Qədim qalaları, türbələri, mağaraları, körpüləri ilə tarixin özüdür Qubadlı. Əsrlərin o üzündən boylanan, qədimdən qədim tarixi, gözəllikləri–dağları-dərələri, meşələri, fauna və florası, çayları, təbii zənginliyi ilə, şiş dağları, əraziləri, sıldırım qayaları, bu qayaların sinəsinə pərçimlənmiş evləri, yetirdiyi-bitirdiyi nemətləri ilə Naxçıvanımın bənzəridir Qubadlı. Niyə də bənzəməsin ki, bu iki yurd bir-birinə?.. Zəngəzur mahalı vaxtilə Azərbaycandan qoparılıb ermənilərə verilənədək bir-birilə əl-ələ idi Zəngəzurla Naxçıvan mahalları. Naxçıvandan başlanan dağ silsilələri Zəngilandan Qubadlıya, Qubadlıdan Cəbrayıla, oradan Füzuliyə, ta Laçına, Xankəndinə uzanırdı. Bu dağların havası, zirvəsindən süzülən saf suları, hər daşı, hər qayası bu yurdların həm coğrafi oxşarlığının, həm də insanlarının xaraktercə bir-birinə bənzəməsinin səbəbidir.