22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda şəhid ailələrinə və qazilərimizə dövlət qayğısı vətənpərvərlik təzahürüdür


Ümummilli liderimiz Heydər Əliyevin “Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir” mübarək kəlamının əməldə təcallasının təntənəsini yaşayırıq Müzəffər Ali Baş Komandanın rəhbərliyi, igid oğulların şücaəti sayəsində. Ulu öndər siyasətinin müdrikliyi, böyüklüyü, bu dahi siyasətçinin təməlini qoyduğu əbədiyyət yoluna sədaqət muxtar respublikamızın timsalında həm müharibədən əvvəl, həm müharibə dövründə, həm də sonrakı mərhələdə şəhid ailələrinə, müharibə iştirakçılarına, qazilərə göstərilən ehtiramda, qayğıda, həssas münasibətdə özünü ən yüksək səviyyədə göstərir. Cəmiyyətimizin bu kateqoriyadan olan insanlarının sosial problemlərinin həll olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər 2021-ci ildə daha intensiv, davamlı xarakter aldı...

Ətraflı: Yeni ili yeni mənzildə, yeni avtomobillə qarşıladılar...

Sərhəd kəndlərimiz

Şaxtalı, sazaqlı bir qış günündə muxtar respublikamızın ən ucqar, dilbər guşələrindən sayılan, yerli və xarici qonaqların sevimli ünvanı Şahbuza üz tutarkən gözlərim önündə bu bölgəmizin son illərdəki inkişafından xəbər verən bənzərsiz mənzərələr bir-birini əvəzləyir: İllərin gərgin zəhmətindən yaranan böyük quruculuq dastanının kiçik boyları – sıldırım qayalıqların arası ilə ilan kimi gah qıvrılıb, gah açılan rahat asfalt yol, iş-güc dalınca tələsən insanları müşayiət edən, həmişəyaşıl ağaclarla bəzənən səliqəli səkilər, bir-birinə boyverən müasir sosial obyektlər, sahibkarlıq subyektləri, yaraşıqlı evlər. Yaz-yay aylarında bərəkət ətirli yaşıllıqlara bürünən, indi isə bəyaz yorğanını üzərinə çəkib qış yuxusuna dalan əkin-biçin ərazilərinə, dərələrin arası ilə üzüaşağı şaqqar-şuqqur coşub-daşan, nəfəsi buxağında qırovlaşan çaylara tamaşa etdikcə bu elin böyük mənəviyyat bəxşişi, vətənpərvər şairimiz Məmməd Arazın misraları çınlayır yaddaşımda:

Mən buradan baxıram bütün aləmə,
Bu yerin qışı da yazımdır mənim.
Axan çaylarına lal sudur demə,
Onlar min nəğməli sazımdır mənim.

Ətraflı: Həmrəylik, birlik, əzmkarlıq rəmzidir  dağ vüqarlı kəndimiz...

Bir kəndin qayğıları

Arazın kənarında yerləşən Muğanlı Şərur torpağının qədim kəndlərindəndir. Qeydlərimdə kəndin keçmişindən deyil, bu günündən söhbət açacağam. Kənddə 24-dən çox ailə yaşayır. Əhalisinin sayı 1200-ə yaxındır. Adətən, müasir kənd deyəndə cərgə ilə düzülmüş yaraşıqlı evlər, kəndin mərkəzində olan istirahət zonası, müxtəlif məişət xidməti obyektləri, xəstəxana, uşaq bağçası, abad yol və sair gözlərimiz önündə canlanır.

...Son illərdə kənddə xeyli yaşayış binaları tikilsə də, o, müasir kəndə oxşamır. Tikilən binalar kəndin simasını o qədər də dəyişməyib. Çünki bu evlər layihə əsasında deyil, hər kəsin zövqünə görə, necə gəldi tikilir. Son 40 ildə kənddə sosial obyekt adında cəmi bir məktəb istifadəyə verilib. Bundan başqa, heç bir sosial məişət obyekti tikilməyib.
Bir neçə il bundan əvvəl kənddə artezian quyusu qazılıb. Quyudan çıxan su isə içmək üçün yararsızdır. Təəssüflər olsun ki, kənd əhalisinin içməli suya olan tələbatı bu günədək ödənilməyib. Kəndə radio, təbii qaz, su xətləri çəkilməyib. Görülən işlər isə ala-yarımçıqdır. Kəndin axşamları cansıxıcıdır. Evlərdə olan elektrik lampaları gərginliyin normal olmaması üzündən közərir. Bu səbəbdən də camaat tele­vizora da rahat baxa bilmir. Kənddə əmək ehtiyatları çox olsa da, iş yeri tapılmır. Gənc­lərin asudə vaxtının və istirahətinin lazımi səviyyədə qurulması üçün şərait yaradılmamışdır. Burada fərdi mal-qaranın inkişafı da yaxşı vəziyyətdə deyil. Əvvəllər elə bir ailə olmazdı ki, qapısında camışı olmasın. İndi belə ailələri barmaqla göstərirlər. Məhsuldar heyvanlar kəsildi və yaxud ətliyə verildi. Otlağın, örüşün olmaması üzündən kəndli qapısında heyvan saxlaya bilmir. Mövcud otlaqların bir hissəsi üzümçülüyün inkişafı üçün ayrılmış, bir hissəsi isə şoranlaşıb istifadəsiz qalmışdır. 100 hektar yararlı torpaq sahəsi isə sərhəd zonasında qalıb. Otlaq yox, örüş yox. Kəndli isə qatıq, pendir üzünə həsrətdir...

“Şərq qapısı” qəzeti
1 aprel 1990-cı il

Yoxsulluq, pərişanlıq məngənəsindən bolluq,

güzəranlıq mərhələsinə...


Ötən əsrin 90-cı illərinin əvvəlində bugünkü firavanlığımızın, inkişafa, tərəqqiyə, qalib dövlət kimi dünyanın aparıcı ölkələri arasında söz, nüfuz haqqına sahib olmağımıza gətirib çıxaran yolun təməli qoyuldu. Ölkə Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, müstəqilliyimizin bərpasına məhz 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında başlanıldı, xalqın xilaskarlıq missiyasını öz üzərinə götürən ümummilli liderimiz Heydər Əliyevin xüsusi dəstxəti ilə ölkənin gələcək inkişaf konsepsiyasının ilk səhifələri qədim diyarımızda yazıldı. Nəticədə, “Şərq qapısı” qəzetinin 1 aprel 1990-cı il nömrəsindəki “Bir kəndin qayğıları” sərlövhəli və digər bu kimi yazılarda yer alan ayrı-ayrı yaşayış məntəqələrimizdə hökm sürən ürəkağrıdan, cansıxıcı mənzərələr tezliklə aradan qaldırılmağa başlanıldı...

Ətraflı: Naxçıvan dünən və bu gün

Milli dəyərlərimizi öyrənək və yaşadaq

Ümummilli liderimiz Heydər Əliyevin “Xalq gərək daim öz kökünü xatırlasın” müdrik kəlamının təntənəsini ən yüksək səviyyədə yaşayırıq düşmənimiz üzərində böyük tarixi zəfər qazanmaqla. Təbii ki, qələbəni şərtləndirən əsas amil xalq olaraq birliyimiz, bərabərliyimiz, Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, məğrur oğullarımızın əzmi, qətiyyətidir ki, bu üstün məziyyətlər də birmənalı şəkildə keçmişə dərin hörmətdən, milli kökə bağlılıqdan irəli gəlir.  Gəncliyin hərbi-vətənpərvərlik tərbiyəsini artırmaq, gənclərə ata-babalarımızın döyüş ənənələrini öyrətmək üçün dəyərli nümunələrdən sayılan, milli kimliyimizin açarı “Kitabi-Dədə Qorqud”, eləcə də qəhrəmanlıq salnaməmiz “Koroğlu” dastanlarını oxuduqca əcdadlarımızın necə mübariz ruhlu, torpaq təəssübkeşi, yurdsevər olduğunu görürük. Xalqımızın tarixən yadellilərə qarşı haqlı mübarizələr, müharibələr aparması, heç şübhəsiz, ölkəmizdə bütün sənətkarlıq sahələri ilə yanaşı, silahsazlığın da inkişafına təkan verib, el arasında işinin mahiri kimi tanınan silahsazlar torpaqlarımızın qorunması naminə öz töhfələrini əsirgəməyiblər...

Ətraflı: Sabahımızın da fəxarətlə dolu olması naminə...

Vaxtilə bərəkətli torpaqları, bol ruzili təknələri, barlı-bəhərli bağ-bağatları ilə köksünə sığal çəkən övladlarını əməksevərliyə, zəhmətkeşliyə səsləyən, zəngin, halal süfrəsinə dostunu mehman eyləyib, əzəmətli görkəmiylə düşmənindən öc alan, xalçaçılıq, atçılıq kimi tarixi-mədəni simvolları, mədəniyyət, incəsənət korifeyləri, görkəmli muğam ustadlarıyla öyünən, fəxr duyan Ağdamım. 1314-cü ildə tikilmiş Qutlu Musa oğlu günbəzi, Üzərliktəpə, XIV əsrə aid daş abidələri, XVII əsrə aid Xanoğlu türbəsi, Pənahəli xanın və nəslinin XVIII əsrə aid imarəti, Şahbulaq qalası və digər mеmarlıq nümunələri ilə qədim türk-oğuz yurdu olduğunu isbat edən, Birinci Qarabağ müharibəsində 43 gün yağılara sinə gərən, Vətən müharibəsində bir güllə atılmadan bir gündə azadlığına qovuşan Qarabağın məğrur qalası, cəsarətlilik, mərdlik rəmzim. Artıq bir ili tamam olur doğma övladlarına əbədi sarılmağının, azadlığa qovuşmağının, həsrət dolu gözlərin daim inam Günəşindən nur alsın, yolun daha rəvan, daha aydın, gələcəyin parlaq olsun...

Ətraflı: 43 gün yağılara sinə gərən, bir gündə azadlığına  qovuşan məğrur qalam...

“Şərq qapısı” – 100

 

Ulu diyarımın ulu yazarı,
Qəlbi sözlə dolu söz xiridarı,
Ömrü xatırladır qoca çinarı,
Ruhu gənc, rüxsarı xoş lətafətlim,
Yüz yaşın mübarək, doğma qəzetim!

Şərqin qapısından verirsən soraq
Dünəndən sabaha körpü salaraq.
Gənc qələm əhlinə olmusan mayak –
İdeya məktəbim, söz səltənətim,
Yüz yaşın mübarək, doğma qəzetim!

Ağrılı-acılı günlər görmüsən,
Qəm-kədərdən söz çələngi hörmüsən,
Çətin sınaqlara sinə gərmisən,
Əyilməz, kəsərli sözüm, söhbətim,
Yüz yaşın mübarək, doğma qəzetim!

Çoxdur şərəfinə, şanına rəğbət,
Böyükdür adına, sanına hörmət,
Çün ulu öndərdən almısan qiymət,
O gündən hey artır şanın-şöhrətin,
Yüz yaşın mübarək, doğma qəzetim!

Fotolar hüsnünə vurur naxışı,
Müasir yurduma çalır alqışı,
Yazılar birliyə edir çağrışı:
“Yaşa əziz xalqım, var ol dövlətim”
Yüz yaşın mübarək, doğma qəzetim!

Milli kimliyimdən açıb söhbəti,
Deyirsən unutma keçmişi qəti,
Təbliğ eyləyirsən milli sərvəti,
Danışan tarixim, mədəniyyətim,
Yüz yaşın mübarək, doğma qəzetim!

Şairə, yazara verib qol-qanad,
Qoymursan it-bata düşə istedad,
Sözə dəyər verən, ey böyük ustad,
Getməsin heç zaman bada zəhmətin,
Yüz yaşın mübarək, doğma qəzetim!

Böyüyüb yetmisən ahıl yaşına,
“Nəvə-nəticən” də dolub başına,
Arzumdur çatasan lap min yaşına,
Ürəkdə qalmasın arzun, niyyətin,
Yüz yaşın mübarək, doğma qəzetim!

Nail ƏSGƏROV
Şeir “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə
keçirilən yaradıcılıq müsabiqəsinə təqdim edilir.

 

 

 

Müasirləşən kəndlərimiz

Cümə günü səhərin erkən çağıdır. Didilib pilələnmiş yun kimi çəngə-çəngə olub göy üzünə səpələnən bulud laylarını yarmaqla öz hünərini göstərməyə çalışsa da, istəyinə çata bilməyən solğun çöhrəli Günəşin və arabir təlatümə gələrək ağacların bahar həsrətli göz yaşlarını damla-damla axıtdıran küləyin müşayiəti ilə kiçik kəndin böyük büsatının tamaşasına tələsirəm. Naxçıvan şəhərindən Araz kənd mərkəzinədək uzanan geniş, abad yolla irəliləyən maşının pəncərəsindən ətrafa nəzər yetirəndə gözlərim önündə müstəqillik illərinin bəhrələri fonunda rəngarəng çalarlı zəngin bir albom vərəqlənir: Payız albomu. Düşünürəm: – Müəllifi payız olan bu albomun səhifələri bir-birini necə də müfəssəl şəkildə tamamlayır. Mahir bir rəssamın incə qələmindən süzülən mükəmməl sənət əsərini xatırladan, rənglərin harmoniyasından doğan bu gözəlliklər qarşısında heyranlığı gizlətmək, onu vəsf etməmək mümkün deyil. Uzun pərli qanadlarını gərərək məğrur-məğrur süzən, ov görərkən ildırım sürəti ilə aşağıya şığıyan leyləklərin, baharın müjdəçisi sayılan qaranquşların, eldən-elə qatarlaşıb köç edən durnaların bir daha geri dönmək ümidi ilə tərk etdikləri yuvalar xəbər verir fəslin gəlişini. Yol kənarlarına xüsusi nizamla əkilən ağacların xəfif küləyin təsiri ilə budaqlardan qoparaq aramla yerə enən yarpaqları, sıra ilə düzülən, sanki bu torpağı bədnəzərlərdən qorumağa çalışan dağların üzərinə sığal çəkən, ağ örpəyə bənzəyən çən, duman qatı, asta templə yağan yağışın ağaclarda son anlarını keçirən qızılı rəngli yarpaqların üzərindəki almaztək parıldayan damlaları bir payız nəğməsinin notlarıdır, sanki...

Ətraflı: Kiçik kəndin böyük büsatı...

Hər zərrəsindən əcdadımın yaşayış tərzi, həyat ritmi, yaratmaq amalı, tariximin nəfəsi duyulan, ululuq rəmzi, kimliyimin açarı sayılan Azıx mağarasının yerləşdiyi, görkəmli şairimizin adını qürurla, şərəflə daşıyan Füzulim. İllərin nisgilindən, kədərindən təngə gələn sinənin murdar ayaqlardan, yad əllərdən, xain xislətli ürəklərdən, bədnəzərlərdən təmizləndiyi gündən artıq bir il ötür, bir daha gözün aydın. Məğrur oğullarının al-qanları ilə ədalət məşəlini yandırdığı, haqqın batili usandırdığı, xeyrin 30 ildir, dörd nala atını çapan şər qüvvəni büdrədib üzüqoylu uzandırdığı, Qələbə dastanına növbəti fəslin, Ali Baş Komandanın mübarək, əbədiyaşar “Füzuli bizimdir!” kəlməsinin tarixə yazıldığı oktyabrın 17-ci günü. Bəli, hər saat, hər an qürurla xatırladığımız 44 gündən birinin ildönümünü qeyd edirik, şəhidlərimizin ruhuna dərin hörmət və ehtiramla...

Ətraflı: Azadlığının ildönümü mübarəkdir, Füzulim!

    

        Bu il “Şərq qapısı” qəzeti 100 yaşını qeyd edir. Naxçıvanın bir əsrlik keşməkeşli tarixinə yaxından şahidlik edən bu qocaman media qurumunun fəaliyyətinə qısaca nəzər salmaq üçün elə qəzetin öz doğma evini ziyarət etdik. Qəzetin Xəbərlər, ictimai-siyasi məsələlər və kənar müəlliflərlə iş şöbəsinin müdiri Nail Əsgərovdan aldığımız geniş müsahibəni oxucularımıza təqdim edirik.

           – Nail müəllim, əvvəla, sizi bir əsrlik mətbuat orqanının əməkdaşı kimi yubiley münasibətilə təbrik edirik. Ali Məclis Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladağı Sərəncam bu media orqanı ilə yanaşı, ümimiyyətlə mətbuata verilən dəyərdir.

Ətraflı: Gənc jurnalist Nail Əsgərov: “Naxçıvanın tarixi inkişaf yolunun, ictimai-siyasi həyatının...

Göz dəyməsin bu məktəbə


Respublikanın əvvəlki rəhbərləri məktəblərin kompüterləşdirilməsi barədə ağızdolusu danışanda onların yerinə mən xəcalət çəkirdim. Soruşa bilərsiniz ki, niyə, nəyə görə, məgər kompüterləşmə pisdir? Xeyr, heç kəs onun əleyhinə ola bilməz. İnkişaf etmiş xarici ölkə­lərdə də bu sistem geniş yayılıb. Deyə bilərsiniz ki, bəs onda xəcalətli olmağınızın səbəbi nədir? Əgər yolunuz Babək rayonunun Məzrə kəndindəki səkkizillik məktəbə düşsə, onda şahid olarsınız ki, bu və bunun kimi təhsil ocaqlarında kompüterləşmədən danışmaq ağlasığmaz bir işdir. Soruşa bilərsiniz ki, yəqin məktəbin pedaqoji kollektivi pis işləyir? Xeyr, belə deyil. İnsaf naminə deyək ki, müəllimlər zəhmətkeş balalarının təlim-tərbiyəsinə qayğı ilə yanaşırlar...

Ətraflı: Naxçıvan dünən və bu gün

Mən əzəli torpaqlarımızın nicatı naminə canını fəda edərək üçrəngli bayrağımızı ən ali zirvəyə yüksəldən, igidliyi, şücaəti ilə ata-analara, bacı-qardaşlara sonsuz qürur hissi yaşadan, al qanı ilə zəfər, qələbə nəğməsi yazan yüzlərlə Vətən övladından birinin bacısı- Kənarə Nuruyeva. Bütün şəhid bacıları kimi, mənim də fəxr, ümid, inam yerim, atamdan sonra yeganə arxam, dayağım olan qardaşım Cavid haqqında danışacaq çox sözüm, bölüşəcək çox xatirəm var. Düşündükcə yaddaşımda ötənlər, olub-bitənlər, Cavidli xatirələr canlanır, ailəmizdə yaşanan xoşbəxt, unudulmaz anlar, qayğılı, qayğısız günlərimiz  xəyalımdan gəlib keçir bir-bir...

Ətraflı: Bir bacının monoloqu...

Daşlar söyləyir, mən dinləyirəm...


Çıxıram seyrinə kökü minilliklərin bağrını dələn, namərdə boyun əyməyib mərdə könlünü verən, köksündə güllər, çiçəklər bitirən, yaşı ötdükcə gəncləşən, gözəlləşən şəhərimin. Hər qarışına toxunduqca bir əlinə silah alıb düşməninə meydan oxuyan, digəriylə Vətən torpağını bar-bərəkətə, naz-nemətə çevirən ulu babamın məğrur ayaq səslərini, gecələr çıraq işartısında təfəkkürünü, düşüncəsini ilmələrə kökləyən, sabahlar tarlada həyat yoldaşı ilə çiyin-çiyinə zəhmətə qatlaşan ağbirçək nənəmin günortaları beşik başındakı “laylay dedim yatasan, qızılgülə batasan” sözlərinin ahəngini, qəlbəyatan həzinliyini duyuram. Keçirəm əsrlərin yadigarı qol-budaqlı çinarların meh gətirən çətirindən, nostalji hisslərə bürünən gözlərimi çəkəmmirəm uşaqların şən-şaqraq səslərinə qərq olan doğma məktəb yollarından, tamaşa edirəm mahir bir rəssamın fırçasından yoğurulan könülaçan küçələrə, xiyabanlara. Budur, artıq dayan deyir qəlbi söz boğçasına çevrilən, dilindən ləl-cəvahir süzülən, sinəsində minilliklərin mənəvi yükü gizlənən abidələşən daşlar. Söhbət açır bu yurdun dünənindən, bu günündən mənə onlar. Sanki daşlar söyləyir, mən dinləyirəm...

Ətraflı: Ulu diyarımın daş yaddaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR