22 Dekabr 2024, Bazar

Şaxtalı, sazaqlı bir qış günündə yolum ucqar yaşayış məntəqələrindən sayılan Şahbuz rayonunun Qızıl Qışlaq kəndinədir. Dağlıq əraziyə ilk dəfə üz tutduğum üçün orada yaşayan sakinlərin məşğuliyyəti, onların gündəlik həyat tərzi barədə öyrənməyə olduqca maraqlıyam. Paytaxt Naxçıvan şəhərindən gedəcəyim ünvan arasındakı məsafənin 42 kilometr olduğunu nəzərə alıb səhərin erkən saatlarından hazırlaşıb yola çıxıram. Yolboyu gözlərim qarşısında qışın yaratdığı bənzərsiz mənzərələr fonunda bir-birini əvəzləyən füsunkar görünüşlü, abad, büsatlı günlərini yaşayan kəndlər canlanır. Donunu dəyişən ağaclar, nizamlı əsgər kimi sıra ilə düzülən, ağ örpəyə bürünən dağlar mahir rəssam əli ilə çəkilmiş gözəl bir qış tablosunu xatırladır. Çox keçmir ki, dağların sinəsinə çökən sis, duman ətrafa yayılır, göz-gözü görmür. Əyləşdiyim avtomobilin radiosunda xoş ovqat bəxş edən aşıq havasının təbiətin bu şıltaqlığı ilə harmoniya yaradan aşağıdakı misraları qulağımda çınlayır:

Duman, gəl-get bu dağlardan,
Dağlar təzə bar eyləsin.
Nə gözlərim səni görsün,
Nə könlüm qubar eyləsin.

Ətrafı seyr etdikcə öz doğma kəndim yadıma düşür, qəlbimdə nostalji hisslər baş qaldırır. Təbiətin səsini dinləmək üçün maşının istidən tutqunlaşmış şüşəsini azacıq endirəndə bir andaca içəri tələsən qışın ayazlı yeli üzümə çırpılır. Yuxuya dalan ana təbiətin lal sükutunu dərələrin arasıyla üzüaşağı axan çayın zümzüməsi, qışda da bu gözəllikləri tərk etməyən, yuvalarına yem aparan quşların arabir eşidilən cəh-cəh səsləri pozur. Az sonra həmişəyaşıl ağaclarla əhatə olunan təmiz, səliqəli səkilərlə iş-güc dalınca tələsən insanları, məktəbə üz tutan balaca fidanları görürəm. Budur, artıq Qızıl Qışlaq kəndinin mərkəzinə çatıram. İlk olaraq nəzərim yaraşıqlı kənd və xidmət mərkəzlərinə, məktəb binasına, eləcə də təpələrin sinəsində salınan evlərə yönəlir. Kənd və xidmət mərkəzləri ilə qısa tanışlıq zamanı burada sakinlərin rahatlığını, gündəlik məişət qayğılarını təmin edən yüksək şəraitin, zirzəmi ilə birlikdə 3 mərtəbəli, 110 şagird yerlik məktəb binasında isə hərtərəfli tədris şəraitinin olduğunu görürəm.

Kənddə həmsöhbət olduğum ilk sakin, 60 yaşlı Zibayət Göyüşovadır. Deyir ki, ata-babalardan Qızıl Qışlağın qədim tarixə malik olduğunu, burada ilk vaxtlar 7 qohum ailənin yaşadığını eşitmişəm. Əvvəllər kəndin yuxarısında cəviz meşəsi olub, ağacların əhatəsində isə pir yerləşib. Ötən əsrin 90-cı illərinin gətirdiyi ağrı-acılar həmin meşədəki cəviz ağaclarına da sirayət etdi, soyuqdan əziyyət çəkən camaat əlacsız qalıb onları kəsib-doğradı. Lakin xeyirxah insanlar ziyarət yerinin uçub-­dağılmasına imkan vermədilər, müstəqillik illərində ora abad məkana çevrildi. Yaz-yay aylarında bu tərəflərə yolunuz düşsə, həmin pirdə çoxlu ziyarətçi ilə qarşılaşarsız. İnsanlar niyyətlərinin qəbul olunması diləyi ilə bu ibadətgahı ziyarət edir, qəlblərində rahatlıq tapıb evlərinə dönürlər. Onu da deyim ki, kəndimizdə toy və yas mərasimlərimiz də adət-ənənəyə uyğun keçirilir. Qohum-əqrəba, qonum-qonşu bir-birlərinin xeyrində, şərində canla-başla iştirak edir, hərə bir işin qulpundan yapışır ki, ev sahibinin üzərinə çox yük düşməsin. Əsas məşğuliyyətimiz isə heyvandarlıq, bağçılıq və arıçılıqdır. Şəxsən mən özüm uzun illərdir, arıçılıqla məşğulam, təsərrüfatımda 35 arı ailəsi var. Çox gəlirli və səmərəli sahədir. Elə təsərrüfatım sayəsində də özümüzə gün-güzəran yaradıb, övladlarımı ev-eşik sahibi etmişəm. Kəndimizin əlverişli iqlimi arıçılar üçün geniş imkanlar açır. Mövsüm zamanı, bax o uca təpələrin üzəri arı yeşikləri ilə dolu olur. Kəndimizin müasir siması da bizi gördüyümüz işə məsuliyyətlə yanaşmağa, əzmlə çalışmağa səsləyir. Övladlarımız gözəl məktəb binasında təhsil alır, gənclərimiz də iş-güc sahibidirlər. Uca Yaradan da öz səxavətini bizdən əsirgəmir, yaz-yay aylarında dağlarımız, düzlərimiz min bir naz-­nemətə bürünür. Elə baharın gözü açılandan arabir məhəllənin qız-gəlinləri təbiətin bizə bəxş etdiyi nemətləri toplamağa çıxırlar.
Bənzərsiz təbiətə malik olan kəndin dayandığım hündür yerindən üzüaşağı evlər, həyətlər görünür. Onların birində qalaqlanan ot tayasını, başı işə qarışan zəhmətkeşləri, gizlənqaç oynayan uşaqları görərkən qeyri-iradi ayaq saxlayıram. Mənə tanış gələn bu mənzərələr qarşısında havanın sazağını qətiyyən hiss etmir, yerimdəcə donub qalıram. Xəyallarım məni düz 20 il bundan öncəyə götürüb aparır, uşaqlıq çağlarım gözümün önündən kino lenti kimi gəlib keçir. Qarşısında dayandığım həyət qapısının açılması ilə düşüncələrdən ayrılıram. Bayıra çıxan yaşlı bir kişi: – Buyur, keç qonağımız ol, qapımız həmişə qonaq üzünə açıqdır, – deyir. Salam verib, hal-əhval tuturam. Öyrənirəm ki, bayaqdan tamaşa etdiyim həyət Məmmədovlar ailəsinə məxsusdur. Məni mehriban təbəssümlə qarşılayan isə ailənin başçısı, yaşı 70-i adlamış Fətullah babadır. Həyətə daxil olan zaman onun həyat yoldaşı Cəlalə xanım da irəli yeriyib mənə xoşgəldin edir. Evin aynabəndində qoyulmuş stolun ətrafında mənə yer göstərir, samovar çayından bir stəkan süzüb qarşıma qoyur. Çayımızı içib bir qədər isindikdən sonra həyətə düşürük. Fətullah baba yerə sərilmiş quru ağac budaqlarını balta ilə doğramağa başlayır.
Az sonra həyətdə oynayan uşaqlardan birinin həyətdəki krantdan su içdiyini görür və yəqin quyu suyudur, – deyə babadan soruşuram. O isə yox, ay bala, bizim kənddə hər həyətdə bulaq suyu axır, – deyir. Əli ilə göstərərək, bax o görünən uca təpənin yamacında qaynayan bulağın gözündən çəkmişəm, suyu qışda ilıq, yayda isə bumbuz olur. Buyur, iç, bax dad-tamına, – deyib əlindəki dolu parçı mənə tərəf uzadır. Elə ilk qurtumdan ürəyimə gələn sərinliyi hiss edirəm. Fətullah baba qeyd edir ki, kəndimizdə həyat hər fəsildə öz gözəlliyini qoruyur. Qış aylarında da çətinliyimiz yoxdur, evdə qazımız yanır, işığımız şölələnir, yolumuz da ki abaddır, şəhərə də rahat gedib-gəlirik. Daha nə olmalıdır ki, bundan artıq? Mən də ilin bu vədəsində ağacların quru budaqlarından ona görə kəsib doğrayıram ki, arada həyətdə ya yemək bişirmək üçün ocaq qalamağa, ya da samovar salmağa lazım olur. Dədə-babadan görmüşük ki, od közündə bişən yeməyin, samovar çayının bir başqa dadı olar.
Kənardan diqqətlə bizi dinləyən Cəlalə nənə də söhbətə qoşularaq deyir ki, gözümü açıb ağlım kəsəndən rəhmətlik nənəmin uzun qış gecələrində corab, xalça toxuduğunu görmüşəm. Heç yadımdan çıxmaz, o illərdə axşam yeməyindən sonra qonum-qonşuda olan qız-gəlinlər bizə gələr, evimizdə böyük bir məclis qurulardı. Çay içə-içə, şirin söhbətlər edə-edə xalça toxuyardılar. Mən onda hələ məktəb yaşlarında idim. Ancaq nənəm mənə də balaca corablardan verər, ilmələri yarıəyri, yarıdüz salsam da, nənəmin: narahat olma, bala, yavaş-yavaş öyrənəssən, – deməyindən fərəhlənərdim. İndi o illərin üzərindən çox sular axıb. Mən özüm də artıq nənəyəm. Həmin adət-ənənəni bu gün də qoruyub yaşatmağa çalışıram. O dövrlə bu günün fərqi ondadır ki, daha axşamlar xalçanı nə közərən çıraq işığında toxuyur, nə də kaş ki yaxşı alına, – deyə, ümid edirik. İndi gecələrimiz də gündüzlərimiz kimi aydındır. Elə axşamlar qonum-qonşu ilə yığışıb iş görərkən söhbətarası həmin çətinlik illərini də xatırlayır, bugünkü firavan yaşayışı, nurlu gecələri bizə bəxş edənlərə xeyir-dua edirik.
Günorta yeməyindən sonra ­Fətullah baba heyvanları yemləmək üçün tövləyə gedir, Cəlalə nənə isə süfrəni yığışdırıb, sil-süpür, biş-düş işlərinə başlayır. Mən də bu zəhmət adamlarına: süfrəniz açıq, ruziniz həmişə belə bol, işiniz avand olsun, – deyib sağollaşıram.
Avtomobilə əyləşib şəhərə qayıdarkən bayaqdan səmada dolanan qara buludlar öz hünərini göstərməyə başlayır. Ya qismət, bu kəndə bir də nə vaxt gələm, – deyə fikirləşirəm və Qızıl Qışlağın başıqarlı dağlarından, dərələrindən uzanan mənzərələrini doyunca seyr edir, Xalq şairi Məmməd Arazın dillər əzbəri olan “Əlvida, dağlar” şeirinin aşağıdakı misralarını dodaqaltı ­pıçıldayıram:

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar?
Leysan, salamat qal, yağ, salamat qal!

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR