22 Dekabr 2024, Bazar

Cümə günü sübh çağıdır. Yolum ucqar dağ kəndinədir. Paytaxt Naxçıvan şəhərindən gedəcəyim ünvanı 30 kilometrə yaxın məsafə ayırır. Elə bunun üçün də səhərin erkən saatlarından yola çıxıram. Yolboyu gözlərim qarşısında şaxtalı, sazaqlı qışın bir-birini tamamlayan bənzərsiz mənzərələri fonunda füsunkar görünüşlü, abad, büsatlı günlərini yaşayan Hacıvar, Badaşqan, Yarımca kəndləri canlanır. Artıq bir neçə gündür ki, yerin göyə olan sevdasından ağ örpəyə bürünən ağaclar, nizamlı əsgər kimi sıra ilə düzülən, bu gözəl yurdumuzu bədnəzərlərdən “qorumağa çalışan” başıqarlı dağlar mahir rəssamın incə zövqlə işlədiyi gözəl bir qış tablosunu xatırladır, mənə. Çox keçmir ki, dağların sinəsinə çökən sis, duman yamaclara, həyətlərə də yayılır, çöllük ərazilərdə səssizlik hökm sürür.

Kiminə hüzur bəxş edən, ruhuna həzin musiqi kimi sığal çəkən, kiminin də qəlbində yeni ümid qığılcımları oyadan nostalji duyğularla dolu bu qış nəğməsinin sözləri elə bil ömrünün ahıl çağlarını yaşayan bir insanın könlündən şirin xatirə tək süzülüb gəlir:

Bahar həsrətiylə çağlayır külək,
Pərişan ağaclar sazaqdan əsir,
Durna qatarının sonuncusutək,
Ömür son mənzilə yaman tələsir.

Munis duyğularla mürgüləyən təbiətin səsini dinləmək üçün avtomobilin istidən tutqunlaşmış şüşəsini azacıq endirəndə bir andaca içəri tələsən qışın ayazlı yeli üzümə çırpılır. Yanımda əyləşib mənimlə birgə ətraf aləmi seyr edən, bu yerlərə yaxşı bələd olan yolyoldaşım yalçın qayalardan üzübəri uzanan quru sahələri göstərərək deyir ki, yaz-yay aylarında yolun bu tərəflərə düşsə, bax o gördüyün qırovlu, şehli yerlərdə boy göstərən taxıl zəmilərinin, yamyaşıl otların, güllü-çiçəkli ağacların fonunda özünü əsl cənnətməkanda hiss edərsən. Söhbətin şirin yerində yolun sol hissəsində qış yuxusuna gedən qupquru dərələrin arası ilə üzüaşağı axan su diqqətimi çəkir və mənbəyini axtararkən bir mənzərə qarşısında qeyri-iradi lal sükuta qərq oluram. Çöllük ərazidə suyun fontan verərək 3-4 metr şahə qalxmasını düzü ilk dəfədir, görürəm və yolyoldaşımın “Bu da səsi-sorağı dillərdə gəzən Nəhəcir suyu” sözlərindən sonra fəvvarənin ətrafında dayanan insanların yanına tələsirəm. Bu barədə maraqlı məlumatlar öyrənirəm. Kənd sakinlərinin sözlərinə görə Nəhəcir dağının ətəyindən çıxan bu mineral sudan mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər, həmçinin qanazlığı olanlar geniş istifadə edir və indiyədək çox sayda insanın faydasını gördüyü məlumdur. Deyilənə əsasən yaz-yay aylarında bu bulağın ətrafı qonaqlı-qaralı olur, ərazidə qoyulan oturacaqlar da istirahətə gələnlərin rahatlığı üçündür. Su hər 40-50 dəqiqədən bir qaynayıb üzə çıxır, təxminən, 3-4 metr hündürlüyədək fəvvarə vurur və sonra proses eyni qaydada təkrar olunur.

Nəhəcir bulağı haqqında qeydlərimi bitirdikdən sonra yola davam edirik. Çox keçmədən həmişəyaşıl ağaclarla bəzənən təmiz, səliqəli səkilərlə iş-güc dalınca tələsən insanlara rast gəlirəm. Budur, qarlı, buzlu Nəhəcir kəndinin qədimliyi ilə müasir növrağının əyani təsviri. Bir tərəfdə yaşı minilliklərlə ölçülən Nəhəcir dağı və ətəyindəki ata-babalarımızın məğrurluq simvolu sayılan qala, digər yanda da müasir kənd və xidmət mərkəzləri, məktəb binası, eləcə də baxımlı, yaraşıqlı evlər. Təhsil ocağının tarix müəllimi Hicran Novruzovla kəndin keçmişinə qısa ekskursiya edirik. Deyir ki, aparılan arxeoloji tədqiqatlar nəticəsində kəndin tarixinin eramızdan əvvəl 3-cü minilliyə, Orta Tunc dövrünə gedib çıxdığı məlumdur. Qazıntılar zamanı ərazinin şimal-şərq hissəsində tapılan müxtəlif maddi mədəniyyət nümunələri, o cümlədən küpələr, kasatipli qablar qədimdə burada boyalı qablar mədəniyyətinin formalaşdığını göstərir. Şərq hissədən aşkar edilən nekropol, qəbirlər, eləcə də qərbdəki 7-8-ci əsrlərə aid köhnə möhrə evlər, Nəhəcir dağının ətəyindəki qalanın qalıqları kəndin qədimliyini sübut edən əsas elementlərdir. Zaman ötdükcə təbii proseslər nəticəsində həmin tikililərin bir çoxu dağılıb məhv olsa da, Nəhəcir qalası hələ də öz əzəmətini qoruyub saxlayır. Eyni zamanda kəndin cənub hissəsində, “kürənin üzü” deyilən yerdə dulusçuluq sobaları, boya hazırlanan yer də tapılıb ki, bu da vaxtilə insanların qədim sənətkarlıq sahələri, xüsusilə də dulusçuluqla məşğul olduqlarını deməyə əsas verir. Yaşlı insanların sözlərinə görə, kənd bir vaxtlar həm də arandan yaylağa köç edənlərin məskən saldığı yer kimi də tanınıb. Əvvəllər Nəhəcir dağının ətəyindən çıxan iki bulağın hesabına sakinlər həm suvarma, həm də içməli su tələbatını tam ödəsələr də, uzun illər quraqlıqların hökm sürməsi həmin su mənbələrinin ehtiyatlarının xeyli azalması ilə nəticələnib. İndi camaat bu bulaqlardan yalnız içməli su kimi istifadə edir.
Kəndə qısa ekskursiya zamanı evlərin əhatəsində boy göstərən böyük təsərrüfat sahəsi diqqətimi çəkir. Əraziyə yaxınlaşıram. Burada yaşı 70-i haqlamış kənd sakini Seyran Məmmədov məni qarşılayır. Öyrənirəm ki, hazırda 90-a yaxın iribuynuzlu heyvan saxlayan təsərrüfatçı ötən əsrin sonlarında Naxçıvan şəhərinə köçsə də, bir neçə il bundan öncə yaradılan əlverişli şəraitdən istifadə etmək üçün yenidən kəndə qayıdıb. Bu barədə deyir:

– Kəndimiz, sözün həqiqi mənasında, başdan-başa dəyişilib, başqa sözlə, mən buradan gedən dövrdəki Nəhəcirdən əsər-əlamət belə, qalmayıb. Yollar abadlaşıb, nimdaş tikililərin yerində yaraşıqlı evlər salınıb, müasir kənd və xidmət mərkəzləri ucaldılıb, kənddə yeni ailələr məskunlaşıb. Məktəbdə uzun illər pedaqoji fəaliyyətlə məşğul olduğum üçün deməliyəm ki, əvvəllər ilin bu dövründə həm şagirdlər, həm də müəllimlər narahatlıq keçirərdilər. Çünki dağlıq ərazidə yerləşən Nəhəcirdə qış aylarında kəskin soyuqlar müşayiət olunduğu üçün məktəbdə dərs keçmək, uşaqları tədrisə cəlb etmək işi olduqca çətinləşir, mövsümi xəstəliklər kütləvi hal alırdı. Şəraitsizlik ucbatından dərs prosesində ləngimələr baş verir və bu da, təbii olaraq, tədris ilinin sonunda keçirilən imtahanlarda göstəricilərin aşağı düşməsi ilə nəticələnirdi. Ancaq bir neçə il bundan öncə kəndə qayıtdığımda bunun tam əksinin şahidi oldum, nəvələrimi məktəbə apararkən siniflərlə qısaca tanışlığımda gözlərimə inana bilmirdim: təmizliyi ilə gözoxşayan müasir məktəb binası, elektron lövhəli siniflər, zəngin kitabxana, laboratoriya və daha nələr. Bir vaxtlar xəyalını belə, qura bilmədiyimiz nə vardısa, hamısı reallığa çevrilmişdi.
Onu da deyim ki, kəndə qayıdan kimi pay torpağımı əkib-becərməyə başladım və 2017-ci ildə gördüyünüz bu təsərrüfat sahəsini qurdum. Əvvəllər təsərrüfatımda xırdabuynuzlu heyvanlara üstünlük verirdim, ancaq sonralar tələbatı nəzərə alıb əlimə iribuynuzlu mal-qara saldım. Tədarük olunan məhsulun yaxşı da bazarı var, necə deyərlər, təbii südün, pendirin, şorun, kərənin müştərisi başının üzərindədir. Həftə sonları Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasında istehsal etdiyim məhsulları heç bir rüsum ödəmədən sərfəli qiymətə sata bilirəm. Maşınım da var, lazımi avadanlıqlar da ki yerli-yerində.
Nəhəcirlə tanışlıq zamanı onu da öyrənirəm ki, artıq bir neçə ildir, yaz-yay aylarında qonşu kəndlərdən buraya onlarla arı ailələri gətirilir. Bu da təbiidir. Çünki bol məhsul əldə etmək üçün köçəri arıçılıq mütləqdir. Bu barədə qısa tanışlıq belə deməyə əsas verir ki, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər Nəhəcirli arıçıların da bu sahəyə marağını xeyli artırıb, ötən illərdə keçirilən festivallarda onların istehsal etdikləri məhsullar böyük alıcı marağına səbəb olub. Arıçı Kərəm Ələkbərovun bu gəlirli sahə üzrə böyük təcrübəsi var. Hazırda təsərrüfatında 70-ə yaxın arı ailəsi bəsləyən Kərəm kişi deyir ki, müqəddəs “Qurani Kərim”də adıçəkilən bal arısının insanlara bəxş etdiyi faydaları saymaqla tükənməz. Təsadüfi deyil ki, dünyanın bir sıra tanınmış alim və filosofları da bu möcüzəvi nemətin qeyri-adi gücünə heyranlıqlarını gizlətməyiblər. Ata-babalarımızdan həmişə eşitmişik ki, bal yeyən yüz yaşayar. Bəli, kim uzun və sağlam həyat sürmək istəyirsə, gərək süfrəsindən yağ-balı əskik etməsin.
Təsərrüfatçı onu da deyir ki, arı saxlamağa başladığım ilk vaxtlarda işin yalnız maraqlı cəhətləri diqqətimi çəksə də, sonralar təcrübəsizlikdən bərkə-boşa da az düşmədim. Atalarımız hədər yerə söyləməyib ki, başına gələn başmaqçı olar. İndi daha əvvəlkitək çətinlik çəkməmək üçün işimi etibarlı tuturam, hər tədbiri vaxtlı-vaxtında, dəqiqliklə yerinə yetirirəm. Arıçılıqla bağlı yenilikləri öyrənməyə can atıram, daim axtarışdayam. Əks-təqdirdə uğur qazanmağın asan olmadığını yaxşı bilirəm. İşə başladığım ilk vaxtlarda məhsuldarlıq aşağı olsa da, zaman keçdikcə çəkdiyim zəhmət öz bəhrəsini verdi. Hazırda qış ayları olduğu üçün arı ailələrini soyuqdan, xəstəlikdən qorumaq əsas qayğımdır. Bu sahəyə yeni başlayanlara məsləhət kimi deyim ki, ilin soyuq vaxtlarında yeşiklər təmiz və quru yerdə saxlanılmalı, xəstəlik yarandıqda dərhal dezinfeksiya edilməlidir. Arı təmiz heyvandır, haram işi qətiyyən sevmir. Gərək onunla xoş rəftar edəsən, körpə uşaq kimi, arılarla da dil tapmağı bacarmalısan. Nəhəcirin gözəl təbiəti arıçıların işini xeyli asanlaşdırır. Dövlətimiz də bu sahəyə qayğı ilə yanaşır, hər il muxtar respublikamızda arıçılıqla bağlı festivalın keçirilməsi də işimizə böyük köməklik edir. Ötən illərdə mən də həmin məhsul bayramlarında iştirak edib, istehsal etdiyim məhsulları sərfəli qiymətə sata bilmişəm. Yaradılan imkanlar üçün arıçılar adından dövlətimizə minnətdarlıq edirəm.

Kəndin maraqlı cəhətlərindən biri də bir nəfərlə söhbət edərkən ətrafdakı digər sakinlərin də yaxınlaşaraq məsələyə öz münasibətlərini bildirmələridir. Elə arıçı Kərəm Ələkbərovla ünsiyyət zamanı da kənd adamlarından bir neçəsi yaxınlaşaraq söhbətə qoşulur. Onlar təbii məhsullar üçün dükan-bazara üz tutmadıqlarını, öz həyətlərində, torpaq sahələrində əkib-becərdiklərini söyləyirlər. Zəhmətkeş insanlara işlərində uğurlar arzulayıb sağollaşıram. Artıq axşam saatları yaxınlaşdığından şaxta-sazaq şiddətlənməkdədir. Yağan qarın soyuqluğu sümüklərə işləyir. Daha bir yolçuluğun sonu yaxınlaşır. Nəhəcirdən ayrılanda arxaya qanrılıb kəndin qədimliyi və müasir görkəminin fonunda doyumsuz qış mənzərələrinə yenidən tamaşa edir, güllü-çiçəkli, barlı-bəhərli bahar günlərində görüşmək ümidiylə vidalaşıram...

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR