Elə ki fəsillərin gözü, nazlı, qəmzəli, bolluq rəmzi bahar zərif əlləri ilə elimizi, obamızı gülüstana döndərdi, qışın sərt soyuğundan sonra Günəşin zərrin şəfəqləri ilə təbiət oyandı, üz tuturuq yaşamaq-yaratmaq həvəsimiz olan torpağımıza. Əkirik, becəririk, halal zəhmətimizlə ərsəyə gətirdiyimiz təamların bir qədərini süfrələrimizə düzüb ağız şirinliyi ilə deyə-gülə yeyir, qalanlarını isə dükan-bazarda sataraq özümüzə gün-güzəran qururuq. May-iyun aylarının gəlişini isə xüsusən böyükdən-kiçiyə hər bir naxçıvanlı daha ürəkdən arzulayır. Çünki ilin bu vədəsində məhz qədim oğuz yurduna məxsus, süfrələrimizin yaşıl donlu qonağı göycə yetişir. Bu günlərdə muxtar respublikanın paytaxtı Naxçıvan şəhərindən ta ki ucqar dağ kəndinədək hansı evdə qonaq olsan, süfrədə ilk olaraq məhz dadlı-tamlı göycə görərsən.
Bəli, hələ qədim zamanlardan Naxçıvanda həyətyanı sahələrdə yetişdirilən, tərkibindəki C vitamininin miqdarına görə fərqlənən, yüksək alıcılıq qabiliyyəti olan göycə insanların sevimli meyvəsinə çevrilməklə, həm də bu diyara şöhrət qazandırıb. Aparılan tədqiqatlardan belə nəticəyə gəlinir ki, göycənin tərkibində olan turşuluğun, qələviliyin və şəkərliliyin nisbəti onu pəhriz meyvələr qrupuna aid etməyə əsas verir. Nəzərə alanda ki, müasir dövrümüzdə insanlar sağlam qidalanmağa, immunitetlərini möhkəmləndirməyə, pəhriz saxlamağa üstünlük verir, o zaman göycənin əhəmiyyəti daha çox özünü göstərir. Diyarımızda hər həyətdə bu məhsul ərsəyə gəlsə də, göycə yetişdirməklə müntəzəm məşğul olanlar kifayət qədərdir. Onlardan biri də bu sahədə artıq özünəməxsus imic formalaşdıran Babək qəsəbə sakini Vahid Rəsulovdur.
Ötən günlərdə təsərrüfat sahəsi ilə tanış olmaq üçün ünvana üz tutarkən yolboyu abadlaşan küçə və xiyabanlarımızın əhatəsində salınan yaşıllıqları seyr edə-edə düşünürəm: Sanki, ana təbiətin bəşəriyyət üçün ən böyük ərməğanlarından olan ağaclar da insan kimi canlıdır. Ağac da insan övladı kimi “dünyaya göz açandan” qulluq, qayğı, nəvaziş istəyir. Onu böyüdüb, boya-başa çatdırıb xeyrini görəndə, meyvəsindən dadıb, kölgəsində sərinlənərək mənəvi rahatlıq tapanda zəhmətinin hədər getmədiyini dərk edirsən...
Az sonra bir ucu Culfaya uzanan magistral yola çıxırıq. Avtomobilin günəş şüalarının bərq vurduğu pəncərəsindən yaşıl libasa bürünən əkin ərazilərinə, zəhmətə qatlaşan insanlara heyranlıqla tamaşa edirəm. Görünən odur ki, onları heç bir təbiət şıltaqlığı öz sevimli məşğuliyyətlərindən ayıra bilməz.
Çox çəkmir ki, üz tutduğumuz ünvana yetişirik. Maşından düşüb dizədək ucalan, sərin yaz mehinin təsiri ilə dəniz kimi dalğalanan yamyaşıl otların arasıyla üzüyuxarı əkin ərazilərinə doğru addımlayıram. Budur, xeyli uzaqdan ucu-bucağı görünməyən bağ-bağat içərisində ağacların “qəlbini qırmadan” nəvazişlə barını yığmağa çalışan torpaq adamı diqqətimi çəkir. Başı işə o qədər qarışıb ki, ona yaxınlaşmağımı hiss etmir. Salam verir, “İşiniz irəli, məhsulunuz bərəkətli olsun”, – deyirəm. Ömrünün-gününün çoxunu ağac əkməklə, min bir zəhmət bahasına ərsəyə gətirdiyi bağa qulluq etməklə keçirən Vahid kişi nizamla saldığı ağacların birindən ehmalca bir ovuc göycəni qoparıb mənə uzadaraq: “Buyur, bağımızın məhsulundan nübar et”, – deyir.
Naxçıvanın brendinə çevrilən, adı dilləri, özü elləri bəzəyən göycənin dadına baxdıqdan sonra söhbətə başlayırıq. Dahi şairimiz Nizami Gəncəvinin “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan” ifadəsini xatırladan təsərrüfatçı deyir ki, bütün yaradıcı sahələr kimi, bağ salmaq, ağac əkmək də insandan böyük zəhmətlə yanaşı, bu işə dərindən bələdçilik, incəlik, dəqiqlik tələb edir. Əkilən ağacların yüksək məhsuldarlığa malik olması üçün, ilk növbədə, münbit torpağa malik ərazi seçilməli, tinglər vaxtlı-vaxtında suvarılmalı, dibləri boşaldılmalı, budanmalı, zərərvericilərə qarşı qabaqlayıcı tədbirlər görülməlidir. Tingləri, əsasən, erkən yazda – fevral-mart aylarında, payızda isə oktyabr-noyabr aylarında əkmək məsləhətdir. Artıq 15 ildir ki, günümü bu ağaclara qulluq etməklə keçirirəm və şükürlər olsun ki, yaxşı gəlir hesabına ailəmin də maddi vəziyyəti günü-gündən yüksəlir.
Təsərrüfatçı 4 hektara yaxın ərazidə illərdir, ərsəyə gətirərək yaxşı qazanc əldə etdiyi göycənin yetişdirilmə xüsusiyyətlərindən də söhbət açaraq deyir ki, bu ağac çınqıllı, daşlı və həddindən artıq bərk gilli torpaqları sevmir. Əgər belə torpaqda göycə ərsəyə gətirmək fikrindəsənsə, mütləq alçaya calaq etməlisən. Ancaq unutmaq olmaz ki, yaxşı məhsul verməsi üçün göycə ağacı qüvvətli və yumşaq torpaqlarda əkilməlidir. Geniş bağın salınması üçün ərazinin dərindən şumlanıb hazırlanması vacibdir və əsas diqqət torpağın becərilməsinə verilməlidir. Ağac cavan dövründə çox budanmalıdır ki, meyvə hasil olanadək istənilən formanı ala biləsən. Bu mənada, ağacı özü böyüyər, – deyib başlı-başına buraxmaq olmaz. Əks halda cavan şivlər yalnız ağacın çətiri altında əmələ gələr ki, bu da, son nəticədə, məhsuldarlığın aşağı düşməsinə səbəb olar. Təcrübəmə əsaslanıb söyləyə bilərəm ki, göycə ağacı salındıqdan sonrakı iki il ərzində sürətlə böyüyür, üçüncü ildə məhsula düşür, sonrakı illərdə yaxşı bar verməyə başlayır. Barverən ağacların kökləri torpağın üst qatlarını tamamilə tutduğu üçün həmin qat qüvvədən düşə, məhsuldarlıq azala bilər. Bunun üçün bağlara payızda, torpaq şumlanan dövr ərazinin miqyasına uyğun miqdarda fosfor və kalium gübrələrinin verilməsi vacibdir. Bundan başqa, göycənin yaxşı məhsul verməsi üçün onu mütəmadi suvarmaq lazımdır.
Öz işinin mahir bilicisi olan Vahid kişi qeyd edir ki, muxtar respublikada əkin-biçin üçün münbit torpaqların bol olması, su sarıdan qıtlıq hallarının yaşanmaması yüksək məhsuldarlığa yol açır. Onu da vurğulamaq yerinə düşər ki, əvvəllər ağacları zərərvericilərdən qorumaq və digər aqrotexniki işləri həyata keçirmək üçün lazım olan vasitələr, dərman preparatları çətin tapılırdı. Lakin “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayandan bu problemimiz də aradan qalxıb, indi müəssisənin satış mərkəzindən kənd təsərrüfatında istifadə olunan istənilən ləvazimatı sərfəli qiymətə əldə edə bilirik.
Məhsulumuzu satmaq üçün də müntəzəm şəkildə yarmarkalar təşkil olunur, ölkəmizin digər bölgələrindən də Naxçıvan göycəsinə xüsusi maraq var. Bu marağın artmasında, ümumiyyətlə, göycə əkin-biçini ilə məşğul olan təsərrüfatçıların həm əməklərinin qiymətləndirilməsində, həm də məhsullarını satıb yaxşıca gəlir götürmələrində muxtar respublikamızda keçirilən ənənəvi göycə festivalları da böyük rol oynayır. Müxtəlif bölgələrdə yaşayan həmvətənlərimiz tərəfindən sifarişləri qəbul edən zaman qədim diyarımızın bu neməti barədə eşitdiyim ağızdolusu rəğbətli sözlər bir elli kimi məni çox qürurlandırır.
Təsərrüfat sahəsində olduğum müddətdə ayrı-ayrı insanların buraya gələrək yetişən məhsullardan sifariş verdiyi diqqətimi çəkir və öz-özümə dodaqaltı pıçıldayıram: “Əbəs yerə deyilməyib ki, insan bir işə etməsə həvəs, bütün əziyyəti gedəcək əbəs”. Görünən odur ki, Vahid Rəsulovun illər öncə böyük həvəslə təsərrüfat yaratmaq üçün çəkdiyi zəhmət əbəs yerə getməyib, ilbəil öz bəhrəsini daha çox verir. Elə bu xoş təəssüratlarla da, təsərrüfat adamına yaxşı bazar olsun, – deyib, göycə bağından ayrılıram...
Nail ƏSGƏROV