30 Dekabr 2024, Bazar ertəsi

Bir kəndin qayğıları

Arazın kənarında yerləşən Muğanlı Şərur torpağının qədim kəndlərindəndir. Qeydlərimdə kəndin keçmişindən deyil, bu günündən söhbət açacağam. Kənddə 24-dən çox ailə yaşayır. Əhalisinin sayı 1200-ə yaxındır. Adətən, müasir kənd deyəndə cərgə ilə düzülmüş yaraşıqlı evlər, kəndin mərkəzində olan istirahət zonası, müxtəlif məişət xidməti obyektləri, xəstəxana, uşaq bağçası, abad yol və sair gözlərimiz önündə canlanır.

...Son illərdə kənddə xeyli yaşayış binaları tikilsə də, o, müasir kəndə oxşamır. Tikilən binalar kəndin simasını o qədər də dəyişməyib. Çünki bu evlər layihə əsasında deyil, hər kəsin zövqünə görə, necə gəldi tikilir. Son 40 ildə kənddə sosial obyekt adında cəmi bir məktəb istifadəyə verilib. Bundan başqa, heç bir sosial məişət obyekti tikilməyib.
Bir neçə il bundan əvvəl kənddə artezian quyusu qazılıb. Quyudan çıxan su isə içmək üçün yararsızdır. Təəssüflər olsun ki, kənd əhalisinin içməli suya olan tələbatı bu günədək ödənilməyib. Kəndə radio, təbii qaz, su xətləri çəkilməyib. Görülən işlər isə ala-yarımçıqdır. Kəndin axşamları cansıxıcıdır. Evlərdə olan elektrik lampaları gərginliyin normal olmaması üzündən közərir. Bu səbəbdən də camaat tele­vizora da rahat baxa bilmir. Kənddə əmək ehtiyatları çox olsa da, iş yeri tapılmır. Gənc­lərin asudə vaxtının və istirahətinin lazımi səviyyədə qurulması üçün şərait yaradılmamışdır. Burada fərdi mal-qaranın inkişafı da yaxşı vəziyyətdə deyil. Əvvəllər elə bir ailə olmazdı ki, qapısında camışı olmasın. İndi belə ailələri barmaqla göstərirlər. Məhsuldar heyvanlar kəsildi və yaxud ətliyə verildi. Otlağın, örüşün olmaması üzündən kəndli qapısında heyvan saxlaya bilmir. Mövcud otlaqların bir hissəsi üzümçülüyün inkişafı üçün ayrılmış, bir hissəsi isə şoranlaşıb istifadəsiz qalmışdır. 100 hektar yararlı torpaq sahəsi isə sərhəd zonasında qalıb. Otlaq yox, örüş yox. Kəndli isə qatıq, pendir üzünə həsrətdir...

“Şərq qapısı” qəzeti
1 aprel 1990-cı il

Yoxsulluq, pərişanlıq məngənəsindən bolluq,

güzəranlıq mərhələsinə...


Ötən əsrin 90-cı illərinin əvvəlində bugünkü firavanlığımızın, inkişafa, tərəqqiyə, qalib dövlət kimi dünyanın aparıcı ölkələri arasında söz, nüfuz haqqına sahib olmağımıza gətirib çıxaran yolun təməli qoyuldu. Ölkə Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, müstəqilliyimizin bərpasına məhz 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında başlanıldı, xalqın xilaskarlıq missiyasını öz üzərinə götürən ümummilli liderimiz Heydər Əliyevin xüsusi dəstxəti ilə ölkənin gələcək inkişaf konsepsiyasının ilk səhifələri qədim diyarımızda yazıldı. Nəticədə, “Şərq qapısı” qəzetinin 1 aprel 1990-cı il nömrəsindəki “Bir kəndin qayğıları” sərlövhəli və digər bu kimi yazılarda yer alan ayrı-ayrı yaşayış məntəqələrimizdə hökm sürən ürəkağrıdan, cansıxıcı mənzərələr tezliklə aradan qaldırılmağa başlanıldı...

 

Gəlin Şərur rayonunun Muğanlı kəndinin dünəninə boylanıb qısa zamanda qət edilən uzun yola nəzər salaraq yaşayış məntəqələrində sakinləri yoxsulluq, pərişanlıq məngənəsində sıxan halların öz yerini necə bugünkü bolluq, firavanlıq mərhələsinə ötürdüyünü, müxtəlif istiqamətlər üzrə əldə olunan inkişafın mahiyyətinə vararaq faktlarla əsaslandırmağa çalışaq. “Bir kəndin qayğıları” yazısında kəndlini fərdi olaraq sıxan, onun əlini işdən soyudan, ümumən isə kəndin gözəlliyinə kölgə salan, xələl gətirən, tərəqqisinə əngəl yaradan məsələ həmin dövrdə quruculuq proseslərinin durğunluğa düçar olması idi. Yuxarıda da qeyd etdiyimiz kimi, inkişaf konsepsiyasının əsası qoyulduqdan sonra, təbii ki, ölkə üzrə ilk olaraq muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş verdi. Ulu öndərin yoluna sədaqətin, aparılan uğurlu siyasətin nəticəsində baş alıb gedən siyasi və iqtisadi böhran tamamilə aradan qaldırıldı, bütün sahələrdə olduğu kimi, inşaatda da inqilabi dəyişikliklər baş verdi, ucqarlardan başlayaraq kəndlərimiz bir-bir abadlaşıb, müasir ünvanlar sırasına qoşuldu, kəndlinin daimi mavi yanacaq, elektrik, su və digər kommunal problemləri öz həllini tapdı. İnşaatda istifadə edilən materiallara olan tələbatın yerli imkanlar hesabına ödənilməsi üçün ayrı-ayrı müəssisələr fəaliyyətə başladı ki, bununla həm əlavə xərclərin qarşısı alındı, həm də vaxt itkisi aradan götürüldü. Nəticədə, sovet dövründə illərlə tikinti növbəsinə düzülən obyektlərin inşası indi tez bir zamanda, həm də əvvəlkindən qat-qat keyfiyyətlə, dövrün tələblərinə cavab verən müasir zövqə uyğun şəkildə aparılır. Statistik nəticələr də tikinti-quruculuq sahəsində böyük ölçüdə inkişafın, tərəqqinin getdiyini göstərir: 1995-2021-ci illərdə muxtar respublikanın kəndlərində 144 kənd mərkəzi, 147 ümumtəhsil məktəbi, 192 səhiyyə ocağı tikilərək, 29 kənd mərkəzi, 91 ümumtəhsil məktəbi, 35 səhiyyə ocağı yenidən qurularaq istifadəyə verilib, lazımi kommunal təsərrüfatlar yaradılıb.

Muxtar respublikada bütün sahələrdə artan yüksəlişi, əldə olunan statistik göstəriciləri ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvana hər səfərində qeyd edib, burada görülən işlərdən, həyata keçirilən tədbirlərdən razı qaldığını dönə-dönə dilə gətirib: “Mən hər il Naxçıvanda oluram və hər dəfə Naxçıvanda gördüyüm dəyişikliklər məni ürəkdən sevindirir, çox sevindirir. Naxçıvan ən müasir şəhərə çevrilibdir. Naxçıvan Muxtar Respublikasında ən müasir infra­struktur yaradılır, sosial obyektlərin tikintisi geniş vüsət alıbdır... Bütün bunlar muxtar respublikanın iqtisadi və sənaye potensialını gücləndirir... Bir sözlə, hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla fəxr edə bilər. Mən bütün naxçıvanlıları bu böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm. Naxçıvan rəhbərliyinə və Naxçıvanın rəhbəri Vasif Talıbova öz minnətdarlığımı bildirmək istəyirəm”.
Muxtar respublikamızın kəndlərində quruculuq tədbirlərinə start verilmədən öncə bekarçılıq əlamətləri, zərərli vərdişlər aşılayan, insanları həm bioloji, həm də psixoloji mərəzə yoluxduran naqisliklərin aradan qaldırılması qarşıya məqsəd qoyuldu. Belə ki, yaşayış məntəqələrində antisanitariya ünvanları funksiyasını “uğurla daşıyan”, ayrı-ayrı işbazların əlində qazanc mənbəyinə çevrilən pərakəndə “komsiyon”lar, gəncləri iş-gücdən uzaq salan, “qeybət quyusuna” çevrilən “çayçı”lar ləğv edilərək yerində yaraşıqlı, müasir üslubda kənd və xidmət mərkəzləri ucaldıldı. Quruculuq işlərinin üstün cəhətlərindən biri də insanların bütün zəruri tələbatlarının nəzərə alınması, müxtəlif yönlü xidmətlərin eyni məkanda cəmləşməsi və gələcək perspektivlərin düşünülməsi oldu. Reallaşdırılan tədbirlər nəticəsində əvvəllər balaca köşklərə, dükanlara oxşayan, nəmişlik çəkən yerlərdə qərarlaşan icra nümayəndəlikləri, bələdiyyələr, statistika və digər struktur qurumlar hər cür avadanlıqlarla təchiz olunan binada fəaliyyətə başladı. Tibb, baytarlıq məntəqələrinin, rabitə, poçt bölmələrinin yaradılması sosial, kommunal xidmətlərin daha asan əlçatanlığını təmin etməklə kənd sakinlərinin, xüsusilə də ahıl, pensiya yaşlı insanların əvvəllər mövcud olan çətinliklərinə son qoydu. Bir ailə üçün vacib olan bütün ərzaq, təsərrüfat mallarının satıldığı xidmət mərkəzlərində ət dükanı, bərbərxana, gözəllik salonlarının tikilməsi gənclərin işlə təminatına töhfə verməklə bərabər, həm də sakinlərin əlavə vaxtlarının, xərclərinin sərfini aradan götürdü.

“Dünyanı dəyişdirmək üçün istifadə edə biləcək ən güclü silah təhsildir” fikri tarixin heç bir dönəmində yanıltmayıb insanları. Ancaq hava, su, çörək qədər vacib olan bu silahdan düzgün istifadəni təmin etmək, imkanlarından lazımınca yararlanmaq da başlıca şərtdir. Bu mənada, müstəqillik illərində muxtar respublikamızın bütün kəndlərində ən müasir yenilikləri, texnologiyaları özündə cəmləşdirən təhsil ocaqlarının tikilməsi, mütərəqqi tədris üsullarının tətbiqi də məhz etibarlı sabahımız naminə bugünkü uşaqlara layiqli təhsilin verilməsi məqsədini daşıyır. Artıq çoxdandır ki, reallaşdırılan inşaat işləri sayəsində yeniləşən məktəblər ölkəmizin gələcəyi sayılan uşaqların bilik dünyasına əsaslı təsir göstərib, işıqlaşan otaqlar, elektron lövhəli siniflər orada dərs keçən müəllimlərin, öyrənən şagirdlərin həyat yolunu da aydınladıb. Dəqiq fənlərin praktik surətdə mənimsənilməsi üçün laboratoriyaların, xüsusilə də Steam kabinələrinin yaradılması elmi-texniki tərəqqiyə yol açmaqla müəllimlərin dünya təhsil sistemi ilə ayaqlaşmalarına, şagirdlərin daha mükəmməl, bacarıqlı, dünyagörüşlü gənclər kimi formalaşmasına geniş üfüqlər açmaqdadır. Əldə olunan uğurlu nəticələrin sorağı da ilbəil daha yüksək səslə gəlməkdədir...
Muxtar respublikamızın quruculuq ərməğanına çevrilən kəndlərinin hər birində tikinti işləri çərçivəsində insan sağlamlığı amili ön planda dayanır. Səhiyyə xidmətlərinin uğurlu icrası üçün kəndlərdə lazımi tibbi inventarla, ixtisaslı kadrlarla təmin olunan həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin istifadəyə verilməsi sakinlərin dövlətə sevgisini daha da artıraraq daim minnətdarlıq hissi ilə qarşılanır.

Bildiyimiz kimi, yaxın günlərdə müasir kəndlər sırasına Babək rayonunun Göynük yaşayış məntəqəsi də qoşuldu. Kənd sakini Vidadi Əzimov bizimlə söhbətində bu yaşayış məntəqəsinin timsalında muxtar respublikanın bütün kəndlərinin bugünkü mənzərəsini gözlər önünə sərərək dünənimizə işıq salan “Bir kəndin qayğıları” sərlövhəli yazı kimi, orada qaldırılan taleyüklü məsələlərin də həllini taparaq çoxdan arxivə salındığını faktlarla təsdiqlədi. Qeyd etdi ki, ucqar dağ kəndi Göynükdə sovetlər dönəmində heç bir yeni sosial obyekt inşa edilməyib. Firavan həyat, gözəl yaşayış üçün nə yaradılıbsa, hamısı müstəqillik illərinə aiddir: – Ata-babadan dolanışığımız, əsasən, əkinçilik, arıçılıq, heyvandarlıqla məşğul olmaqla çıxıb. Bu gün həmin sahələrdə iş qurmaq imkanlarımız daha da genişlənib. Dövlətimizin diqqət və qayğısı sayəsində günü-gündən təsərrüfatlarımızı xeyli inkişaf etdirir, məhsul istehsalını ilbəil artırırıq. Dünənimiz barədə soruşsan, deyərəm ki, əvvəllər ən böyük problemimiz yollarla bağlı olub, rayon mərkəzinə, Naxçıvan şəhərinə gedib-qayıtmaq üçün çətinliklərlə çox qarşılaşmışıq. İlin yağıntılı dövrlərində vacib bir işin, xəstəliyin olurdusa, vəziyyət daha acınacaqlı, dözülməz hal alırdı. İndi şükürlər olsun, artıq bütün problemlərimiz öz həllini tapıb, yollarımız abadlaşıb, övladlarımız gözəl, yaraşıq­lı məktəblərdə təhsil alır, gələcəyin vətənpərvər gəncləri kimi böyüyürlər. Halbuki bizim dövrün şagirdləri belə bir məktəbi heç xəyalında canlandıra bilməzdi, nəinki reallıqda görə bilə. Yeni istifadəyə verilən xidmət mərkəzindən məişətdə istifadə üçün nə istəsən tapıb almaq olar. Su, qaz, elektrik, internet və digər kommunal xidmətlərdən fasiləsiz surətdə, lazımınca faydalana bilirik. Sağlamlığımızın qeydinə qalan tibb məntəqəsi ilə yanaşı, təsərrüfatımızda bəslədiyimiz heyvanları da xəstəlikdən qorumaqda böyük köməkçimiz olan baytarlıq xidməti göstərilir. Bir sözlə, kənd sakinlərinin rahat yaşayışı üçün nə lazımdırsa, Göynükdə onların hamısı vardır. Bütün kənd camaatı adından yaradılan əlverişli şəraitə görə dövlətimizə minnətdarlıq edirəm.
Dünənimizdən boylanan “Bir kəndin qayğıları” sərlövhəli yazının hər cümləsi insanın ürəyini sızlatsa da, ən ağrılı, acılı məqam məhz kəndlərdə torpaqların başsız, sahibsiz qalması, otlağın, örüşün yoxluğundan heyvandar­lığın məhv olması, kənd­linin qatıq, süd, pendir kimi təbii məhsulların həsrətini çəkməsi idi. Muxtar respublikamızın kəndlərindəki acınacaqlı hallar zamanla həll olunası deyildi və illərlə çəkilən zəhmət, atılan müdrik addımlar sayəsində ilmə-ilmə quruldu, naxış-naxış yaradıldı bugünkü inkişaf mənzərəsi. Kəndlinin torpaqla bağlı məsələsi də ölkə üzrə ilk olaraq Naxçıvanda öz həllini tapdı, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşdı. Belə ki, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edildi. Culfa rayonunda respublikada ilk dəfə olaraq ictimai təsərrüfatlarda islahata başlanıldı və yeni özəl təsərrüfat qurumları yaradıldı. Bu təcrübə sonralar 1993-cü ildə respublikada aqrar islahatların aparılmasına hazırlıq dövründə nümunə rolunu oynadı və müxtəlif bölgələrdə kəndlilərin birləşdiyi kəndli (fermer) təsərrüfatlarının yaradılması ilə nəticələndi...
Torpağın öz sahibinə qaytarılmasından sonra illərin qayğısızlığından, biganə münasibətindən təngə gəlmiş, “dil-dodağı” cadar-cadar olmuş, sinəsini tikan basmış sahələr bərəkət ətirli yaşıllıqlara büründü, kənd təsərrüfatının bütün istiqamətləri üzrə inkişaf göstəricilərinin ilbəil artım tempi nəzərə çarpmağa başladı. Ayrı-ayrı dövrlərdə qəbul olunan, praqmatik düşüncədən qaynaqlanan Dövlət proqramlarının uğurlu icrası əkinçilikdə taxılçılıqdan tutmuş tütünçülüyə qədər, eləcə də heyvandarlıqda, balıqçılıqda, arıçılıqda tənəzzül prosesləri öz yerini tərəqqiyə verdi...

Kənd təsərrüfatı mütəxəssisləri də qeyd edirlər ki, aqrar sahənin inkişafında diqqət yetiriləsi əsas məqamlardan biri məhz istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə qatılması, mövcud su ehtiyatlarından səmərəli istifadə olunması və suvarmanın təkmilləşdirilməsidir. Bu məqsədlə ötən illərdəAraz çayı üzərində hidrotexniki kompleksin, Heydər Əliyev, Arpaçay, Sirab Su anbarlarının, Sədərək, Naxçıvan, Əlincəçay suvarma sistemlərinin işə salınması, Nehrəm Su Anbarının tikilməsi, qapalı suvarma şəbəkələrinin qurulması, subar­tezian quyularının qazılması və digər tədbirlər həyata keçirildi. Bundan başqa, aparılan meliorativ tədbirlər sırasında qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alındı, yararsız torpaqların münbitliyi artırılıb yararlı hala salınaraq kəndlinin ixtiyarına verildi.
Əkinçiliyin davamlı inkişafına yol açan digər bir məsələ isə torpaq mülkiyyətçilərinin lazımi toxum, texnika və gübrələrlə təminatıdır ki, bu da dövlətin birbaşa dəstəyi,“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti və Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin xətti ilə, eləcə də bölgələrdəki iri təsərrüfatların hesabına reallaşdırılır. Digər tərəfdən təsərrüfatçılar müxtəlif məşğuliyyət növləri üzrə subsidiya və pulsuz dərman preparatları ilə təmin olunurlar ki, bu da onlara stimul verməklə məhsul istehsalını artırmalarına sövq edir. Heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində baytarlıq işlərinə tələbkarlığın artırılması, süni mayalandırma tədbirlərinin görülməsi bu sahədə də inkişafa təkan verməklə ət, süd, yun istehsalına əsaslı surətdə təsir göstərib.Yaradılan bütün bu və digər sadalamadığımız üstün cəhətlərin nəticəsidir ki, əgər 1995-ci ildə 25476,6 hektar ərazi əkilirdisə, 2020-ci ildə 63405 hektar sahədə əkin aparılıb, ümumilikdə, kənd təsərrüfatı məhsulu 1995-ci illə müqayisədə 13,9 dəfə artaraq 537 milyon 584 min 800 manat olub.
Milli kimliyimizdən soraq verən dastan, rəvayət və nağıllarımızda hər zaman xalq arasında, cəmiyyətdə, ailədə birlik-bərabərlik, bir-birinə arxa durmaq, kömək əlini uzatmaq əsas həyat amallarından sayılıb. Böyük qələbəmizi şərtləndirən bu üstün keyfiyyətlər, eləcə də dövlətimizin yaratdığı əlverişli şərait son illərdə yüzlərlə ailə təsərrüfatlarının da yaranıb formalaşmasına imkan verib. Muxtar respublikamızda belə təsərrüfatların inkişafı üçün qəbul olunan Dövlət proqramlarının uğurlu icrası, keçirilən festival və yarmarkaların effektivliyinin nəticəsidir ki, “Bir kəndin qayğıları” yazısında gündəmə gətirilən, vaxtilə başsız qalan torpaqlarda indi arxası, dayağı qüdrətli dövlətimiz olan xeyli sayda ailə təsərrüfatları fəaliyyət göstərir, pendirə, qatığa həsrət qalan kəndli bu gün onlarla adda, yüzlərlə çeşiddə məhsullarını təkcə daxili bazara çıxarmaqla kifayətlənmir, xaricə də ixrac edir. Müstəqilliyimizin ilk illərində Şərur rayonunda qurulan ailə təsərrüfatlarından biri Düdəngə kəndində yaşayan Ağayevlər ailəsinə məxsusdur. Ailə təsərrüfatının başçısı Faiq Ağayev dedi ki, sovetlər dönəmində kolxozda aqronom, baş aqronom, baş mütəxəssis vəzifələrində çalışdığım üçün əkin-biçin işlərinə dərindən bələdəm. Ölkəmizdə müstəqillik illərində uğurla aparılan torpaq islahatı əkinçiliyə bağlı olan digər insanlar kimi, məni də təsərrüfat qurmağa sövq etdi. Beləcə, torpaq götürüb işə başladım. Zaman ötdükcə fəaliyyət sahəmi daha da genişləndirib ailə təsərrüfatı formasına saldım. Artıq bir neçə ildir ki, özümə aid 6 hektar, icarəyə götürdüyüm 5 hektar torpaqda taxıl, qarğıdalı, kartof, soğan və digər tərəvəz bitkiləri əkib-becərirəm. Şərur torpaqları çox bərəkətlidir, hər tədarük dövründə bunun nəticəsini görürəm.Yığılan məhsulun yaxşı da alıcısı vardır. Bazar tələbatından artıq məhsullarımı keyfiyyətli qalması üçün soyuducu anbarlara yığır, mövsüm vaxtı yaxşı qazanc əldə edirəm. Bu il qarğıdalı sahəsindən 120-130, taxıl sahəsindən 80 sentner, həmçinin 40 ton kartof, 40 ton soğan məhsulu götürmüşəm. İstənilən sahədə uğur qazanmanın yolu birlikdən, bərabərlikdən keçir. Mən də işlərimi təkbaşına deyil, həyat yoldaşımın, övladlarımın köməyi ilə görürəm. Mövsüm vaxtı 10-a yaxın işçi də cəlb edirəm təsərrüfata. Dövlətimizin yaratdığı şəraitdən də çox razıyam. Festivallarda, yarmarkalarda iştirak edir, məhsullarımı geniş alıcı kütləsinə təbliğ edirəm. 35 illik təsərrüfat fəaliyyətim də qiymətsiz qalmayıb. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əmək” ordeninə layiq görülmüşəm. Fürsətdən istifadə edib bir daha biz zəhmətkeşlər üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdar­lıq edirəm.

Deyirlər, dünəni xilas etmək əlimizdə olmasa da, sabahı qazanmaq və ya itirmək öz əlimizdədir. Göründüyü kimi, “Bir kəndin qayğıları” sərlövhəli yazı ilə dünənimizdən başlayıb bu günümüzə doğru irəlilədikcə hər addımda inkişaf, tərəqqi, firavanlıq dolu anlarla, faktlarla təsdiqini tapan yüksəliş göstəriciləri ilə qarşılaşırıq, aparılan uğurlu siyasət, həyata keçirilən mütərəqqi ideyalar, görülən qabaqcıl işlər belə deməyə əsas verir ki, biz inamlı sabahlarımızı, parlaq gələcəyimizi çoxdan təmin etmişik. Elə yoxsulluq, pərişanlıq məngənəsindən bolluq, güzəranlıq mərhələsinə uzanan bu müdrik yola ilk təməl daşının qoyulduğu gündən...

Nail ƏSGƏROV

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR