Azərbaycanda könüllülük: dünən və bu gün
Son illər könüllülük bir anlayış kimi yeni olsa da, bu ifadə tariximiz və ənənələrimiz üçün yeni deyildir. Bu günün könüllülüyü xalqımızın tarixi qaynaqlarından süzülüb gələn bir ənənənin tərkib hissəsi olmaqla, milli-mənəvi dəyərimizdir. Könüllülük izləri xalqımızın qədim adət və ənənələrindədir. Xeyir və şər məclislərində könüllü olaraq müxtəlif vəzifələri tutan, ev tikən, körpü salan, torpaq şumlayan və əkən, iməciliklər keçirən, digər ictimai işlərdə heç bir fərdi mənfəət güdmədən bir-birinə dəstək olan insanların birliyindədir. Milli bayramımız Novruzda təndir başına yığışan, şəkərbura naxışlayan, oxlov açan analarımızın əməyində, bütöv kəndin, qohum və tanışların bayram görüşünə gəlməyində, müqəddəs Ramazan bayramında verilən ehsanlarda, dini ayinlərin icrasında, Qurban bayramında könüllü kəsilən qurbanların paylanılmasında, bir sözlə, xalqımızın məişətində, mədəniyyətində, əmək, zəhmət nəğmələrindədir könüllülük izləri. Bu izlər həm də nənələrimizin oxuduqları laylalarda, tapmacalarda, nağıllarda, babalarımızın dediyi atalar sözlərində, bayatılardadır.
Qədim “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarımızdakı həyat dərslərində, müqəddəs kitabımız “Qurani-Kərim”də buyurulanlarda, Mirzə Cəlil, Hüseyn Cavid, Məmməd Araz qələmində Vətənə, millətə sevgi hisslərində, Əcəmi Naxçıvani yaradıcılığındakı mədəni dəyərlərdə, Koroğlu, Babək, Cavad xan, Mübariz kimi oğullarımızın, Tomris, Sara xatın, Nigar, Həcər və onlarla cəsur qadınlarımızın timsalında qəhrəmanlıq, mərdanəlik, sadiqlik kimi nəcib insani keyfiyyətlərdə, müstəqillik və azadlıq mücadiləsindədir bu izlər. Böyük Azərbaycan xeyriyyəçilərinin, maarifçilərinin fəaliyyətində, məktəblərin açılmasında, qəzetlərin nəşrində, Vətənə sevgi və məhəbbətdədir. Könüllülüyü dəyərli edən bizim müdrik xalqımızdır. O xalq ki, əsrlərboyu müxtəlif sarsıntılara, repressiyalara məruz qalmasına baxmayaraq, milli kimliyini, şərəf və heysiyyətini, dilini, mədəniyyətini, milli ənənələrini qoruyub, saxlayıb. Azərbaycançılıq, multikulturalizm və tolerantlıq ideyalarının yaşadıldığı müasir, eyni zamanda milli-mənəvi dəyərlərə, milli köklərə bağlı sağlam cəmiyyətdə böyüyən indiki nəsil də məhz həmin ata-anaların övladlarıdır. Bu gün onlar hərəyə bir ağac əkərək ekologiyamıza fayda verməklə, ahıllara qayğı və ehtiram göstərməklə, bütün işlərdə, ən çətin məqamlarda birlik, bərabərlik nümayiş etdirməklə könüllülüyü dəyər kimi yaşadırlar.
“Könüllülər ili” xalqımızın tarixində milli birlik və bərabərlik ili kimi qalacaq
Azərbaycan xalqı böyük xalqdır, vətənpərvər, əzmkar xalqdır. Xalqımızda milli təəssübkeşlik, Vətənə bağlılıq hissləri elə bu xalqın böyük oğlu, ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə daha da gücləndi. O, müstəqil Azərbaycanın qurucusu olmaqla yanaşı, həm də gələcəyimizə – Azərbaycan gəncliyinin inkişafına verdiyi töhfələrlə daim xatırlanır. “Gənclər bizim gələcəyimizdir”, – deyən böyük dövlət xadiminin Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasındakı rolu danılmazdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bu forum cəmiyyətin inkişafında Azərbaycan gənclərinin rolunun artmasına və məsuliyyətinin yüksəlməsinə, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratdı, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaqla yanaşı, eyni zamanda Azərbaycanda könüllülük fəaliyyətinə böyük təkan verdi. Həmçinin Gənclər, İdman və Turizm Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsinə uyğun olaraq 1998-2000-ci illərdən başlayaraq ölkədə könüllülük prinsipləri geniş təbliğ edildi. 1985-ci ilin 5 dekabrında BMT tərəfindən elan olunan Beynəlxalq Könüllülər Günü hər il ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatlar və könüllülərimiz tərəfindən geniş şəkildə qeyd edilir.
Müasir dövrdə könüllülüyün bir hərəkat kimi geniş vüsət alması, yüksəlişi ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Ümummilli liderimiz tərəfindən əsası qoyulan ideyaları və siyasəti layiqli şəkildə davam etdirən dövlət başçısı könüllülük hərəkatının formalaşdırılmasında, bu sahədə qanunvericilik bazasının inkişafında böyük rol oynayıb. 2009-cu ildə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq məhz Azərbaycanda qəbul edilən “Könüllü fəaliyyət haqqında” Qanun ictimai və humanitar fəaliyyət üçün mövcud şəraiti daha da yaxşılaşdırıb. Az sonra könüllülük ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbə könüllüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb. Ölkəmizdə keçirilən Avroviziya mahnı müsabiqəsi, I Avropa oyunları, “Formula 1” yarışları, IV İslam həmrəyliyi oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində könüllülərimiz əvəzsiz rol oynayıblar. Ölkə başçısının gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2019-cu il dekabrın 30-da “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalaması sözügedən sahəyə göstərilən diqqət və qayğının məntiqi nəticəsinin, tarixi könüllülük ənənələrimizə verilən ən yüksək qiymətin təzahürüdür. Onu da qeyd edim ki, Azərbaycanda “Könüllülər ili” ölkəmizin koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrə təsadüf etdi. Bütün dünyanı bürüyən bu epidemiya bəlası ilə “Biz birlikdə güclüyük!” deyərək milli həmrəylik nümayiş etdirməklə mübarizə apardıq və aparırıq. Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi günlərində könüllülük hərəkatı özünü daha qabarıq şəkildə göstərir. Gənc könüllülər ehtiyacı olan şəxslərə verilən ərzaq bağlamalarının ünvanlara çatdırılmasında, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsində, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılmasında fəal iştirak etməklə dövlətə və dövlətçiliyə sədaqətlərini bir daha nümayiş etdirirlər.
2020-ci il Azərbaycan tarixində daim qürur və iftixarla xatırlayacağımız bir il kimi, xüsusilə yadda qalacaq. Sentyabrın 27-dən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən müharibəsində ölkəmiz tarixi Qələbə çaldı. Bu gün üçrəngli ay-ulduzlu bayrağımız əzəli və qədim torpağımız olan Qarabağımızda əbədi dalğalanır. Doğma xalqımızın ən çətin zamanda birlik, bərabərlik nümayiş etdirməsi, qəhrəman ordumuzun, Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi, cənab Prezidentə yazılan yüzlərlə məktublar, ərazi bütövlüyümüz uğrunda insanlarımızın düşmənlə döyüşmək üçün müraciətləri, əsgərlərimizə göndərilən sovqatlar, “Əsgərə məktub”lar və ən əsası Vətən uğrunda canlarından keçməyi gözə alaraq, torpaqlarımızı mənfur düşməndən azad etməyə könüllü yollanaraq şəhid olan igid oğullarımız… Elə düşünürəm ki, ölkəmizdə könüllülüyün belə qürurverici nümunəsi heç vaxt olmayıb. “Könüllülər ili”nə belə şanlı, şərəfli, iftixar dolu səhifələri yazan iradəli, qətiyyətli Ali Baş Komandanımız, mübariz və qürurlu xalqımız, qələbə sevincini bizə yaşadan ordumuz ilə fəxr edirik.
Naxçıvanda könüllü olmaq fərqlilikdir
Tarixin yaşıdı, bəşəriyyətin beşiyi, 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı” seçilən Naxçıvanda könüllülüyün müxtəlif formaları inkişaf etdirilir. Hər zaman naxçıvanlıların milli və mədəni dəyərlərində, adət-ənənələrində öz əksini tapan könüllülük hərəkatının öncülləri isə muxtar respublikamızın gəncləridir. Qədim diyarımızda könüllülük hərəkatı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından sonra geniş vüsət alıb. Ötən dövr ərzində könüllülük proqramları çərçivəsində muxtar respublikamızda Gənclər Fondu, Sosial, Gənclər və İdman Nazirliyi, Ekologiya, Ədliyyə, Məhkəmə, Sədərək, Səyyar dövlət qulluğu, Turizm, Nəqliyyat könüllüləri fəaliyyət göstərməyə başlayıb. Müxtəlif platformalarda könüllü olan gənclərimiz səmimilik, ünsiyyətcillik, natiqlik, yeni çağırışlara fəal münasibət, milli və bəşəri dəyərlərə hörmət kimi keyfiyyətlər qazanır, öyrənmək, əlaqələri zənginləşdirmək, uğurlu karyera qurmaq imkanı əldə edir, yaradıcı, təşəbbüskar iş və həyat təcrübəsinə, dünyagörüşə, sosial məsuliyyətə, sağlam düşüncəyə sahib olur, bir sözlə, ictimai həyatda iştirak etməklə özlərini inkişaf etdirirlər.
Diyarımızda könüllülük fəaliyyətinin tətbiqi və genişlənməsində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun rolunu xüsusi qeyd etmək lazımdır. İlk dəfə geniş miqyasda könüllülük fəaliyyəti həyata keçirən fonda bu gün çox sayda gənc könüllü kimi cəlb olunub və onların sayı hər keçən gün artır. Fondun aidiyyəti qurumlarla birgə həyata keçirdiyi “Səyyar dövlət qulluğu xidməti könüllüləri”, “Ekologiya könüllüləri”, “Sosial könüllülər” layihələrinin iştirakçısı olan gənc könüllülər vətəndaşların işinin asanlaşdırılmasında təmənnasız olaraq yardım edir, ekoloji maarifləndirmə missiyası aparır, sosial xidmətlərə cəlb olunurlar. Ötən dövr ərzində onların iştirakı ilə həyata keçirilən tədbirlər sırasında “Gənclər paytaxtı” çərçivəsində reallaşanları, şəhər mərkəzindəki ilk irimiqyaslı fləşmobu, “Yer saatı” ekoloji aksiyasını, “Novruz qatarı” layihəsini və “Naxçıvan marafonu”nu, intellektual oyunlar üzrə çoxnövçülük turnirlərini, interaktiv və məlumatlandırıcı fərdi inkişaf təlimlərini və digərlərini nümunə göstərmək olar. Bütün bunlar könüllü gənclərin mənəvi-intellektual potensiallarının artırılmasında, fərdi və peşəkar inkişafında, asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır. Onu da qeyd edək ki, hər ilin sonunda, Beynəlxalq Könüllülər Günü ərəfəsində müxtəlif könüllülük proqramlarında fəaliyyəti ilə seçilən gənclər mükafatlandırılır. Diyarımızda müxtəlif sahələrdə fəaliyyət göstərən könüllülərlə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını təmin edən, cari ildə istifadəyə verilən “Naxçıvan könüllüləri” veb-saytı (www.naxkonulluleri.nmr.az) isə “Könüllülər ili”nə ən gözəl töhfədir.
Naxçıvan könüllüləri mövcud pandemiya dövründə də muxtar respublikamızın rayon və kəndlərində yaşayan tənha, sosial qayğıya ehtiyacı olan insanları ziyarət edərək onlara xidmət göstərir, qayğılarını çəkirlər. Eyni zamanda sentyabrın 27-də başlanan və 44 gündə Qələbə qazandığımız şanlı Vətən müharibəsində naxçıvanlılar xüsusi seçildilər. Diyarımızdan yüzlərlə insan, xüsusilə gənclərimiz könüllü olaraq cəbhədə döyüşmək üçün müraciət etdi, dövlət başçımızın ətrafında “dəmir yumruq” kimi birləşdilər. Bu, həmin naxçıvanlılardır ki, ötən əsrin sonlarında muxtar respublikamıza mənfur ermənilərin hücumlarının qarşısında dağ kimi dayandılar, könüllü batalyonların tərkibində sərhəd kəndlərimizi müdafiə edərək torpaqlarımızı erməni işğalından qorudular, ötən əsrin 90-cı illərində könüllü olaraq ümummilli liderimiz Heydər Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın müstəqilliyinə öz layiqli töhfələrini verdilər. Mayasında Vətənə sevgi, məhəbbət olan, heç bir təmənna güdməyən xeyirxah əməldə iştirakdan, Naxçıvan könüllüsü olmaqdan gözəl nə ola bilər ki?
Könüllülüyün qayəsi vətənpərvərlikdir
Tarixin bütün dövrlərində gəncindən yaşlısına kimi xalqımızın nümayəndələri bir olaraq ölkəmiz üçün mühüm işlər görüb könüllü şəkildə müxtəlif proseslərdə iştirak ediblər. Könüllülüyün və birliyin harmoniyası o dövrdə də yağı düşməndən qorunmaq üçün əsas amil olub. Bioqrafik müharibə janrında çəkilən “Babək” filmində Babək Azərbaycanın müdafiəsi üçün ordu formalaşdıran zaman Təbrizdən, Şirvandan, Şamaxıdan, Füzulidən, Naxçıvandan atlı igidlər onun yanına gələrək birgə döyüşəcəklərini deyirlər. Filmdən götürülmüş bu tarixi detal Azərbaycanın qəhrəmanlıq tarixinin könüllülük səhifəsini təşkil edir. Vətəni könüllü müdafiə etmək könüllülər hərəkatının ən yüksək formasıdır. İkinci Dünya müharibəsində, ölkəmizin müstəqilliyi uğrunda mübarizələrdə, Qarabağ uğrunda müharibələrdə, Sədərək döyüşlərində iştirak etmiş könüllülərimizi unutmamalıyıq. Onlar Vətənin müdafiəsi uğrunda igidlik və qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksəliblər. Bu gün hər kəsin müqəddəs ziyarət məkanına və müstəqillik simvolumuza çevrilmiş Şəhidlər xiyabanında uyuyan şəhidlərimiz də vaxtilə Vətənin müdafiəsinə könüllü olaraq qalxmışdılar. Şəhid olan könüllülərimizin ruhu qarşısında baş əyirik.
Bu gün ölkəmizin inkişafı üçün can-dildən çalışan, Vətənə sevgisini sözdə deyil, əməldə göstərən gənc könüllülərimiz də eyni ruhun daşıyıcısıdırlar. Müdrik el ağsaqqalımız, ulu Dədə Qorqudun dediyi: “Torpağın yurd, Vətən olması üçün iki şərt lazımdır. Biri odur ki, torpağı gərək əkib-becərəsən. İkincisi odur ki, gərək onu yağılardan qoruyasan. Torpağı əkib-becərməsən, qorumağa dəyməz. Onu qorumasan, əkib-becərməyə dəyməz” ifadələri bu gün hamımızın, xüsusilə gənclərimizin fəaliyyətlərində əsas götürdükləri məqamlardan biridir. Həmin gənclər ki, 30 ildir, ermənilər tərəfindən işğal edilən torpaqlarımızı qısa zaman ərzində yağı tapdağından azad etdi, üçrəngli bayrağımızı Cəbrayılda, Füzulidə, Qubadlıda, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə, qəhrəmanlıq simvolumuz sayılan Xudafərin körpüsü üzərində əbədi dalğalandırdı. Onların bir çoxu Vətən yolunda son damla qanlarınadək vuruşaraq qəhrəman, şəhid adını qazandılar. Belə mərd oğullarımızın içərisində könüllülərimiz də çox idi. Bu o deməkdir ki, könüllülük həm də hər an Vətəni müdafiəyə hazır olmaqdır.
Könlün və vicdanın səsi ilə çıxılan bu yol bir vətənpərvərlik məktəbidir. Bu məktəbin nümayəndələri olan Azərbaycan gəncləri çox xoşbəxtdirlər. Çünki onların müəllimi əsrlərin keşməkeşli taleyindən üzüağ çıxan, daim vahid niyyət, sağlam düşüncə, təmənnasız kömək ətrafında birləşən xeyirxah, fədakar, ülvi niyyətli Azərbaycan xalqıdır. Gözün aydın, Qarabağ, anan Azərbaycanın torpağında doğulan, onun böyük xalqının verdiyi nəsihətlərlə böyüyən, yetişən, tərbiyələnən, keçmişin, bu günün, gələcəyin ən böyük zəfərini dadan bir nəsil – müstəqil Azərbaycan gəncləri, Azərbaycan könüllüləri sənin hüzuruna gəlir...
Güntac ŞAHMƏMMƏDLİ
Məqalə “Könüllülük: tarix və müasirlik” mövzusunda keçirilən yaradıcılıq
müsabiqəsinə təqdim olunmaq üçündür.