Göz dəyməsin bu məktəbə
Respublikanın əvvəlki rəhbərləri məktəblərin kompüterləşdirilməsi barədə ağızdolusu danışanda onların yerinə mən xəcalət çəkirdim. Soruşa bilərsiniz ki, niyə, nəyə görə, məgər kompüterləşmə pisdir? Xeyr, heç kəs onun əleyhinə ola bilməz. İnkişaf etmiş xarici ölkələrdə də bu sistem geniş yayılıb. Deyə bilərsiniz ki, bəs onda xəcalətli olmağınızın səbəbi nədir? Əgər yolunuz Babək rayonunun Məzrə kəndindəki səkkizillik məktəbə düşsə, onda şahid olarsınız ki, bu və bunun kimi təhsil ocaqlarında kompüterləşmədən danışmaq ağlasığmaz bir işdir. Soruşa bilərsiniz ki, yəqin məktəbin pedaqoji kollektivi pis işləyir? Xeyr, belə deyil. İnsaf naminə deyək ki, müəllimlər zəhmətkeş balalarının təlim-tərbiyəsinə qayğı ilə yanaşırlar...
...Sinif otaqlarına baxdıqca adamın ürəyi ağrıyır. Adam təsəvvür edə bilmir ki, burada necə təhsil almaq olar. Qapı-pəncərələr sınıq-salxaqdır. Külək əsəndə sinifdə “yel vurur, yelləncək oynayır”, üstəlik, siniflər çox darısqaldır. Özü də bir-birinin içində, xüsusilə qış aylarında uşaqların qırışığı açılmır. Xəstələnməmək üçün şagirdlər isti paltarlarını çıxarmadan sinifdə otururlar. Kömür peçi yansa da, qapı-pəncərələri yararsız olan sinif otaqlarını qızdırmır. Partalara baxanda adam xəcalət çəkir. Düşünürsən ki, görəsən, rayon xalq təhsil şöbəsinin rəhbərlərinin bu məktəbə yolları düşmür? Əgər düşsə belə, belə vəziyyətlə necə razılaşırlar? Adamların taleyinə belə laqeydlik olar?..
...Tutaq ki, yuxarı sinif şagirdlərinə dedik ki, siniflərdə asta gəzin, toz olmasın. Bəs kiçik yaşlıları necə başa salaq? Bir sözlə, dözülməz şəraitdə işləyirik. Siniflərdə elektrik xətləri nasazdır, hətta bəzi yerlərdə xətlərin üstü açıqdır, axı körpə uşaq olan yerdə belə hallara yol vermək olmaz. Nəinki siniflərdə, hətta müəllimlər otağında da bunun şahidi olduq...
“Şərq qapısı” qəzeti
21 dekabr 1990-cı il
His qoxulu otaqlardan kompüterli,
elektron lövhəli siniflərə...
Böyük Azərbaycan maarifçisi Məhəmməd Tağı Sidqinin “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan “Məktəb hekayələri” kitabında qeyd olunur ki, məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır ki, həmişə cahilləri alim, divanələri aqil eylər. İllərcə məktəbə gedib tərbiyə və ədəb kəsb etməyən kimsələr, məktəbdə ömür keçirib elmlərdən və fənlərdən bəhrəməd olmayan şagirdlər rəngarəng güllər və çiçəklər ilə dolu bir bağçada gəzib dolanan kora bənzərlər.
“Nümunəvi təhsil ocağı necə olmalıdır?” sualına müfəssəl cavab tapdığımız bu fəlsəfi fikirlərlə “Şərq qapısı” qəzetinin 21 dekabr 1990-cı il tarixli sayında dərc edilən “Göz dəyməsin bu məktəbə” sərlövhəli yazıdakı bir məktəbin acınacaqlı vəziyyətini, ürəkağrıdan mənzərələrini göz önünə gətirdikdə təzadlıq bütün açıqlığı ilə özünü büruzə verir. Bəli, çox təəssüf ki, ötən əsrin 90-cı illərində məktəbə üz tutan uşaqlar mərifət bağının xiyabanı ilə deyil, tozlu-torpaqlı döşəməsi, hisə bürünən tavanı, sınıq-salxaq pəncərəsi, cızıq-qırıq partaları və sadalamaqla bitməyən digər “üstün keyfiyyətləri” ilə diqqətçəkən bir ünvanla qarşılaşmalı olurdular. Nəzərə alsaq ki, haqqında bəhs edilən Babək rayonun Məzrə kəndi Naxçıvan şəhərindən 10-15 kilometr aralıda yerləşir, o zaman ucqar dağ kəndlərindəki məktəblərin odövrkü vəziyyətini dilə gətirməsək yaxşıdır. Ürək sıxan hallardan biri də o illərdə nə müəllimlərin, nə də şagirdlərin nümunə kimi yanaşdığı, “kaş bir gün bizim də belə gözəl məktəbimiz olsun”, – deyə biləcəkləri təhsil ocağı yox idi. Müasirləşməni, yeniləşməni xəyallarda belə, canlandırmaq mümkünsüz gəlirdi insanlara. Sovet dövrünün son dönəmlərində daha da güclənən anti-Azərbaycan siyasəti mərəz şəklində yayılaraq beyinlərə, şüurlara da dərindən nüfuz edir, insanların taleyinə, düşdükləri naəlac vəziyyətə bilərəkdən, məqsədli şəkildə göz yumulması, azərbaycanlı balalarını təhsildən uzaq salmağa yönələn, gələcəklərini uçuruma aparan hallara qarşı laqeydlik daha pis nəticələrə doğru yol alırdı. Lakin ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə olduğu kimi, muxtar respublikada yaşadığı, Ali Məclisin Sədri vəzifəsində çalışdığı dövrdə, ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bu naqisliklərin tez bir zamanda qarşısını aldı, bütün sahələrdə baş verən durğunluq prosesləri sona yetdi, hazırlanan konsepsiyalara uyğun təhsil də öz inkişaf mərhələsinə qədəm qoydu. Muxtar respublikamızda da Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə ulu öndərin siyasi xəttinə əsaslanan, dəyişən dövrün tələblərinə uyğun məqsədyönlü təhsil quruculuğunun həyata keçirilməsinə başlanıldı. Atılan mütərəqqi addımlardan biri isə məhz bu prosesin ilk olaraq ucqarları, coğrafi vəziyyəti, həyat şəraiti insanların yaşayışına çətinlik yaradan bölgələri əhatə etməsi oldu. Qısa bir zamanda reallaşdırılan inşaat işləri, yeniləşən məktəblər ölkəmizin gələcəyi sayılan uşaqların bilik dünyasına yenilik, gözəllik gətirdi, işıqlaşan sinif otaqları orada dərs keçən müəllimlərin, öyrənən şagirdlərin həyat yolunu da aydınlatdı. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, təhsildə gedən yeniləşmə proseslərinin zamanı necə qabaqladığının şahidi olaq. Belə ki, müstəqillik illəri ərzində muxtar respublikada 200-dən çox ümumtəhsil məktəbi yenidən qurulub. Təqdirəlayiq hallardan biri də bütün sahələrdə olduğu kimi, təhsildə də quruculuğun kompleks şəkildə reallaşdırılmasıdır. Belə ki, görülən işlər təkcə bina tikintisi ilə yekunlaşmayıb, ən yeni avadanlıqların tədris prosesinə cəlbini də əhatə edib, zamanla ayaqlaşan geniş islahatlar aparılıb, innovativ təlim metodlarına keçilib. Vahid məktəbli geyim formasının tətbiqi, şagirdlərin pulsuz kitablarla təmin edilməsi, sosial qayğıya ehtiyacı olanlara məktəbli geyimləri və dərs ləvazimatlarının verilməsi sosial ədalətin qorunmasına, bərabər təhsil hüquqlarının formalaşmasına imkanlar açıb. Texnoloji yeniliklərə rəqəmlərin dili ilə nəzər salaq: 2019-2020-ci tədris ilinin əvvəlinə muxtar respublikanın ümumtəhsil məktəblərində 5700-dən çox kompüter quraşdırılıb, hər 9 şagird bir dəst kompüterlə təmin olunub, istifadədə olan kompüterlər internetə qoşulub. Halbuki 1995-1996-cı tədris ilində ümumtəhsil məktəblərində 20 dəst kompüter quraşdırılmış, hər 4050 şagird bir dəst kompüterlə təmin edilmişdi. İnformasiya mühitinin yaradılması məqsədilə ümumtəhsil məktəblərində 650-dən çox elektron lövhə quraşdırılıb.
Göründüyü kimi, bir vaxtlar şagirdlər təsəvvürlərində belə, canlandıra bilmədikləri texnologiya indi onlara bir addım qədər yaxınlaşıb, hər gün bu tədris vasitələrindən istifadə etməklə biliklərini daha da artırır, internetə çıxışı olan kompüterlə dünyanın istənilən nöqtəsi ilə əlaqə saxlayır, operativ şəkildə lazımi məlumatları öyrənir, laboratoriyalarda praktik vərdişlərə yiyələnmə imkanları qazanırlar. Xalqın, millətin gələcəyinin bilavasitə asılı olduğu təhsil sahəsində böyük işlər görülməsinin, bütün bu və digər üstünlükləri yaratmaqda dövlətin bir məqsədi vardır: savadlı, dünyagörüşlü gənclər yetişib Vətənimizin, dövlətimizin sağlam gələcəyini, işıqlı sabahını təmin etsin. Hər il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında, ilboyu təşkil olunan fənn olimpiadalarında, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqələrdə qazanılan nailiyyətlər, reallaşan yeni startap layihələri sözlə əməlin vəhdətindən doğan işlərin hədər yerə olmadığını sübut edir...
Tarix səhifələrini vərəqləyəndə görürük ki, öz soykökündən, keçmişindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, həyat səhnəsindən silinmək təhlükəsi ilə üzləşiblər. Məhz bu baxımdan gələcəyinə inamla baxdığımız uşaqların milli dəyərlərimiz ruhunda təlim-tərbiyəsi, təhsili olduqca vacib amil kimi qarşıda durur. Təbii ki, tarixi keçmişimizin, mədəniyyətimizin öyrədilməsi ilə paralel uşaqların dünyaya, bəşəri elmlərə inteqrasiyasında, intellektual, bilikli, bacarıqlı gənc nəslin yetişməsində mütərəqqi tədris metodlarının tədbiqi də olduqca mühümdür. Ölkəmizdə bu prizmalar əsasında həyata keçirilən təhsil siyasətinə uyğun olaraq muxtar respublikada 2006-2007-ci tədris ilindən etibarən təlimin məzmununu, strategiyalarını, qiymətləndirmə mexanizmlərini özündə ehtiva edən konseptual xarakter daşıyan kurikulum təlim metoduna keçilib. Bu təhsil sistemi nəzəri biliklər və təcrübi vərdişlərin qarşılıqlı surətdə inkişafına əsaslanaraq şagirdləri fəallığa səsləyir, məktəblinin bacarığını, qabiliyyətini daha da möhkəmləndirməklə yanaşı, müəllimlərin də pedaqoji səviyyəsinin, dünyagörüşünün dövrün tələblərinə uyğun təkmilləşdirilməsini şərtləndirir. Bütün bu amillər də nəzərə alınaraq hər il mütəmadi olaraq təhsil müəssisələrində tədrisin səviyyəsinin yüksəldilməsi, pedaqoji heyətin peşəkarlıq meyarının, tədris prosesinə cəlb olunan texnologiyalardan, laboratoriyaların imkanlarından istifadə bacarıqlarının artırılması üçün seminarlar, treninqlər, kurslar təşkil olunur. Reallaşdırılan bu tədbirlərin müsbət tərəfi ondadır ki, müəllimlər onları maraqlandıran, ehtiyac duyduqları, lazım olan məsələlərə dair ətraflı şəkildə məlumatlar alır, sərbəst şəkildə verilən suallar, müzakirələr, dialoqlar pedaqoqların nəzəri və praktik təcrübələrinin yüksəldilməsində mühüm rol oynayır ki, bu da, ümumilikdə, təhsilin dayanıqlı inkişafına, şagirdlərin intellektual səviyyəli gənc kimi yetişməsinə xidmət edir. Görülən bu və digər tədbirlər həm də zaman-zaman muxtar respublika müəllimlərinin, şagirdlərin ölkə və beynəlxalq səviyyəli qrant müsabiqələrdə uğurlar qazanması ilə nəticələnir.
Muxtar respublikamızda müasir dövrün tələblərinə uyğun, tarixə, milli köklərə bağlı, yüksək dünyagörüşlü şagirdlərin hazırlanması məsələsinə toxunduqda bu sahədə qəbul olunan Dövlət proqramlarının, icra olunan layihələrin, xüsusilə də Ali Məclis Sədrinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulamaq lazımdır. Belə ki, “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” imzalanan Sərəncama uyğun olaraq 2015-ci ildən etibarən hər pedaqoq-alimin ayda bir dəfə nümunəvi dərs keçməsi elmi dərəcəsi olan müəllimlərlə orta təhsil müəssisələri arasındakı əlaqələri gücləndirir, eyni zamanda şagirdlərdə tədris olunacaq fənlərə yeni yanaşma tərzi aşılamaqla onların gələcək peşə seçimlərində düzgün qərar vermələrinə müsbət təsir göstərir. Bu təqdirəlayiq addımın üstün cəhətlərindən biri də müxtəlif ixtisaslar üzrə elmi dərəcəyə malik kadrların məhz vaxtilə təhsil aldıqları, məzunu olduqları ümumtəhsil məktəblərində tədrisə cəlb edilmələridir ki, bu hal müəllim-şagird kontingentində doğmalıq hissinin, tədris mühitində yeni ab-havanın yaranmasına yol açır. Beləliklə də müəllim özünün də oxuduğu məktəbin dünəni, keçdiyi inkişaf yolu, yetirmələri barədə şagirdlərə məlumat verməklə onlarda təhsilə böyük maraq yaradır, uşaqları dərsləri dərindən mənimsəmələrinə, öz biliklərini zənginləşdirmələrinə həvəsləndirir və son nəticədə, tədris prosesində canlanma baş verir ki, bu da ümumi inkişafa lazımi töhfədir. Ali Məclis Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı isə orta məktəb ilə elm, mədəniyyət müəssisələri arasında əlaqəni daha da gücləndirir, interaktiv təhsilin inkişafına yol açır. Tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz barədə şagirdlərin əyani şəkildə hərtərəfli öyrənməsinə xidmət edən bu istiqamətdəki tədbirlər onları qloballaşan dünyada pis vərdişlərdən uzaqlaşdırmaqla əqidələrini sağlam düşüncəyə, milli ruha kökləyir. Mövzu ilə bağlı bir faktı da qeyd etmək yerinə düşər ki, başa vurduğumuz 2020-2021-ci tədris ilində də bu istiqamətdə tədbirlər daim diqqətdə saxlanılıb, ümumilikdə, 55 interaktiv, 1955 saat nümunəvi dərs tədris olunub.
Son dövrlərdə muxtar respublikada tətbiq olunan, ümumi təhsil müəssisələrinin IX-XI siniflərində oxuyan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi xüsusi əhəmiyyəti ilə diqqəti çəkir. Bu məqsədlə 2020-2021-ci tədris ilində 5 istiqamət üzrə 50 şagird AMEA Naxçıvan Bölməsinin alimlərinin elmi himayəsinə verilib, qısa müddətdə ölkə, eləcə də beynəlxalq səviyyəli müsabiqələrdə iştirak üçün layihələr müəyyənləşdirilib, tədqiqat işlərinə başlanılıb. Ötən ilin dekabr ayında layihə üzrə artıq ilk uğurlar qazanılıb. Belə ki, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədovanın rəhbərliyi ilə kimya fənni üzrə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Bəxtiyar İsmayılov və X sinif şagirdi Nurgün Allahverdiyevanın “Yeraltı sular təbiətin möcüzəsidir”, Naxçıvan Qızlar Liseyinin X sinif şagirdi Nuray Məmmədovanın və Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin IX sinif şagirdi Zahidə Allahverdiyevanın isə “Naxçıvan Muxtar Respublikası ərazisindəki bəzi mineral suların Kurlov formulunun təyini” mövzularındakı layihələri “Rusiya Pedaqoqları” Ümumrusiya Təhsil Portalı tərəfindən keçirilən “Uşaqların və gənclərin yaradıcılıq və intellekt Beynəlxalq müsabiqəsi”ndə I yerə layiq görülüb.
Dünyada gedən sürətli elmi-texniki tərəqqi şagirdləri yeni istiqamətlər üzrə bilik və bacarıqlarını təkmilləşdirməyə, mütəşəkkil düşüncəni inkişaf etdirməyə sövq edir. Məhz dövrün bu xarakterik amilləri əldə edilmiş biliklərin layihə təlimi vasitəsilə elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi sahələrin səmərəli praktik tətbiqinə nail olmaq məqsədi daşıyan STEAM təlim metodunun tətbiqinin vacibliyini ortaya çıxarıb. Ali Məclis Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən etibarən muxtar respublikanın bir sıra ümumtəhsil məktəblərində tətbiq olunan bu metod üzrə dərsləri tədris etmək, təbii ki, ilk növbədə, müəllimlərdən üstün bacarıq, qabiliyyət tələb edir. Bu məqsədlə ötən dövrdə bir sıra işlər görülüb, müəllimlər təlimə cəlb olunub qısa müddət ərzində 53 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, STEAM təhsili ilə bağlı nəşrlər hazırlanıb. Əhəmiyyəti nəzərə alınaraq 2021-ci il 7 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb, bu istiqamətdə zəruri tədbirlər davam etdirilir. Hazırda 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması istiqamətində iş aparılır, yeni tədris ilində həmin ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılması başa çatdıqdan sonra, ümumilikdə, 104 təhsil müəssisəsində STEAM təhsilinə cəlb olunmuş şagirdlərin sayı 22 mini keçəcək. Şagirdlərə kommunikasiya, komandada işləmək, kreativ və yaradıcı düşüncəni tətbiq etmək kimi XXI əsr bacarıqları aşılayan, onları yaradıcı öyrənməyə yönəldən bu metodun uğurlu tətbiqi, şübhəsiz, gələcəkdə muxtar respublikamızda innovativ düşüncəli gəncliyin formalaşmasına, elmi-texniki yeniliklərin istehsalata böyük mənada sirayətinə geniş imkanlar açacaq.
Bildiyimiz kimi, müasir dövrdə bütün sahələrdə təbliğat ən önəmli amillərdən biridir ki, bu istiqamətdə televiziya və radiolar, mətbuat, sosial şəbəkələr həlledici rol oynayır. Məhz bu baxımdan Ali Məclis Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə Televiziya və Radio Verilişləri Redaksiyasının Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin edərək sistemli maarifçilik işinin aparılması məqsədi daşımaqla gələcəyə yönələn mütərəqqi addımdır. Redaksiya müxtəlif maarifləndirici verilişlərin yayımını həyata keçirməklə gənc nəslin vətənpərvərlik, eləcə də tarixi-mədəni irsimizə və milli dəyərlərimizə sədaqət ruhunda tərbiyəsində, onların intellektual və fiziki inkişafı, sadə əmək vərdişlərinə yiyələnməsində, istedadlarının üzə çıxarılmasında əhəmiyyətli rol oynayır.
Məşhur bir aforizmdə deyilir ki, tarixə düşmək özü də uğur hesab edilir, amma ən böyük uğur tarixin qatarında bu günə gəlib çatmaq və gələcəyə getməkdir. Muxtar respublikada bütün sahələrlə yanaşı, ümumi təhsilin 1990-cı illərdən indiyədək qısa zamanda keçdiyi uzun yola nəzər salanda, dünənlə bu günü müqayisə edəndə artan yüksəlişin, qazanılan uğurların, nailiyyətlərin timsalında bu hikmətli ifadələrin məğzi açılır. Görülən işlərin, atılan mütərəqqi addımların mahiyyətinə dərindən vardıqda tarixin inamla irəliləyən qatarından sağlam, nurlu gələcəyimizin üfüqləri görünür...
Nail ƏSGƏROV