Artıq başa çatan 2019-cu il Naxçıvan teatrı üçün də son dərəcə əlamətdar və yaddaqalan oldu. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq 22 may-19 iyun tarixlərində “Xalq teatrlarının muxtar respublika festivalı” keçirildi. Festival çərçivəsində maraqlı tamaşalar təqdim olundu. Naxçıvan Dövlət Musiqili Dram Teatrı Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramını səhnələşdirib, görkəmli dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi ilə əlaqədar ədibin əsərləri əsasında “Ölülər və dəlilər” tamaşasını hazırlayıb. Sonuncu tamaşa Türkiyə Respublikasının Qars şəhərində də uğurla nümayiş olunub. Səhnə əsərlərinə özünəməxsus quruluşlar verən və canlandırdığı maraqlı obrazlar ilə sevilən, 60 yaşına qədəm qoyan Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun da bu tamaşaların hazırlanmasında böyük rolu olub.
Bəli, Şeyx Ömər Osman, Rəsul Rza, Əkrəm, Xəyyam, Molla Abbas, Şeyx Hadi, Şeyx Sənan, Gilbert və adlarını sadalamadığım neçə-neçə fərqli obrazların həyat tərzini, daxili aləmini məharətlə üzə çıxararaq onları geniş auditoriya qarşısında canlandıran, həmin surətləri yaşadan bir ömür barədədir söhbətim. Əməkdar artist Tofiq Seyidov ömrü... Kiminin müəllimi, kimininsə aktyor həmkarı olan, uzun müddət bir kənddə yaşadığım bu səhnə adamının yerişində, duruşunda, üz cizgilərində də, sanki onlarla tarixi şəxsiyyətin mübarizə əzmi, həyat yaşantıları gizlənib. Uca Yaradanın bəxş etdiyi xüsusi istedadı, aktyora xas xarici görkəmi və zəngin daxili dünyası sayəsində yaratdığı müxtəlif obrazlar, peşəkarlıqla quruluş verdiyi rəngarəng tamaşalar sənətkarı qısa zamanda teatrsevərlərə sevdirə bilib...
Tanınmış sənətkarın həyat və fəaliyyətinə qısa nəzər salaraq deyim ki, Tofiq Seyidov 1959-cu il avqust ayının 2-də Babək rayonunun Zeynəddin kəndində ziyalı ailəsində dünyaya göz açıb. Lap erkən yaşlarından mədəni-kütləvi tədbirlərin fəal iştirakçısına çevrilib, yuxarı siniflərdə istedadlı məktəblilərdən ibarət dram dərnəyi yaradıb, kiçik səhnə əsərləri üzərində işləyib. Məktəbin 8-ci sinfində oxuyarkən quruluş verdiyi Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyasını seyr edən müəllimləri bu balaca oğlanın böyük istedadına heyran qalır. Sənət, peşə sahibləri də təsdiqləyərlər ki, yaradıcı insan deyilən sözə, irəli sürülən fikrə qarşı çox həssas olur, fəaliyyəti ilə bağlı xoş söz eşidəndə daha da həvəslənir. Müəllimlərindən eşitdiyi rəğbət dolu sözlər də gənc Tofiqi teatr işinə daha da həvəsləndirir, onun sonrakı fəaliyyətində stimul rolunu oynayır. Beləcə, həmin gündən sonra o həm məktəbdaxili tədbirlərdə fəal iştirak edir, həm də o zaman Naxçıvan şəhərində yerləşən 1 nömrəli mədəniyyət evinin “Gənclik” xalq teatrının üzvü kimi aktyorluq bacarığını artırmağa çalışır. Orta məktəbi bitirdikdən sonra bir neçə il teatrdan, səhnədən aralı düşsə də, bu hal heç də uzun sürmür...
XX əsr fransız filosofu Jan Pol Sartrın yaxşı bir sözü var. Deyir ki, istedad insana verilmiş borcdur. İnsanın sonrakı həyatı onun həmin borca layiq olub-olmadığını müəyyən edir. Elə Tofiq Seyidov da bir neçə il teatr sənətindən uzaq düşməsinə baxmayaraq, öz zəhməti hesabına qısa zamanda bu borca layiq olduğunu sübut edir. Belə ki, 1977-ci ildə Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında qeyd etdiyimiz “Gənclik” xalq teatrında hazırlanan tamaşada onun oynadığı Bəhram obrazı sonrakı taleyinin əsaslı dönüş nöqtəsi olur. Bir il sonra Bakı şəhərində keçirilən “Teatr baharı” festivalında nümayiş olunan həmin səhnə əsəri I yerə layiq görülməklə kollektivə, xüsusilə də Tofiq Seyidova böyük uğur gətirir. Qalibi müəyyən etmək üçün təşkil olunan münsiflər heyətinin rəhbəri, SSRİ Xalq artisti, Azərbaycanın görkəmli teatr-kino rejissoru Ədil İsgəndərov bu gəncin istedadına yaxından bələd olur və qarşısında geniş üfüqlərin açılması üçün ona indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə imtahan verməyi məsləhət görür. Tofiq müəllim elə həmin il imtahanda uğur qazanaraq adıçəkilən ali təhsil ocağının Dram və kino aktyorluğu fakültəsinə qəbul olunur. Təhsil aldığı illərdə universitet teatrında səhnələşdirilən tamaşalarda uğurlu rolları ilə yanaşı, rejissor assistenti kimi də yaddaşlarda iz buraxır. 1982-ci ildə ali təhsil ocağını müvəffəqiyyətlə başa vuran Tofiq Seyidov təyinat əsasında Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor kimi peşəkar fəaliyyətə başlayır. Həmin dövrdə səhnədə öz sözünü demiş Miribrahim Həmzəyev, Vəli Babayev, Zəroş Həmzəyeva və Baxşı Qələndərli kimi teatr korifeyləri ilə bir səhnəni bölüşmək onun üçün böyük təcrübə məktəbi olur. İllər ötdükcə sənətinə daha sıx tellərlə bağlanan aktyor 1987-ci ildə müxtəlif tamaşalarda ikinci rejissor kimi də özünü sınayır və uğurlu fəaliyyətinə görə 1989-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə Moskvada təşkil edilən ikiaylıq rejissor kursuna göndərilir.
1990-cı illərin ağrılı-acılı, müharibə məşəqqətli günləri bütün sahələr kimi, teatr sənətinin də inkişafına təsirsiz ötüşmür, bir neçə il ərzində səhnə aktyorsuz, tamaşa rejissorsuz qalır. Lakin ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra insanların teatra, tamaşaya marağı yenidən özünə qayıdır. Tofiq Seyidov da Naxçıvan teatrının çətin sınaq dövrünə şahidlik edir, onu yenidən dirçəltmək üçün əlindən gələni əsirgəmir. Aktyorların çatışmadığı dönəmlərdə bir sıra tamaşalarda həm rejissorun, həm də bir neçə rolun məsuliyyətini öz üzərinə götürür. Sənətkar Naxçıvan teatrının səhnəsində “Əlincə qalası” tamaşasında Şeyx Ömər Osman, “Atamın kitabı”nda Məmməd Araz, “Bir gün də insan ömrüdür” tamaşasında Rəsul Rza, “Uçurum”da Əkrəm, “Xəyyam”da Xəyyam, “Ölülər və dəlilər”də Molla Abbas, “Şeyx Sənan”da Şeyx Hadi, “Mənim tanrım gözəllikdir, sevgidir”də Şeyx Sənan, “Məni qınamayın”da Şahin obrazları ilə tamaşaçı rəğbəti qazanıb. Tanınmış rejissor “Manqurt”, “Russayağı evlənmə”, “Müsyö Jordanın Qarabağa səyahəti”, “Nadir şah”, “Nadanlıq”, “Hacı Qara”, “Danışan kukla”, “Balaca şahzadə”, “Qılınc və qələm”, “Xəyyam”, “Ölülər və dəlilər” və digər tamaşalara uğurlu quruluş verib.
2012-ci ildən Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olan Tofiq Seyidov gənc aktyorların yetişməsində, onların teatra cəlbində böyük əmək sərf edib. Onun yorulmaz fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib, 2016-cı ildə Prezident mükafatına, 2017-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülən sənətkar 2015-ci ildən Naxçıvan Dövlət Uşaq Teatrına rəhbərlik edir. Ötən dövr ərzində həmin teatrda hazırlanan şair Abdulla Şaiqin “Danışan kukla”, eləcə də özünün müəllifliyi ilə “Kosanın kələyi”, “Bahar qızı küsüb”, “Tənbəl Əhməd” və digər tamaşalar balaca teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Bundan başqa, teatr kollektivi Naxçıvan Uşaq Bərpa Mərkəzinin əməkdaşları ilə birlikdə sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə mütəmadi olaraq tamaşalar hazırlayırlar.
Artıq sona çatmaqda olan il tanınmış səhnə ustası üçün onun 60 illik yubileyinin Mədəniyyət Nazirliyinin təşkilatçılığı, doğma sənət dostlarının əhatəsində yüksək səviyyədə qeyd olunması ilə yaddaqalan olub. 60 illik ömrünün çoxunu maarifpərvər işə həsr edən, 70-ə yaxın obrazı canlandıran, 25 tamaşaya quruluş verən, 12 əsərin müəllifi Tofiq Seyidovla söhbətim elə onun öz evi qədər doğma hesab etdiyi teatr zalında – “Teleskop” əsərinin məşqləri zamanı baş tutur.
Tofiq müəllim böyük Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin “Millətin mədəni-mənəvi tərəqqisi bundan çox asılıdır. Teatr tərbiyə ocağı, artist də tərbiyə edəndir” fikirlərini xatırladaraq deyir ki, Mirzə Cəlil ideyalarına söykənən Naxçıvan teatrı bütün dövrlərdə insanları maarifləndirən müqəddəs məbədgah rolunu oynayıb. Müasir dövrümüzdə texnologiyaların həyatımızın hər sahəsinə sirayət etdiyi, hər vasitə əlçatan olduğu bir vaxtda tamaşaçını teatra cəlb etmək, onda səhnə əsərinə qarşı həvəs yaratmaq çox çətindir. Teatra gələn tamaşaçı hər dəfə fərqli obrazları, fərqli süjet xəttini, hadisəni izləmək istəyir. Bu mənada, mən də hazırladığım tamaşalarda onların maraq dairəsinə uyğun yeni bir kompozisiya qurub təqdim etməyə çalışıram. Nümunə kimi, Azərbaycan teatr səhnəsində ilk dəfə nümayiş olunan görkəmli Norveç dramaturqu Henrik İbsenin “Kuklaların evi”, Belçika dramaturqu Moris Meterlinkin “Göy quş”, rus yazıçısı Aleksandr Qriboyedovun “Ağıldan bəla” tamaşalarını göstərə bilərəm. Səhnə əsərinin nə dərəcədə uğurlu alındığını isə, təbii ki, tamaşaçı alqışları, ünvanımıza söylənən sözlər xəbər verir.
Bildiyimiz kimi, aktyor tamaşaçı zövqünü oxşamaq, onun rəğbətini qazanmaq üçün bir-iki ay yorulmadan məşq edir və bəzən gözlədiyinin əksi də baş verə bilir. Bu baxımdan sənətə yeni qədəm qoyanlar daha həssasdırlar, elə onlara xitabən deyirəm ki, səhnə adamı müsbət fikirlərdən ruhlandığı kimi, tənqid eşidən zaman da gərək dözümlü olsun, vaxtında nəticə çıxarıb öz üzərində işləsin. Yalnız belə olan halda bu çətin və məsuliyyətli sənətdə uğur qazanmaq mümkündür. Təvazökarlıqdan uzaq olmasın. Bir neçə il bundan öncə baş verən bir hadisəni xatırlatmaq istərdim. 2015-ci ildə tanınmış dramaturq Əli Əmirlinin “Varlı qadın” tamaşasının premyerasından sonra foyeyə çıxanda bir-iki ailə ilə qarşılaşdım. Onlar dedilər ki, biz Türkiyədən qonaq gəlmişik. Bilməzdik ki, sizin teatrda belə maraqlı tamaşalar oynanılır, yüksək səhnə mədəniyyətinə malik bacarıqlı gənc aktyorlarınız var. Beləcə, bu müsbət fikirlər gənclərimizə böyük stimul oldu və növbəti tamaşalarımız da çox uğurlu alındı.
Tofiq Seyidov onu da qeyd edir ki, rejissor ümumi tamaşaya məsuliyyət daşıdığı halda, aktyora tək bir rol həvalə olunur. Bunun üçün də aktyor tamaşaçılara özünü rejissordan daha asan sevdirə bilir. Dünya teatr təcrübəsində də belədir ki, rejissor səhnədən tam uzaqlaşmır, ara-sıra aktyorluq fəaliyyəti ilə də məşğul olur. İndiyədək tamaşaların çoxunda mən həm aktyor, həm də rejissor kimi çıxış etmişəm. Oynadığım bütün obrazlar mənim üçün dəyərli və əzizdir. Lakin dahi dramaturq Hüseyn Cavidin “Xəyyam” əsəri əsasında hazırlanan eyniadlı tamaşada canlandırdığım Xəyyam obrazının qəlbimdəki yeri başqadır, əvvəldən sonadək, sanki öz həyatımda baş verənləri yaşayırdım. İllər ötsə, zaman dəyişsə də, Xəyyamı heç vaxt unutmaram. Çünki mən özümü bir aktyor kimi məhz Xəyyam surətində tapa bildim... Bu obraz həm də 60 illik həyatımdakı yaradıcılıq fəaliyyətimin səhnə hesabatı kimi mənə əzizdir.
Dahi şairimiz Nizami Gəncəvi deyirdi: “Bir elmi öyrənmək istədikdə sən, çalış ki hər şeyi kamil biləsən”. Dillər əzbəri olan bu ifadə bizə seçdiyimiz sənəti, çalışdığımız peşəni dərindən yiyələnib orada özümüzü tapmağı təlqin edir. Onlarla fərqli obrazı bir ömrə sığdıran, sənətdə özünü tapan sənətkarı – Tofiq Seyidovu daim teatr səhnəsində görmək diləyi ilə...
- Nail ƏSGƏROV