Ey nur üzlü, Vətən sevdalı, zəfər müjdəli, qələbə əzmli şəhidim, 22 illik ömür kitabını vərəqləmək, səni daha yaxından tanımaq üçün ailəni ziyarətə gəlmişəm. Budur, uğuruna canını fəda etdiyin, azadlığına qovuşan torpaqlarımız üzərində vüqarla, təntənə ilə dalğalanan üçrəngli bayrağımızla bəzənən 1998-ci ildə iyulun 21-də dünyaya göz açdığın Şahbuzkənddəki evin kandarı. Böyük həyəcan, məsuliyyət içərisində ehmalca döyürəm qapını. Qarşılayır məni qürur, fəxarət yaşatdığın, “Şəhid anası” adlı müqəddəs zirvəyə ucaltdığın xanım...
Nigaran nəzərlə baxır qapıya,
Könlümü dağlayır şəhid anası.
Dağ boyda bu yükü çiyinlərində,
Şərəflə saxlayır şəhid anası.
Əziz şəhidim, hər küncü-bucağı, divarları, əşyaları səninlə bağlı şərəfli anlar, həsrətli günlər, doğma, əziz xatirələrlə dolan evin tən ortasında qoyulmuş stol başında əyləşib bir nənə, bir ana, bir də mən. 22 illik ömür kitabını vərəqləyirik bir-bir. Nələr var bu səhifələrdə nələr. Nə bir məqaləyə sığar, nə də danışmaqla bitər, şərəfli, ləyaqətli, cəsarətli ömür yolun. Xatirələr dil açıb danışır. Deyir rəhmətlik atanın ən böyük arzusu imiş səni hərbi formada, rütbəli zabit kimi görmək. Hələ sən balaca olanda, həyatı tam dərindən dərk etmədiyin vaxtlarda əlindən tutaraq yolunuzu tez-tez Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin qarşısından salar, bir növ kənardan da olsa səni gələcək məktəbinlə tanış edərmiş. Dost-tanışla söhbətində qürurla “Gözümün ağı-qarası olan bircə oğlumun böyüyəndə hərbi liseydə oxumasını istəyirəm, Emin balam hərbiçi kimi yetişib torpaqlarımızın keşiyində mətinliklə dayanacaq, atasının, anasının fəxrinə çevriləcək”, – söyləyərmiş...
Deyirlər hər kəsin taleyi alnına yazılır, alın yazısından qaçmaq olmaz. Bəli əziz şəhidim, sənin də alnına hərbçi olmaq, atanın arzusunu gerçəkləşdirmək yazılmışdı. Hələ keşməkeşli günlərin isə qabaqda idi, bu şərəfli peşəyə gedən yolda çox çətinliklərə sinə gərməli, çox maneələr aşmalı olacaqdın. Ancaq içindəki Vətən sevgisi, vətənpərvərlik ruhu səni bu yolun son dayanacağınadək aparacaqdı. 11 yaşın olanda üç nəfərdən ibarət ailəniz daha da kiçildi. Atan dünyasını dəyişdi. Gülşad xanım min bir əziyyətə qatlaşaraq qazandığı halal məvacibi ilə böyütdü səni. Bir-birinizə həm ana-oğul, həm də sirdaş, dost, həmdəm oldunuz. Olub-keçənləri bir-birinizdən gizli saxlamaz, dərd-sərinizi bir yerdə bölərdiniz. Bax beləcə birlik, bərabərlik göstərərək həyatın çətin sınaqlarından üzüağ çıxmağı bacardınız. Məktəbi əla qiymətlərlə oxudun. Müəllimlərinin, şagird yoldaşlarının yaddaşında mehriban, səmimi, dostcanlı, ailə qədri bilən bir uşaq kimi dərin iz buraxdın. İdmana da xüsusi maraq göstərdin, güləş, boks öyrəndin, fiziki qabiliyyətini möhkəmləndirdin. Və nəhayət 9-cu sinifdə özünün də böyük maraq və həvəsinlə atanın çoxdanki arzusunu reallığa çevirməyi qarşına məqsəd qoydun. Yolunu hərbi liseydən saldın, ardınca da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini oxudun. 2019-cu ildə bacarıqlı hərbiçi kadr kimi yetişib leytenant, tağım komandiri olaraq xidmətə yollandın. Təyinatı isə yaşadığın evdən çox uzağa-Qazax rayonunda yerləşən “N” hərbi hissəyə aldın. Əvvəllər iş üçün ikicə saatlıq harasa yollandığında 3-4 dəfə zəng vurub hal-əhval tutduğun, bir gün belə ayrı qala bilmədiyin anandan indi uzun zaman ayrı qalmalı olacaq, bəzən günlərlə əlaqə saxlaya bilməyəcəkdin. Ancaq bütün bunları əvvəlcədən götür-qoy etmişdin, bir anandan ayrı qalsan da, digərinə-anan qədər sevdiyin Vətəninə daha yaxın olacaqdın. Bu şərəfli səfərə çıxanda bu günü düşünüb dediyin sözlər hələ də Gülşad ananın qulaqlarında çınlayır. “Ana, sənin mənim üzərimdə əziyyətlərin çox olub, borcunu heç nə ilə ödəyə bilmərəm, ancaq gün gələcək sənə oğul fəxarəti, qüruru yaşadacağam”, – demişdin. Əhdinə xilaf çıxmadın...