22 Dekabr 2024, Bazar

(poema)

95 yaşıdır Naxçıvanımın,
Təbriklər səslənir onun şəstinə.
Muxtariyyət adlı bu salnamənin,
Şəhid qanı dəyib dəsti-xəttinə.

 

Ey ötən yüzilliyin doxsanıncı illəri,
Usanmadan sızlatdın qüssəli könülləri.
Ağrılı günlərini yaşadı qədim diyar,
Soldu açan çiçəklər, qurudu bağlarda bar.

Ermənilər göz dikdi hər qarış torpağına,
Keçdilər sovetlərin soluna, gah sağına.
Gördülər igidlərin qarşısında heçdilər,
Fitnə-fəsad törədib hiylə yolu seçdilər.
Gecə-gündüz düşünüb, xam xəyallar qurdular,
“Naxçıvan bizim”, – deyə ağ yalan uydurdular.
Alınmaz qala adlı tarix yazdı Sədərək
İllərin ağrısına, acısına dözərək.
Vermədilər torpağı axıdaraq qanların,
Adı dillərə düşdü həmin mərd oğlanların.
Yox idi o illərdə güclü, qüdrətli ordu,
Qəhrəmanlar, igidlər ana yurdu qorudu.
Açıram tarixin həmin şanlı səhifəsin,
Görürəm 70-lərin mübarizlik töhfəsin.
Əbülhəsənov Hidayətlə Zamanov Fazil
Etdilər düşmənləri tutduğu işə rəzil.
Şahverdiyev Mübarizlə İsmayılov Mehman
Qanlarıyla yazdılar Şəhidlik adda dastan
Sadalamaqla bitməz igidlərin ad-sanı,
Qürur mənbəyimizdir Şəhidlər xiyabanı.

...Yolum düşür bu müqəddəs məkandan,
İllər geri dönür sanki o andan.
Gözlərim önündən keçir məzarlar,
Şəhidlik andını içir məzarlar.
Orada yaşlı bir qadın görürəm,
Əlində bükülü al qərənfillər.
Şəhid anasıdır yəqin edirəm,
Məzarın önünə sərilir güllər.
Nigaran nəzərlə baxır məzara,
Dağlayır könlümü şəhid anası.
Zaman dəyişsə də silinmir heç vaxt,
Ananın qəlbindən oğul yarası.
Deyir Çəmən xala: Oğlum Mehmanın
Şəhidlik adıyla öyünürəm mən.
Məğrur oğulları var olduqca bil,
Əyilməz, bükülməz yaşayar Vətən!
Çəmən xala bir bayatı söyləyir,
Şəhidlərin ruhunu yad eyləyir:
Əzizim Vətən gərək,
Düşmənə kəfən gərək.
Şəhid olub oğullar,
Vətən, Vətən deyərək.

Günlər aylar oldu, aylarsa illər,
Düşdü salnaməyə yeni fəsillər.
Göy üzü buluda qərq olan zaman,
Bir Günəş parladı, çəkildi duman.

...Dəydi Oğuz yurduna ulu Heydər qədəmi,
Tufanları dəf etdi sahibsiz qalmış gəmi.
Sədərək-Dilucu, “Ümid” körpüsü çəkildi,
Naümid ürəklərə ümid gülü əkildi.
Sökülüb məhv edildi aradakı məftillər,
Qovuşdu bir-birinə həsrət dolu könüllər.
Qardaşlıq mahnısını oxudu Araz çayı,
Gəldi ömrümüzün güllü, çiçəkli ayı.
Xalq öz xilaskarına əbədiyyət yaratdı,
Onun şücaətilə millət nicata çatdı.
İnsanların qəlbində yarandı böyük dastan,
Atəşkəslə kəsildi su yerinə axan qan.
Keçmişi xatırlayıb, düşüncəyə dalıram,
Xalqımın folkloruna geniş nəzər salıram.
Yüz illərdi dillərdə səslənir bayatılar,
İgidlərin şəstinə bəslənir bayatılar:
Əzizim Ordubada,
Yol gedir Ordubada.
Sərkərdə igid olsa,
Verməz heç ordu bada.
Vətənpərvər el oğlu torpağını qorudu,
Yadlara baş əymədən yaşadı Oğuz yurdu.

...24 il öncə açıldı yeni səhifə,
Şəhərimə, kəndimə olundu böyük töhfə.
Pöhrələdi, boy atdı bağlarda gül-çiçəklər,
Bir amalla, məqsədlə vurdu bütün ürəklər.
Ordumuzun qüdrəti günü-gündən çoxaldı,
Bədxah qonşularımın canına qorxu saldı.
Polad kimi bərkidi silah tutan oğullar,
Gerçəkliyə çevrildi əfsanələr, nağıllar.
Əvvəl heç bir evdə tapılmazdı qaz, işıq,
Uzaqdakı qohumla baş tutmazdı danışıq.
O ağrılı illəri hərdən yada salırıq,
Firavan gələcəyin müjdəsini alırıq.
Sevincə çevrilibdir artıq həmin qüssələr,
Növrağına qovuşub bu gün hərbi hissələr.
Hətta dağın başında yaradılıb istilik,
Ürək açır görəndə kazarmada təmizlik.
Vətənin keşiyini çəkən oğlun anası
Qədirbilən dövlətə edir xeyir-duasın.

Ötən ay yolum düşdü ön xətdəki bölməyə,
Gördüm dik baxışları, şücaətli qolları.
Mətin addımlar ilə qalxdılar dağ başına,
Yağış, külək, duman, çən bağlasa da yolları.
Görüşüb söhbət etdim həmin oğullar ilə,
Əsgər məktubu gördüm mən birinin əlində.
Könlüm pərvaz eylədi munis duyğular ilə,
Eşidəndə məktubu o əsgərin dilindən.
Deyir: – Yazmışam, mənim əziz anam və atam,
Heç nigaran qalmayın keçir xidmətim əla.
Burada öyrənmişəm ər, ərənlik dərsini,
Aydınlıq gətirmişəm çox qaranlıq suala.
Komandirlər bizimlə böyük qardaş kimidir,
Onlardan öyrənirik dərin bacarıq, bilik.
Bədənim də bərkiyib, elə bil daş kimidir,
Görən deyir düşübdür, yaman sənə əsgərlik.
Əzəldən söylənibdir dost dar gündə sınanar,
Burada dərk etmişəm bu cümlənin hikmətin.
Dost olan şəxs dostunun zəhmətinə qatlanar
Dəyəri çox böyükdür “dostluq” adlı sərvətin...

Oğlunu əsgərliyə göndərən Sənəm xala
Deyir: – Get xidmət eylə adına layiq, bala.
Söhbət açır yurdumun obasından, elindən,
Bir bayatı səslənir o an onun dilindən:
Bu dağlar, ulu dağlar,
Əzəldən ulu dağlar.
Dostuna arxa olar,
Düşmənə yolu bağlar.
Əsgər gedən nəvəsin vəsf edir Şövkət nənə,
Sözlərinin hiddəti təsir eyləyir mənə:
Əzizim əsgər gedər,
Sərhədə sipər gedər.
Bu yurda xor baxanı,
Ölümdən betər edər.
Möhsün kişi oğlunu yola salır xidmətə,
Bayatıyla oğlanı səsləyir qətiyyətə:
Əzizim, əsgər oğlum,
Qoru yurdu, nər oğlum.
Yadlara boyun əyməz,
Namərdi əzər oğlum.

...2017-nin bir payız səhərində,
Ulu Şərqin qapısı Naxçıvan şəhərində.
Təntənəli surətdə keçirildi bir parad,
Bütün aləmə saldı böyük səs-səmir, parad.
Ordu salnaməsinə bəxş edildi bir vüqar,
Lərzə düşdü canına, həşir qopardı haylar.
Gördü bütün dost, düşmən
ordumun qüdrətini.
Müasir texnikanın
döyüş məharətini.
Nizamlı addımların
sədasın aldı düşmən.
Zirehli maşınların
zəhmində qaldı düşmən.
Bildilər ki, Babəkin, Koroğlunun nəvəsi,
Qolundadır qüvvəti, dilində haqqın səsi.
Yeridikcə texnika düşdü yollara ləpir,
Erməni qozbellisi qazdı özünə qəbir.

...2018-in yetişdi may günləri,
Həsrətin, intizarın açıldı düyünləri.
Mübariz əsgərimiz döyüş andını içdi,
Qondarma sərhədləri ayaqla əzdi, keçdi.
Yazıldı “Günnüt” adlı qalibiyyət nəğməsi,
Doğma torpağımızda ucaldı azan səsi.
Qayıtdı günnütlülər əziz, ana torpağa,
Xatirələr oyandı, ürəklər döndü dağa.
Məzarların önündə surə, ayə oxundu,
Yaradıcı əllərin nəvazişi toxundu.


İndi Günnütümdə ucalır göyə
Şəhid qanlarından güc alan bayraq.
Qalxıbdır əlçatmaz yüksək zirvəyə,
Zəfər məramıyla ucalan bayraq.

Həsrətin, hicranın sonu gəlibdir,
Geyməyə qələbə donu gəlibdir,
Qəddar ermənidən onu gəlibdir,
Bata bilməyibdir bir ər oğula,
Adil Tatarov tək bir nər oğula.

Çağırır bizi Günnüt, qonağım ol, – söyləyir.
Yurddaşının yolunu neçə ildir gözləyir.
Gəlin onun hüsnünə bayatılar söyləyək.
Bu eldən köçənlərin ruhunu şad eyləyək.

Əzizim, Günnütə gəl,
Şərura, Günnütə gəl.
Yad əlində qalmayan
Çiçəkli cənnətə gəl.

Əzizim, Günnüt gülər,
Gün gülər, Günnüt gülər.
İgidləri coşanda
Günnütün üzü gülər.

Əziziyəm torpağın,
Vüqarlı ulu dağın.
Naxçıvan verməz yada
Bircə qarış torpağın.

...Bax beləcə güclənir günü-gündən ordumuz,
Əminli əllərdədir torpağımız, yurdumuz.
Məktəblərdə yetişir gələcəyin əsgəri,
Yeni metodlar ilə keçilir hərbi dərsi.
Silahlarla məşq edir, tanıyırlar səngəri,
Yüksək keyfiyyətiylə seçilir hərbi dərsi.
Əsası qoyulubdur ötən əsrin sonunda,
Keçən müddət ərzində dəyişibdir donun da,
Bacarıqlı kadrları hazırlamaq yönündə
Yetişir ölkəmizin dadına hərbi lisey.
Çalışır layiq olsun adına hərbi lisey.

...2018-in 23-ü iyunda
Yeni naxış parladı şəhərimin donunda.
Döyüş Şöhrəti Muzeyi qapılarını açdı,
Silah, sursat, texnika sərgiləndi bir parkda.
Düşməni kədər boğdu, üzünün rəngi qaçdı
Sosial mediadan oxuyanda bu haqda.
İndi həmin məkanda ətrafı seyr edirəm,
Düşüncələr içində addım-addım gedirəm.
Bir az keçəndən sonra görürəm bir mənzərə,
Nəzərimə eyləyir böyük təsir, mənzərə.
Bir ata bərk tutubdur övladının əlindən,
Nəql olunur bu sözlər orda onun dilindən.
Deyir: – Bu yurdda bir vaxt tapılmayıb silahlar,
Heç kim belə ordunu təsəvvür etməz idi.
İndiki tək olsaydı qüdrətimiz, gücümüz,
Qədim Kərki kəndi də işğala getməz idi.

Qələbələr gözləyir Nuhun məmləkətini,
Sinə gərməklə qırıb blokada səddini.
Təlimlərdə bərkiyir, mətin olur oğullar,
Düşmən geri çəkilir, aşa bilmir həddini.
Dövlət-xalq-ordu birliyi əzm, təməl yaradıb,
Bu vəhdəti söz deyil, inam, əməl yaradıb.
Ordumuz malik olub yeni gücə-qüdrətə,
Görən əhsən söyləyir bu şana, bu şöhrətə.
Ürəklərdə çağlayır ana yurdun sevdası,
İnamlı addımların hələ çoxdur sədası.

Səslənəcək elimizdə
Zəfər, qələbə nəğməsi.
Oxunacaq dilimizdə
Müstəqil, muxtar yurdun
Ordu salnaməsi...

 Nail ƏSGƏROV
Bu poema “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq
müsabiqəsinə təqdim etmək üçündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR