Düz 27 il bundan öncə düşmən səni bizdən alıb aparmışdı. Nə bir hənirti gəlirdi o isti torpağından, nə də ki bir soraq...Nur saçmırdı artıq torpağın. Nə Nəbi görsənirdi, nə dəki boz atın....Solmuşdu vətəndəki tər çiçəklərin. Çünki yadelli işğalçıların əlində idin. Sənsə məcbur baş əydin elə ilk gündən bu acı talehinə. Harayladıq səsimiz sənə yetmədi, əlimizi uzatdıq tuta bilmədin əlimizdən...Qubadlılar Qubadlısız hayqırırdılar. Qaranlıq gecələrin qara günlərindən soraq verirdi bizlərə.
Nəhayət o ağrılı-acılı günlərimiz artıq geridə qaldı. Müzəffər Azərbaycan ordusu Zəngilan, Cəbrayıl Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhərini işğalçılardan tam azad etdi.Biz bu günü çoxdandı gözləyirdik. İllər, ayaları, aylarsa illəri əvəz edirdi Qubadlım. O torpağa ayaq basacağımız günləri, və o torpaqlarda yenidən doğulmağı səbirsizliklə gözləyirik biz. Tələsirik indi Vətən torpağına gəlib isti hənirtini nəfəsimizə çəkməyə, yenidən bağlarını əkib-becərib və bəhrəsini görməyə. Şaqqıldayan buz bulaqlarından içməyə Həkəri və Bərgüşad çaylarının seyrinə çıxmağa gəlirik. Ən hündür yerin olan Torağac yüksəkliyini görməyə gəlirik.
Keçilməz qayaların, sərt sıldırımların, üzərində ucaldılan müdafiə istehkamları sənin görünüşünü daha əsrarəngiz etmişdir. Sənin Xanlıqlar kəndindən o qədər gözəl təsvirlər canlanıb ki, düşüncələrimdə. Bax o düşüncələrimdən ayrılıb tez bir zamanda qovuşmaq istəyirəm sənə. Sən Azərbaycanın xalq qəhrəmanları olan Qaçaq Nəbini və Həcəri bizlərə bəxş edən, Süleyman Rəhimovları, Qasım Qasımzadələri,Eldar Baxışları, Ramiz Rövşənləri, Həsən Qorxmazları Azərbaycana yetirən torpaqsan... Sən xəyallarını hər zaman ağlımda qurubda ona ünüm yetməyən torpaqlardansan. Artıq Şükrlər olsun ki, səsimizi eşidib bizlərə,doğmalarına geri döndün.
Hər gün yeni bir torpağımızın işğaldan azad edildiyini eşitdikcə daha qol-qanad açırıq. Bu gün Ali Baş Komandanımızın tapşırığı ilə azad edilən doğma torpaqlarımızın minbir sədasını eşitdikcə, həmin torpaqlarda şanlı bayrağımızın sancıldığını gördükcə bənzəri olmayan sevinc hissləri ilə qanadlanıb uçuruq. Vaxtilə qapı arxasından baxdığımız, əlimizin çatmadığı torpaqlar əsgərlərimizin canı-qanı bahası ilə bizlərə geri qayıdır. Biz öz torpaqlarımızı tələb edən, öz torpaqları üzərində çarpışan millətik. Başqasının torpaqlarında gözümüz yoxdur. Ali Baş Komandanımız İlham Əliyev deyir:“Biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpaqlarımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.
Fəthin mübarək Azərbaycan... Qələbən mübarək Azərbaycan... Qayıdışın mübarək Qubadlım... Bu xoşbəxt günləri bizlərə yaşadan, qürurla hər bir torpağımızın azadlığını ifadə etməyi bizlərə bəxş edən Ali Baş Komandanımıza eşq olsun! Qarabağ Azərbaycandır.
Nuray ƏSGƏROVA