Həyatdakı ən üstün amallardan sayılan mərifət məqamına yetişmək, kamillik zirvəsinə ucalmaq istəyənləri düzgün yola istiqamətləndirmək məqsədi daşıyır “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabı. Ey əziz oxucu, aç oxu sən də bu kiçikhəcmli böyük təfəkkür aşılayan dəyərli nəşri. Oxu ki, mənəviyyatını kamilləşdirən elmin, ədəbin və digər üstün əxlaqi keyfiyyətlərin məğzini, mahiyyətini dərk edəsən. Bununla da hərəkətlərinə ölçü, nizam qoyaraq nəyin düz, nəyin yanlış olduğunu müəyyən edib naqisliklərindən kənar ola biləsən. Hekayələrdəki kimi sən də özünə sual verməklə məsələnin dərinliyinə varmağa çalışasan.
Misal üçün deyə bilərsən məktəb nədir mənim üçün? Suala tez deyil, dolğun cavab verməyə çalış, bu barədə bir az dərindən düşün, yəqin ki, elmin qapılarını açan bir xəzinə canlandı gözlərin önündə. Əsərdəki “Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır ki, həmişə cahilləri alim və divanələri aqil eylər” fikrindən yola çıxaraq keçmişə səyahət et. Əcdadlarının, ata-babalarının həyat tərzi ilə bağlı eşitdiklərini, oxuduqlarını düşüncəndə özünəxas təhlil et, nəticə çıxar. Elmin üstünlüyünü aşılayan Nizamidən başlamış cahilliyi ifşa edən, ana dilimizin müqəddəsliyini aşılayan Mirzə Cəlil də daxil olmaqla, keçmişdən günümüzə maarifpərvər körpü salan yazıçı və şairlərimizin dəyərli irsinə nəzər salsan, şübhəsiz ki, Məhəmməd Tağı Sidqinin bu sözlərinin önəmini dərk edəcəksən. Əgər məktəbdə oxuyursansa, elmin ləzzətini anlayan, hazırcavab şagirdlə tənbəlin, laqeydin də fərqinə asanlıqla varacaqsan. Buna görə sən də çalış məktəbi, elmi, müəllimi sevən şagirdlərdən ol ki, bu əsərdəki prototiplər kimi qınaq hədəfinə çevrilməyəsən, həmyaşıdların arasında yaxşı mənada seçiləsən, böyüklərin nəzərində mərifət sahibi olasan. Elmin qapılarını açmaq üçün əvvəlcə valideynlərini və müəllimlərini sev. Valideynlərini ona görə ki, onlar səni min bir zəhmət bahasına böyüdüb elm dalınca yola salırlar. Müəllimlərinsə qarşında geniş üfüqlər açır, birinci gün partaya əyləşməyindən başlayaraq məzun adı qazanıb ali məktəbə qəbul olanadək qarşılaşacağın bütün maneələrdən necə keçəcəyini hər incəliyinədək izah edir, düzgün yol göstərirlər.