Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüzkar əməllərin qurbanları təkcə ölkə vətəndaşları deyil, həm də yaşı min illərə söykənən tarixi-mədəni abidələrimizdir. Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış mədəniyyət abidələrinin erməni vandalizmindən mühafizəsi də beynəlxalq əhəmiyyət kəsb edən bir məsələdir.
Qeyd edək ki, məlum işğal prosesindən sonra Ermənistan tərəfindən əzəli torpaqlarımızdakı İslam mədəniyyəti abidələri tamamilə məhv edilib və ya erməniləşdirilib. Bu abidələrin yazıları dəyişdirilməklə ermənilərə məxsusluğu barədə müxtəlif dillərdə dezinformasiyalar yayılır və beynəlxalq ictimaiyyətə çatdırılır. Elə bu səbəbdən də Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların ərazilərində mövcud olmuş məscidlər tamamilə dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara və bütövlükdə müsəlman dünyasına qarşı öz nifrətlərini gizlətmirlər.
Dövlət başçısı cənab İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitindəki çıxışında erməni vandallarının işğal etdikləri Dağlıq Qarabağ torpağında Azərbaycanın qədim və dəyərli tarixi abidələrini dağıtdıqlarını vurğulayıb.
“İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur”, – deyən ölkə başçısı vurğulayıb ki, Ermənistanda islamofobiya pik həddə çatıb. Buna baxmayaraq, Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin heç vaxt dostu ola bilməz.
Müharibə dövründə mədəni mülkiyyətin mühafizəsi məsələləri, əsas etibarilə, xüsusi beynəlxalq sazişlə “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası ilə nizama salınır və 60-dan çox ölkə bu Konvensiyanın iştirakçısıdır. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçıları tərəfindən tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması həmin konvensiyaya, eləcə də “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.
Vandalizm aktları birmənalı şəkildə beynəlxalq qanunlar və konvensiyalarda yolverilməz hesab edilir. 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya” müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. Bu Konvensiyaya əsasən hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var.
Qeyd etmək lazımdır ki, Ermənistanın vandalizm əməlləri silahlı münaqişələr zamanı (1954-cü ildə) ümumdünya Mədəni və Təbii İrsin qorunması haqqında Haaqa Konvensiyasını və 1999-cu ildə bu konvensiyaya əlavə edilmiş İkinci protokolun kobud şəkildə pozulmasıdır. Bu protokolun 9-cu maddəsində işğalçı tərəfin üzərinə işğal olunmuş ərazilərdə mədəni sərvət və antik əşyalarla ticarətin, onların qaçaqmalçılığının qarşısını almaq, mədəni, tarixi, habelə elmi abidələrin və xüsusiyyətlərinin sistematik olaraq və ya qəsdən dəyişdirilməsini qadağan etmək öhdəliyi qoyulur.
Konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur. Haaqa Konvensiyasında konvensiyanın tətbiq edilməsi qaydalarını müəyyən edən icraedici reqlament və işğal edilmiş ərazilərdən mədəni dəyərlərin çıxarılmasını qadağan edən protokol qəbul edilmişdir.
Konvensiyaya üzv dövlətlər “mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və zərurət yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mənimsənilmənin istənilən formasına son qoymaq” barəsində razılığa gəliblər.
1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokol silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndirdi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi-elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsini, eləcə də qarşısının alınmasını təsbit edir.
Eyni zamanda “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasıda təsbit edilən müddəalara əsasən silahlı münaqişələr zamanı mədəni sərvətlərə və mədəni irsə qarşı qanunsuz əməllər beynəlxalq cinayət qanunvericiliyinə əsasən hərbi cinayət hesab olunur. Ermənistan beynəlxalq təsisatların üzvü olaraq Azərbaycanın dini və mədəni irsinə qarşı işğal olunmuş ərazilərdə törədilmiş vandalizm aktlarına görə məsuliyyət daşıyır. Buna görə də Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində yol verdiyi vandallığa görə mütləq beynəlxalq hüquq qarşısında cavab verəcəkdir.
Faiq Səfərov
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, ədliyyə müşaviri