21 Dekabr 2024, Şənbə

    

        Bu il “Şərq qapısı” qəzeti 100 yaşını qeyd edir. Naxçıvanın bir əsrlik keşməkeşli tarixinə yaxından şahidlik edən bu qocaman media qurumunun fəaliyyətinə qısaca nəzər salmaq üçün elə qəzetin öz doğma evini ziyarət etdik. Qəzetin Xəbərlər, ictimai-siyasi məsələlər və kənar müəlliflərlə iş şöbəsinin müdiri Nail Əsgərovdan aldığımız geniş müsahibəni oxucularımıza təqdim edirik.

           – Nail müəllim, əvvəla, sizi bir əsrlik mətbuat orqanının əməkdaşı kimi yubiley münasibətilə təbrik edirik. Ali Məclis Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladağı Sərəncam bu media orqanı ilə yanaşı, ümimiyyətlə mətbuata verilən dəyərdir.

      – Təşəkkür edirəm. Sizi redaksiyamızda görmək xoşdur. Deyirlər, tarixi yazmaq tarixi yaratmaq qədər şərəflidir. Məhz bu baxımdan muxtar respublikamızın keçdiyi tarixi inkişaf yolunun, ictimai-siyasi, sosial-mədəni həyatının güzgüsünə çevrilən bir mətbu orqanda çalışmaq, onun 100 yaşına şahidlik etmək olduqca qürurvericidir. Onu da qeyd edim ki, muxtar respublikamızda söz və mətbuat azadlığının təmin olunması, jurnalistikanın inkişafı üçün yaradılan şərait, media əməkdaşlarına, jurnalistlərə verilən dəyər yüksək səviyyədədir. Əsası 146 il əvvəl qoyulmuş milli mətbuatımız milli düşüncə tarixinin şanlı səhifəsi və maarifçiliyə doğru yolun başlanğıcı idi.

Mətbuatın cəmiyyətə təsirini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yeni inkişaf mərhələsinə qədəm qoyan mətbuatımızın tarixində yeni səhifə açıldı. Həmin illərdə Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkanların yaradılması əsas vəzifə kimi qarşıya qoyulmuşdu. “Şərq qapısı” qəzetinin böyük formatda nəşrinə başlanılması, 50 illik yubileyinin qeyd olunması da məhz mətbuatın inkişafına verilən önəmin təzahürü idi. Ayrı-ayrı illərdə Ali Məclis Sədrinin diqqət və qayğısı ilə bu mətbu orqanın 75, 80, 85, 90, 95 illik yubileyləri yüksək səviyyədə qeyd olunub. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncam təkcə “Şərq qapısı”nın deyil, bütövlükdə, muxtar respublikanın kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin nümunəsidir. Sərəncama əsasən təsdiqlənən tədbirlər planına uyğun olaraq mətbu orqanın yubiley tədbirləri yüksək səviyyədə qeyd edilməkdədir.

          –Bu qocaman media qurumunun yaranma tarixinə nəzər salaq.

          – Bildiyimiz kimi, 1921-ci il 9 noyabrda dünyaya “göz açan”,  “Cavanlar həyatı” adı ilə fəaliyyətə başlayan doğma qəzetimiz daha sonra “Füqəra  səsi” və nəhayət, 1922-ci ilin aprel ayından “Şərq qapısı” adı ilə nəşr olunmağa başlayıb. 1980-ci ildə “Sovet Naxçıvanı” adlandırılan qəzet, 1989-cu ildə xalqımızın müstəqillik uğrunda mübarizəsinin başlanması ilə “Şərq qapısı” adını yenidən bərpa edib, müstəqillik ideyalarının təbliğatçısına çevrilib.

          Yarandığı ilk gündən müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi həyatda özünəməxsus yer tutan “Şərq qapısı” Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına mühüm töhfələr verib, peşəkar jurnalist kadrların hazırlanmasında baza rolunu oynayıb. Bir əsrlik ömrə nəzər salsaq görərik ki, qəzet sözün həqiqi mənasında, keşməkeşli tariximizin əsl güzgüsünə çevrilib. Naxçıvanda elə bir ziyalı olmaz ki, “Şərq qapısı”ndan onunla bağlı nəsə tapmayasan.  Kiminsə ya ilk məqaləsi, ya ilk şeiri, ya da ilk hekayəsi məhz bu mətbu orqanda dərc olunaraq əbədiləşib, ya da hər hansı bir uğuru haqqında söhbət açılıb.

          1990-cı illərin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbu orqan kimi fəaliyyət göstərən “Şərq qapısı” həmin dövrdə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirləri və qəbul etdiyi tarixi qərarları geniş xalq kütləsinə çatdırıb, ulu öndərin tarixi sərəncamları ilk dəfə burada dərc olunub. Dolğun informasiyaları, zəngin fəaliyyəti ilə həm geniş oxucu kütləsinin, həm də ulu öndərin rəğbətini qazanıb. Təsadüfi deyil ki, məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dövrün çətin şəraitinə baxmayaraq nəşrdən dayanmayıb. “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyə almışam. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”, – deyən ulu öndərin yüksək dəyər verdiyi bu mətbu orqanın əməkdaşı olmaq hər kəs kimi mənim üçün də böyük fəxrdir. Böyük söz və maarifçilik məktəbinin tələbəsi olduğum üçün özümü xoşbəxt hesab edirəm. “Şərq qapısı” bizim həm keçmişimiz, həm bugünümüz, həm də gələcəyimizdir.

          –“Şərq qapısı” ötən əsrin 90-cı illərində blokada Naxçıvanının əsl güzgüsünə çevrildi. Qəzetin bu gün də saxlanılan arxivi təhlili materialların hazırlanması baxımından hansı əhəmiyyətə malikdir?

          – Təbii ki, qəzet bu müddət ərzində rəvan, rahat yol keçməyib, çoxlu sınaqlarla, dövrün çətinlikləri ilə üzləşib. 100 yaşının 30 ilini blokada şəraitində olan Naxçıvanın güzgüsünə çevirib özünü. Dövlətimizin xüsusi dəstəyi, çalışqan, fədakar kollektivin əzmkar fəaliyyəti nəticəsində Naxçıvanın informasiya blokadasının aradan qaldırılmasına nail olunub. Bu nöqteyi-nəzərdən yəqin sizin də tez-tez qarşınıza çıxır “Dünən və bu gün” rubrikasında hazırlanan yazılar. Həmin məqalələri qələmə alanda arxivə müraciət etməli oluruq və bu zaman Naxçıvanın ağır, məşəqqətli illəri, su, istilik, elektrik, ekoloji problemləri, rayonların, kəndlərin, evlərin, məktəblərin şəraitsizliyi gözlərimiz önünə sərilir. Bəli, bir vaxtlar “Şərq qapısı” müharibənin ağrılı-acılı günlərindən, uzun çörək növbələrindən, təbii qazın yoxluğundan, su, ərzaq qıtlığından, təhsilin aşağı səviyyəsindən, işsizlikdən yazırdı. Dövlətimizin apardığı uğurlu siyasət, uzaqgörən işlər nəticəsində artıq həmin acınacaqlı hallar arxada qalıb, indi muxtar respublikamızın inkişafından, tərəqqisindən, qurub-yaradılanlardan, insanların firavan həyatından “danışır” qəzetimiz. Ötən illər ərzində bütün yaşayış məntəqələrində aparılan quruculuq işlərinin gedişatı barədə dolğun informasiyalar, xəbər materialları operativ surətdə qəzetdə yer alıb, müasirliyə qovuşduqdan sonra isə görülən işlərin mahiyyətini açan, dünən və bu gün mənzərəsi yaradan, sosial-iqtisadi inkişafın göstəricilərinə uyğun təhlili yazılar dərc olunub. Keçmişin və bu günün müqayisəli təhlili baxımından gələcək nəsillər üçün dəyərli, fundamental mənbə kimi qəzetin əhəmiyyəti olduqca böyükdür...

          – “Şərq qapısı” qəzetinin maddi-texniki bazasının yaxşılaşdırılması Naxçıvanda söz və fikir azadlığına verilən daha bir töhfədir. Bu barədə fikirləriniz maraqlıdır.

          – Fəxrlə deyə bilərəm ki, müstəqillik illərində bütün sahələr kimi muxtar respublika mətbuatı da yeni inkişaf mərhələsinə qədəm qoyub. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılıb. Muxtar respublikada mətbuatın inkişafı ilə paralel olaraq yüksək nəşriyyat-poliqrafiya mədəniyyəti də formalaşıb. 2018-ci ildə Naxçıvan teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manatdan artıq olan müxtəlif avadanlıqlar alınıb verilib, sonrakı dövrdə də teleradio və qəzetlərin maddi-texniki bazaları gücləndirilib.

          Qəzet 2012-ci ildən etibarən www.serqqapisi.az saytı vasitəsilə  dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlayıb, elektron arxiv bazası yaradılıb, sayt 2019-cu ildə tamamilə yenilənib. Qlobal informasiya məkanına çıxış imkanı bu gün Naxçıvanla bağlı dəqiq informasiyanın dünyaya çatdırılmasında mühüm rol oynayır. Yaradılan hərtərəfli şəraitin nəticəsidir ki, “Şərq qapısı” qəzeti gözəl tərtibatı, maraqlı dizaynı, foto keyfiyyəti ilə günümüzün mənzərəsini gələcək nəsillərə çatdıran maarifçilik salnaməsi funksiyasını uğurla həyata keçirir.

           –“Şərq qapısı” qəzetində çalışan əməkdaşların böyük əksəriyyətini gənclər təşkil edir. İxtisaslı kadr və bir gənc kimi gənclərin əməyinə verilən dəyəri necə qiymətləndirirsiniz?

–Aqillər deyirlər ki, tarixə düşmək özü də uğur hesab edilir, amma ən böyük uğur tarixin qatarında bu günə gəlib çatmaq və gələcəyə getməkdir. Bu mənada böyük tarixi inkişaf yolu qət edən “Şərq qapısı” da daim öz qapılarını yaradıcı gənclərin üzünə açır, onların sağlam təməllər üzərində parlaq gələcəyə getməsində mayak rolunu oynayır. Bu maarifçilik məktəbinin məzunlarının müxtəlif istiqamətlərdəki uğurlu fəaliyyəti də deyilənləri təsdiqləyir. Bir faktı da qeyd etmək yerinə düşər ki, son illərdə gənclərin qəzetə cəlbi prosesi daha da sürətləndirilib, “Şərq qapısı” ilə gənc jurnalistlər arasında möhkəm mənəvi körpü yaradılıb, onların qəzetlə əməkdaşlığı üçün münbit şərait formalaşdırılıb. Bu baxımdan Ali Məclis Sədrinin hamiliklə bağlı imzaladığı müvafiq Sərəncamların icra əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Belə ki, sərəncamın icrası ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində “Şərq qapısı” qəzetinin hamiliyinə verilən Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alan tələbələrlə mütəmadi olaraq görüşlər keçirilib. Tələbələrin qəzetlə yaxından əməkdaşlıq etmələri üçün onlar redaksiyaya dəvət olunub, buradakı iş prinsipi ilə tanış edilib, yaradıcı diskussiyalar aparılıb ki, bu da uğurlu nəticələrə yol açıb.

Ümumiyyətlə, “Şərq qapısı” biz jurnalistlərin gələcəyə sağlam təməllər üzərində irəliləmək, öz yolumuzu tutmaq üçün düzgün istiqamət aşılayan bir məxəzdir, böyük məktəbdir. Gənc kadrından qocaman əməkdaşlarına qədər hər birimizin bu məktəbdən öyrənəcəyi çox şey var. Təqdirəlayiq haldır ki, dünyada dezinformasiyaların geniş şəkildə vüsət tapdığı bir dövrdə “Şərq qapısı” qəzeti öz tarixi ənənələrinə sadiqlik göstərərək məlumatın doğruluğu baxımından unikallığını qoruyub saxlaya bilir. Hərtərəfli yaradıcılıq şəraitinin təşkil olunması, işçilərin əməkhaqlarının artırılması, onların məişət şəraitlərinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlər böyük stimul yaratmaqla fəaliyyətin günün tələbləri səviyyəsində qurulmasına imkan verib. Biz də yaradılan şəraitdən səmərəli istifadə etməklə Ali Məclis Sədrinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərini, verdiyi tapşırıq və tövsiyələri əldə rəhbər tutaraq günümüzün salnaməsini yazmağa, dünənimiz, bu günümüz və sabahımız arasında körpü yaratmağa çalışırıq.

          –Qocaman söz və maarifçilik məktəbinin bir üzvü kimi 100 illik yubileyini qeyd edən “Şərq qapısı” qəzetinin oxucularına və həmkarlarınıza ürək sözləriniz...

          –Düşünürəm ki, “Şərq qapısı” qəzeti milli mətbuat, ictimai fikir, ədəbiyyat və mədəniyyət tariximizdə öz layiqli yerinə çoxdan yüksəlib. Bu gün də qəzet hamı tərəfindən sevilən, sevə-sevə oxunan, cəmiyyətin inkişafına töhfə verən, dövlətçiliyə xidmət edən etibarlı media qurumudur. Bundan sonrakı fəaliyyətində də uğurlu nömrələri, maraqlı yazıları ilə könüllərdə taxt quracağına əminəm. Hər birimiz üçün əziz, doğma olan “Şərq qapısı” qəzetinin 100 yaşı ilə əlaqədar həmkarlarımı və oxucularımızı səmimi qəlbdən təbrik edir, kollektivimizə 100 yaşlı bu maarifçilik salnaməsinin ziyasında uğurlar arzulayıram. Qələmimiz daim iti, sözümüz kəsərli olsun!       

          -Müsahibə üçün sağolun!

Həsrət NAĞIYEVA

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR