22 Dekabr 2024, Bazar

İnsan oğlunun ulu Tanrıdan ən böyük diləklərindən biri də uzun ömür sürmək, nəvə-nəticə toyu görmək olub. Əbəs yerə deyil ki, xalq arasında uzun ömür yaşamaqla bağlı çox sayda deyimlər, duyumlar yaranıb. Dirilik suyu, həyat ağacı, uzunömürlülük meyvəsi ilə bağlı xalq arasında əfsanələr, əsatirlər, rəvayətlər, nağıllar geniş yayılıb.

Ömür insana Tanrı tərəfindən bir dəfə verilir. İnsanların əksəriyyəti dünyaya sağlam gəlir, sağlam həyat tərzi keçirən də olur, “dünya beşgünlükdür”, – deyib öz sağlamlığı qeydinə qalmayanlar da... Ancaq bu bir həqiqətdir ki, uzun ömür yaşamaq bir xoşbəxtlik, Tanrı payıdır. Belə ömür yaşayan insanlara hər zaman başqaları qibtə edib, onların uzunömürlülüyünün sirrini açmağa çalışıblar.
Doğma Naxçıvanımızda çinar ömürlü insanlar az deyil. Ötən günlərdə belə ağbirçək nənələrimizdən birinin – Babək rayonunun Şıxmahmud kənd sakini Səmavar Bayramovanın qonağı olduq:
– Salam, Səmavar nənə, səni görməyə gəlmişik.
– Əleykəssalam, xoş gəlmisiniz, qapımız qonaq üzünə həmişə açıqdır.
– Əhvalınız necədir? Səhhətiniz yerindədirmi?

– Yaşımın elə bir çağıdır ki, səhhətim əladır desəm, yalan olar. Ömrün-günün bu çağında tam gümrah olmaq mümkün deyil. Ancaq səhhətimdən də ciddi şikayətim yoxdur. Övladlarım, nəvə-nəticələrim qayğıma yaxşı qalırlar.
Çay süfrəsi arxasında davam edən söhbət əsnasında Səmavar nənənin keçdiyi ömür yoluna nəzər saldıq. Öyrəndik ki, 1910-cu il iyul ayının 1-də dünyaya göz açan Səmavar Bayramova ötən illər ərzində çox hadisələrlə qarşılaşıb, qanlı-qadalı müharibələrə şahidlik edib. Uşaq yaşlarında çətinliklər görüb, bolluq dövrünü də yaşayıb, məhrumiyyətlərlə də qarşılaşıb. Gənclik çağlarında zəhmətə qatlaşıb işlədikcə bədəni də polad kimi möhkəmlənib. Qarşılaşdığı çətinliklər onun xarakterini də formalaşdırıb, dözümlü, mətin insan kimi yetişib. Onun dediklərindən:
– Uzun illər kolxozda çalışmışam, necə deyərlər, öz halal zəhmətimlə çörək qazanmağı sevmişəm. Zəhmətsevərliyim bu gün də azalmayıb. Fikrimcə, ailənin hər bir üzvü bacardığı işin qulpundan yapışmalı, necə deyərlər, əlini əlinin üzərinə qoyub oturmamalıdır. Nəvələrim işləməyimə razı olmasalar da, boş dayana bilmirəm.Yaşımın bu çağında belə, gücüm çatan təsərrüfat işləri ilə məşğul oluram. Səhərlər erkən oyanır, axşam vaxtında yatıram.
Səmavar nənə yaşadığı illərin çətinliklərindən də söhbət açdı. Müsahibimizin yaddaşına həmin əziyyətli günlər acı xatirə kimi yazılıb. Atası Abbas sovet hakimiyyətinin ədalətsizlikləri, cəmiyyətdəki qanunsuzluqlarla barışmayan, mübariz insan olub. Elə buna görə də digər vətənpərvər el oğulları kimi, o da işgəncə və sürgünə məruz qalıb. İki il sürgün həyatı keçirəndən sonra Aşağı Uzunoba kəndinə köçən ailə burada da bir sıra çətinliklərlə üzləşib. Səmavar nənə o illərdə kolxozda üzüm bağlarında çalışıb, bəzən bir tikə çörəklə kifayətlənib, ancaq heç vaxt ümidini üzməyib, özünü tox tutub. Ağamalı Bayramovla ailə həyatı qurduqdan sonra Şıxmahmud kəndində məskən salıblar.
Uzun ömür yaşamanın sirləri haqqında danışan müsahibim onu da dedi ki, kim 100 il yaşamaq istəyirsə, yeməyinə-içməyinə fikir verməlidir. Səhər süfrədən bal, yağ, qaymaq, yumurta əskik olmamalıdır. Quru meyvələr, çərəz, doşab da bədəni qüvvətləndirən təamlardır. O, çay içəndə qəndə deyil, müxtəlif meyvə qurularına üstünlük verir. Səmavar nənə bu barədə belə dedi:
– Bacardıqca yaxşı qidalanmağa çalışıram, övladlarıma da nəsihət edirəm ki, təbii qidalara üstünlük versinlər. Bütün ərzaqları öz əlləri ilə hazırlasınlar. Bu gün yayılan xəstəliklərin əsas səbəblərindən biri də bəzi qidaların keyfiyyətsiz olmasıdır. Şükür ki, nəvələrim mənim yaşadığım əziyyətli günləri yaşamırlar. İndi havası da, suyu da min bir dərdə dərman olan bu diyarda istədiyin keyfiyyətli yerli ərzaq məhsulu tapa bilərsən. Həm bolluq, həm də ki ucuzluqdur. Tanrı mənə 2 övlad, 10 nəvə, 20 nəticə bəxş edib. Bir çoxlarının xeyir işində iştirak etmişəm. Nəvə-nəticə sevinci yaşamışam. Bütün bunlara görə özümü xoşbəxt sayıram. Mənalı ömür keçirmək hər kəsə nəsib olmur. Sevinirəm ki, ömrümü hədər yaşamamışam.
Səmavar nənə bu gün uzun­ömürlü insanlara göstərilən dövlət qayğısından da söhbət açdı. Dedi ki, müxtəlif dövlət qurumlarının nümayəndələri mütəmadi olaraq ona baş çəkir, qayğıları ilə maraqlanırlar. Bir yaşlı sakin kimi bütün bunlara görə minnətdardır. O, qanlı­-qadalı illəri çox gördüyü üçün bugünkü əmin-amanlığı ən qiymətli nemət hesab edir. Bu cür rahat yaşayışın qədrini-qiymətini bilməyin vacibliyini söyləyir.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR