Hamımız qışın soyuq günlərində isti çay içməyə üstünlük veririk. Lakin gündəlik olaraq qara çayla yanaşı, müxtəlif dərman bitkilərindən hazırlanan çaylardan da istifadə edirik. Bol günəş, təmiz hava və saf bulaqlarımızın suyu ilə qidalanan, dağlarımızda, dərələrimizdə bitən dərman bitkilərini vaxtında toplayır, qış üçün tədarük edirik. Çünki havalar soyumağa başlayanda, xüsusilə də qış aylarında həmin bitkilərin dəmləməsi xəstəliklərdən qorunmaq üçün əvəzedilməz vasitədir. Qış xəstəliklərin ən çox görüldüyü və immun sisteminin aşağı düşdüyü mövsüm olduğu üçün səhhətimizə daha çox fikir verməliyik. İndi bəhs edəcəyimiz dərman bitkilərindən hazırlanan çay xəstəliklərə səbəb olan bakteriya və viruslara qarşı dözümlülüyün artırılmasında, qış mövsümünü sağlam şəkildə başa vurmaqda sizə köməkliyini göstərəcək.
Kəklikotu çayı. Təbiətin ən gözəl, ən faydalı bitkilərindən biri kəklikotudur. Qışda dəmləməsi ən çox istifadə edilən dərman bitkisidir. Onun qurudulmuşundan həm də yeməklərin tərkibində istifadə edirik. Kəklikotunun xoş ətri yeməklərə, eləcə də çaya xüsusi ləzzət qatır. Kəklikotu çayı insanın əhvalını yaxşılaşdırmaq, yorğunluğunu aradan qaldırmaqla yanaşı, soyuqdəymənin qarşısını almaqda da ən təsirli vasitələrdən biridir. Onun müxtəlif növlərini, xüsusilə də adi, limonlu və qızılgüllü kəklikotunu muxtar respublikamızın müxtəlif bölgələrinin dağlarından toplaya bilir və qış boyunca istifadə edirik.
Nanə çayı. Qoxusu ilə məst edən nanə çayı orqanizmə olduqca faydalıdır. Nanə və limon bitki çayı həvəskarlarının sevimlisidir. Soyuq qış günlərində zövqlə istifadə edilən bu çay immuniteti gücləndirməklə yanaşı, qripə və mədə ağrılarına qarşı da faydalıdır.
Min bir dərdin dərmanı olan bitkilərdən biri də həmərsindir. Diyarımızın çəmənlərində, meşələrində, eyni zamanda daşlı-çınqıllı ərazilərdə yetişən, al-qırmızı meyvələri ilə payıza xüsusi rəng qatan həmərsini “təbii vitamin – mineral kompleksi” adlandırırlar. C vitamini və müxtəlif minerallarla zəngin həmərsinin qurudulmuş meyvələrinin çayı qrip, soyuqdəymə kimi xəstəliklərə qarşı qalxan rolunu oynayır.
Yarpız çayı. Bu bitki, xüsusən çay kənarlarından toplanıb qurudulur. Yarpızın dəmləməsi, xüsusilə qış fəslində həzmi asanlaşdırır, iştahaaçıcıdır. Öd kisəsi, qaraciyər və mədə-bağırsaq xərçəngi xəstəliklərinə də faydalıdır.
Yemişan çayı. Bu bitkidən hələ qədim vaxtlardan ürək və ciyər xəstəliklərinin müalicəsi üçün istifadə olunurdu. Payızda yetişən al-qırmızı giləmeyvələri olan bu bitkinin çayı maddələr mübadiləsini bərpa edir, orqanizmin müqavimətini, beyin qan dövranını, ürəyin qlükoza və oksigenlə təchizatını artırır. Yemişanın orqanizm üçün heç bir mənfi təsirinin olmadığı deyilir.
Çobanyastığı çayı. Sarı-ağ rəngdə çiçəkləri ilə diqqəti cəlb edən, uşaqdan-böyüyə hamının sevərək topladığı bitkidir çobanyastığı. Həyətyanı sahələrdə, çay kənarlarında, düzənliklərdə bitən, xoş ətri ilə insanı valeh edən bu bitki ağrıkəsici xüsusiyyətə malikdir. Çobanyastığı çayı yuxusuzluqdan əziyyət çəkənlər üçün böyük fayda verir, dişdə yaranan iltihablanmanı aradan qaldırır. Çobanyastığı çayı qarqara şəklində istifadə edildikdə müalicəvi maye vəzifəsini yerinə yetirir.
Qarğıdalı saçağının çayı. O, zəngin tərkibi, faydalı xüsusiyyətləri ilə bir çox dərdlərin təbii dərmanıdır. Xalq təbabətində qarğıdalı saçağından çox qədim zamanlardan istifadə olunub. Saçaqların dəmləməsi bir sıra xəstəliklərin müalicəsində – böyrək iltihabi, piylənmə, vərəm, şəkərli diabet, dəri və onkoloji xəstəliklərin profilaktikasında əhəmiyyətli vasitədir.
Bu gün dünya alimlərinin də diqqətini cəlb edən bitkilərdən biri olan boymadərən muxtar respublikamızın dağlıq ərazilərində geniş yayılıb. Onu, əsasən, bağ, bostan sahələrindən, çay kənarlarından toplayırıq. Xoş ətri ilə insanları cəlb edən bu bitkinin daha çox ağ boymadərən növündən istifadə olunur. Onun çiçəklərindən dəmlənən çay qankəsici vasitə kimi, ürəyin fəaliyyətini, ümumi emosional vəziyyəti yaxşılaşdırmaqda, soyuqdəyməyə qarşı təbii müalicə vasitəsidir.
Şahtərə çayı. Şahtərə muxtar respublikamızda geniş yayılıb. Bu birillik bitkiyə divar diblərində, daşlıq ərazilərdə belə, rast gəlmək olur. Dərman şahtərəsinin dəmləməsi hipertoniya, ekzema, soyuqdəymə, ağciyər və öd yolları, diş əti xəstəliklərinin müalicəsində tətbiq edilir. Xalq təbabətində şahtərənin otundan sulu və spirtli ekstrakt hazırlayıb “şahtərə arağı” adı ilə həm xarici, həm də daxili xəstəliklərdə, ürək ağrılarında sakitləşdirici dərman kimi işlədilir. Vərəm xəstəliyində də şahtərə otunun sulu dəmləməsindən istifadə olunur.
Püt və ya pülkü çayı. Bu bitkidən, bəlkə də, bir çoxunuz xəbərsizsiniz. Diyarımızın bir sıra bölgələrində, xüsusilə Ordubadın dağlıq ərazilərində çox geniş yayılan bu bitki bir sıra xəstəliklərin dərmanıdır. Gözəl görünüşü və ətri ilə insanı cəlb edən bitkinin qurudulmuşundan hazırlanan çay bir sıra xəstəliklərin müalicəsinə kömək edir. Xalq təbabətində dəmləmə və cövhəri büzücü, antiseptik vasitə kimi stomatitlərdə, anginada, diş əti qanaxmalarında, ginekoloji və böyrək, tənəffüs yollarının iltihabi xəstəliklərində, soyuqdəymədə faydalıdır.
Bu gün muxtar respublikamızda fəaliyyət göstərən ailə təsərrüfatları tərəfindən dərman bitkilərindən müxtəlif məhsullar hazırlanır, həmçinin diyarımızın flora və faunasının, genofondunun qorunması üçün əsaslı elmi-tədqiqat işləri aparılır. Bu gün Naxçıvanda dərman bitkilərinin istehsalı və ixracı məşğul olan sahibkarlıq subyektləri mövcuddur. Belə sahibkarlıq subyektlərindən biri Şahbuz rayonunda yerləşən “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Burada istehsal edilən müalicəvi məhsulları muxtar respublikada fəaliyyət göstərən ticarət mərkəzlərində, əczaxanalarda, hətta Naxçıvandan kənarda belə, əldə edə bilərsiniz. Həmçinin Naxçıvan şəhərində steril şəraitdə qurudulan dərman bitkilərindən, 16 adda xəstəliyin müalicəsində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanılmış reseptlər əsasında dərman bitkisi qarışıqları hazırlanır. Həmin qarışıqlar “Yaşıl aptek”də və müxtəlif əczaxanalarda satışa çıxarılır. Gəlin yerli təbii müalicəvi bitkilərdən istifadə etməklə həm özümüzün, həm də yaxınlarımızın sağlamlığını qoruyaq, xəstəliklərdən uzaq olaq.
Güntac ŞAHMƏMMƏDLİ