Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən növbədənkənar seçkiləri izləmək üçün Pakistan Respublikasından olan beynəlxalq müşahidəçilər və media nümayəndələri Naxçıvan Muxtar Respublikasına gəliblər. Səfər çərçivəsində qonaqlar bir neçə seçki məntəqəsində hazırlıq prosesləri barədə müşahidələr apardıqdan sonra ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində ulu öndərin həyat və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar. Beynəlxalq müşahidəçilər və media nümayəndələri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey komplekslərində, Nuh Peyğəmbərin türbəsində, Naxçıvan Biznes Mərkəzində, Duzdağ Fizioterapiya Mərkəzində və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində də olublar. Qonaqlar “Şərq qapısı” qəzetinə müsahibələrində ölkəmizdə keçirilən növbədənkənar parlament seçkilərinə hazırlıq prosesi barədə apardıqları müşahidələrdən danışıb, Naxçıvanla bağlı təəssüratlarını bölüşüblər:
Khalid Taimur Akram – Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru, beynəlxalq müşahidəçi: – Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün buraya gəlmişik. Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində bir neçə seçki məntəqəsində olduq. Qısa müşahidələrimə əsasən deyə bilərəm ki, həmin məntəqələrdə yaradılan şərait beynəlxalq standartlara uyğundur. Seçki prosesinə belə yüksək səviyyədə hazırlıq görülməsi bir beynəlxalq müşahidəçi kimi məni məmnun etdi. Görülən işlər seçki prosesinin tam şəffaf, obyektiv şəkildə baş tutacağından xəbər verir. Burada olduğumuz müddətdə Naxçıvanın gəzməli yerlərinə ekskursiya da etdik. Təəssüratlarıma əsaslanıb qeyd etməliyəm ki, bura olduqca qədim köklərə malik bir diyardır. Elə təkcə Nuh Peyğəmbərin bu torpaqda yaşadığını söyləmək kifayətdir ki, Naxçıvanın tarixi keçmişi haqqında yüksək fikirlər formalaşsın. Həzrəti Nuhun məqbərəsini ziyarət etdik, Əshabi-Kəhflə tanışlığımız maraqlı oldu, ziyarətgahın bənzərsiz quruluşuna heyran qaldım. Ümumiyyətlə, bir müsəlman olaraq İslam dininin dəyərlərinə hörmətlə yanaşılan Naxçıvan və bu dəyərləri özündə yaşadan abidələrlə tanışlıq mənə xoş təsir bağışladı. Bütün bu yüksək keyfiyyətlərə buradakı mövcud səliqə-sahmanı, nizam-intizamı və insanların mehriban münasibətini də əlavə edəndə bir qonaq nəzərində ideal məkan canlanır.
Mehmood ul-Hassan Khan – Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə ekspert, təhlilçi-yazıçı, beynəlxalq müşahidəçi: – Bu mənim Azərbaycana 4-cü, Naxçıvan Muxtar Respublikasına isə ilk səfərimdir. Növbədənkənar seçkiləri müşahidə etmək üçün gəlmişəm. Burada olduğum müddətdə seçki məntəqələrində müşahidələr apardım, fikirlərim müsbət oldu. Naxçıvanın mədəniyyət ocaqları, tarixi abidələri ilə tanışlıq da mənə xoş təsir bağışladı. Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan muzey, xüsusilə diqqətimi çəkdi, burada dahi şəxsiyyətin 1996-cı ildə Pakistan Respublikasına səfərini əks etdirən fotolar məndə böyük maraq oyatdı. İki ölkənin yaxınlaşmasında Onun gördüyü işlərin, çəkdiyi zəhmətin böyük olduğunu bilsəm də, muzeydəki eksponatlar bu barədə fikirlərimi daha da zənginləşdirdi. Ümumiyyətlə, Naxçıvanda özümü doğma yurdumdakı kimi hiss etdim. Qismət olarsa, gələcəkdə bu diyara bir daha gəlmək istəyirəm.
Muhammed Anver Abbas – “BOL News Network”ün XİN və diplomatik fəaliyyət üzrə müxbiri: – 19 ildir, jurnalistika sahəsində fəaliyyət göstərirəm. Hazırda Pakistanın “Bol tv” televiziya kanalında çalışıram. İşimlə əlaqədar bir sıra ölkələrdə, şəhərlərdə olmuşam, həmin yerlər barədə həm özüm, həm də oxucularım, tamaşaçılarım üçün maraqlı məlumatlar toplamışam. Naxçıvana gəlişim növbədənkənar parlament seçkiləri ilə bağlı olsa da, fəaliyyətimə uyğun müəyyən maraqlı qeydlər götürməyi özümə borc bildim. Səfər çərçivəsində buradakı tarixi abidələri, mədəniyyət ocaqlarını ziyarət etdik, bir jurnalist kimi Heydər Əliyev Muzeyindəki tarixi eksponatlar, Möminə xatın türbəsi, Xan sarayının özünəməxsus tarixçəsi əhəmiyyətliliyi ilə diqqətimi çəkdi. Bələdçilərin bizə qarşı xüsusi nəzakət göstərmələri, eləcə də xarici dildə zəngin məlumat vermələri təqdirəlayiqdir. Düşünürəm ki, buradakı səliqə-sahman, nizam-intizam, sakitlik bir yazarın düşüncələrə dalaraq bədii təfəkkürünü sözlə ifadə etməsi üçün ən gözəl köməkçi vasitədir. Səfər müddətində mən Naxçıvanın sərhədləri, coğrafi mühiti, əhalisi, ixrac potensialı, həmçinin bu torpaqda dünyaya göz açan ulu öndər Heydər Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyəti barədə dolğun məlumatlar öyrəndim. İnanıram ki, bütün bu və digər öyrəndiklərim gələcəkdə Naxçıvan barədə yazı qələmə almağıma vəsilə olacaq.
Shamim Mehmood – “Morning Mail” qəzetinin müxbiri: – Məlum olduğu kimi, biz buraya növbədənkənar parlament seçkiləri ilə əlaqədar gəlmişik. Bu məqsədlə bir neçə seçki məntəqəsində olduq, hazırlıq işlərinin vəziyyəti barədə müşahidələr apardıq. Qanunvericilik tələblərinə uyğun yaradılan şərait, eləcə də veb-kameraların quraşdırılması prosesin tam şəffaf, obyektiv şəkildə baş tutacağını deməyə əsas verir. Naxçıvanla qısa tanışlıq zamanı gəzdiyim yerlər içərisində Heydər Əliyev Muzeyi, xüsusilə marağıma səbəb oldu, öyrəndim ki, ulu öndər həm Naxçıvanın muxtar respublika kimi, həm də Azərbaycanın müstəqil dövlət olaraq inkişafında misilsiz xidmətlər göstərib. Eksponatlar içərisində dahi şəxsiyyətin tarixi nailiyyətləri, ayrı-ayrı dövrlərdə imzaladığı sərəncam və müqavilələrlə yaxından tanış olduq. Bütün bunlar görkəmli dövlət xadiminin müstəqillik mübarizəsini kinolent kimi gözlərimiz önündə canlandırdı. Düzdür, ölkənizin son illərdəki inkişafını əhatə edən məlumatlarım var idi, ancaq buraya səfərim bu bilgilərimin həm tarixi, həm də müasirlik baxımından faktlarla zənginləşməsinə vəsilə oldu. Qədim diyarla tanışlığımdan gəldiyim qənaət budur ki, burada tarixilik qorunur, müasir dövrün tələblərinə uyğun hərtərəfli inkişaf var, eləcə də günümüzün aktual sahələrindən sayılan turizmin təbliği baxımından kifayət qədər iş görülüb.
Tazeen Akhtar – “Pakistan in the World” jurnalının və veb səhifəsinin baş redaktoru, “Daily Azkaar” qəzetinin redaktoru: – Bildiyiniz kimi, buraya gəlməkdə məqsədimiz Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən növbədənkənar parlament seçkilərini və bununla bağlı hazırlıq proseslərini müşahidə etməkdi. Bu baxımdan biz ayrı-ayrı seçki məntəqələrində olduq, müşahidələrimiz məmnunluq doğurdu. Səfər çərçivəsində Naxçıvanın tarixi yerlərinə də səyahət etdik, xüsusilə Heydər Əliyev Muzeyi bizə böyük və xoş təsir bağışladı. Ümumilikdə, bu diyarın keçmişi, adət-ənənəsi, milli-mənəvi dəyərləri ilə bağlı xeyli məlumat öyrəndik. Şəhər olduqca təmiz, baxımlı və gözoxşayan mənzərələrlə zəngindir. Ayrı-ayrı küçələrin, prospektlərin dizayn xüsusiyyətləri, quruluşları, şəhərsalma mədəniyyətinə uyğunluğu belə deməyə əsas verir ki, burada tikinti-abadlıq işlərində kəmiyyətlə yanaşı, keyfiyyətə də xüsusi önəm verilir. Sakinlərin də qurulanlara, ətraf mühitə qarşı həssaslığının şahidi olduq, insanların təmizliyə riayət etmələri, həqiqətən də, təqdirolunası haldır. Bir jurnalist kimi Vətənimə qayıtdığım zaman Naxçıvanın iqtisadi inkişafı, turizm potensialı, təhsil səviyyəsi barədə yazı qələmə almaq niyyətindəyəm. Düşünürəm ki, xarici ölkə vətəndaşları bu diyar barədə çox şey öyrənməli, gəlib buradakı gözəllikləri öz gözləri ilə görməlidirlər.
Nail ƏSGƏROV