Muxtar respublikamızda ahıl vətəndaşların, eləcə də təqaüdçülərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün bütün imkanlardan istifadə edilir, bir çox istirahət məkanları onların ixtiyarına verilir. Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin 2 nömrəli Təqaüdçülər Klubu da pensiyaçıların, ümumiyyətlə, şəhərin yaşlı sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.
Bu məkana yolu düşənlər burada ağsaqqal sözünün şirinliyini duya, səmimi söhbətlərə, duzlu-məzəli lətifələrə, dilə gətirilən şirin xatirələrə, necə deyərlər, qulaq yoldaşlığı edə bilərlər. Buraya gələnlərin bir çoxunun özlərini canlı ensiklopediya adlandırması da təsadüfi deyil. Naxçıvan şəhərinin keçmişi haqda söhbətlərini dinləməkdən doymursan. Çünki gələnlər, gedənlər, bu dünyanın pəncərəsindən baxıb köksdolusu nəfəs alanlar haqda ən dolğun məlumat bu insanlardadır. Ulu öndərimiz Heydər Əliyev belə insanlar haqda deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər”.
Bu gün muxtar respublikamızda ümummilli liderimizin müəyyənləşdirdiyi siyasət uğurla davam etdirilir. Ötən günlərdə üzünü bu kluba tutan yaşlı sakinlər üçün əlamətdar hadisənin baş verməsi də bunun bariz nümunəsidir. Belə ki, bu günlərdə təqaüdçülərə böyük sevinc bəxş edilib. Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin 2 nömrəli Təqaüdçülər Klubunun binası yenidənqurmadan sonra istifadəyə verilib. Açılış mərasimində iştirak edən Ali Məclisin Sədri burada yaradılan şəraitlə maraqlanıb və təqaüdçüləri Beynəlxalq Ahıllar Günü münasibətilə təbrik edərək deyib: “Ölkəmizdə bütün kateqoriyadan olan insanların fəaliyyəti və rahatlığı üçün lazımi şərait yaradılır. Şagirdlərin yaxşı təhsil alması üçün müasir məktəblər, həkimlərin səmərəli fəaliyyəti üçün yeni xəstəxanalar, eləcə də digər sosial obyektlər tikilərək istifadəyə verilir, insanlara hərtərəfli xidmət göstərilir. Bu gün istifadəyə verilən 2 nömrəli Təqaüdçülər Klubunda yaradılan şərait də müxtəlif yarışların keçirilməsinə, mütaliə günlərinin və kitab müzakirələrinin təşkilinə imkan verəcəkdir. Yaşlı insanlar, təqaüdçülər ölkəmizin sərvətidir. Onların keçdiyi həyat yolu gənc nəsil üçün nümunədir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, ənənələrimiz yaşadılmalı və gənc nəslə öyrədilməlidir”.
Biz də adıçəkilən ünvandan yolumuzu salıb klubun daimi sakinləri ilə həmsöhbət olduq. Klubun direktoru Mirvasif Seyidov bizimlə söhbətində bildirdi ki, 1974-cü ildən fəaliyyət göstərən bu klubun hazırda 100 nəfər daimi üzvü vardır. Burada əlamətdar günlərdə, bayramlarda, 20 Yanvar faciəsi, Xocalı soyqırımının ildönümündə bir sıra tədbirlər təşkil edilir, bu tədbirlərdə yaşlı insanların kütləvi iştirakı təmin olunur.Təqaüdçülər üçün nəzərdə tutulan bu klub əvvəllər lazımi şəraiti olmayan binada yerləşirdi. Lakin istifadəyə verilən yeni binada asudə vaxtın səmərəli təşkili üçün bütün imkanlar var. Belə ki, bina ilə bərabər, içərisində olan hər bir avadanlıq da yenilənib. Bina istilik, su və kanalizasiya xətləri ilə təmin olunub. Təqaüdçülərin asudə vaxtlarının səmərəli təşkili üçün stolüstü oyunların və yarışların keçirilməsi, qəzet və jurnalların oxunması, kitab mütaliəsinin təmin olunması məqsədilə binada lazımi şərait yaradılıb, iş otağı, stolüstü oyun zalları, oxu zalı və bufet istifadəyə verilib. İndi bu ünvana üz tutanların sayında da artım var. Bu məkana gələnlərin arasında şahmat və dama oyunlarına maraq göstərənlər də olur, nərd oyunu üzrə ustalar da.
Burada klubun üzvləri ilə də görüşüb həmsöhbət olduq. Təqaüdçülərdən Əli Zeynalov bizimlə söhbət zamanı bildirdi ki, domino, nərd və şahmat oynayan insanlara hər yerdə rast gələ bilərsiniz. Şahmat isə intellektual oyun kimi daha çox sevilir. Burada günün istənilən saatında şahmat lövhəsi arxasında əyləşib növbəti gediş haqqında düşünənləri görmək olar. Mən də şahmatı sevdiyim üçün tez-tez yolumu bu ünvandan salıram.
Müsahibi olduğum daha bir klub üzvü Ələsgər Axundovla söhbətimiz də maraqlı məqamlarla yadda qaldı. Onun dediklərindən: “Bu klub mənə doğmadır. Hər sabah üz tutduğum bu məkanda mən qısa müddət ərzində özümə xeyli sirdaş qazanmışam. Onlarla bərabər hər gün bu ünvana gəlirik. Burada stolüstü oyunlarla vaxtımızı keçirir, xatirələrimizi paylaşır, olanlardan-keçənlərdən söhbət edirik. Kluba gəlməzdən öncə vaxtımı necə keçirəcəyimi bilmirdim. Saatlarla evdə oturur, televizora baxır, qəzet oxuyurdum. Demək olar ki, büsbütün ətrafdakı insanlarla əlaqəni kəsmişdim. Sağ olsun, yaxşı yoldaşlardan biri günlərin birində məni bu kluba gətirdi. Həmin gün çox insanla tanış oldum, köhnə dostlarla qarşılaşdım. Axşam evə qayıdanda özümü gümrah hiss edirdim.
Klubun yeni binasının istifadəyə verilməsi biz təqaüdçülərə verilən dəyərin təzahürüdür. Əvvəlki illərdə qış aylarında buraya az-az adam gələrdi. Ancaq yeni binada yaradılan şərait bundan sonra asudə vaxtımızın daha maraqlı keçəcəyini deməyə əsas verir. Klub üzvləri adından yaradılan şəraitə görə dövlətimizə minnətdaram”.
Digər müsahibimiz, təqaüdçü Hüseyn Cəfərəliyev də öz fikirlərini bizimlə bölüşdü: “Hər yaş dövrünün özünəməxsus gözəlliyi var. Qocalıq elə bir yaş dövrüdür ki, bu dövrdə insanlar qayğıya, xoş münasibətə ehtiyac duyurlar. Dünyanın bəzi yerlərində yaşlı insanlar etinasızlıq halları ilə qarşılaşırlar. Ancaq Naxçıvanda ağsaqqala, ağsaqqal sözünə, öyüdünə həmişə hörmət və ehtiram olub. Bəzən buraya bizdən daha cavan insanlar da gəlir. Ancaq onlar özlərindən daha yaşlısının kluba gəldiyini görəndə ayağa qalxır, ona ehtiram göstərir, yer verirlər. Bu, Naxçıvan sakinlərinin milli adət-ənənələrə sədaqətinin göstəricisidir. Klub üçün yeni binanın istifadəyə verilməsi biz ağsaqqallara verilən dəyərin, göstərilən qayğının ifadəsidir. Burada ağsaqqallar arasında da klubla bağlı özünəməxsus qaydalar qəbul olunub ki, bu qaydalara hər kəs ciddiyyətlə əməl edir. Buraya gələnlər arasında siqaret çəkənlər də olmasına baxmayaraq, hər kəs bir-birinin sağlamlığına hörmətlə yanaşır, bunun üçün ayrılmış xüsusi yerdən istifadə edirlər. Bəli, biz yaşlılar bir-birimizə, ən əsası isə özümüzə hörmət etməsək, onda gənclər də bizə etinasızlıq göstərəcəklər. Ümumiyyətlə, klubun fəaliyyətindən, yaradılan şəraitdən çox razıyam və buradakı ab-hava hər kəsin ürəyincədir”.
Klubun fəal üzvlərindən Əsgər Qədimov, Əli Orucov, Teymur Quluyev, Fəxrəddin Yaqubov da öz razılıqlarını bildirdilər. Dedilər ki, bu kluba ən çox qış və yay aylarında ehtiyac duyurlar. Naxçıvanın soyuq qış, isti yay günlərində bərabər söhbət etmək üçün hər kəs belə məkanlara toplaşır, vaxtını mənalı keçirir. Yaxşı ki bu məkanda indi hər cür şərait vardır.
Sonda onu da qeyd etmək istərdik ki, bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrində yaşlı nəslin nümayəndələrinin asudə vaxtlarını səmərəli keçirməsi üçün məkanlar yaradılır. Lakin diqqətçəkən məqam odur ki, həmin məkanlar pulludur. Kasıb insanlar üçün bu yerlər əlçatmaz olur. Ancaq təqdirəlayiq haldır ki, dövlətimiz tərəfindən yaradılan belə məkanlar, o cümlədən də haqqında bəhs etdiyimiz Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin 2 nömrəli Təqaüdçülər Klubu pulsuzdur. Bütün bunlar muxtar respublikamızda insan amilinə verilən önəmin təzahürüdür.
Nail ƏSGƏROV