Şaxtalı, sazaqlı bir qış günündə yolum ucqar yaşayış məntəqələrindən sayılan Şahbuz rayonunun Qızıl Qışlaq kəndinədir. Dağlıq əraziyə ilk dəfə üz tutduğum üçün orada yaşayan sakinlərin məşğuliyyəti, onların gündəlik həyat tərzi barədə öyrənməyə olduqca maraqlıyam. Paytaxt Naxçıvan şəhərindən gedəcəyim ünvan arasındakı məsafənin 42 kilometr olduğunu nəzərə alıb səhərin erkən saatlarından hazırlaşıb yola çıxıram. Yolboyu gözlərim qarşısında qışın yaratdığı bənzərsiz mənzərələr fonunda bir-birini əvəzləyən füsunkar görünüşlü, abad, büsatlı günlərini yaşayan kəndlər canlanır. Donunu dəyişən ağaclar, nizamlı əsgər kimi sıra ilə düzülən, ağ örpəyə bürünən dağlar mahir rəssam əli ilə çəkilmiş gözəl bir qış tablosunu xatırladır. Çox keçmir ki, dağların sinəsinə çökən sis, duman ətrafa yayılır, göz-gözü görmür. Əyləşdiyim avtomobilin radiosunda xoş ovqat bəxş edən aşıq havasının təbiətin bu şıltaqlığı ilə harmoniya yaradan aşağıdakı misraları qulağımda çınlayır:
Duman, gəl-get bu dağlardan,
Dağlar təzə bar eyləsin.
Nə gözlərim səni görsün,
Nə könlüm qubar eyləsin.
Ətrafı seyr etdikcə öz doğma kəndim yadıma düşür, qəlbimdə nostalji hisslər baş qaldırır. Təbiətin səsini dinləmək üçün maşının istidən tutqunlaşmış şüşəsini azacıq endirəndə bir andaca içəri tələsən qışın ayazlı yeli üzümə çırpılır. Yuxuya dalan ana təbiətin lal sükutunu dərələrin arasıyla üzüaşağı axan çayın zümzüməsi, qışda da bu gözəllikləri tərk etməyən, yuvalarına yem aparan quşların arabir eşidilən cəh-cəh səsləri pozur. Az sonra həmişəyaşıl ağaclarla əhatə olunan təmiz, səliqəli səkilərlə iş-güc dalınca tələsən insanları, məktəbə üz tutan balaca fidanları görürəm. Budur, artıq Qızıl Qışlaq kəndinin mərkəzinə çatıram. İlk olaraq nəzərim yaraşıqlı kənd və xidmət mərkəzlərinə, məktəb binasına, eləcə də təpələrin sinəsində salınan evlərə yönəlir. Kənd və xidmət mərkəzləri ilə qısa tanışlıq zamanı burada sakinlərin rahatlığını, gündəlik məişət qayğılarını təmin edən yüksək şəraitin, zirzəmi ilə birlikdə 3 mərtəbəli, 110 şagird yerlik məktəb binasında isə hərtərəfli tədris şəraitinin olduğunu görürəm.