Hər zərrəsindən əcdadımın yaşayış tərzi, həyat ritmi, yaratmaq amalı, tariximin nəfəsi duyulan, ululuq rəmzi, kimliyimin açarı sayılan Azıx mağarasının yerləşdiyi, görkəmli şairimizin adını qürurla, şərəflə daşıyan Füzulim. İllərin nisgilindən, kədərindən təngə gələn sinənin murdar ayaqlardan, yad əllərdən, xain xislətli ürəklərdən, bədnəzərlərdən təmizləndiyi gündən artıq bir il ötür, bir daha gözün aydın. Məğrur oğullarının al-qanları ilə ədalət məşəlini yandırdığı, haqqın batili usandırdığı, xeyrin 30 ildir, dörd nala atını çapan şər qüvvəni büdrədib üzüqoylu uzandırdığı, Qələbə dastanına növbəti fəslin, Ali Baş Komandanın mübarək, əbədiyaşar “Füzuli bizimdir!” kəlməsinin tarixə yazıldığı oktyabrın 17-ci günü. Bəli, hər saat, hər an qürurla xatırladığımız 44 gündən birinin ildönümünü qeyd edirik, şəhidlərimizin ruhuna dərin hörmət və ehtiramla...
XX əsrin əvvəllərində yaşamış Amerika siyasətşünaslarının belə bir şüarı var idi: “Tarix dünənin siyasətidir, siyasət isə bu günün tarixi”. Bəli, tarix nəticə çıxarmaq, bu günün və sabahın siyasətini düzgün müəyyənləşdirmək üçün böyük bir dərslikdir. Əziz Füzulim, bu müdrik sözlər sənin 30 il əvvəlki və sonrakı taleyində, bizim isə bir xalq kimi mübarizə tariximizdə təcəlla etdi: ötən əsrin 90-cı illərində bir tərəfdən nankor düşmənin xain əməlləri, digər yandan da naşı rəhbərlərin kor-koranə idarəçiliyi sayəsində başımıza gələn müsibətlərdən, səninlə birlikdə əzəli yurdumuz Qarabağımızı itirməyimiz, bundan nəticə çıxararaq nicat yoluna varmağımız, bu yolda inamla addımlamağımız, birliyimiz, bərabərliyimiz, haqlı mübarizəmiz, müharibəmiz sayəsində bu günün şanlı tarixini yazaraq Böyük Qələbə qazanmağımız, qalib xalqın nümayəndəsi kimi yaşamağımız və sadalamaqla bitməyən daha nələr, nələr... Ulu babalarımızın əzəli, doğma yurdu, bilirəm sənə də ağır gəlir ötənləri-keçənləri, doğma sakinlərindən zorla qoparıldığın çətin, məşəqqətli anları yenidən xatırlamaq. Ancaq ulularımızın “Keçmişini unudanın gələcəyi olmaz” fikrinə, şübhəsiz, sən də haqq verərək düşünürsən ki, heç unutmaqmı olar doğma elindən, obandan didərgin salınmağını, bağrının illərdir, həsrət, hicran alovunda alışıb yanmağını...
1993-cü ilin 23 avqust tarixində qopardılar səni bizdən. Həmin tarixdən bir neçə gün əvvəl başladı uğrunda şiddətli, qeyri-bərabər döyüşlər. Beləliklə, 1993-cü ilin avqustunda cəbhənin bütün istiqamətlərində hücuma keçən ermənilər Azərbaycanda yaranmış siyasi vəziyyətdən də yararlanıb səni işğal etdilər. Bundan sonra düşmən qüvvələri bir neçə istiqamətdə Arazboyu yaşayış məntəqələrinə doğru irəlilədilər. Məqsəd regionda strateji cəhətdən ən əhəmiyyətli, regional kommunikasiyaların kəsişdiyi Horadiz qəsəbəsinin ələ keçirilməsi idi. Qəsəbənin müdafiəsində Sərhəd Qoşunlarının burada yerləşən komendantlığı dayanmışdı. Bir neçə gün davam edən döyüşdən sonra qüvvələrin qeyri-bərabər olması səbəbindən sərhəd zastavası mövqelərini tərk edərək geri çəkildi. Ermənilər Horadiz qəsəbəsini və İranla sərhəddə yerləşən su anbarı üzərindəki körpünü tutub, qəsəbədəki bütün inzibati və yaşayış binalarını, neft bazasını, dəmir yolu vağzalını yandırdılar. Və beləcə, Horadizin işğalı ilə sənə qonşu olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonları faktiki olaraq blokadaya düşdü. Araz boyunca Beyləqana doğru irəliləyən düşmən qüvvələri Arayatlı, Babı, Əhmədalılar, Kərimbəyli, Araz Yağlıvənd kəndlərini işğal etdilər. 1993-cü il noyabrın 7-də ermənilər 400 nəfərə yaxın canlı qüvvə, 30-a qədər tank və zirehli transportyorun iştirakı ilə ən böyük yaşayış məntəqən olan Böyük Bəhmənli kəndinə hücuma keçdilər. Kəndin bir hissəsini işğal edən düşmən birləşmələri Azərbaycan Silahlı Qüvvələrinin ciddi müqaviməti ilə qarşılaşdı. Bu kənddə yerləşən sərhəd zastavasının 30 nəfər şəxsi heyəti qəhrəmanlıq göstərərək 2 gün ərzində düşmənin bütün hücumlarını dəf etdi, xeyli sayda canlı qüvvələrini sıradan çıxarmağa müvəffəq oldular. Sərhədçilər də bir neçə şəhid verdi. İki aya yaxın davam edən qanlı döyüşlər zamanı ermənilər Böyük Bəhmənli kəndinin bir hissəsini işğal etsələr də, yaşayış məntəqəsini tam ələ keçirə bilmədilər. Dekabr ayında yenidən hücum edən düşmən bu dəfə Daxili Qoşunların müqaviməti ilə qarşılaşdı, 5 əsgər düşmən tankı ilə qeyri-bərabər döyüşdə geri çəkilməyərək həlak oldu. Düşmən də bir neçə texnikasını itirərək yenidən geri çəkildi.
Əziz yurdumuz, məhz xalqımızın ağır günlərində onun köməyinə yetişən, milləti dardan qurtararaq nicat yoluna çıxaran ümummilli liderimiz Heydər Əliyevin sayəsində qısa zamanda müəyyən ərazilərin geri qaytarıldı. Dahi rəhbərin orduda apardığı islahatlar nəticəsində 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan Silahlı Qüvvələri Araz çayı boyunca və Əhmədbəyli-Kürdmahmudlu-Alxanlı kəndləri istiqamətində əks-hücuma keçdi. İki gün davam edən döyüşlərdə ordumuz Horadiz qəsəbəsini və ətraf kəndləri düşməndən təmizlədi. Ermənilər bir neçə yüz nəfər canlı qüvvə itirdi, Alxanlı istiqamətində hücum edən qüvvələrimiz isə Qaraxanbəyli, Qorqan kəndlərinədək irəliləməyə nail oldu. Bu uğursuzluqdan sonra düşmən atəşkəs sazişini imzalamağa məcbur qaldı...
Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik boyu uzanan, mənbəyini Araz hövzəsindən alaraq köksündə zümzümə edən Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları ilə füsunkar mənzərəli, işğal zamanı uğrunda 1000-dən artıq eloğlumuzun şəhid olduğu, 1500-dək insanın sağlamlığını itirdiyi, ümumtəhsil, texniki-peşə məktəbləri, uşaq bağçaları, kitabxanaları, klubları, tarixi abidələri, muzeyləri, musiqi məktəbləri, xəstəxanaları viran, mənəvi, maddi sərvətləri talan olan Füzulim. Səndən didərgin salınan naəlac anaların, biçarə ataların haqqı yerdə qalmadı, bələklərdə naləsi ərşə qalxan körpələrin böyüdü, yaşa doldu. Layla oldun beşiklərində, nəğməyə çevrildin dillərində, unutmadılar böyükləri, müəllimləri unutdurmadılar başına gətirilən müsibətləri, səndən zorla ayrıldıqlarını bir an belə. Və 30 il sonra həmin ah-nalə düşməni lərzəyə gətirən nərəyə çevrildi, “Dəmir yumruq” olub hayların başına çaxıldı, Vətənin digər oğulları ilə çiyin-çiyinə vuruşaraq səni azadlığına qovuşdurdu övladların. Azərbaycan Respublikasının Baş Prokurorunun “Hərbçilərimiz orada bayraq sancmağa bir yer tapmadı, çünki salamat bina yox idi. SSRİ dövründə böyük bir şəhər olan Füzulidən geriyə yerləyeksan edilmiş şəhər qalmışdı…” sözləri düşmənin iç üzünü, mənfur xislətini, vəhşiliyini növbəti dəfə bəyan etdi dünyaya. Aradan ötən bu bir il ərzində xeyli dəyişdi siman, rahat nəfəs aldın, sinən üstdə övladlarını sənə gətirəcək yollar salınmağa, yeni tikilən Beynəlxalq Hava Limanına ilk uçuşlar həyata keçirilməyə başladı...
Əziz Füzulim, səni itirdiyimiz gündən hər ötən il işğalınla bağlı ürəkyanğısı ilə qələmə alınan məqalənin girişi “Füzulinin işğalından ... il ötür” nisgil dolu sözlərlə başlayar, sonluğu isə “Tezliklə qüdrətli ordumuz əzəli yurdumuzu işğaldan azad edəcək” kimi ümidli cümlə ilə bitərdi. “Ümidlər sonda ölür”, – deyirlər. Bizim ümidimiz heç vaxt ölmədi, əksinə, inam işığına döndü, şölə saçaraq birliyimizi möhkəmlətdi, yolumuzu aydınlatdı, bu günümüzə gəlib çıxmağımıza vəsilə oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin Horadizdə işğal zamanı dağıdılmış evlərin və çoxmənzilli binaların bərpasından sonra istifadəyə verilməsi mərasimindəki çıxışında dediyi kimi də oldu: “İndi ordumuz daha da güclüdür. İndi imkanlar daha da genişdir. Ruh yüksəkliyi isə Azərbaycan xalqında həmişə olub. Həmişə də yüksək səviyyədə olub. Bu gün də belədir. Vətənpərvərlik ruhu, milli ruh. Bizim iqtisadi, hərbi gücümüz, bu amillər məsələni həll edəcək. Biz qayıdacağıq, nəinki Füzuliyə, Şuşaya da qayıdacağıq”. Bəli, lider xalqına verdiyi sözü tutdu, ata vəsiyyətinə əməl etdi. Və biz ötən ilin bu günü qayıtdıq sənə. Müzəffər Ali Baş Komandanın, yenilməz ordumuzun, vətənpərvər oğulların sayəsində bu ilin bu günü isə qürurla deyirik: – Doğma yurdumuz, əziz Füzulimiz, sən bizimsən, səni günü-gündən daha da gözəlləşdirəcəyik, üzərində daha güllələr uçuşmayacaq, güllər pərvazlanacaq, köksün mərmilərlə deyil, lalələrlə, nərgizlərlə bəzənəcək, övladlarının zəhmət təri ilə boy atacaq fidanların, bərəkət ətrinə bürünəcək tarlaların, böyük şairimiz Məhəmməd Füzulinin şeirləri səslənəcək məktəblərində, azan oxunacaq məscidlərində, bərpa olunacaq tarixi abidələrin, türbələrin, qonaqlarını salamlayacaqsan əzəmətli, məğrur duruşunla. Bir sözlə, başdan-başa gülüstana dönəcəksən, Füzulim! Azadlığının ildönümü mübarəkdir, Füzulim!
Nail ƏSGƏROV