04 May 2024, Şənbə

“Aldım bir dənə, açdım min dənə”. Çoxunuz bilsəniz də, deyim ki, bu tapmacanın açması payız mövsümündə ağız dadı ilə yediyimiz nardır. Oktyabrdan, bəzən isə daha əvvəldən başlayaraq yanvaradək hər birimiz bu möhtəşəm meyvədən dadırıq. Bir çox mədəniyyətlərdə və dinlərdə qədim simvollardan biri sayılır nar. Müqəddəs kitabımız “Qurani-Kərim”in “Rəhman” surəsində deyilir ki, “O iki cənnətdə (hər növ) meyvə (ağacı) xurma və nar ağac(lar)ı vardır”. Bu onu göstərir ki, nar həm dünyamızın, həm də cənnətin gözəl meyvələrindəndir.

Qədim Şərqdə nar bütün meyvələrin şahı və insanların istifadə etdiyi ilk meyvələrdən biri hesab olunub. Xarici görkəminə görə də digər meyvələrdən odlu-qırmızılı tacı ilə seçilən, sirli quruluşa malik bu meyvəni min bir dərdin dərmanı olması daha da məşhurlaşdırıb. Məişətdə, mətbəxdə, təbabətdə geniş şəkildə istifadə olunan nar çox uzun müddət, sadəcə, hörmətli adamların və padşahların hüzuruna çıxarılıb. Zamanla bu meyvə öz xüsusi görünüşü ilə obraz formasına da çevrilib. Folklorda, xalq inanclarında, əfsanələrdə, məsəllərdə, nağıllarda, atalar sözlərində nar obrazı müxtəlif şəkildə mənalandırılıb. Qədim türk inanclarında nar ağacı müqəddəs hesab edilib. 200-300 il ömrü olan bu ağaclar bolluq və bərəkətin rəmzi sayılıb. Nar ağacı və meyvəsinin motivləri nəsil artımı və əbədilik simvolu kimi mədəniyyət və incəsənət nümunələrində, rəssamlıqda, xalçaçılıqda bu gün də geniş istifadə olunur.
Dünyada ən çox nar istehsal edən ölkələr sırasında Hindistan, İran və Çin dayansa da, Azərbaycanda da narın bütün növləri yetişdirilir və bir sıra xarici ölkələrə ixrac edilir. Ölkəmizin ərazisində hər birinin öz dadı və rəngi ilə seçilən “Vələs”, “Şirin”, “Gülöyşə”, “Şıxbaba”, “Şahnur” və digər növlər becərilir. Narın müxtəlif növlərindən təbabətdə və sənayedə geniş istifadə edilir.
Nar kənd təsərrüfatında istehsal olunan məhsullar arasında ən perspektivli ixrac potensialına malik məhsuldur. Muxtar respublikamızda da nar əkib-becərən təsərrüfatçılarımız çoxdur. Babək şəhər sakini Cabbar Cəlilovun təsərrüfatında becərdiyi meyvə ağacları içərisində nar mühüm yer tutur. Müsahibim deyir ki, nar çox qədimdən becərilən və istifadə olunan bitkidir. Təsərrüfatçı nar əkib-becərməklə məşğul olduğu müddətdə bu meyvə ilə bağlı öyrəndiklərini, topladığı məlumatları da bizimlə bölüşdü. Bildirdi ki, payız aylarının ən çox sevilən meyvəsi olan narın insan orqanizminə bir çox faydaları vardır. Hələ qədimdə atalar deyiblər ki, nar girməyən evə loğman girər. Həkimlər deyirlər ki, sağlam yaşamaq və bir sıra xəstəliklərin müalicəsi üçün nar əvəzedilməz meyvədir.
Həmsöhbətim onu da əlavə etdi ki, tərkibi şəkər və limon turşusu ilə yanaşı, C, B1, B2 vitaminlər ilə, boyayıcı maddələrlə, makro və mikroelementlərlə də zəngin bu meyvənin tərkibində iltihab əleyhinə maddələrin olması orqanizmdə xərçəng hüceyrələrinin inkişafının qarşısını almağa kömək edir. Ata-babalarımızdan da eşitmişik ki, nar immuniteti artırır, həzmi yaxşılaşdırır, qızdırmanı və yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni qüvvətləndirir. Onu çay kimi dəmləyib, mədə-bağırsaq xəstəliklərində ishala və dizenteriyaya qarşı qəbul edirlər. Həmçinin bu meyvədən hazırlanan narşərab böyrək, qaraciyər, şəkər xəstəlikləri üçün xeyirlidir. Nar həm də bir çox qida və dərman məhsullarının əsas tərkib hissəsini təşkil edir. Narın toxumlarından alınan şirə və efir yağları kosmetologiyada, meyvə qabığı və çiçəkləri boyaqçılıqda, bir sıra növləri bəzək bağçılığında istifadə edilir, milli kulinariyamızda xüsusi yer tutur.
Müsahibim onu da qeyd etdi ki, muxtar respublikamızda olan əlverişli torpaq-iqlim şəraiti imkan verir ki, narı burada da becərək. Bu meyvə müxtəlif iqlim və torpaq şəraitinə uyğunlaşır. İstisevən bitki olsa da, soyuğa da davamlıdır. Sentyabr-oktyabr aylarında meyvə verir. Qış aylarına qədər budağında qalması və uzun müddət mühafizə edilməsi satış üçün də əlverişlidir. Belə müalicəvi əhəmiyyəti olan meyvəni yetişdirmək xüsusi aqrotexniki qulluq tələb edir. Nar təsərrüfatlarda, əsasən, qələmələrlə yetişdirilir və ağac üçüncü il, bəzən isə ikinci ildən bar verməyə başlayır. Yetişdirilən növlər bölgənin iqliminə, torpağın məhsuldarlığına, daşınmağa dözümlü olmasına görə fərqlənir. Məhsulu növlərinə uyğun şəkildə yığmaq lazımdır. Bu, narın formasının qorunması, eləcə də onun uzun müddət saxlanılmasında əsas rol oynayır. Narı soyuducu anbarlarda, eyni zamanda evdə yarımqaranlıq yerdə 15-20 dərəcə temperaturda uzun müddət saxlamaq olur. Müsahibim nardan müxtəlif məhsullar – şirə, mürəbbə, kompot və həmçinin digər konsentrat məhsullar hazırlayır, eləcə də ondan bir çox xəstəliklərin qarşısını almaq üçün istifadə edir.
Hazırda Azərbaycanda nar məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlıq subyektləri narı həm tər meyvə, həm də emal olunmuş formada daxili və xarici bazarlara çıxarırlar. Diyarımız Naxçıvan da ta əzəldən özünün müxtəlif meyvələri ilə tanınıb. Sevindirici haldır ki, özünəməxsus dadı və görünüşü ilə seçilən nar da muxtar respublikamızın məhsuldar torpaqlarında yetişdirilir və özünə bazarda real alıcı qazana bilib.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR