22 Dekabr 2024, Bazar

İllərdir, qəlbimizi qəhər, qəm boğur, torpaqlarımızın işğalı günləri yaxınlaşdıqca ürəyimizdəki yara təkrar qanayır, torpaq, yurd həsrəti könlümüzü sızladırdı. Ana torpaqlarımız haqqında televiziyadan köhnə kadrları izləməklə, yazılardan oxumaqla, tarixi fotolardan baxmaqla, şeirləri, nəğmələri dinləməklə az da olsa, ovundururduq özümüzü. Bizi sarsıdan Qarabağ dərdinin, Qarabağ nisgilinin sona çatacağını, doğma torpaqlarımıza qovuşacağımız günü səbirsizliklə gözləyir, üçrəngli bayrağımızın qədim torpaqlarımızda əbədi dalğalandırılacağı günə inanırdıq. Şükür olsun ki, bu günü görməyi Uca Tanrı bizə nəsib etdi. Hamımızın həyatdakı ən böyük istəyi, arzusu gerçəkləşdi. Bu istəyi, bu arzunu ürəkləri Vətən eşqi ilə döyünən, torpaq, bayraq sevgisini qanında, canında yaşadan qəhrəman oğullarımız əbədiləşdirdi. Mübariz, qəhrəman Azərbaycan əsgəri tarixi missiyasını yerinə yetirməklə ölkəmizin ürəyi olan Qarabağı düşmən tapdağından azad etdi.

Qəhrəman oğullarımız torpaqlarımızın azadlığı uğrunda son damla qanlarınadək vəhşi, amansız düşmənlə mübarizə apardılar. Düşmənin canlı qüvvəsini, texnikalarını darmadağın, ələ keçirdikləri texnikaları isə onların özlərinə qarşı istifadə etdilər. And içmişdilər, oğullarımız bu yolda, öldü vardı, döndü yoxdu. Gecə-gündüz bilmədən, dərə-təpə demədən, soyuq-şaxta hiss etmədən, qorxusuzca, ölümün gözünə dik baxaraq daim irəli atıldılar, mərd-mərdanə çarpışdılar yağı düşmənlə. Silah-sursat olmadıqda belə, yalın əllə, dəmir yumruqlarının bir zərbəsi ilə düşmənin nəfəsini kəsdilər, yaralansalar da ayağa qalxdılar, mənfurları diz çökdürmək, məhv etmək üçün. İgidliyi, mərdliyi özlərinə müqəddəs amal bilən qəhrəmanlarımız canları, qanları bahasına torpaqlarımızı qaytardılar, üçrəngli bayrağımızı zirvələrdə dalğalandırdılar. Yaramıza, yurdumuza məlhəm olan oğullarımız düşmənlə şücaətlə, rəşadətlə vuruşaraq şəhid adını qazandılar. Həyatdakı ən ülvi, ən ali, ən uca adı!.. Vətənini, torpağını, xalqını canından çox sevən, vətənpərvərlik ideyaları ilə işıqlanan oğullarımız əlçatmaz zirvəyə – şəhidlik zirvəsinə yüksəldilər. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaq deyilmi?
Onların igidliyi, şücaəti sayəsində cəmi 44 gün ərzində haqq savaşımız Qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. Haqq-ədalətin bərpasında, Qələbənin qazanılmasında qədim diyarımız Naxçıvanın qəhrəman oğulları da böyük şücaət göstərərək, ərazi bütövlüyümüz uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Şəhid olan hərbi qulluqçu Həmzəyev Mərhəməd Rizvan oğlu Şahbuz rayonunun Keçili kəndində son mənzilə yola salındı. Dəfn mərasimində dövlət və ictimaiyyət nümayəndələri, Ali Məclisin deputatları, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, minlərlə sakin iştirak etdi. Çıxış edənlər onun igidliklərindən danışdılar. Bildirdilər ki, tarixi Qələbənin qazanılmasında qəhrəmanlıq göstərərək şəhidliyə yüksələnlər bütün azərbaycanlıların ürəyində daim yaşayacaq, heç vaxt unudulmayacaqlar.
Mərasimdə iştirak edənlər şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdilər.
Böyük, mətanətli, dəmir iradəli xalqımızın vətənpərvər oğulları sayəsində 30 illik yurd həsrətimiz, ürəyimizdəki Qarabağ nisgili sona çatdı. 20 Yanvarın, Xocalının qisası alındı, günahsız insanlarımızın, körpələrimizin qanı yerdə qalmadı. Bütün dünyaya bir daha göstərdik ki, “Qarabağ Azərbaycandır!” Canlarını Vətənə sipər edən oğullarımız şanlı tarix yazdılar. O tarix ki oxuduqca oxuyacaq, həmişə fəxr, qürur hissləri keçirəcəyik. İgidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu onlardan öyrənəcəyik. Xatirəniz, ruhunuz həmişə anılacaq, Azərbaycanımızın köksündə əbədi yaşayacaqsınız, əziz şəhidlərimiz! Vətən uğrunda canlarını fəda edən siz qəhrəman oğulların ruhu qarşısında baş əyirik.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR