21 Dekabr 2024, Şənbə

– Ay qonşu, evdə uşaqlardan eşitdim ki, nəticələr açıqlanıb, dedim öyrənim görüm oğlan imtahandan keçə bildimi?
– Diqqətin üçün sağ ol, qonşu, şükür, birinci imtahandan babat yazıb, görək ikincidə necə olacaq?
– Yaxşı olar, əsas odur ki, keçid balını üstələyib qəbul olsun, ixtisasın elə bir önəmi yoxdur.
– Hə, orası elədir, evdə atası da, mən də deyirəm ki, əsas diplomun olsun, ali təhsil aldınsa, bütün qapılar üzünə açıqdır...


İl ərzində, xüsusilə qəbul imtahanları dövründə valideynlərin dilindən tez-tez övladlarının gələcəyinə yönəlmiş, onların təhsili ilə bağlı belə söz-söhbətləri eşidirik. Təbii ki, hər bir ata və ana istəyir ki, övladı yaxşı təhsil alıb, gələcəyin savadlı kadrı kimi yetişərək həm özünə, həm də cəmiyyətə fayda versin. Ancaq bu həyativacib məsələdə incə bir detal var ki, bəzi valideynlər çox vaxt onu nəzərə almaq istəmir: övladının fikrini. Beləcə, fikirayrılığı ilə ailədə yaranan narazılıqlar çox vaxt ata və ananın istəyinə uyğun həll olunsa da, övlad tərəfindən bu hal heç də birmənalı qarşılanmır. Psixoloji cəhətdən xəsarət alan uşaqda özünə inamsızlıq, ətrafındakı hadisələrə etinasızlıq kimi mənfi xüsusiyyətlər formalaşır, nəticəsi isə əvvəl-axır üzə çıxaraq həyatına əsaslı təsir göstərir. Belə ki, valideynin istəyi ilə könülsüz şəkildə hazırlaşan uşaq ya imtahandan kəsilir, ya da nisbi bal toplamaqla ali təhsil müəssisəsinin hər hansı bir ixtisasına qəbul edilir. Öz seçimi olmadığı üçün təhsil aldığı müddətdə ixtisasına dərindən yiyələnmək ona maraqlı gəlmir. Beləliklə də, yalnız diplom xətrinə qazanılmış ixtisas üzrə gələcəkdə yaxşı çalışa bilməyib, çətinliklərlə üz-üzə qalır. Əgər nəzər etsək, bir deyil, beş deyil, onlarla belə nümunələr görərik. Halbuki o diplomu almaqdan ötrü ömrünün enerji dolu gənclik çağını, 4-5 ili hədər yerə itirməkdənsə, sevdiyi peşəyə yiyələnib özü üçün gözəl gələcək qura bilərdi. Paradoksal hal orasındadır ki, bəzi valideynlərin fikrincə, övladın biri ali məktəbə qəbul olubsa, digərləri də o istiqaməti tutmalıdır. Ancaq dərindən düşünsələr, görərlər ki, bir əldəki beş barmağın beşi də bir olmadığı kimi, ailədəki övladların hamısı eyni düşüncə tərzində, maraq dairəsində, qavrama qabiliyyətində deyillər. Elə uşaq var ki, fənləri dərindən qavraya bilmir, amma peşəni, sənəti daha yaxşı öyrənir. Yəni universitetə hazırlaşmaqdansa, hansısa bir peşə sahəsini öyrənmək onun üçün daha məqsədəuyğundur. Diqqət yetirsək, görərik ki, ətrafımızda ali təhsili olmadan bir peşəyə, sənətə yiyələnməklə sağlam təməllər üzərində gələcək quran, uğurları ilə həm özünə, həm də cəmiyyətə fayda verən insanlar kifayət qədərdir. Fərq etmir, bu peşə aşbazlıq, yaxud da zərgərlikdir, əsas odur ki, qarşısına qoyduğu məqsədin arxasınca gedərək məşğul olmaq istədiyi sahəni dərindən öyrənir. Bilir ki, seçdiyi peşə üzrə həvəsi, marağı, qabiliyyəti var və zaman keçdikcə özünü həmin sahə üzrə təkmilləşdirərək bəhrəsini görəcək. Böyük şairimiz Nizami Gəncəvi demişkən: “Bir elmi öyrənmək istədikdə sən, çalış ki, hər şeyi kamil biləsən. Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan...”
Bir peşəyə, sənətə yiyələnmək üçün istək, maraq, qabiliyyət nə qədər önəmlidirsə, bunun üçün lazımi şəraitin, bacarıqlı, bilikli, ixtisaslı müəllimin olması da son dərəcə vacib faktordur. Bu mənada, muxtar respublikamızda uşaq, yeniyetmə və gənc­lərin öz qabiliyyət və bacarıqlarına, istəklərinə uyğun peşəyə, sənətə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Önəmli məsələlərdən biri də bu işə yaş kriteriyası da nəzərə alınaraq kompleks şəkildə yanaşmanın olmasıdır. Belə ki, şagirdin əvvəlcə oxuduğu tam orta məktəbdə müəllimləri tərəfindən istedadı üzə çıxarılaraq istəyinə, qabiliyyətinə uyğun bilik və bacarıq aşılayan məktəbdənkənar müəssisələrə yönəldilir ki, burada o, yaradılan gözəl şərait hesabına istənilən peşənin, sənətin ilkin vərdişlərini, xarakterik xüsusiyyətlərini nəzəri və praktik şəkildə öyrənir. Sonrakı mərhələdə bu proses ixtisaslı müəssisələrdə davam etdirilir. Bunun üçün hazırda muxtar respublikada Naxçıvan, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəbləri, Naxçıvan Şəhər Peşə Liseyi, Regional Peşə Tədris Mərkəzi kimi peşə təhsili verən müəssisələr fəaliyyət göstərir ki, hər il yüzlərlə müdavim həmin təhsil ocaqlarını bitirərək peşə, sənət sahibi olur. Muxtar respublikada aparılan qurucu­luq tədbirlərindən öz payını alaraq müasir tələblərə cavab verən, maddi-texniki baza ilə təchiz olunmuş yeni binada yerləşən Naxçıvan Şəhər Peşə Liseyi də son illərdə peşə təhsilinin inkişafına öz töhfəsini verib. Liseyin direktoru Sona Əliyeva deyir ki, peşə seçərkən öz istək və marağına arxalanmaqla yanaşı, həmin sahəyə bugünkü əmək bazarında nə qədər tələbat olduğunu da nəzərə almaq lazımdır. Məhz Naxçıvan Şəhər Peşə Liseyində də kurslar bu amillər nəzərə alınaraq təşkil edilir, bu günədək liseyi tədris olunan ixtisaslar üzrə 2570 nəfər bitirib. Cari ilin ötən dövründə elektrik avadanlıqlarının xidməti və təmiri üzrə elektrik montyoru peşəsi üzrə 15, qazanxana maşinisti peşəsi üzrə 80, gözətçi peşəsi üzrə 57, bərbər manikürçü 16, bərbər 16, bufetçi 21, toxucu peşəsi üzrə 13 olmaqla, ümumilikdə, 12 qrupdan 218 müdavim kursu başa vuraraq müvafiq təhsil sənədlərini alıb. Hazırda kompüter istifadəçisi və bərbər peşələri üzrə 40 nəfər təhsilini uğurla davam etdirir. Liseyin müasir tələblərə cavab verən maddi-texniki bazaya malik olması, eləcə də dərslərə ixtisaslı müəllimlərin, mütəxəssislərin cəlb edilməsi müdavimlərə peşələrə həm nəzəri, həm də praktik cəhətdən daha dərin yiyələnmələri üçün geniş imkanlar açır.
Liseyi uğurla başa vuran müdavimlərdən bir neçəsi ilə əlaqə saxlayıb, kursların mahiyyəti barədə öyrənməyə çalışıram. Babək rayonunun Cəhri qəsəbəsində yaşayan İsmayıl İbrahimov traktorçu-maşinist kursunu müvəffəqiyyətlə başa vurub. Hazır­da yaşadığı qəsəbədə ixtisası üzrə çalışan İsmayıl deyir ki, indiki kimi yadımdadır, balaca olanda nənəm deyərdi ki, ay bala, çalışın əlinizi bir sənətə, peşəyə öyrədin. Peşə adamı çörəksiz qoymaz. Böyüyüb bərkə-boşa düşdükcə nənəmin sözlərinə haqq qazandırmağa başladım. Bu gün həmyaşıdlarım arasında ali təhsili olan da var, hər hansı peşəyə yiyələnən də. Fikrimcə, hansı istiqaməti, sahəni seçməyindən asılı olmayaraq, gərək, ilk növbədə, o işə həvəsin, marağın, bir də gələcək planların, məqsədin ola. Seçdiyin peşəyə könüldən bağlanmalısan ki, o yolda çəkdiyin cəfalar da sənə şirin gəlsin. Mən də günümüzün reallıqlarını, muxtar respublikamızda gedən tikinti-quruculuq işlərini nəzərə alıb traktorçu-maşinist peşəsini özümə həyat amalı seçmişəm. Bu peşənin sirlərinə dərindən yiyələnmək məqsədilə Naxçıvan Şəhər Peşə Liseyində təşkil olunan kursa yazıldım. İki ay nəzəri biliklərə yiyələndim, üçüncü ay isə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində təcrübə keçdim, burada kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər peşənin sirlərindən məni agah etdilər.
Onu da deyim ki, müzəffər Ordumuzun Böyük Qələbəsi ilə şanlı əbədiyyət dastanı kimi tariximizə həkk edilən 2020-ci il cəhrililər üçün də olduqca əlamətdar, yaddaqalan oldu. Belə ki, ötən ilin iyun ayında Cəhriyə qəsəbə statusunun verilməsi bütün sakinləri sevindirdi, yaşayış məntəqəsində daha da yenilənmə, canlanma dövrü başlandı. Mən də qazandığım peşə sayəsində və aldığım traktorla günü-gündən gözəlləşən qəsəbəmizin hüsnünə yeni naxışlar vurmağa çalışıram.
Xanım Quliyeva da liseyin müvəffəqiyyət qazanan müdavimlərindəndir, 3 ay müddətində turizm agenti peşəsinə yiyələnməyə çalışan həmsöhbətim deyir ki, müasir dövrün tələblərini nəzərə alaraq bu peşəni seçmişəm. Fikrimcə, istənilən sahədə uğur qazanmaq üçün maraq və həvəsdən əlavə dövrlə də ayaqlaşmağı bacarmalısan. Bildiyimiz kimi, hər il minlərlə yerli və xarici qonaq muxtar respublikamıza səfər edir və sosial şəbəkələrdən də görürəm ki, hər kəs qədim diyarın zəngin təbiətindən, ulu keçmişindən, müasir görünüşündən ağızdolusu xoş sözlər səsləndirir, maraqlı paylaşımlar edir. Bu mənada, bir məkanın, diyarın tanıdılmasında, ad qazanmasında yaradılan şərait necə önəmlidirsə, düzgün təbliğat işi də bir o qədər vacib məsələdir. Təbii ki, bu gün hər birimiz bu yurdda yaşayır, buranın havasından udub, nemətindən dadırıqsa, obamızı, elimizi tanıtmaq həm də vətəndaşlıq borcumuzdur. Məhz bütün sadaladıqlarımı nəzərə alıb bu peşənin arxasınca getməyi qarşıma məqsəd qoydum. Naxçıvan Şəhər Peşə Liseyində kursa yazılan bir gündən seçdiyim sahə üzrə mütəxəssislərdən turistlərlə rəftar qaydalarını, onlara səyahət hazırlığı ilə bağlı istiqamət verməyi, biletlərin, mehmanxanalarda yerlərin sifarişi ilə əlaqədar və qonaqların maraq dairəsində, hərəkət qrafikində lazım olan digər görəcəyim işlər barədə həm nəzəri, həm də praktik məlumatlar əldə etdim. Təcrübə qazanmaq üçün muxtar respublikamızın tarixi-mədəni abidələrində, muzeylərində, otel və restoranlarında oldum, turistlərlə işləməyi öyrəndim. Gələcəkdə seçdiyim peşə sayəsində qədim yurdumuzun turizm potensialını layiqincə təbliğ edib, buraya turist cəlbinə çalışacağam.
Hüseyn Cəfərov liseydə qazanxana-maşinisti peşəsinə yiyələnib. Deyir ki, qazanxanada işləmək üçün əvvəlcədən təcrübəm olsa da, bu sahə üzrə təhsil almağım mənə çox şey öyrətdi. Məşğələlər çərçivəsində şəhərimizdə fəaliyyət göstərən müxtəlif qazanxanalarda olduq, iş prinsiplərini öyrəndik, peşəkar müəllimlərimiz öz bilik və təcrübələrini bizimlə bölüşdülər. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında qazanxana maşinisti işləyirəm. Çalışıram ki, öyrəndiklərimi gündə­lik işimdə lazımınca tətbiq edim ki, həm cəmiyyətimizə, həm də dövlətimizin qurub-yaratdıqlarına xələl gəlməsin. Biz peşə sahiblərinə yaradılan şəraitə görə dövlətimizə minnətdaram.

Məktəb illərimizdən xoş xatirə qalan, oxuyub ibrət aldığımız nağıllardan biri də, həcmi kiçik, mənası böyük, dərin olan “Kərpickəsən kişinin dastanı”dır. Əsərdə yer alan “Onunçün öyrətdim ki, əlimi bu sənətə, bir gün sənə əl açıb düşməyim xəcalətə” ifadəsini yüzillərboyu əməksevər insanlar həyat idealı kimi qəbul edib, kərpickəsən kişi kimi halal iş tutmağa, öz zəhmətləri ilə aləmi gözəlləşdirməyə çalışıblar. Müasir dövrümüzdə də bu qəbildən insanlar kifayət qədərdir. Bəli, həyat amalımız sayılan peşə, sənət, və ya ixtisas seçimi edərkən biz də kərpiçkəsən kişi kimi ürəyimizin səsinə qulaq verib, maraq dairəmizi və qabiliyyətimizi, dövrümüzün tələblərini nəzərə alaq ki, gələcəkdə peşman olmayaq. Şübhəsiz ki, seçimimizi doğru edərsək, yolumuz rəvan, gələcəyimiz işıqlı olar...

Nail ƏSGƏROV

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR