25 Dekabr 2024, Çərşənbə

44 gün... Tarixə meydan oxuyan, dünyaya kimliyimizi göstərən  44 gün...   Azərbaycanın döyünən ürəyinə, bir parçasına qovuşduğu, 30 illik bir həsrətin, nisgilin bitdiyi an... 10 noyabr 2020-ci il.  “Qarabağ” dastanının yazıldığı gün.  Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Milli Ordumuzun  Azərbaycan tarixində yazdığı yeni salnamə... Azərbaycan Sizinlə qürur duyur Ali Baş Komandan! Siz Azərbaycanın 300 min illik sərkərdəsi, qəhrəmanı oldunuz. Səfəvilər dovlətindən  sonra işğal edilən torpaqları azad edən ilk lider oldunuz. Tarix Sizin adınızı şanlı səhifələrinə yazdı. Sizinlə qürur duyuruq  Milli Ordumuz! İşid oğullarımız, mərd övladlarımız! Siz bu qələbəni qanınızla, canınızla yazdınız tariximizin səhifələrinə.

 Ulu öndər,  ruhun şad olsun

          Mən həmişə yazılarımda yazmışam, yenə də yazıram:  yaxşı ataların yaxşı oğulları olur. Cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin mənəvı və siyasi varisidir.  Əsl azərbaycanlı, xalqını canından artıq sevən, vətənpərvər insan olan, həyatının sonunadək bu xalqın, bu millətin yolunda cəfa çəkən  ulu öndərimizin. Elə buna görə də xalq  Onu  özünə ümummilli lider seçdi. Taleyini Ona tapşırdı. Müstəqilliyini Ona etibar etdi. Beləliklə də müstəqilliyimiz təhlükədən, itirilməkdən xilas oldu. Torpaqlarımızın daha da geniş miqyasda itirilməsinin qarşısı alındı. Ölkəmiz dünyada tanındı, dünya dövlətləri ilə iqtisadi əlaqələr quruldu. 70 illik imperiya məngənəsindən qurtulan, bütün sahələrdə tənəzzülə uğrayan Azərbaycanda yeni bir Azərbaycan quruldu. Azərbaycan bütövlükdə ulu öndərimizin əsərinə çevrildi.

Çox təbii ki, belə bir liderin   övladı da cənab İlham Əlyev  olacaqdı. Dövlətçilik qabiliyyəti, idarəetmə bacarığı, siyasi-hərbi savadı ilə dünyanın həsəd apardığı lider cənab İlham Əliyev.    

Müharibə, müsahibə, müraciət

          I Qarabağ müharibəsi nə zamansa II Qarabağ müharibəsinin olacağına şübhə yeri qoymamışdı. Xalq bir gün öz əzəli torpaqlarını geri  alacaqdı.  Həmin günün  ulu öndərin mənəvi varisinin,  hər bir azərbaycanlının ümid bəslədiyi liderinin  rəhbərliyi ilə  reallaşması isə Azərbaycanda müstəqilliyimizin ilk illərindən həyata keçirilən siyasətin uğurla davam etdirilməsini təsdiqlədi.

          Ölkəmizdə 43 gün davam edən müharibənin 44-cü günü qələbə bəxş etdi millətimizə. Şiddətli döyüşlər getdi Qarabağ torpaqlarında. Şəhidlər verdik, ürəyimiz parçalandı, qazilərimiz oldu. Lakin bir-birinin ardınca torpaqlarımızı erməni nankorlarından  geri aldıq. Füzulimiz, Zəngilanımız, Cəbrayılımız, Qubadlımız, Şuşamız   erməni tapdağından xilas edildi, hüriyyətinə qovuşdu. Azərbaybaycan Milli Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə dünyanı heyrətə gətirən döyüş  taktikası həyata keçirdi.

          Cənab Prezidentimiz Azərbaycan tarixinə adı ilə bağlı bu sözləri yazdı: müharibə, müsahibə, müraciət. O, ordumuza  Ali Baş Komandanlıq etməklə yanaşı, həm də dünyanın bizə qarşı yönəlmiş  informasiya müharibəsinin qəhrəmanı oldu ötən 44 gününün hər anında.  44 gündə dünyanın ən məşhur kütləvi informasiya vasitələrinə 30-dan artıq müsahibə verən dövlətimizin başçısı  Qarabağın tarixini, strateji əhəmiyyətini,  əhalisinin vəziyyətini,  30 illik işğal dövrünü, həmçinin Qarabağla bağlı susan beynəlxalq təşkilatların  mahiyyətini  tarixi reallıqlarla dünyaya çatdırdı. Özünəməxsus nitqi, səbri, haqsız, ədalətsiz  suallara hər dəfə eyni təmkinlə cavab verməsi, müxtəlif dillərdə sərbəst, qüsursuz  danışıq qabiliyyəti ilə  dünya  siyasətçilərini və jurnalistlərini heyrətləndirən cənab İlham Əliyev  bütün bunların fonunda Azərbaycanın necə bir dövlət olduğunu təsdiqləməklə yanaşı, ulu öndərin layiqli övladı olduğunu da sərgilədi. Xalqına dəfələrlə müraciət etməsi ölkəmizin rəhbərini xoş xəbər müjdəçisi etdi insanların gözündə. 44 gündə torpaqlarımızın azad olunması ilə bağlı xəbərləri tək Ali Baş Komandandan almağımız bizim bir yumruq olduğumuzun, bu dövlət  başçısının ətrafında sıx birləşdiyimizin sübutu oldu.  Azərbaycanda belə bir misal var: o yerdə ki, ağsaqqal var, orada Allah var.  

II Qarabağ müharibəsi təsdiqlədi

          Bu müharibə  bir çox məqamları təsdiq etməklə yanaşı,  həm də ona   vəsilə oldu. Nəzər salaq:

Ən birincisi, ata vəsiyyətini qeyd etmək istəyirəm. Cənab Prezidentimizin   ulu öndərin “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir” vəsiyyətini  həm  bir övlad, həm də siyasi rəhbər olaraq  reallaşdırması xalqımıza  liderlik  bacarığını göstərməklə yanaşı,  həm də qədim ailə dəyərlərimizin qorunub yaşadılmasının əhəmiyyətli məsələ olduğunu  aşıladı. Bu,  hər bir gəncə nümunə gücündə olan, təsirli məqamdır.  

Ölkəmizin Prezidentinin 17 illik fəaliyyəti dövründə hər il bütün bayramlarda xalqımıza müraciətlərində  Qarabağdan söhbət açıb, onun bir gün geri qaytarılacağını əminliklə söylədiyinin şahidi olmuşuq. Eləcə də beynəlxalq təşkilatların kürsülərində, xarici qonaqlarla görüşlərində eyni fikirlər hər dəfə səslənib. Bütün bunlar isə Prezidentimizin ötən 17 ildə  söylədiyi sözlərin arxasında  həm də bu sözlər dəyərində ordu quruculuğu prosesinin uğurla  həyata keçirdiyini,  Ali Baş Komandanımızın  sözlə əməl vəhdətini təsdiqlədi.

Cənab Prezidentimizdə  azərbaycançılıqdan irəli gələn bir xarakteri də açıqca gördük. O, hər kəs kimi müharibə istəmirdi, qan tökülməsini, övlad itkisini istəmirdi. Bunu dəfələrlə Ermənistan siyasi rəhbərinə müraciətində gördük. “Torpaqlarımızdan çıxın, müharibəni dayandıraq”,- dedi.  Ermənilər  bu mənəvi dəyərin nə olduğunu bilməsələr də, bu təkliflər onlara dəfələrlə edildi.

II Qarabağ müharibəsi cənab İlham Əliyevin sayəsində bizin özümüzü tanımağımıza vəsilə oldu. Biz gördük ki, azərbaycanlılar nə qədər həmrəy, bir yumruq kimi birləşə bilən, eyni zamanda  çox vətənpərvər bir xalqdır. Vətəninə, bayrağına sevdalıdır.

Müharibə xalqın rəhbərinə inamını da nümayiş etdirdi. Tərtərdə, Bərdədə, Gəncədə evləri dağıdılan  yazlərlə insan Prezidentə arxalandıqlarını bildirdilər. Evlərinin dağılmasına, həyatlarının təhlükədə qalmasına baxmayaraq yurdlarını tərk etmədilər, qələbə əzmi ilə yaşadılar. Bu, rəhbərə inam, Onun arxasında olmaq deməkdir. Onlar bir də buna  əmin idilər ki, evləri, həyətləri əvvəlkindən də gözəl vəziyyətdə onlara qaytarılacaqdır. Çünki bu insanlar cənab Prezidentimizin verdiyi sözlərə əməl etdinin şahidi olan insanlardır.

Qarabağ müharibəsi  onu  təsdiq etdi ki,  xalq-dövlət birliyindən güclü qüvvə ola bilməz. Elə bu qüvvə də qələbəmizin səbəbkarı oldu.

Və son olaraq, Prezidentimizinillər öncə dediyi bu fikirlərini təsdiqlədi: “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”.

 

Bu gün QƏLƏBƏ günüdür

Bütün Azərbaycan 10 noyabr qələbəsini qeyd edir.  Torpaqlarımızın yarıdan çoxu qanla, döyüşlə geri alınıb. Digər hissəsi isə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin birgə bəyanatları  ilə  yaxın günlərdə geri qaytarılacaqdır. Hələ üstəlik Naxçıvana da ana Vətənlə əlaqəsi üçün yol veriləcəkdir. Gecə saatlarından hər kəs küçə, xiyabanlardadır. 30 illik nisgil bu qələbədə gülümsəyir. 30 illik hicran  bu qələbədə vüsala qovuşur.  20 Yanvar, Xocalı , I, II Qarabağ müharibələrinin şəhidlərinin ruhları sevinir. Oğullarımızın qisası alınır. 30 ilədək köçkün, qaçqın həyatı yaşayanların bu qələbədə üzləri gülür. Ən əsası isə torpaqlarımızdan yad ayaqlar  kəsilir. Torpaq da sevinir, doğma addımları gözləyir.  Doğma nəfəsləri gözləyir...

   

 “Qarabağ” dastanı

Dastan xalqın qəhrəmanlığını təcəssüm etdirən ədəbi nümunədir. Dastanın müəllifi xalqdır, onu yaradan da, yazıya köçürən də, yaşadan da  xalqdır. Ali Baş Komandanımız  Qarabağ haqqında kitabların yazılacağının vacibliyini  vurğulayıb. 1990-cı illərin I  Qarabağ, 2020-ci ilin II Qarabağ müharibələrini, blokada Naxçıvanının acılarını yaşamış, gəncliyinə 20 Yanvar, Xocalı, işğal dağları çəkilmiş bir  jurnalist kimi bu gün xoşbəxtəm ki, bu dastanı yazanlardan biri olacağam.  Bu dastan qəhrəmanlıq dastanıdır, baş qəhrəmanı Ali Baş Komandanımız, ölkəmizin  Prezidenti cənab  İlham Əliyev və Azərbaycan xalqıdır. Bu dastanın artıq bir neçə boylarını yazmışam, yazacağam da.  Qalır, Qarabağ, sənə gəlməyim. Bu dastan orada bitməlidir. O torpaqların ətrini ciyərlərimə çəkəndən, şəhid qanı axan  torpağını  öpəndən, qazilərimizlə söhbət edəndən, bir də anamın ata yurdu Laçına salam verəndən sonra  bitəcək. Gözlə məni, Qarabağ, gələcəyəm sənə, çox yaxında gələcəyəm...  Dastanını o sinəndə bitirəcəyəm... Qələbəmiz mübarək! Bayramımız mübarək!

Mətanət MƏMMƏDOVA

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR