Gündəlik həyat tərzimizə uyğun olaraq evdə, küçədə, maşında və yaxud da hansısa istirahət guşəsində dinlədiyimiz musiqilər çox olur. Musiqinin valehedici təsiri ilə sanki ruhumuz da, qəlbimiz də dil açıb danışır, xəyallarımız bir neçə dəqiqəlik keçmişə qayıdır, ötənlər yada düşür. Bax elə həmin an dilimizdə bircə cümlə səslənir: Filan müğənni bu mahnını necə gözəl oxuyur, lap elə bil adamın qəlbinin dərinliyində gizlənən incə telə toxunur.
Bəli, musiqi və ya mahnının sevilməsi, bəyənilməsi ifa tərzindən çox asılıdır. Ancaq gəlin razılaşaq ki, uğurlu mahnı birdən-birə yaranmır, onun sözlərini yazan şair də, bu sözləri notlara çevirən bəstəkar da elə oxuyan ifaçı qədər az zəhmət çəkmir. “Bu mahnı necə gözəl bəstələnib, filan bəstəkarın yaradıcılığına vurğunam” fikirlərini isə yalnız musiqini daha dərindən duyan, bu qeyri-adi dünyanın incəliklərinə varan insanlar söyləyirlər.
Bildiyimiz kimi, doğma Naxçıvanımızda musiqi mədəniyyətimiz böyük inkişaf yolu keçib, tanınmış bəstəkarlar nəsli yetişib. Bu gün bəstəkarlığın inkişafı üçün hər cür imkanlar yaradılıb, görkəmli bəstəkarların yubileylərinin yüksək səviyyədə qeyd edilməsi bu sənətə yenicə qədəm qoyan gənclər üçün böyük stimul olub. Xüsusilə Naxçıvan Dövlət Universitetində Bəstəkarlıq kafedrasının yaradılması gənc, istedadlı bəstəkarlar nəslinin formalaşmasına təkan verib.
Budəfəki yazımızın qəhrəmanı sənət yolunda kövrək addımlarla irəliləyən gənc bəstəkar Hakim Məmmədovdur. 1991-ci il aprel ayının 26-da Babək rayonunun Cəhri kəndində dünyaya göz açan Hakimin ata-anası hələ kiçik yaşlarından övladının musiqiyə hədsiz marağını hiss edirlər. Anası Nazilə xanım deyir ki, Hakim 4-5 yaşı olarkən televiziya ekranlarında, radio efirlərində retro musiqilər eşidən kimi dərhal susaraq sakitcə qulaq asar, diqqətini oraya cəmləyərdi. Ara-sıra məhəllə uşaqlarını başına yığar, öz uşaq düşüncəsi ilə sanki kiçik bir ansambl yaradar, toy-bayram edərdilər. Atası da övladının istəyinə uyğun olaraq ona oyuncaq musiqi alətləri alardı. Əlindəki balaca radioqəbuledici ilə gününün çoxunu musiqi dinləməklə keçirən Hakimdə o illərdə səs duyumu yaranır, gələcək uğurlarının toxumları səpilir. Orta məktəbə qədəm qoyandan sonra isə tara böyük maraq göstərir. Bunu görən müəllimləri ata-anasına balaca Hakimi musiqi məktəbinə aparmalarını məsləhət görürlər. Valideynlər də övladının bu istəyinə biganə yanaşmır, onu 8 yaşında ikən Cəhri kəndindəki uşaq musiqi məktəbinin tar ixtisasına yazdırırlar. Hakim çalışqanlığı sayəsində keçirilən bayram tədbirlərində, konsert proqramlarında uğurlu çıxışlar edərək müəllim və şagirdləri heyran qoymağı bacarır, bir sıra diplomlarla təltif olunur.
2008-ci ildə orta məktəbi müvəffəqiyyətlə başa vuran Hakim Məmmədov yolunu Naxçıvan Musiqi Kollecindən salır. Kollecdə oxuduğu dövrdə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, tarzən Əkrəm Məmmədlidən tarın bütün incəliklərini öyrənir. Ustad sənətkarın keçdiyi dərsdən yaxşı qiymət alan Hakim o illərdə dirijorluq bacarığını da ortaya qoyur. 2012-ci il yanvarın 28-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən konsert proqramında səhnəyə dirijor kimi çıxır. Beləcə, həmin vaxtdan 2017-ci ilədək Naxçıvan Musiqi Kollecinin Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru, kollecin Kamera orkestrinin dirijoru kimi fəaliyyət göstərir. Həmçinin bu müddətdə Babək rayonundakı uşaq musiqi məktəblərinin iştirak etdiyi tədbirlərdə, konsert proqramlarında da uğurlu iştirakı ilə tamaşaçı rəğbəti qazanır. 2016-cı ildə Hakim musiqi bəstələmək həvəsinə düşür və buna nail olur. Elə həmin ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Bəstəkarlıq ixtisasının tələbəsi adını qazanır. Ali təhsil ocağının birinci kursunda oxuyarkən Xalq şairi Məmməd Arazın “Naxçıvanım” şeirinə musiqi bəstələyir və həmin bəstə tədris ilinin sonunda təşkil olunan hesabat konsertində səsləndirilir. Gənc bəstəkar 2017-ci il aprelin 3-də isə daha böyük uğura imza atır. Belə ki, həmin tarixdə Naxçıvan Dövlət Universitetində Xalq artisti, “Şöhrət” ordenli bəstəkar, professor Tofiq Bakıxanov və Bakı Musiqi Akademiyasının müəllimi, professor Hökümə Əliyevanın iştirakı ilə Hakim Məmmədovun müəllif konserti keçirilir. Bir-birindən maraqlı bəstələri tamaşaçı zövqünü oxşayır, görkəmli sənət adamları onun gələcəyi barədə müsbət fikirlər söyləyirlər.
Hazırda 3-cü kursda təhsil alan Hakim Məmmədov Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Yaşar Xəlilovdan bəstəkarlıq sənətinin incəliklərini öyrənməyə çalışır. Onunla məhz oxuduğu ali təhsil ocağında söhbət edirik. Deyir ki, məktəb illərindən tanınmış bəstəkarların sənət yolu ilə yaxından maraqlanır, musiqi əsərlərinə diqqətlə qulaq asır. Hər bir gənc musiqiçi kimi onun da sənət idealı olan korifey bəstəkarlar vardır. O, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Şur” simfoniyasını sevə-sevə dinlədiyini, muğamımızla Avropa musiqisinin sintezi ilə yaradılan bənzərsiz əsərə, sözün əsl mənasında, valeh olduğunu qeyd edir.
Bu günədək 20-yə yaxın bəstənin müəllifi olan Hakim Məmmədov hazırda bir neçə mahnı üzərində çalışır. 2018-ci il bütün gənclər kimi onun da həyatına qızıl hərflərlə yazılıb. Söhbət zamanı doğulub boya-başa çatdığı, suyundan içib, havasından udduğu doğma rayonu Babəkin 40 illiyi ilə bağlı bəstələdiyi, sözləri şairə Təranə Əliyevaya məxsus “Babəkim” mahnısının bir neçə misrasını dodaqaltı zümzümə edir:
Alimlərin yorulmadı, bu torpağı kəşf etdi,
Kültəpəni tariximin səhifələrinə nəqş etdi.
Ulu Heydər Babək adın yurda ərməğan etdi.
Varlığına, qüruruna sahib ol onun təki,
Od igidim, yurd igidim, gözəl yurdum Babəkim.
İstedadlı gənc bəstəkar bugünkü gənclərdə klassik xalq və bəstəkar musiqilərinə olan marağın get-gedə azaldığından, bayağı mahnıların gündəmi tutduğundan gileylənir. Ancaq onu da qeyd edir ki, çox yaxşı haldır ki, dövlətimiz uşaq və yeniyetmələrdə mədəni zövq aşılanması, milli musiqi mədəniyyətinin formalaşması naminə məqsədyönlü işlər görür, tədbirlərdə xalq və bəstəkar mahnılarına geniş yer verilir. Bu gün musiqi məktəblərində də gözəl şərait yaradılıb, bilik və bacarığın inkişafı üçün imkanlar genişdir. Yetər ki, uşaqlarda milli musiqimizə maraq və həvəs olsun. Mən də musiqi bəstələyən zaman incə detalları mütləq nəzərə alır, düşündürən, Vətən, torpaq məhəbbəti aşılayan şeirlərə üstünlük verirəm. Gələcəkdə doğma Naxçıvanımızı daha böyük səhnələrdə, beynəlxalq tədbirlərdə təmsil etmək istəyirəm. İnanıram ki, dövlətimizin yaratdığı şərait mənə bu arzumu reallaşdırmağa imkan verəcək.
Tanınmış sənət adamları deyirlər ki, musiqi ucu-bucağı görünməyən bir dəryadır. Müasir dövrdə bu ümmandan özünə pay götürməyi, yüksək zirvəyə ucalmağı, musiqi dəryasından su içməyi bacaran sənətkarlar barmaqla sayılacaq qədər azdır. Biz də gənc bəstəkar Hakim Məmmədova gələcəkdə məhz belə bir sənət xoşbəxtliyi arzulayır, böyük səhnələrdə görüşmək ümidiylə sağollaşırıq.
Nail ƏSGƏROV