Bir çinar yarpağı düşdü yanıma,
Oyandı uşaqlıq xatirələrim.
Çinar kölgəsində, çinar mehində
Ömür kitabımı səhifələdim...
Təbiətin bizə bəxş etdiyi sərvətlərdən biri də ağaclardır. İnsan ömrünün sonunadək ağacdan faydalanır. Uşaq ikən taxta beşikdə uyuyur, böyüyəndən sonra ağacın meyvəsindən dadır, ağacdan özünə ev qurur, qayıq düzəldib suda üzür, istisində qızınır, qocalanda isə ona söykənib yeriyir. Ağaclar da insanlar kimi dünyada baş verən hadisələrin şahidi olur, əksər hallarda elə insanlardan aldığı zərbələr ucbatından faciələrlə üzləşir, həyatla vidalaşıb, torpağa qarışır. Bu təbiət ərməğanları arasında dözümlüləri, çox yaşayanları da az deyil.
Çinar kölgəsi ana nəvazişi qədər ürəyəyatan, xəfif küləkdə isə yarpaqlarının xışıltısı ana laylası qədər şirindir. Təsadüfi deyildir ki, Azərbaycan poeziyasında çinar haqda çox deyilib, çox sözlər yazılıb. Daxili bir narahatlıq keçirən, təkliyə qapılmaq, düşünmək istəyənlərin də elə çinar kölgəsinə üz tutması, bəlkə də, əbəs yerə deyil.
Təbiət biz insanlardan sirrinin-sehrinin əksərini gizlətsə də, hələ qədim zamanlardan onlar ağacların əsrarəngiz enerjisinə inanıblar. Elə xalqımız arasında da ağacların bəziləri rəmzlərə, totemlərə çevrilib. Dağdağan koluna niyyət edib rəngli parçalar, baş örtükləri bağlanması, salxım söyüd altından axan suya sirlərin, yuxuların danışılması xalqımızın ağaclara olan sonsuz inancından xəbər verir. Tarixən dəmirağac möhkəmliyin, dözümlülüyün simvolu olubsa, çinar uzunömürlülüyü təcəssüm etdirib. Təsadüfi deyil ki, bu gün 100 yaşı adlayan insanlar barədə söhbət düşəndə “filankəs çinar ömürlü insandır” deyimini işlədirlər.
Ölkəmizin hər yerində bitən, olduqca iri gövdəyə və geniş yarpaqlara malik çinar ağacından mebel istehsalında da geniş istifadə edilir. Bununla yanaşı, son illərdə aparılan araşdırmalara görə, çinarın insan sağlamlığı üçün saysız-hesabsız faydaları da ortaya çıxıb. Onun yarpağından və gövdəsinin qabığından hazırlanan dəmləmələr və məhlullar, əsasən, qızdırmanın salınmasında, saçdakı kəpəyin təmizlənməsində, baş dərisindəki qaşınmanın qarşısının alınmasında, ilan sancmasında, eləcə də sulu və açıq yaralar zamanı istifadə olunur. Həmçinin çinarın yarpaqlarından hazırlanan çay yel ağrılarını götürür, qandakı iltihabı azaldır. Bir sözlə, çinar təbiətin qiymətli sərvətidir.
Bu gün muxtar respublikanın meşələri, qoruqları, yaşıllıq əraziləri bu ağaclarla doludur. Paytaxt Naxçıvan şəhərində də çinarlar kifayət qədərdir. Şəhərin parklarına, xiyabanlarına çətir tutan bu ağaclar isti yay günlərində insanlara mənalı istirahət bəxş edir. Şəhərin ən qocaman çinar ağaclarına Əcəmi seyrəngahında, Böyük bağda, prospekt və küçələrdə rast gəlmək olur. Biz də yolumuzu çinarlı ünvandan salıb, insanlarla çinar haqqında söhbətləşdik.
Naxçıvan şəhər sakini, 80 yaşlı Hafiz Zeynalovla elə çinar ağacının kölgəsində əyləşib həmsöhbət olduq. Onun dediklərindən:
– Hər gün dost-tanışla bu gözəl istirahət məkanında çinarın altında əyləşir, olanlardan-keçənlərdən söhbət edirik. Bəzən söhbət əsnasında ötən əsrin 90-cı illərində yaşananları da yada salırıq. Yaxşı yadımdadır, o zamanlar qocaman çinarlarımız çox idi. Lakin sovet rejiminin gətirdiyi ağrı-acılar, yanacağın olmaması, xüsusən də qış aylarında əlacsız qalan sakinlər soyuqdan qorunmaq üçün meşələrə üz tutur, təbiətin bizlərə ərməğan etdiyi ağacları kəsib doğrayırdılar. Dözümlü olan çinar ağacları da o illərdə çox əzablara qatlaşdı. Təzəcə pöhrələyən körpə çinarlar boy atmamış kökündən məhv edilirdi. Lakin sonralar bütün sahələrdə yaranan canlanma ağaclara da yeni həyat gətirdi. Bu gün söhbətimizə qulaqverən bu çinar da o illərin şahididir. Dövlətimiz tərəfindən yaradılan imkanlar sayəsində çinar ağaclarının sayı da ilbəil artır. Parklarımızda olarkən yaşıl libaslı bağbanlarla tez-tez qarşılaşırıq. Onlar istidə də, soyuqda da yorulmadan bu ağaclara qulluq göstərirlər. Düşünürəm ki, əsrlərin yadigarı olan çinarları qoruyaraq gələcək nəsillərə ötürmək xalqımızın keçmişinə verilən önəmin daha bir ifadəsidir.
Yolumuzu şəhərimizin digər bir istirahət məkanından, Böyük bağdan saldıq. Burada da gözümüzə xeyli sayda çinar ağacı dəydi. Çinar altında rahat oturacaqda əyləşib söhbət edən 3 nəfər yaşlı kişiyə yaxınlaşıb hal-əhval tutduq. Yaşı 70-i ötmüş Çingiz Axundov dedi ki, yayın bu qızmar günlərində tez-tez buraya üz tuturlar. Bu yeri baxımlı, diqqətçəkici edən amillərdən biri də qocaman çinar ağaclarının pərvazlanan qol-budaqlarıdır. Bəli, ağac da insan kimi nəfəs alır, yaşayır. Lakin bəzən onlar da həyatın keşməkeşləri, ağrı-acıları ilə üz-üzə qalırlar. Ötən əsrdə yaşanan hadisələr ucbatından insanlar kimi, çinarların da gələcəyə ümidi qalmamışdı. Lakin 70-80-ci illərdə ulu öndərimizin ölkəyə rəhbərliyi ilə hər sahəyə bəslənilən qayğıkeş münasibətdən ağaclara da pay düşdü. Həmin illərdə yüzlərlə çinar ağacı həyata vəsiqə aldı. İndi başımız üzərində çətir tutan bu ağac da məhz o illərin yadigarıdır.
Digər bir həmsöhbətim Rəhim Babayev deyir ki, gəncliyimdə ara-sıra təbiət qoynuna da üz tutar, ətraf aləmlə təmasdan zövq alardım. İndi də təqaüdçü olduğum üçün günümün, demək olar ki, əksər hissəsini elə bu məkanda keçirirəm. Bu ağaclara baxdıqca cavanlıq illərim yadıma düşür. Bəzən məktəbli uşaqların çinar budaqlarından əyləncə vasitəsi kimi istifadə etmələri məni narahat edir. Dərhal onlara öz iradımı bildirir və başa salıram ki, bu ağaclar hər birimizin sağlam gələcəyi naminə buraya əkilib. Təqdirəlayiq haldır ki, aidiyyəti təşkilatlar bu işlərə həssas yanaşır. Ağaclara vaxtlı-vaxtında qulluq göstərilir. Elə bunun nəticəsidir ki, bu gün burada rahat əyləşib mənalı istirahət edir, təmiz hava uduruq. Sevindirici haldır ki, doğma diyarımızda hər bir ağacın qədir-qiyməti bilinir, qorunaraq yaşadılır. Bu diqqət bir şəhər sakini kimi məni çox sevindirir.
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, biologiya elmləri doktoru, professor Əliyar İbrahimov deyir ki, elmi adı platanus olan çinarın Naxçıvanda Şərq və barmaqvarı olmaqla, iki növü yayılıb. Muxtar respublikanın bütün bölgələrində rast gəlinən bu ağacın ən qocaman və yaraşıqlıları paytaxt Naxçıvan şəhəri və Ordubad rayonundadır. İllərə meydan oxuyan bu ağacı gövdəsinin yan pöhrələrindən kəsilmiş qələm vasitəsilə çoxaltmaq olur.
Çinar əzəmətinə, çinar möhtəşəmliyinə tamaşa etmək, yağan yağışda onun çətiri altında daldalanmaq, günəşin yandırıcı istisində kölgəsində sərinləmək hər bir insana xoş duyğular bəxş edir. Çinar gözəllik, ucalıq rəmzidir. Minillərə şahidlik edən uzunömürlü qədim Naxçıvana qocaman çinarlar çox yaraşır. Gün gələcək, bu gün əkilən fidanlar böyüyüb qollu-budaqlı çinarlara çevriləcək, şəhərimizin gözəlliyinə yeni bir naxış vuracaq.
Çinar gözəllikdi, çinar xəyaldı,
Çinar bir həsrətin vüsal yeridi.
Çinar sədaqətin, saf məhəbbətin
Tənha ümid yeri, güman yeridi.
Nail ƏSGƏROV