22 Dekabr 2024, Bazar

Bu kənd tarixi yaddaşımız və sabaha inamımızın ən gözəl nümunəsidir


Orada bir kənd var. Dağlar əhatəsində adi bir kənddir. Amma hər nişanəsində bir qeyri-adilik vardır. Bu hansı kənddir və qeyri-adiliyi nədədir? – bu suala cavab axtarırsınız. Elə isə yazını oxumağa davam edin…

Cəsur, yenilməz Azərbaycan əsgəri keşik çəkir bu kəndə

Əzəmətli, vüqarlı dağlar əhatəsinə sığınan qalanı xatırladır bu yurd yerimiz. Qartalların qıy vurduğu dağlarının zirvəsində yayın ortasınadək qar ərimir. Yamyaşıl çəmənləri, bəhərli bağları çaylarının, bulaqlarının həzin səsi ilə cana gəlir. Zəmzəm suyuna bənzər kəhrizləri, qədim qalaları, hamamı, dəyirmanı, məscidləri, bir sözlə, hər daşı, qayası bir tarix danışır bu kəndin. Füsunkar, mülayim təbiətinin bəxş etdiyi nanəsi, kəklikotusu, çaşırı, baldırğanı min bir dərdin dərmanıdır. “Əldən tutmaq Əlidən qalmışdır” zərb-məsəlini əməldə yerinə yetirən mehriban, səmimi insanların kəndidir bu yaşayış məntəqəsi. Toya, yasa, iməciliyə, bütün xeyir-şər işlərinə elliklə yanaşılır. İnsanların məişətində, adət-ənənələrində, mədəniyyətində öz əksini tapan birlik, bərabərlik isə könüllülüyün ən gözəl nümunəsidir bu kənddə. Bu yurd yeri həm də gözəl adətlərin, qəlbaçan, incə və xoşməramlı əlamətləri ilə inamın, saf əqidənin, qonaqpərvərliyin ünvanıdır.

Azərbaycan elinin incisi Ordubaddan şimal-şərqə bir yol gedir. Hacı Mahmuddan keçir, sonra Səfər dikini, Əli daşını adlayır, Gen dərəyə yol alırsan. Hamam daşı, Anabatdan keçəndən sonra köhnə dəyirman, qışda qarı çox olan “Axbur” deyilən yer görünür. Diki qalxdın, Gənzənin havasını udursan, artıq Gənzə torpağındasan. Burada Günəş Qırxkeşdən çıxıb, Qapı Daşında batır. Ərazisindən keçən Gənzəçay Zəngəzur silsiləsinin cənub-qərb yamaclarından başlanır, Ordubad şəhəri yaxınlığında Araz çayına tökülür. Arazın sol qolu olan bu çayın dili olsa, nələrdən danışar – kim bilir…

Gənzə Ermənistanla sərhəddə yerləşir

Gənzənin adı da özü kimi qədimdir. Tədqiqatçıların Gənzə toponimi – oykonimi haqqında müxtəlif fikirləri olsa da, bəzi alimlər onu ərəb-fars mənşəli sözlərlə əlaqələndirsələr də, onların əksəriyyəti bu adın Gəncə şəhərinin adı ilə eyni kökdən olması qənaətindədirlər. Tədqiqatçıların qənaəti belədir ki, Gənzə kəndinin adı sak tayfalarının bu ərazilərdə məskunlaşması ilə əlaqədar yaranmış, təxminən, Kanzak-Kənizək-Kənzək şəklində inkişaf yolu keçərək indiki Gənzə şəklinə düşüb. Əvvəlki adı Kənzə olub və 1 mart 2003-cü ildən dəyişdirilərək Gənzə adlandırılıb. Kənddə indiyədək qalan bir neçə maddi mədəniyyət nümunəsi, xüsusilə qəbir daşları onun qədim tarixə malik, bölgənin əhəmiyyətli və inkişaf etmiş yaşayış məskənlərindən biri olduğunu sübut edir. Ordubadın ən ucqar yaşayış məskəni hesab olunur Gənzə. Bu kəndin söykəndiyi Soyuq dağı Ermənistanla sərhəddədir. İlin yarısından çoxunda başı qarla örtülü dağların ən yüksək mövqelərində Vətənimizin keşiyini çəkir, torpaqlarımızın toxunulmazlığını qoruyur igid əsgərlərimiz. Kəndin icra nümayəndəsi Qürbət Əliyev deyir ki, biz sərhəddə yaşayırıq, igid əsgərlərimiz təhlükəsizliyimizi qoruyurlar. Yerli sakinlərdə böyük ruh yüksəkliyi vardır. Ən güclü silahımız isə qurub-yaratmaqdır. Bununla biz mənfur düşmənə göstəririk ki, Vətənimizə, elimizə bağlıyıq, qurub-yaradır, abadlıq işləri aparırıq və həmişə doğma yurdumuzda qalacağıq. Dövlətimizin böyük qayğısı sayəsində muxtar respublikamızda əmin-amanlıq, sabitlik olub, həmişə də olacaq, inşallah. Allah igid əsgərlərimizin yardımçısı olsun. İnanırıq ki, qəhrəman, mətanətli Ordumuz Vətənimizin işğal altında qalan digər torpaqlarını da azad edəcək, qələbələrlə bizi sevindirəcək.

Abadlıq-quruculuq işləri gözəllik qatıb kəndə

Tarixi qorunub saxlanılmaqla müasirləşdirilir, inkişaf etdirilir Gənzənin. Qürbət müəllim deyir ki, qızım, artıq 90-cı illərin çətin, mürəkkəb günlərindən əsər-əlamət qalmayıb. Bu gün müstəqil dövlətimiz gündən-günə inkişaf edir, möhkəmlənir. Ölkəmizdə, eləcə də muxtar respublikamızda insan amilinə qayğı, diqqət ən yüksək səviyyədədir. Bu qayğı özünü Gənzə kəndinin timsalında da aydın göstərir. Kənd əhalisi fasiləsiz təbii qaz və elektrik enerjisi ilə təmin edilir, çörəyimiz də ki boldur. Bu, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sadiq olan Ali Məclisin Sədri cənab Vasif Talıbovun əsl Vətən, millət təəssübkeşliyindən, bu xalqın layiqli övladı kimi daim muxtar respublikanın bu gününün, gələcəyinin qayğıları ilə yaşamasından, atdığı bütün addımlarda əhalinin rifahını düşünməsindən irəli gəlir. Baxın, bizim kəndimiz aparılan abadlıq, quruculuq tədbirləri ilə yeni həyat qazanıb. 2011-ci ildə tikilib istifadəyə verilən 306 yerlik kənd tam orta məktəbinin binası elmə, təhsilə göstərilən qayğının nümunəsidir. Bu məktəbdə ölkəmizin gələcəyi üçün əsl vətəndaşlar yetişdirilir. 2003-cü ildə yaradılan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik də artıq yeni binada fəaliyyət göstərir. Kənd yollarına asfalt örtük salınması əhalinin gediş-gəlişinin rahatlığına xidmət edir, 2007-ci ildən fəaliyyətdə olan həkim ambulatoriyasında isə əhaliyə lazımi səviyyədə tibbi xidmət göstərilir. Müsahibim qeyd edir ki, Ali Məclisin Sədri Gənzəni “Ordubadın incisi” adlandırıb. Bu, bizim kəndə verilən ən yüksək qiymətdir, qızım. Həmkəndlilərimin ən yaxşı xüsusiyyətlərindən biri də odur ki, qurulub-yaradılanlara hörmətlə yanaşır, onlar da yaşadıqları yerin, abadlığına, firavanlığına öz töhfələrini verirlər. Gənzədə yaradılan nümunəvi şəraitə görə kənd sakinləri adından dövlətimizə minnətdarlığımı bildirirəm.

Torpağa bağlı, xoşxasiyyət insanları, yaşatdıqları adət-ənənələri ilə də diqqət çəkir Gənzə

Öyrənirik ki, kəndin əhalisi 1710 nəfərdir. Əhali kənd təsərrüfatının müxtəlif növləri –əkinçilik, heyvandarlıq, arıçılıq, quşçuluqla məşğul olur. Ailə təsərrüfatçısı Səlah Məmmədovla həmsöhbət olduq. 58 yaşlı müsahibim deyir ki, dədə-babadan qalma arıçılıq peşəsini uzun illərdir, davam etdirir. Hazırda 50-yə yaxın arı ailəsinə qulluq edir, bir çox arıçılıq məhsulları hazırlayır. Naxçıvan şəhərində təşkil edilən “Arıçılıq məhsulları – bal festivalı”nda iştirak edən müsahibim arıçılara göstərilən dövlət dəstəyinə görə minnətdarlıq edir. Kənddə heyvandarlıqla məşğul olanlar içərisində Cəbrayıl Həsənov, Vahid Əsədov, Rəhman İbrahimov, Nicat Həsənov və başqaları vardır. Hamıya məlumdur ki, Ordubad meyvələri ilə diyarımızdan kənarda da yaxşı tanınır. Gənzədə də meyvəçilik qədim məşğuliyyət növüdür. Burada yetişdirilən meyvələr öz müxtəlifliyi ilə seçilir. Qərzəkli meyvələrdən olan şabalıd Şəki-Zaqatala zonasında geniş yayılsa da, Gənzədə də onu əkib-becərənlər vardır. Laçın Məmmədov, Rəhman İbrahimov, Ramin Rzayev kimi ailə təsərrüfatçıları oktyabr-noyabrda yetişən, tərkibi müxtəlif vitaminlərlə zəngin olan, qənnadı sənayesində, aşpazlıqda geniş istifadə edilən bu meyvəni becərməklə məşğuldurlar. İcra nümayəndəsi deyir ki, Gənzə kəndinin insanları torpağa bağlıdırlar. Təsərrüfatçıların əksəriyyətini bəzən belə bir sual düşündürür. – Görəsən, əksəm bitəcək? Gənzəlilər isə deyir ki, əksən niyə olmur? Olacaq, çünki torpağa axıdılan tər, çəkilən zəhmət heç vaxt əvəzsiz qalmır, mütləq qarşılığını götürürsən.
Müsahibim bildirir ki, kənddə uzunömürlü insanlara, ailələrə də daim diqqətlə yanaşılır. Ailə başçısının 90-a yaxın yaşı olan Bağırovlar ailəsinin evliliklərinin 50 illiyi yüksək səviyyədə qeyd edilib. Onların 4 övladı, 7 nəvəsi, 3 nəticəsi vardır. Belə uzunömürlü və nümunəvi ailələrin yubileylərinin keçirilməsi muxtar respublikada ailələrimizə, o cümlədən insanlarımıza göstərilən diqqətin ifadəsi olmaqla yanaşı, həm də gənc ailələr üçün gözəl nümunədir.
Kənd ağsaqqalı Nuru Məmmədovun 90-dan çox yaşı vardır. Onunla söhbət zamanı dedi ki, ötən əsrin 90-cı illərində yaşanan çətin günlər böyük şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişi ilə xoş günlərə çevrildi. İndi onun bəhrələrini görürük, dövlətin daimi qayğısı ilə firavan həyat yaşayırıq. Bilirsiniz, qızım, Gənzə kəndi Ermənistanla sərhəddə yerləşir. Bizim əsgərlərimiz Naxçıvanın sərhədlərini qoruyurlar. Bu gün düşmənlərin qorxulu yuxusu olan igid əsgərlərimizin sayəsində rahat nəfəs alırıq. İllərdir, düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad edilməsi üçün davam edən müharibədən isə qorxmuruq. Əksinə, o ağrılı günlərin şahidi kimi hamımız qürurluyuq, sevincliyik. Gənzəlilər qüdrətli Azərbaycan əsgəri ilə, Prezidentimizlə fəxr edir. Qədim Azərbaycan torpağı olan Qarabağa yolumuz uzaq deyil, qızım. Müzəffər əsgərlərimizin digər torpaqlarımızı – Şuşanı, Laçını, Kəlbəcəri azad edəcəyi gün artıq çox yaxındır.
Gənzə kəndində qədim adət-ənənələr qorunub yaşadılır. Bu kənddə hər bir sahədə möhkəm birlik, bütövlük vardır. Qürbət müəllim bildirir ki, cavanlarımız, gənclərimiz qazandıqları pulu başqa yerə xərcləməz, israf etməzlər. Lazım gəldikdə kəndimizin abadlığı, ehtiyacı üçün ayırarlar. Onların bu barədə, yaxşı mənada, rəqabətləri vardır. Burada ən yüksək xüsusiyyət də odur ki, kömək edən, kiməsə əl tutan adamın adı bilinmir. Toy və yaslarda elliklə iştirak edilir. Cavanlar tərəfindən kəndimizdə şadlıq sarayı tikilib. Toya dəvətnamə paylanmır, hamı bir nəfər kimi toyda iştirak edir. Ağsaqqallarımız, yaşlılar və cavanlarımız oturacaqları yerə qədər bilirlər, süfrəyə qətiyyən içki qoyulmur, qadınlarımız toyda axşam iştirak edirlər. Bizdə ən böyük cəza isə ictimai qınaq və tənbehdir. Bacar o qınağa tuş gəlməyəsən, – deyir müsahibim. Kəndimizdə hər yerdə ədəb-ərkan, hörmət qorunub saxlanılır. Meydanda ağsaqqal oturubsa, cavanlar mütləq ondan arxada oturarlar. Burada bir-birini, adətən, “Hacı”, “Kərbəlayı”, “Məşədi”, – deyə çağırırlar. Çünki kənd əhalisinin çoxu müsəlman üçün vacib bilinən müqəddəs yerləri ziyarət edib. Yaşlı qadınlarımız başlarına çarşab, kəlağayı örtür, cavan, gənc qadınlarımız isə müasir, amma yenə də milli mentalitetə uyğun geyinirlər. Əvvəllər ailədə qızların oxumasına səthi yanaşılsa da, indi ali təhsil müəssisələrinə qəbul olan məzunlarımızın əksəriyyəti qızlardır. Qızım, sevindirici cəhətlərdən biri də odur ki, bölgəmizə gələn turistlərdən də kəndimiz haqqında xoş sözlər eşidirik. Sizə bir misal çəkim. Gənzədə doğulub böyüyən Xəzər Şirməmmədov adlı gəncimiz hazırda Amerikanın tanınmış ali təhsil ocaqlarından biri olan Harvard Universitetində təhsil alır. O, yayda həmin universitetin professor-müəllim heyəti ilə Gənzəyə gəzməyə gəlmişdi. Amerikalı müəllim mənə dedi ki, bu kəndə gələn gündən buranın insanlarının bir-birinə nə qədər mehriban, yaxın olduqlarını gördüm. Burada qaldığım müddət ərzində bunun səbəbini bilmək istəyirdim. Bir gün kəndi gəzərkən baxdım ki, hər kəs bir-birinə salam verir. Dünyanın bir çox yerini gəzmişdim, amma belə bir halla heç rastlaşmamışdım. Düşündüm ki, əgər bunlar bir-birilərinə salam verib, xoş əhval yaradır, ünsiyyət qururlarsa, burada mütləq birlik, yekdillik, mehribançılıq olmalıdır. Mən cavabı bu zaman tapdım, – dedi amerikalı professor.
Bütün işlərdə olan birlik, bərabərlik, muxtar respublikanın hər bir nöqtəsində olduğu kimi, bizim kəndimizin də əsas rəmzidir. Bura gələn qonaqların da xoş əhval-ruhiyyə ilə kəndimizdən ayrılması isə hər bir gənzəli üçün çox xoşdur.


Milli-mənəvi dəyərlərin simvoludur buradakı dini-tarixi abidələr


Gənzə kəndində milli-mənəvi dəyərlərimiz qorunub yaşadılır. Bunu buradakı tarixi, dini abidələrin timsalında aydın görmək olur. Qürbət Əliyev deyir ki, kənddə tarixiliyi özündə qoruyub yaşadan iki məscid vardır. Maraqlı memarlıq üslubuna malik ibadət ocaqlarından biri olan Hacı Hüseynqulu məscidi kəndin mərkəzində yerləşir. Onu Hacı Hüseynqulu adlı nüfuzlu şəxs tikdirib, vəfatından sonra özü də məscidin cənub divarının qarşısında dəfn olunub. Məscidin bərpası zamanı başdaşının üstündə ərəb əlifbası ilə “Mərhum Hacı Hüseynqulu, 16-cı əsr” sözlərinin həkk edildiyi məlum olub. Təmir zamanı cənub-qərb tərəfində gözəl bir minarə ucaldılıb. Minarənin üstündə belə yazılıb: “Məscidin minarəsi 2000-ci ildə Hacı İsrafil Sadıqlı tərəfindən tikdirilib”. Kəndin digər bir ibadət yeri Məmmədhəsən məscididir. Hər iki məsciddə yas mərasimləri keçirilir, həmçinin məhərrəmlik və Ramazan aylarında burada dini mərasimlər icra olunur. XV yüzilliyə aid olan Gənzə hamamı isə Naxçıvanın ən qədim abidələrindən hesab edilir. Hamam Hacı Hüseynqulu məscidinin şimal-şərq tərəfində yerləşir. Ümumi sahəsi 213 kvadratmetr olan hamamın əsas və köməkçi otaqları iki günbəzlə örtülüb. Bu tarixi abidəni digər orta əsr hamamlarından fərqləndirən cəhət onun divarlarının, günbəz və tağ-tavanlarının dağ daşı ilə inşa olunmasıdır. Hamamın içərisi günbəz və tağ-tavanının mərkəzində qoyulmuş baca vasitəsilə işıqlandırılır. Gənzə qəbiristаnlığı isə kəndin qədim tarixi olduğunun göstəricisidir. Bu qəbiristаnlıq kəndin içərisində yеrləşir. Bаşdаşılаrının üzərində ərəb əlifbаsı ilə yаzılmış kitаbələr qəbiristаnlığın ХI-ХVIII əsrlərə аid olduğunu deməyə imkan verir. Kənddən şimаldа Sınаğаn qаlаsı yerləşir. Müsahibim deyir ki, qаlаdan kənd əhalisi bir zamanlar sığınacaq yeri kimi istifadə edib. Kəndin içərisində ortа əsrlərə аid pirin, hаmаmın və qəbiristаnlığın olması Gənzədə çox qədim zamanlardan yаşаyışın mövcudluğunu dеməyə əsаs vеrir, – deyə müsahibim bildirir.

Şəhid atası ilə söhbət, böyük qələbəyə inam

Tahir Hüseynov kəndin tanınmış xeyriyyəçilərindən biri, həm də şəhid atasıdır. Oğlu Ceyhun Hüseynov 17 aprel 1994-cü ildə Goranboyu və Tərtəri birləşdirən nöqtədə yerləşən, bu gün artıq müzəffər Ordumuz tərəfindən düşməndən azad edilmiş, Talış kəndi uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub. Müsahibim deyir ki, o vaxtdan 26 il keçsə də, elə bilirəm, oğlum ölməyib, sağdır. Ona görə belə düşünürəm ki, şəhidlərimiz torpağın altına yox, onları sevən milyonların qəlbinə köçür. Bu gün öz qanı, canı bahasına Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə düşmənə meydan oxuyan cəsur oğullarımızla fəxr edirik. Həmin igidlərdir ki, oğlumun şəhid olduğu Talış kəndini də yağı tapdağından azad edib. Ali Baş Komandanımızın hər dəfə dediyi “Şəhidlərimizin qanı yerdə qalmayacaq” sözünün bu gün torpaqlarımızın işğaldan azad edilməsi ilə yerinə yetirildiyinin şahidiyik. Prezidentimizin qətiyyəti, iradəsi, əzmi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə şanlı Ordumuz tarixin ən şərəfli səhifələrini yazır. Tezliklə işğaldan azad olunmuş bütün torpaqlarımıza qovuşacağıq, 30 illik həsrətimiz sona yetəcək. O zaman oğlumun da mübarək ruhu sevinəcək.
Gənzə haqqında nə qədər desək, nə qədər yazsaq, yenə də azdır. Çünki qədim tarixi, adət-ənənələrə, milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilən bu kənd mənfur düşmənlə üz-üzə olmasından qorxmur, öz dəyərlərini unutmur, qurub-yaratmaq üçün çalışır. Bu da deməyə imkan verir ki, Gənzə, eləcə də digər sərhəd kəndlərimiz tarixi yaddaşımız və sabaha inamımızın ən qiymətli nümunələridir.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR