azərbaycanın ilk poetik xəritəsini yaradan görkəmli şair Azərbaycan poeziya tarixində yaranan ilk səsli şeir kitablarından birinin müəllifi olub.
– Maraqlı müsahibə üçün çox sağ olun. Biz də Naxçıvan aşıq məktəbinin layiqli nümayəndəsi, ömrünün yarıdan çoxunu saza-sözə həsr etmiş, Vətənini və doğma diyarı Naxçıvanı fəxr və qürurla öz əsərlərində yaşadan Sərraf Qasımı yubiley yaşı ərəfəsində ehtiramla anırıq.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR