Şərqin qapısıdır, oğuzun yurdu,
Nəsillər qoynunda xaniman qurdu.
Heç vaxt yıxılmadı, ayaqda durdu –
Verdi düşməninə xələl Naxçıvan,
Bahar təravətli, gözəl Naxçıvan!
Doxsan beşdir muxtariyyət yaddaşın,
Tarixlər yaşadır torpağın, daşın.
Dost-tanış içində ucadır başın,
Hörmətin də vardır əzəl, Naxçıvan!
Bahar təravətli, gözəl Naxçıvan!
Haqdır, ədalətdir, inamdır yolun,
Məğrurluq əzəldən olub simvolun.
Tamaşa etdikcə sənə sağ-solun
Bəlli olur sadiq əməl, Naxçıvan,
Bahar təravətli, gözəl Naxçıvan!
Sənə hər bir fəsil, mövsüm yaraşır,
Yaz gələndə çayların coşub-daşır.
Nübar göycən el-obanı dolaşır,
Tərxunun da gəzir əl-əl, Naxçıvan,
Bahar təravətli, gözəl Naxçıvan!
“Naxçıvanın qızı, duzu, qarpızı”,
Al laləsi adlanır dağlar qızı.
Baldırğanın sulandırır ağızı –
Qovurman da olur özəl, Naxçıvan!
Bahar təravətli, gözəl Naxçıvan!
Pencərinin ləzzətdə yox bənzəri,
Tərkibində çoxdur şəfa cövhəri.
Gül-çiçəyin yalan edib ənbəri.
Dadlı olur burda xəngəl, Naxçıvan!
Bahar təravətli, gözəl Naxçıvan!
Gün ötdükcə çoxalır bar-bəhərin,
İşıqlıdır, nurludur hər səhərin.
Möcüzədir yer altda “Duz şəhərin”,
Sərvətin aranır əl-əl, Naxçıvan!
Bahar təravətli, gözəl Naxçıvan!
Batabat hər kəsi eyləyir heyran,
Ağbulaq olubdur turizmə məkan.
Bir arada edir dörd fəsil cövlan –
Göygölünə yoxdur bənzər, Naxçıvan!
Bahar təravətli, gözəl Naxçıvan!
Yollar abadlaşıb olubdur rəvan,
Gül-çiçəklə bəzənibdir xiyaban.
Gələn qonaqları eyləyir heyran:
– Vuran ürək, yaradan əl, Naxçıvan...
Bahar təravətli, gözəl Naxçıvan!
Həyatda heç bir şey heçdən yaranmır,
Böyük səylə çalışmayan qazanmır.
Davam edir yüksəlişin dayanmır –
Çox möhkəmdir səndə təməl, Naxçıvan!
Bahar təravətli, gözəl Naxçıvan!
Ucalıb binalar, salınıb bağlar,
Gözəlliyin düşmən gözünü dağlar.
Cəmləşibdir səndə böyük maraqlar –
Yüksəlişdə var saf əməl, Naxçıvan!
Bahar təravətli, gözəl Naxçıvan!
Haqqında söhbətim tükənmir, bitmir,
Sənsiz heç Günəş də məni isitmir.
Hüsnünün vəsfinə sözlərim yetmir –
Aciz qalıb şeir, qəzəl, Naxçıvan,
Bahar təravətli, gözəl Naxçıvan!
Nail ƏSGƏROV
Bu şeir “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.