Salamlar olsun sənə, ey Vətənə qayıdışını Şəhidlər xiyabanından salıb, şəhidini, torpaq uğrunda canlarından keçənlərini bağrına basan, 1990-cı illərin 20 Yanvarında, Xocalı qətliamında, bir-birinin ardınca işğal olunan qol-budaqlarında can qoyub, qan tökən igid övladlarını ziyarət edib, azadlığının müjdəsini doğmalarına verib Qarabağa – ata-baba yurduna doğru yolçuluğa çıxan, Şuşa. Sənə elə bu da yaraşırdı. Axı sən qala qürurlu, şiş dağ vüqarlı, əzəmət mücəssəməsi, yenilməzlik simvolusan, Qarabağın ağsaqqalısan. Salamlar olsun sənə, ey Qarabağın gözü, döyünən ürəyi, Azərbaycanın baş tacı... Azadlığın, hürriyyətin mübarək! Ey igid oğlu dağlar, mərd qızı qayalar olan gözəlliklər məskəni, Şuşa. Bayrağının qırmızısından gözəllərinə köynək, yaşılından ətək biçən, mavisini göy üzünün buludları, dumanı-çəni ilə qarışdırıb gözəllərinə örpək edən, Şuşa, qayıdışın mübarək! Ey tarixin əzəli, mədəniyyətin beşiyi, şeiriyyətin məskəni, Şuşa!
Pişvazına Azərbaycan çıxdı, Şuşa!
Sən Qarabağa yolçuluğa çıxdın, sənin pişvazına isə bütün Azərbaycan çıxdı. Onların arasında kimlər vardı, gördünmü? Yolunun başlanğıcında Ali Baş Komandanımız, sonra Şəhidlər xiyabanında bağrına basdığın şəhidlərin ailələri, 28 il əvvəl köksündən qoparılaraq Azərbaycanın müxtəlif bölgələrinə ümid aparan qaçqın, köçkün övladların qarşıladı səni. Paytaxt Bakı, Qoca Naxçıvan çıxmışdı pişvazına. Qarabağ uğrunda yenicə mərmi yağışına tutulub neçə-neçə günahsız insanlarını itirmiş, minlərlə ev-eşiyi dağılmış, lakin düşmənə qorxusuzluğu, əyilməzliyi ilə meydan oxuyan Gəncə, Bərdə, Tərtər şəhərlərinin övladları qarşılayırdı səni. Azərbaycanın bütün rayon, şəhər, qəsəbə, kəndləri böyük coşqu ilə Bayraq meydanlarında küçələrdə, xiyabanlarda 28 il həsrət qaldığın üçrəngli bayrağımızla qarşıladı səni. Bayraq günün, bayraq vüsalın mübarək, Şuşa!
28 il əvvəlki və 28 il sonrakı 8
Yaxşı yadımdadır, işğal olunduğun gün. Azərbaycanın başının üzərini dumanların aldığı, Naxçıvanın blokadasının ağrılı-əzablı ilk illəri idi. Hərtərəfli blokada şəraitində yaşayırdıq. Sədərəkdə döyüşlər gedirdi. Bir tərəfdən də 3-4 saatdan bir işıq yanarkən baxa bildiyimiz televizordan yalnız Qarabağdan acı xəbərlər alırdıq. Əliyalın insanların canları-qanları bahasına yurd yerlərimizin müdafiəsinə qalxmasını, onların Azərbaycan rəhbərliyindən dəfələrlə kömək istəməsini, lakin heç bir kömək ala bilmədiklərini eşitmişdik, bilirdik. Onlara heç bir köməyin gəlməyəcəyini də bilirdik. Çünki Qarabağ da, ətrafındakı rayonlar da ozamankı ölkə rəhbərləri tərəfindən imperiyaya hədiyyə olunmuşdu. Ona görə də ardıcıl şəkildə gedəcəkdilər. Getdilər də. Bizə qalan isə şəhid övladlarımız, yurdları talanmış didərginlərimiz, bir də 28 illik nisgil, həsrət oldu. Hələ Naxçıvan da sizlərin ardınızca gedəcəkdi. Bilirsən, niyə getmədi? 1990-cı ildə ulu öndərimiz Heydər Əliyev Moskvadan Bakıya gələrkən törədilən əngəllərə görə onun Bakıya deyil, Naxçıvana gəlişi qurtardı Naxçıvanı. Əgər O, Naxçıvana gəlməsəydi, indi Naxçıvan da həmin işğal olunmuş rayonların sırasında idi. Naxçıvandan Azərbaycan rəhbərliyinə işğala son qoyulması, kömək göstərilməsi üçün böyük ürək yanğısı ilə üz tutdu ulu öndər. Lakin bütün bunlara baxmayaraq, alındı əlimizdən torpaqlarımız.