22 Dekabr 2024, Bazar

Bu gün Naxçıvan zəngin turizm ehtiyatları və qonaqpərvərliyi ilə bütün dünya turistlərinin sevimli məkanına çevrilib. Bu diyarın qədim tarixini və mədəniyyətini özündə əks etdirən Naxçıvanqala, Nuh ­Peyğəmbərin türbəsi, xalqımızın məğrurluq zirvəsi Əlincəqala, Qarabağlar Türbə Kompleksi, Gülüstan türbəsi, müqəddəs Əshabi-Kəhf ziyarətgahı və digər tarixi əhəmiyyətli yerləri görmək üçün hər il  Naxçıvana yüz minlərlə turist səyahət edir. 

Bu günlərdə qədim diyara tanışlıq məqsədilə gələn kanadalı turist Emily Hansen də onlardan biridir. O, Naxçıvana iki balaca əkiz qızlarını – Melisa və Minanı da gətirib. Mən onlarla “Möminə xatın” adlı kitab-kafedə görüşdüm. Və beləliklə, tur bələdçisi Kamal Yəhyalının vasitəçiliyi ilə Emily Hansen, 4 yaşlı balaca qızlarla maraqlı söhbətimiz başlandı. Öyrəndim ki, Emily Hansen öz ailəsi ilə birgə Bakı şəhərində yaşayır və orada fəaliyyət göstərən Avropa Azərbaycan Məktəbində (EAS) ingilis dili müəllimi işləyir. 

Söhbətə başlayan kimi səfər təəssüratlarından ağızdolusu danışan müsahibim dedi ki, ilk dəfədir, Naxçıvana gəlməsinə baxmayaraq, buranı özünə doğma hiss edir. Bu diyarı gəlib görməyi əvvəl Naxçıvanda olmuş kanadalı dostları Tamella və Garry məsləhət görüb. O bildirdi ki, ilk başda haqqında çox eşitdiyim Əlincəqalanı görmək arzusu ilə bura gəlsəm də, dostlarımın təklifi ilə Naxçıvanın bir çox yerlərini gəzdim və təəccübləndim. Bu qənaətə gəldim ki, Naxçıvan unikal və hələ də bir çoxları tərəfindən kəşf edilməmiş bir məkandır.
Sizə gəzdiyim yerlər barədə qısaca məlumat vermək istəyirəm. Onu deyim ki, diyarınızda özünəməxsus memarlıq xüsusiyyəti ilə seçilən tarixi abidələrin bir çoxunu gəzdik. İlk olaraq sizə möhtəşəmliyi ilə diqqətimi cəlb edən və mənim buraya gəlmə səbəbim olan Əlincəqala haqqında danışmaq istəyirəm. Bu qala yerləşdiyi coğrafi mövqeyi, əsrarəngiz görüntüsü və bərpaolunma üslubu ilə məni heyran etdi. Qalanın tarixi isə xüsusilə diqqətimi çəkdi. Öyrəndim ki, uzun illər yad­elli işğalçılar, böyük hökmdarlar belə, bu qalanı ala bilməyib, onun uğrunda illərlə mübarizə aparıblar. Bu da təbiidir, qalanı təsadüfən mübarizlik simvolu, məğrurluq rəmzi hesab etmirlər. Amma biz çətin də olsa, uşaqlarla birgə Əlincəqalanı “fəth edə” bildik və ta zirvədən inanılmaz, cazibəli və möhtəşəm mənzərələrin seyrinə daldıq. Burada unudulmaz anlar yaşadıq. Bu, mənim yaddaşımda bu günə qədərki səyahətlərimin ən yaxşı məqamlarından biri kimi qalacaq. Həqiqətən də, bu dünya miqyaslı tarixi-memarlıq abidəsi Azərbaycanın, məncə, hətta bütün Qafqazın “Maçu Piççu”su adlandırılmağa layiq məkandır.
Emily Hansen diqqətini çəkən maraqlı bir faktı da öyrəndiyini qeyd edərək bildirdi ki, bu qalanın vaxtilə yaşayış məskəni olması onu çox təəccübləndirib. Burada yerləşən “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində olan maddi mədəniyyət nümunələri insanların qədim yaşayış tərzi haqqında dolğun təsəvvür yaradır. Əlincəqalanın zirvəsində dalğalanan Azərbaycanın üçrəngli bayrağı qalanın möhtəşəmliyinə daha da rəng qatıb. Bugünkü firavan və bəxtiyar həyatınıza şahidlik edən bu bayraq, həm də Əlincənin xalqınız, dövlətiniz üçün nə qədər qiymətli və vacib bir məkan olduğunu göstərir. Öz sehrli görüntüləri ilə bizi cəzb edən bu yerdən çətin də olsa, ayrıldıq. Və getdik Naxçıvanın digər bir qiymətli tarixi-abidəsi olan Qarabağlar Türbə Kompleksi ilə tanış olmağa. Bu türbə öz gözəl görüntüsü, memarlıq xüsusiyyətləri, texnikası və digər əlamətləri ilə ilk baxışdan diqqətimi cəlb etdi. Mən memar Əcəmi Naxçıvani haqqında eşitmişdim və Möminə xatın türbəsinin həmin memarın əsəri olduğunu bilirdim. Burada öyrəndim ki, abidə yenidən bərpa edilib. Sevindirci hal budur ki, qədimlik, tarixi görkəm qorunub saxlanılıb. Belə tarixi-mədəni abidələri həm bərpa edib, həm də keçmişi qorumaq bir vətənpərvərlik nümunəsidir.
Gəzdiyi yerlərin onda çox yüksək təəssürat yaratdığını vurğulayan kanadalı turist bildirdi ki, bu diyarın hər bir qarışını görmək üçün səbirsizlənirdim. Öyrəndim ki, Naxçıvan təkcə qədim mədəniyyət nümunələri ilə deyil, həm də özünün müalicəvi məkanları ilə tanınır. Həmin yerlərdən biri olan Darıdağ Arsenli Su Müalicəxanasına yollandıq. Burada gördüklərimdən və eşitdiklərimdən deyə bilərəm ki, Darı­dağ dünyada çox nadir yerlərdən biridir və bir çox xəstələr Darıdağ arsenli isti suyu vasitəsilə şəfa tapa bilirlər. Bu məlumatdan sonra uşaqlar da bir neçə dəqiqə bu şəfalı suda qaldılar. Öyrəndim ki, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksi də yaradılacaq. Bu da çox geniş turizm potensialına malik Naxçıvanda digər bir turizm növünün – müalicə turizminin inkişafına yeni imkanlar açacaq. Bu, məni sevindirir. Demişdim axı bu diyar ayaq basdığım andan mənim üçün artıq doğmalaşmışdı. Həmçinin biz Darıdağın ətəklərində dağ keçiləri də gördük. Bu da təbiətə göstərilən qayğının nümunəsidir. Uşaqlar da çox təəccübləndi, maraqlı bir an idi və bu anı fotoyaddaşa köçürdük.
“Naxçıvan, həqiqətən də, sirli-sehrli bir diyardır. Bunu sübut edən digər bir fakt isə şəfaverici xüsusiyyəti ilə tanınan Duzdağıdır. Unikal müalicəvi keyfiyyətli Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olduq. Buranın şəraiti, quruluşu, havası içəriyə daxil olan andan bizi cəlb etdi. Düşünürəm ki, siz dəyəri ölçüyə gəlməz nadir təbii sərvətlərə maliksiniz”, – deyən Emily Hansen onu da qeyd etdi ki, Naxçıvan şəhərinin təmizliyi, avtomobil yollarının geniş və səliqəli olması, şəhər və kəndlərin müasir görünüşü isə tamam başqa bir gözəlliyə sahibdir. Naxçıvan rahat, səliqəli, təhlükəsiz və gizli cənnətdir. Bir neçə gündür, qaldığımız “Təbriz” otelində də otaqların təmiz və gözəl, panoramın möhtəşəm, personalın dostcanlı, peşəkar olması məni ən çox heyrətləndirən məqamlardan biri idi.
Mətbəx mədəniyyəti barədə isə onu deyə bilərəm ki, Naxçıvan mətbəxi zəngindir. Buranın çox təbii, qatqısız yeməkləri vardır. İnsanları gülərüz, dürüst, qonaqpərvərdirlər. Naxçıvanın təbiətinin füsunkarlığı insanlarının səmimi və gözəl xarakterinə təzahür edərək bir harmoniya təşkil edib. Naxçıvan tarixi, mədəniyyəti, müasirliyi, tolerantlığı ilə hər cəhətdən çox cazibədardır. Yaxşı ki gəldik və bu diyarı tanıdıq. Övladlarım da buranı çox sevdilər və heç qayıtmaq istəmirlər. Biz Naxçıvana yenidən gələcəyik. Düşünürəm ki, burada hələ kəşf edilməli çox yerlər vardır.
Yurdumuza gələn növbəti əcnəbi turistlə söhbətimizdən bir daha belə qənaətə gəldim ki, Naxçıvan dünyanın ən gözəl məkanı kimi, ən gözəl sözlərə layiqdir. Ona görə də bu gün yenilməz, vüqarlı və firavan diyarımız əcnəbilər tərəfindən o qədər sevilir ki, onlar da dostlarına bura gəlməyi məsləhət görürlər. Fikrimcə, bu günədək muxtar respublikada görülən işlərin ən gözəl nəticələrindən biri də budur.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR