26 Dekabr 2024, Cümə axşamı

 

       Bu gün Azərbaycan Respublikasında müstəqilliyimizin qorunması və mənfur ermənilərin elan olunmamış müharibə nəticəsində işğal etdikləri torpaqlarımızın geri qaytarılmasında  güclü Milli Ordunun yaradılması dövlət quruculuğunun prioritet istiqamətlərindən biri kimi müəyyən edilib, bu sahədə mühüm nailiyyətlər qazanılıb.     

          Məlum olduğu kimi, sentyabr ayının 27-dən etibarən mənfur düşmənlər yenidən atəşkəs rejimini pozaraq ordumuzu və cəbhəboyu ərazilərdə yerləşən kəndlərimizi atəşə tutmağa başlayıblar. Nəticədə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamağa məcbur olmuş və erməni vandallarına lazımi dərsi verməkdədir.

          Ermənistanın məlum təxribatı törətməsinin bir səbəbi də daxilindəki mövcud vəziyyətlə əlaqədardır. Belə ki, bu gün işğalçı ölkədə dərin siyasi böhran hökm sürür, sosial-iqtisadi şərait gündən-günə ağırlaşır, ölkə iqtisadiyyatının tənəzzülü daha da sürətlənir. Müzəffər Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarına başlaması nəticəsində vaxtilə zorla və ya müəyyən şərtlər müqabilində əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağa köçürülən, burada qeyri-qanuni məskunlaşan ermənilər yaşayış yerlərini kütləvi şəkildə tərk etməyə məcbur olmuşlar. Bu baxımdan mövcud vəziyyət Ermənistanda miqrasiya proseslərini sürətləndirib, insanların başqa ölkələrə üz tutaraq vətəndaşlıq əldə etmək niyyətini daha da artıb.

         Ötən günlərdə mənfur düşmənin iç üzünü ortaya çıxaran Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Ermənistana məxsus mühüm sənədləri yayıb: "Ermənistanın Xarici İşlər Nazirliyinə məxsus sənədlərin əldə edilməsi nəticəsində döyüş əməliyyatlarının başlanılmasından sonra bir çox erməninin orduya çağırılmamaq məqsədilə vətəndaşlıqdan imtina etməsi və bu barədə Ermənistanın xarici ölkələrdə yerləşən səfirlik və konsulluqlarına müraciət etməsini sübut edən sənədlər əldə edilmişdir".

          Bu gün həm də işğalçı ölkədə emiqrasiyanın qarşısını almaq məqsədi ilə 18-55 yaş arasındakı kişilərin ölkədən çıxışı məhdudlaşdırılıb. Özünütəcrid, dərin siyasi və demoqrafik böhran şəraitində olan Ermənistanda Dağlıq Qarabağdan qaçan insanların mərkəzə kütləvi axın etməsi nəticəsində, şübhəsiz ki, ölkənin sosial-iqtisadi vəziyyəti daha da ağırlaşıb, xarici ölkələrə miqrasiya edərək “ümid çırağı” axtaranların sayı xeyli artıb.

          Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdə keçirilən sorğuya görə, Ermənistan əhalisinin 44 faizi işləmək üçün ölkə xaricinə üz tutmaq istəyir, əhalinin 33 faizi isə immiqrant olaraq ölkədən çıxmaq niyyətindədir. Şübhəsiz ki, sayın azalması, ilk növbədə, mənfi miqrasiya balansının artması ilə əlaqədardır.

          Eyni zamanda Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqlamasında bildirilir ki, 3 milyona yaxın əhalisi olan Ermənistan müstəqillik qazandığı gündən indiyə qədər kəskin demoqrafik problemlər yaşayır.  2017-ci ildə Ermənistan əhalisinin sayı 2 milyon 979 min 9 nəfər təşkil edib ki, bu da 2016-cı ilin uyğun dövrü ilə müqayisədə 15,2 min nəfər azdır. 2018-ci ilin hesablamalarına görə, bu ölkədə xalis miqrasiya əmsalı mənfi olub və hər 1000 nəfərə 5.6 mühacir təşkil edib. Son olaraq BMT-nin 2019-cu il üzrə Beynəlxalq Miqrasiya hesabatına əsasən, 1990-cı ildən bu günədək Ermənistanda ölkə əhalisi təxminən 16% azalıb. Bu cür kəskin azalma tendensiyası ölkədə doğum nisbətinin aşağı düşməsi, daha da önəmlisi isə miqrasiya səviyyəsinin artması ilə əlaqədardır.

          Bu gün dünyanın bir sıra beynəlxalq televiziya kanalları, nüfuzlu informasiya agentlikləri və jurnalistləri bu faktları bir daha təsdiqləyir. Rusiyanın "İzvestiya" qəzetinin hadisə yerindəki müxbiri xəbər verir ki, Dağlıq Qarabağda yaşayan ermənilər hazırda təşvişə düşüb və yaşadıqları ərazini tərk edirlər. İrəvanda yaşayan ermənilər isə çarəni başqa ölkələrə qaçmaqda tapır.

          Həmçinin Rusiya Federasiyasının aparıcı xəbər saytı olan znak.com məlumat yayıb ki, Xankəndidə mağazalar işləmir, ərzaq qıtlığı yaranıb.  Şəhərdə qaz və elektrik enerjisi kəsilib və bərpa olunacaq vaxt qeyri-müəyyəndir. Bu səbəbdən də insanlar maşınlara doluşaraq İrəvana qaçır.

          Digər bir italyalı jurnalist isə qeyd edir ki, artıq Şuşada və Xankəndində yaşayan ermənilər Ermənistana qaçırlar: “Şuşada və Xankəndində yaşayan ermənilərin kütləvi şəkildə Ermənistana qaçdıqlarının şahidi oldum. İnsanların mərkəzə cəmlənməsi, eyni zamanda işsizlik və miqrasiya tənəzzül və böhran şəraitində olan Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq".

          Rusiyanın “Novaya qazeta” qəzetinin münaqişə bölgəsinə ezam edilmiş müxbiri İlya Azarın Şuşadan Xankəndinə gedən yolda gördükləri: “Çoxlu sayda avtomobillər, o cümlədən avtobuslar erməniləri Şuşadan İrəvana sürətlə daşıyır. İnsanlar həyacan və qorxu içindədir...” Qeyd etmək lazımdır ki, Ermənistan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıqdan qısa müddət sonra müxtəlif bəhanələrlə Ermənistan Xarici İşlər Nazirliyi “Novoya qazeta”nın Dağlıq Qarabağa ezam olunmuş müxbiri İlya Azarın akkreditasiyasını ləğv edib.

          Şübhəsiz ki, Dağlıq Qarabağda qanunsuz yaşayan, eyni zmanda Ermənistanın rayon və kəndlərində çətin vəziyyətdə olan vətəndaşların kütləvi sürətdə mərkəzə doğru axın etməsi həm də urbanizasiya prosesini intensivləşdirib. Şəhərlərdə yaşayan əhalinin sayının artması prosesi olan urbanizasiya işğalçı ölkədə vətəndaşların ciddi narahatlığına və etirazına səbəb olub.

          Bu gün Ermənistandakı ümumi mənzərə, habelə sosial-demoqrafik vəziyyət bir daha təsdiq edir ki, mühacirətin davamlı xarakter alması işğalçı ölkədə anarxiya və xaosu daha da böyüdür. Mütəxəsislər bildirirlər ki, Ermənistan artıq “yaşlanır” və bunun əsas səbəblərindən biri də miqrasiyadır. Ölkədən gedən insanların yaş qrupları üzrə bölgüsünə nəzər yetirdikdə problemin daha da dərin olduğu aydın görünür. Beynəlxalq informasiya agentliklərinin verdiyi məlumata görə 2019-cu il dövlət büdcəsi layihəsinin parlamentdə müzakirəsi zamanı millət vəkili Ruzanna Arakelyan Ermənistanın bəzi kəndlərindən böyük sayda mühacirət olduğunu və kəndlərdə artıq gənclərin demək olar ki, qalmadığını söyləyib. “Ölkədən miqrasiya axını yaş qruplarının tərkibində ciddi kənarlaşmalara səbəb olur”. Son 30 ildəki illik emiqrasiya səviyyəsini nəzərə aldıqda, əminliklə demək olar ki Ermənistan bu gün genişmiqyaslı və ciddi miqrasiya problemi ilə üzləşib. 

          Həmçinin qeyd etmək lazımdır ki, son dövrlər ərzində Ermənistanda kütləvi informasiya vasitələri üzərində dövlət senzurası, hüquq mühafizə orqanlarının represiv fəaliyyəti nəticəsində yoxsuluq və səfalət içində yaşayan erməni vətəndaşlarının miqrasiya prosesləri barədə heç bir rəsmi məlumat ictimaiyyətə çatdırılmır. Belə ki, hətta ötən günlərdə Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini tənqid edən məlumatların dərc edilməsi və yayımlanması qadağan edilib. Bu qərar işğalçı ölkədə dövlət senzurasının mövcudluğunu bir daha əyani olaraq təsdiq edir. Daha çox xarici kütləvi informasiya vasitələrinə istinad edilərək bildirilir ki, Dağlıq Qarabağdakı ermənilərin 50 faizindən çoxu artıq ərazini tərk edib, regionu tərk edənlərin sayı 75 min nəfərdən çoxdur.

          Bu gün isə Ermənistandan fərqli olaraq Azərbaycan Respublikasında miqrasiya prosesləri və ümumi mənzərə tamamilə fərqlidir. Azərbaycan üçün bütövlükdə miqrasiya prosesləri yeni bir məfhum deyil. Ölkəmiz ötən əs­rin 80-ci illərinin sonlarında daxili-xarici məcbu­ri miqrasiyaya məruz qalmışdır. Ermənistanın apardığı deportasiya, soyqırımı və təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan keçmiş SSRİ–də qaçqın və məc­buri köçkün problemi ilə üzləşmiş ilk respublika olub.

          Əminliklə deyə bilərik ki, bu gün ölkəmizi, o cümlədən muxtar respublikamızı miqrasiya proseslərinin iştirakçısı olan şəx­slər üçün cəlbedici edən bir çox səbəb mövcuddur. Azərbay­can Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizin ictimai həyatında və dövlət quruculuğu sahəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılan köklü islahatlar nəticəsində dövlətimiz beynəlxalq aləmin bərabərhüquqlu üzvünə çevrilmişdir. Bu gün də idarəetmənin düzgün təşkili, iqtisadiyyatın şaxələndirilməsi, sağlam və əlverişli biznes mühitinin formalaşdırılması və kadr potensialından səmərəli istifadə edilməsi makroiqtisadi göstəricilərin dinamik artımı ilə müşayiət olunmaqda davam edir. Məqsədyönlü siyasətin real bəhrələri və məntiqi nəticəsidir ki, Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər, həm də əcnəbilərin müxtəlif məqsədlərlə ən çox səfər etdikləri ölkələr sırasındadır.

          Azərbaycan bu gün həm də bir çox ölkələr üçün nümunədir, multikulturalizm məkanıdır, tolerantlıq diyarıdır. Ötən ilin noyabr ayında Dünya dini liderlərinin II Bakı sammitində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı zamanı bu fikir bir daha əyani olaraq öz təsdiqini tapdı:  “Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu unikal təcrübə artıq bir çox ölkələr tərəfindən öyrənilir. Bu, həqiqətən belədir. Bu, həm dövlət siyasətidir, həm də cəmiyyətdən gələn sifarişdir. Biz əsrlərboyu bu ab-havada yaşamışıq və Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri heç vaxt heç bir ayrı-seçkilik hiss etməmişlər, heç vaxt tarixdə dini-milli zəmində Azərbaycanda qarşıdurma, yaxud da hansısa bir anlaşılmazlıq olmamışdır”.

 

Naxçıvan Muxtar Respublikası

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

 

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR