21 Dekabr 2024, Şənbə

Simasından inkişaf, tərəqqi, yüksəliş, firavanlıq rayihəsi saçan, antik dövrdən başlamış tarixin bütün mərhələlərinə aid çoxlu sayda maddi mədəniyyət abidələri, o cümlədən də Qazma mağarası ilə ululuq, qədimlik rəmzidir, orijinal, bənzərsiz yallısı ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun da dediyi kimi, Azərbaycan folklor mədəniyyətinin beşiyidir Şərurum. Saranı aparan coşqun Arpaçayın suyu ilə ilhamlanıb sıldırım qayaların, əzəmətli dağların qucağında böyüyən Şərur şəhəri, Xələc, Şəhriyar, Muğanlı, Qorçulu, Kürçülü, Kürkənd, Cəlilkənd, Mahmudkənd, Yuxarı Aralıq, Aşağı Aralıq kimi müasirləşən kəndləri ilə inkişaf tarixi, Sədərək döyüşləri, Günnüt zəfəri, 44 günlük Vətən müharibəsində Sahil Cəlilov, Əli Yusifov, Cavid Nuriyev kimi onlarla igidləri ilə qəhrəmanlıq dastanı yazan Şərurum. Gəlmişəm yenə inkişafından, tərəqqindən, 2021-ci ilin ilk yarısında da muxtar respublika iqtisadiyyatına verdiyin töhfələrdən, bütün sahələrdə qazandığın uğurlardan söhbət açam, Şərurum...

Bəli, ilbəil daha böyük inkişaf mərhələsinə qədəm qoyan, 1 şəhər və 64 kənddən ibarət, 112 minə yaxın əhalisi olan Şərur rayonu 2021-ci ildə də uğurları ilə bölgə sakinlərinin firavanlığına, muxtar respublikamızın iqtisadiyyatına töhfə verməkdə davam edir. Cari ilin ilk 6 ayının statistik göstəriciləri də deyilənləri təsdiqləyir. Belə ki, Şərur rayonunda iqtisadi və sosial sahələrin inkişafı üzrə həyata keçirilən tədbirlər cari ilin ilk yarım ilində də davam etdirilib, dinamik inkişaf qorunub saxlanılıb. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-iyul aylarında iqtisadiyyat və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 45 milyon 599,8 min manat, yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 4 faiz çox vəsait yönəldilib. Yeni sənaye müəssisələrinin yaradılması və onların müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilməsi məhsul istehsalının davamlı artımına zəmin yaradıb. Cari ilin 7 ayı ərzində 58 milyon 279,4 min manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövründəki göstəricini 0,8 faiz üstələyib. 2021-ci ilin yanvar-iyun aylarında rayonda dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 15 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 11 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilib...

Firavan yaşayış və güzəran, yüksək rifah təminatı prioritet məsələdir...

Muxtar respublikanın qurucu­luq salnaməsinə nəzər salanda Şərur rayonunun da bu yöndə inkişaf sferası gözlər önündə açılır. İndi rayona təşrif buyuran qonaqları öncə gözəl görünüşü, yaraşıqlı siması ilə Şərur şəhəri qarşılayır, köksündə ucalan üçrəngli bayrağımızın dalğalandığı Bayraq Meydanı, müasir dizaynlı küçələri ilə qürur, fəxarət hissləri yaşadır. Rayonun ən ucqar kəndi belə, imkanları baxımından şəhər mərkəzindən seçilmir, hər bir yaşayış məntəqəsi abadlığı, əlverişli şəraiti ilə sakinlərin rahatlığına xidmət edir. Cari ilin ilk 7 ayının statistik nəticələri də rayonun şəhər və kənd­lərində gedən inkişafdan, quruculuq tədbirlərinin həcminin xeyli genişlənməsindən, görülən işlərin səmərəliliyindən xəbər verir. Belə ki, tikinti-quraşdırma işlərində istifadə olunmuş vəsaitin dəyəri 0,5 faiz artaraq 43 milyon 446,8 min manat təşkil edib. Ayrılan maliyyə vəsaitindən səmərəli istifadə olunub, 2021-ci ilin yanvar-iyun aylarında rayonda 30 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 37 müxtəlif təyinatlı obyektin tikintisi və ya yenidən qurulması davam etdirilib.
Son illərdə muxtar respublikamızın kəndlərində həyata keçirilən quruculuq tədbirləri çərçivəsində yolların abadlaşdırılması, yeni kənd və xidmət mərkəzlərinin, körpülərin inşası, eləcə də bütün bunlarla paralel müasir kommunikasiya sistemləri ilə təminat sakinlərin rahatlığına, firavanlığına, müasir dövrün imkanlarından maksimum faydalanmalarına hesablanıb. Şərur rayonunda da bu istiqamətdə işlər uğurla aparılmaqdadır. Belə ki, cari ilin ilk 6 ayı ərzində rayonun yaşayış məntəqələrinin abadlaşdırılması və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 1 kənd mərkəzinin inşası başa çatdırılıb, 2 kənd mərkəzinin inşası davam etdirilir. Bundan əlavə Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binası yenidən qurulur. Kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə 3 bələdiyyəyə 3 traktor və 3 qoşqu verilib. Rayonda 1 yaşayış binasının tikintisi başa çatdırılıb, 1 yaşayış binasının yenidən qurulması davam etdirilib. Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. Belə ki, 2021-ci ilin birinci yarım ilində rayonda əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 10 min 621 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Əhalinin təmiz və keyfiyyətli içməli su ilə təmin olunması, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində Sərxanlı kəndində içməli su şəbəkəsinin tikintisi başa çatdırılıb.

Muxtar respublikamızın son illərdəki inkişaf sferalarını nəzərdən keçirəndə ordu quruculuğuna xüsusi önəm verildiyinin şahidi oluruq. Döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirmək üçün təlim mərkəzlərinin, xidmətin düzgün təşkili üçün hərbi hissələrin, sərhəd zastavalarının inşa olunması, hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılması yönündə işlər illər öncədən başlayıb və hazırda da uğurla davam etdirilir. Şərur rayonu ərazisində yerləşən hərbi hissələrin, sərhəd zastavalarının müasir infrastruktura salınması, maddi-texniki təminatının yüksəldilməsi də hər il diqqətdə saxlanılır. Cari ilin ilk 6 ayında bu sahədə işlərə xüsusi önəm verilib, bu günlərdə rayonda 6-cı sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib, 1-ci Sərhəd Komendantlığı tam şəkildə kamera sistemi ilə təchiz edilib.

Kənd təsərrüfatı sahəsi
dinamik inkişaf mərhələsindədir...

Muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən layihələr, görülən məqsədyönlü tədbirlər Şərurda bütün sahələrin dinamik inkişafına əsaslı təsir göstərib. Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə qəbul olunan Dövlət proqramlarının mərhələli şəkildə uğurlu icrası nəticəsində onlarla təsərrüfat yaradılıb və beləliklə, şəhər əhalisinin təbii məhsullara olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə geniş imkanlar açılıb. Elə Şərur şəhərindəki bazarla yanaşı, rayon mərkəzinə uzanan yolda bol-bərəkətli əkin-biçin əraziləri, yeni salınan təsərrüfatlar, magistralın kənarlarına düzülən piştaxtalarda zəhmətkeş insanların alın tərinin bəhrələri bu sahədəki inkişaf haqqında “söhbət açır”. Fermerlərə subsidiya və gübrələrin verilməsi, texnikalarla, suvarma suyu ilə təminat, o cümlədən keyfiyyətli yerli toxum sortlarından istifadə əkinçilikdə məhsuldarlığın da səviyyəsini ilbəil artırır. Naxçıvan şəhərində ötən illər ərzində keçirilən ənənəvi festivallarda bu bölgənin torpaq adamlarının xüsusi fəallığı, çıxarılan məhsul çeşidlərinin alıcılar tərəfindən maraqla qarşılanması, zəhmətkeşlərin müvafiq nominasiyalara layiq görülməsi də Şərurda aqrar sahənin inkişafının, sakinlərin torpağa bağlılıq hisslərinin güclü olmasının ifadəsidir. 2021-ci ilin ilk 6 ayının statistik nəticələrinə nəzər yetirəndə aydın olur ki, rayonda kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə artım tempi, əkin-biçin işlərində xüsusi canlanma müşahidə edilir. Belə ki, 2021-ci ilin məhsulu üçün rayonda 16 min 234 hektar sahədə əkin aparılıb. Əkin sahəsinin 4194 hektarını dənli və dənli-paxlalı bitkilər (qarğıdalısız), 1675 hektarını dən üçün qarğıdalı, 34 hektarını dən üçün günəbaxan, 2056 hektarını tərəvəz bitkiləri, 487 hektarını ərzaq üçün bostan bitkiləri, 1374 hektarını kartof, 12 hektarını birillik, 5133,6 hektarını cari ildə əkilmiş çoxillik, 1264 hektarını isə əvvəlki illərdə əkilmiş çoxillik otlar təşkil edir. Hər mövsümdə olduğu kimi, taxılçılıq yenə üstün istiqamət kimi saxlanılıb və 2021-ci ilin məhsulu üçün 3866 hektar sahədə taxıl əkilib ki, bunun da 3789 hektarı payızlıq, 77 hektarı isə yazlıqdır. Taxıl zəmilərinin 3209 hektarında buğda, 657 hektarında isə arpa əkilib, ümumilikdə, 15 min 655 ton məhsul yığılıb.

Bəhs olunan dövrdə məhsul istehsalçılarının müasir kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı diqqət mərkəzində saxlanılıb, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xəttilə 1 milyon 256 min 776 manat dəyərində 103 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə güzəştli şərtlərlə rayonda fəaliyyət göstərən sahibkarlara satılıb. Otlaq əraziləri bol olan Şərurda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafının davamlı olaraq dəstəklənməsi təsərrüfatçılara bu istiqamətdə işlərini düzgün qurmağa imkan verir. “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurlu icrası iribuynuzlu mal-qaranın, xırdabuynuzlu heyvanların baş sayının, eləcə də təbii məhsul istehsalının artımına yol açır. Bu müsbət tendensiyanı 2021-ci ilin ilk 7 ayının statistik nəticələrində də görmək mümkündür. Belə ki, 1 iyul 2021-ci il tarixə rayonun bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 37 min 425 baş, qoyun və keçilərin sayı isə 136 min 43 baş olub. 2021-ci ilin yanvar-iyul aylarında rayonda diri çəkidə 42 min 82,1 ton ət, 20 min 55,6 ton süd, 17 milyon 615,2 min ədəd yumurta, 160,3 ton yun istehsal edilib. 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə ət istehsalı 3,5, süd istehsalı 1,5, yumurta istehsalı 1,2, yun istehsalı isə 1,6 faiz artıb. Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsi 2021-ci ilin birinci yarım ilində də davam etdirilib, əvvəlki dövrlərdə mayalandırılmış inək, düyə və camışlardan 2906 baş sağlam bala alınıb. Həmçinin 7 heyvandarlıq təsərrüfatının yaradılması və 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 4 heyvandarlıq təsərrüfatının yaradılması və 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Ümumilikdə, 2021-ci ilin ilk 7 ayında Şərur rayonunun kənd və balıqçılıq təsərrüfatlarında 90 milyon 351,7 min manatlıq məhsul istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövründəki göstəricini 3,6 faiz üstələyir.

Vətənə sevgi, xalqa xidmət nümunəsi...

Ulu əcdadımız sayılan Dədə Qorqudun “Torpağı əkmirsənsə, qorumağa, qorumursansa, əkməyə dəyməz” nəsihəti yüz illərboyu xalqımızın həyat ritminə çevrilib, ata-babalarımızın Vətənə, doğma torpağa bağlılıq hissləri tarixboyu özünü ən parlaq şəkildə göstərib. Ötən əsrin 90-cı illərində yaşanan məlum hadisələr ölkəmizin, muxtar respublikamızın ərazi bütövlüyünü təhlükə qarşısında qoyanda yurdsevər insanların torpağa sadiqlik andı içərək canlarından, qanlarından keçmələri, eləcə də ötən il 44 günlük Vətən müharibəsində qəhrəman oğulların möhtəşəm tarix yazmaları da məhz məğrurluq, yenilməzlik kimi xarakterik xüsusiyyətlərin daşıyıcısı olan milli kimliyimizə bağlılığın məntiqi nəticəsi idi. Bu gün xalqımız, dövlətimiz uğrunda canını fəda edən Vətən övladlarının adını, xatirəsini daim uca tutur, ailələrinə hörmətlə, qayğı ilə yanaşılır, sosial təminatları yüksəldilir, mənzil-məişət şəraitləri xeyli yaxşılaşdırılır. Müstəqillik illərinə nəzər yetirəndə görürük ki, Ali Məclis Sədrinin həssas münasibəti sayəsində muxtar respublikamızda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda həyatlarını qurban vermiş şəhid ailələrinə mənzillər verilib, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. 2021-ci il 26 İyun – Silahlı Qüvvələr Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov şəhidlərimizin ailələri ilə görüşüb, 13 şəhid ailəsinə yeni mənzillərin açarlarını təqdim edib ki, həmin ailələrdən 6-sı Şərur rayonundandır.
Şərur şəhərindəki beşmərtəbəli yaşayış binasında 3 otaqlı mənzillə təmin olunan şəhid Zülal Mədətlinin ailə üzvləri də dövlətimizin bu yüksək qayğısından razılıq edirlər. Qəhrəman eloğlumuzun atası Rəhim dayı deyir ki, 1991-ci il avqustun 14-ü dünyaya göz açan övladım Zülal 2019-cu ildən Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı Bölməsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Vətən müharibəsi başlayan gündən hey deyirdi ki, bizi də göndərsəydilər gedib o nankorların başını əzərdik. Ürəyi istəyən oldu. Arzusuna çatdı övladım. Naxçıvandan Vətən müharibəsinə yollanan ilk dəstədə Zülal da var idi və göstərdiyi böyük şücaət məni bir ata kimi hədsiz qürurlandırdı. İşğal altında olan bir sıra ərazilərin azad edilməsində fəallıq göstərən Zülal oktyabrın 10-da Zəngilan döyüşləri zamanı şəhid oldu, həmin ayın 19-u Şərur şəhərinin Şəhidlər xiyabanında dəfn edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında qəhrəmanlıqla iştirak edən Zülal hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev onu şəhadətə yetməsindən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif etdi.
Ailə üzvləri deyirlər ki, şəhidimizin qarşılanması, dəfn mərasimi dövlətimiz, xalqımız tərəfindən yüksək səviyyədə təşkil olundu. İndi aidiyyəti təşkilatların nümayəndələri onların ailələri, doğmaları ilə tez-tez maraqlanır, problemləri vaxtlı-vaxtında həll edilir. Ali Məclis Sədrinin xüsusi diqqət və ehtiramla 5 mərtəbəli yaşayış binasından 3 otaqlı evi onlara hədiyyə etməsi böyük qürur hissi yaşadıb ailəyə. Zülal ailəli idi, ondan yadigar iki övladı qalıb. Ailə üzvləri inanırlar ki, dövlətimizin yaratdığı şəraitdən istifadə edib onları rahat şəraitdə xalqımıza, millətimizə, atasına layiqli övladlar kimi yetişdirə biləcəklər və bütün şəhid ailələri adından göstərilən yüksək qayğıya görə minnətdarlıqlarını bildirirlər.

...Vətənə sevgi, xalqa xidmət nümunəsi göstərən dövlətimizin apardığı uğurlu siyasət nəticəsində əldə olunan statistik nəticələrdən, eləcə də rayon sakinlərinin əməksevər fəaliyyətindən gəldiyim qənaət budur ki, dünyanın iqtisadi böhran və xəstəliklərlə mübarizə apardığı 2021-ci il də muxtar respublika sakinlərinin, o cümlədən şərurluların həyatına qızıl hərflərlə yazılır, inkişaf, tərəqqi rayonun hər addımında hiss edilir. Əminliklə demək olar ki, cari ilin qarşıdakı dövründə də bu bölgəmiz muxtar respublikanın sosial-iqtisadi inkişafına öz töhfələrini verərək inkişaf salnaməsi yazmaqda davam edəcək...

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR