22 Dekabr 2024, Bazar

Arpaçayın şehi ilə tumarlanan, suyu ilə səfalanan, xoş rayihəli gül-çiçəklə bəzənən bağçaları, bol nemətli bağları olan yurd yerimiz Şərur rayonunun Düdəngə kəndi. Burada həyat heç cür ritmini pozmur, hər şey öz axarı ilə davam edir. Yaz-yay aylarında bütün yaşayış məntəqələrimiz kimi, bu kənd də əsrarəngiz gözəlliklərə qərq olur. Yolunu buradan salanlar bu füsunkarlığın sehrinə düşürlər.

Düdəngə müasir görünüşü ilə yanaşı, həm də maraqlı tarixçəsi ilə diqqəti çəkir. AMEA-nın müxbir üzvü, mərhum dilçi-alim Adil Bağırov “Naxçıvan oykonimləri” kitabında kəndin tarixi haqda maraqlı məlumatlar verib. Qeyd edib ki, 1728-ci ilə aid mənbədə iki Düdəngi kəndinin adı çəkilir. Bu kəndlərin hər birində 54 ailə yaşa­yırmış. Düdəngə adının mənşəyi haqda müxtəlif fikirlər səslənsə də, alim bunları ümumiləşdirərək bildirib ki, Düdəngə “Düdəngi” sözünün fonetik dəyişikliyə uğra­mış forması olub, iki və əmlakın altıdabir hissəsi mənalarını ifadə edir. Güman olunur ki, kəndin torpaq sahələri altı qohum ailə qrupu və ya altı tayfa (yaxud altı qardaş) arasında bölündüyündən kəndin bu hissəsinə “iki qohum ailəyə məxsus torpaq sahəsi”, “kəndin iki məhəlləsi, hissəsi” adı verilib və zaman keçdikcə bu sözlərin birləşməsindən Düdəngə adı yaranıb.

Bu kənd tarixdə iz qoymuş şəxsiyyətlər yetişdirib. Onlardan biri Əbdürrəhman bəy Fətəlibəyli ­Düdənginski olub. Ata-babaları məşhur Səfəvi nəslinə mənsub olan Düdənginski gənc yaşlarında orduya yollanıb, Tiflisdəki hərbi piyada məktəbini bitirib, sonra Azərbaycan diviziyasında xidmət edib. 1935-1936-cı illərdə Moskva Hərbi Akademiyasında təhsil alıb və bacarıqlı bir zabit kimi yetişib. O, 1939-cu ildə Finlandiya müharibəsində iştirak edib, döyüşlərdə göstərdiyi şücaətə görə “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. Bir müddət Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi vəzifəsində çalışıb. 1940-cı ildə Sovet Ordusu hissələri Baltikyanı respublikalarını işğal etdikdən sonra Düdənginski Riqada yerləşən hərbi qərargaha göndərilib, orada almanlara əsir düşüb.
Düdənginski haqqında onu tanıyan insanların, demək olar ki, ­hamısının fikirləri yüksək olub. Sonralar SSRİ-nin müdafiə naziri olmuş, bir zamanlar Əbdürrəhman bəy Fətəlibəyli ilə birgə Baş qərargahın Akademiyasında oxumuş Sovet ­İttifaqı marşalı Andrey Qreçko yazırdı: “O, heyrətedici bir aydın ağıla və təhlil düşüncəsinə malik idi və anadangəlmə komandir idi. Hərbi taktika məsələlərində bizim heç birimiz onunla müqayisə oluna bilməzdik”. Məhz Əbdürrəhman bəy Fətəlibəyli Düdənginskinin səyi ilə İkinci Dünya müharibəsində əsir düşmüş 10 minlərlə azərbaycanlının həyatı xilas edilib. Təqdirə­layiq haldır ki, bu gün də Düdəngə­də neçə-neçə hərbçi, elm xadimi, ziyalı ailələr vardır.
Bu gün muxtar respublikanın digər yaşayış məntəqələri kimi Düdəngə kəndi də əsl inkişaf dövrünü yaşayır. Son illər aparılan tikinti-quruculuq tədbirləri kəndin simasını tanınmaz dərəcədə dəyişib. İndi buraya yolu düşənlər abadlaşan, gözəlləşən yurd yerinin hüsnünə heyranlıqla tamaşa edirlər. 2010-2011­-­c­­i­ illər kənd sakinlərinin həyatında əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, həmin dövrdə kənddə bir sıra sosial obyektlərin açılışı olub. Müasir görünüşlü kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, yaraşıqlı məktəb binasının istifadəyə verilməsi sakinlərin böyük sevincinə səbəb olub, qurub-yaratmaq istəyini artırıb.
Naxçıvanda təhsilin inkişafına Düdəngə kənd tam orta məktəbi də töhfə verməyə çalışır. Müasir təhsil ocağı şəhid Asəf Rəhimovun adını daşıyır. 1980-ci ildən fəaliyyət göstərən təhsil müəssisəsinin binası ötən dövr ərzində bir neçə dəfə ­təmir-bərpa olunub, 2010-cu ildə isə müasir görkəminə qovuşub. Məktəbdə müasir təlim metodlarından geniş istifadə yeni-yeni uğurlara yol açır. Belə ki, 2017-2018-ci tədris ilində keçirilən qəbul imtahanlarında da nailiyyətlər əldə olunub. Həmin imtahanlarda iştirak edən 10 məzundan 8-i keçid balını üstələyib. Abituriyentlərdən 1-i 500-700 intervalında bal toplayıb. İmtahandan 591 bal toplayaraq müəllim və valideynlərinə böyük sevinc bəxş edən Günel Məmmədova qazandığı uğurda pedaqoji kollektivin böyük payı olduğunu dedi:
– Hər bir abituriyentin ümdə arzusu imtahanda müvəffəqiyyət qazanaraq istədiyi ixtisasa qəbul olmaqdır. Lakin bu sevinc hər kəsə nəsib olmur. Uğur qazanmaq üçün yorulmadan çalışmaq əsas şərtdir. İmtahana hazırlaşdığım dövrdə axşam gec yatıb səhər erkən oyandığım günlər çox olub. Sevinirəm ki, zəhmətim hədər getmədi. Bu işdə müəllimlərimin də əməyi böyük oldu. Atdığım hər addımda yanımda oldular, daim onlardan məsləhət aldım. Onu da deyim ki, uşaqlıqdan ən böyük arzum böyüyəndə qanun keşikçisi olub xalqımızın, dövlətimizin xidmətində dayanmaq idi. Sevinirəm ki, artıq həmin istəyimə bir addım yaxınlaşmışam. Belə ki, seçimim Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası oldu. Qazandığım uğurda payı olan hər kəsə minnətdarlığımı bildir­irəm.
Kənddə milli-mənəvi dəyərlərimiz qorunur, sakinlər adət-ənənələrimizə hörmətlə yanaşırlar. Kənd məscidində İslam dininə uyğun ayinləri icra etmək üçün hər cür şərait vardır. Bundan başqa, kənddə mərasim zalının tikilərək istifadəyə verilməsi sakinlərin yas mərasimlərini rahat şəkildə keçirmələrinə imkan verib.
Düdəngədə müəssisə qurub, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar da az deyil. Həmin sahibkarlardan Ədalət Piriyev deyir ki, 4 il bundan əvvəl lavaş sexi yaradıb, işə başlayıb. İlk vaxtlar bir az çətinliklə qarşılaşsa da, sonradan işləri yolunda gedib. İndi bu müəssisə sayəsində həm kənd sakinlərinin çörəyə olan tələbatını ödəyir, həm də muxtar respublika iqtisadiyyatına töhfə verməyə çalışır.
Bərəkətli torpaqlar və Arpaçay kimi əlverişli su mənbəyi kənddə məhsul bolluğuna səbəb olub. Hər il torpaq oyanan dövrdə zəhmətkeş kənd camaatı sahələrə üz tutur, yorulmaq bilmədən çalışır, əkib-biçir, özləri üçün xoş gün-güzəran yaradır. Təsadüfi deyil ki, hər il öncəki ilə nisbətən əkilən ərazilərin məhsuldarlığı daha da artır. Bu ilin yaz əkinləri zamanı 45 hektarda qarğıdalı, 35 hektarda kartof­, 17 he­ktar­da soğan, 7 hektarda tərəvəz, 6 hektar ərazidə sarımsaq, 2,4 hektarda arpa,1 hektarda tütün, 0,25 hektarda qarabaşaq və digər əkinlər həyata keçirilib. Ərazilərdən bol məhsulun tədarük olunması çəkilən zəhmətin hədər getmədiyini göstərir.
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması kənddə bu sahəyə marağı artırıb. Belə ki, cari ildə Düdəngədə ilk dəfə olaraq 1 hektarlıq ərazidə tütün əkini həyata keçirilib. Təsərrüfatçı Zahid İbrahimov deyir ki, dövlətimiz tərəfindən tütün istehsalçılarına subsidiyaların verilməsi və tütün qəbulu üçün yaradılan şərait bu gəlirli sahəyə maraq göstərməsinə səbəb olub. Fermer tütün şitillərini “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyətinin Tütün Yetişdirmə Təsərrüfatından alaraq öz sahəsində əkib. Mövcud imkanlar və su bolluğu məhsuldarlıqla nəticələnib. Yaxşı məhsul əldə edən təsərrüfatçı yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Pro­qramı” bu sahə ilə məşğul olanlara əlavə stimul verib. Düdəngədə də arıçılığa maraq xeyli artıb. Hazırda bu kənddə 6 arıçılıq təsərrüfatı fəaliyyət göstərir. “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamı ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla, 5 il müddətində ildə 10 manat məbləğində subsidiya müəyyən edilməsi düdəngəli arıçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Arıçılardan İbrahim Qasımov dedi ki, bu peşə ona babasından miras qalıb. Artıq uzun illər arıçılıqla məşğul olduğu üçün işin bütün incəliklərini dərindən bilir. Onun ­dediklərindən:
– Ömrümün çoxunu arı saxlayıb, bal süzməklə keçirmişəm. Bu iş olmasa, mən yaşaya bilmərəm. İnanırsınız ki, işə o qədər həvəslə bağlanmışam ki yorulmaq nədir bilmirəm. Yaxşı yadımdadır, rəhmətlik babam hey deyərdi ki, bala, bu işdən bərk yapışın, arı saxlanılan evdə ruzi-bərəkət bol olar. Onun məhsulundan yedikcə canın da dərd-bəla görməz. Hədər yerə deyilməyib ki, bal min bir dərdin dərmanıdır. Onu da deyim ki, arı saxlamaq ­böyük zəhmət tələb etsə də, doğma yurdumuzun əsrarəngiz təbiəti işimizi xeyli asanlaşdırıb. Gül-çiçəklə bəzənən bağ-bağçalarımız, səfalı yaylaqlarımız arılar üçün böyük yem mənbəyidir. Sevindirici haldır ki, biz arıçılar üçün dövlətimiz ­tərəfindən də stimullaşdırıcı tədbirlər görülür. Hər il festivalların keçirilməsi həm Naxçıvan balının geniş şəkildə tanıdılmasına imkan verir, həm də biz arıçılar üçün böyük satış imkanı yaradır. Biz də çalışırıq ki, göstərilən qayğıdan lazımınca bəhrələnək, daxili bazarı yüksəkkeyfiyyətli arıçılıq məhsulları ilə təmin edək. Yaradılan imkanlara görə dövlətimizə minnətdaram.
Düdəngə kəndinin müasir növrağı hər kəsi zəhmətsevərliyə daha da ruhlandırır. Əminliklə demək olar ki, bu kənd gələcək illərdə də muxtar respublikanın ərzaq təhlükəsizliyinə töhfə verən yaşayış məntəqələri sırasında olacaq.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR