Cümə günü, səhərin erkən çağıdır... Hələ dan yeri sökülmədən telefonun zil səsinə yuxudan oyanmışam. Bir neçə gündür, gedəcəyim yerin düşüncəsi ilə qəlbimə dolan, məni tərk etməyən böyük sevinc və həyəcan içərisindəyəm. Yolumun uzun olmasını nəzərə alıb sübh vaxtından tələm-tələsik hazırlaşaraq evdən çıxıram. Əvvəlcədən danışdığımız yerə – avtobus dayanacağınadək qısa məsafədə uzanan geniş, rahat yolla hərəkət edərkən ilk dəfə üz tutacağım bu yer məni yenə yamanca düşündürür. Yaylaq həyatı ilə bağlı eşitdiklərim, orada qarşılaşacaqlarım barədə fikirlər xəyalımda bir xeyli var-gəl edir, isti yay günlərini səfalı dağların, bumbuz bulaqların qoynunda, al-əlvan gül-çiçəyin ətrafa saçılan xoş rayihəsini doya-doya köksünə çəkməklə keçirən, o yerlərdə bitən min bir neməti nəvazişlə dərən, hər bir təbiət gözəlinin dilinə yaxından bələd olan insanların məşğuliyyəti, onların gündəlik həyat tərzi barədə öyrənməyə tələsirəm.
Şəhərdən ayrılarkən əyləşdiyim avtomobilin yarıaçıq pəncərəsindən bir andaca içəri dolan sərin meh hələ yuxunun təsirində qalan vücudumu titrədib oyadır. Yolboyu gözlərim qarşısında yayın yaratdığı bənzərsiz mənzərələr fonunda bir-birini əvəzləyən füsunkar görünüşlü, abad, büsatlı günlərini yaşayan kəndlər, həyətlərdən çıxaraq otlaqlara tələsən, o yana-bu yana qaçaraq səs-səsə verib mələşən qoyun-quzular, əkin-biçin yerlərinə üz tutan zəhmətkeşlər canlanır. Fəslin gözəlliklərindən üzərində meyvələr allanan ağaclar, dəniz kimi dalğalanan sarı kəhrəba zəmilər, yaşılbaş sonaların lövbər saldığı göllərdə coşub-daşan suların üzərində bərq vuran Günəşin zərrin şəfəqləri, biçin işləri aparan insanların əks-sədaları soraq verir. Yol kənarlarında nizamla salınmış ağacların yamyaşıl rəngə bürünən budaqları səhər yelinin təsiri ilə sanki qol qaldırıb rəqs edir, dərələrin arası ilə üzüaşağı axan çayın zümzüməsi həzin musiqitək qulağımda səslənir. Göz işlədikcə uzanan çöllərə xalı kimi döşənmiş səhər şehinə bürünən otlar, çiçəklər dəniz kimi dalğalanır, bir ağacdan digərinə uçuşan quşlar səs-səsə verib, sanki yay nəğməsi oxuyurlar. Uca Yaradanın yurdumun simasına çəkdiyi naxışları, bu yerlərə bəxş etdiyi əvəzolunmaz gözəllikləri seyr etdikcə qeyri-iradi qəlbimdə bir neçə misra dolanır: