İtaliyanın Rai-1 telekanalının müxbiri Prezident İlham Əliyevə belə bir sualla müraciət edib: Siz öz hərbi əməliyyatlarınızı hansı şərtlər daxilində dayandırmağa razı olacaqsınız? Siz dəfələrlə demisiniz ki, Ermənistan tərəfindən konstruktiv yanaşma zəruridir. Konstruktiv yanaşma necə olmalıdır?
Dövlətimizin başçısı bu suala cavabında deyib: Onlar baş nazirin şəxsində baza prinsiplərini qəbul etdiklərini açıq bəyan etməlidirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur. Prinsip etibarilə bu yanaşmalar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır, həmin qətnamələr də praktiki olaraq, bunu tələb edir.
“Lakin Ermənistanın baş naziri deyəndə ki, onlar bircə qarış belə torpağı bizə verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq və bizə qarşı təcavüz həyata keçiriləndə, bu, əlbəttə, konstruktiv yanaşma deyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik”, - deyə dövlətimizin başçısı qeyd edib.