30 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda şəhid ailələrinə və qazilərimizə dövlət qayğısı vətənpərvərlik təzahürüdür


Ümummilli liderimiz Heydər Əliyevin “Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir” mübarək kəlamının əməldə təcallasının təntənəsini yaşayırıq Müzəffər Ali Baş Komandanın rəhbərliyi, igid oğulların şücaəti sayəsində. Ulu öndər siyasətinin müdrikliyi, böyüklüyü, bu dahi siyasətçinin təməlini qoyduğu əbədiyyət yoluna sədaqət muxtar respublikamızın timsalında həm müharibədən əvvəl, həm müharibə dövründə, həm də sonrakı mərhələdə şəhid ailələrinə, müharibə iştirakçılarına, qazilərə göstərilən ehtiramda, qayğıda, həssas münasibətdə özünü ən yüksək səviyyədə göstərir. Cəmiyyətimizin bu kateqoriyadan olan insanlarının sosial problemlərinin həll olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər 2021-ci ildə daha intensiv, davamlı xarakter aldı...

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il sentyabrın 23-də imzaladığı “Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncamına əsasən bu məqsədlə 1 milyon manat vəsait ayrıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Fərmanına uyğun olaraq isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradıldı. Nəticədə, 2021-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış və dəstək fondunun vəsaitləri hesabına muxtar respublikada 23 şəhid ailəsi və qazi mənzillə, 18 Vətən müharibəsi iştirakçısı avtomobillə təmin olundu, müvafiq kateqoriyadan olan 23 şəxsin müalicə və müayinəsinə köməklik göstərildi, şəhid ailələri və qazilərdən 17-nin kredit borcu ödənildi, 25-nin isə mənzilləri təmir olundu. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilərə qayğının növbəti təzahürü isə özünü ötən il dekabrın 24-də – Azərbaycan Respublikası Prezidentinin 60 illik yubileyində göstərdi. Həmin gün Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində 3 şəhid ailəsinə və 2 qaziyə mənzillər, 10 Vətən müharibəsi iştirakçısına isə avtomobillər təqdim olundu. Yeni ili yeni mənzildə, yeni avtomobillə qarşılayan həmin şəxslərdən bir neçəsi ilə həmsöhbət olub, Vətən müharibəsində keçdikləri döyüş yolu, eləcə də müharibədən sonra sosial məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı fikirlərini öyrənməyə çalışdıq.

Yeni mənzillə təmin olunanlardan biri 1996-cı il martın 20-də Babək rayonunun Şıxmahmud kəndində dünyaya göz açan şəhid leytenant Fərmin Əliyevin ailəsidir. Həyat yoldaşı Fatimə xanım igid eloğlumuzun 24 illik şərəfli ömür yoluna nəzər salır, onunla bağlı xatirələrini bölüşür. Deyir ki, valideynlərinin, müəllimlərinin bildirdiyinə görə, Vətənə sonsuz məhəbbəti Şıxmahmud kənd tam orta məktəbində oxuyanda, hələ yeniyetməlik dövründən dilindən, qəlbindən, davranışlarından oxunurmuş Fərminin. Elə Şıxmahmud kənd orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra – 2011-ci ildən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirməyi də, bu mənada, təsadüf deyilmiş. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Xüsusi təyinatlı texnika və sistemlər ixtisasına yiyələnən Fərmin daha sonra Tərtər rayonundakı hərbi hissədə xidmətə başlayıb. Çevikliyi və bacarığı ilə qısa zamanda fərqlənib və elə buna görə də bir müddət sonra Mingəçevir şəhərinə xüsusi təyinatlı olaraq göndərilib.

Həyat yoldaşı bildirir ki, Fərmin müharibənin ilk günündən döyüşlərə atılır. Talış kəndinin azad edilməsində xüsusi qəhrəmanlıq nümunəsi göstərən Vətən oğlu şiddətli döyüşlərin birində 30 nəfərlə mühasirəyə düşsə də, qətiyyən özünü itirmir, mühasirəni yararaq döyüş yoldaşlarını da xilas edir. Müharibənin birinci günü evə zəng etmişdi: “Atamı, anamı, sizi sevdiyim qədər Vətənimi də sevirəm. Mən şəhid olsam, siz Vətənə əmanətsiniz. Sən güclü və ağıllı qadınsan. İnanıram ki, hər şeyin öhdəsindən layiqincə gələcəksən. Dünyaya göz açacaq övladımıza da yaxşı baxarsan. Qismət olsa, görüşərik”. Çox təəssüf ki, bu görüş bizə qismət olmadı. Sentyabrın 29-da şəhidlik zirvəsinə ucaldı yoldaşım. 23 gün sonra isə oğul övladı dünyaya gəldi. Fərminin öz arzusu ilə uşağa atası Fərmanın adını verdik. Oktyabrın 1-də Naxçıvana şəhid kimi ilk gələnlərdən oldu qəhrəmanım. Ali Məclis Sədrinin qarşılanma mərasimində iştirakı, bizimlə yaxından maraqlanması, yas mərasiminin yüksək səviyyədə təşkili tək olmadığımız, dövlətimizin arxamızda dayandığı əminlik hissini yaşatdı bizə. Yoldaşım şəhadətə yüksəlməsindən sonra ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunduğu üçün hədsiz qürurlandıq. Ötən ilin sonlarında isə Naxçıvan şəhərindən iki­otaqlı mənzillə təmin olunduq. Bilirəm ki, indi Fərminin ruhu şaddır. Çünki həm uğrunda canını fəda etdiyi torpaqlar azaddır, həm də dövlətimiz öz qəhrəmanının adını uca tutur, övladını diqqətsiz, qayğısız buraxmır. Balaca Fərman hərtərəfli imkanlar hesabına gözəl şəraitdə böyüyüb yaşa dolacaq. Atasının igidliyi barədə müəllimlərindən, sinif yoldaşlarından eşitdikcə qürur hissi keçirəcək. Vətəninə, dövlətinə xeyirli övlad kimi, atasının adına layiq yetişdirməyə çalışacağam igidimin yadigarını. Biz şəhid ailələrinə göstərilən diqqətə, qayğıya görə dövlətimizə minnətdarlıq edirəm.
Ötən il dekabrın 24-də Babək qəsəbəsində ikiotaqlı mənzillə təmin edilən ehtiyatda olan baş leytenant, qazi Abbasəli Tarverdiyev də Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazan igid oğullarımızdandır. Şərəfli hərb sənətini seçən digər naxçıvanlı gənclər kimi, o da ilk olaraq Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Hava hücumundan müdafiə ixtisası üzrə dərin biliklərə yiyələnib. Müvafiq əmrə əsasən leytenant rütbəsi alaraq Qusar rayonunda yerləşən “N” hərbi hissədə xidmətə başlayan, nizam-intizamı ilə seçilən Abbasəli təlimlərdə iştirak edərək yüksək döyüş bacarığına sahib olub. 2020-ci il 27 sentyabrdan başlayaraq tabeçiliyinde olan şəxsi heyət ilə Füzuli, Cəbrayıl, Xocavənd istiqamətləri üzrə gedən şiddətli döyüşlərdə iştirak edib. Noyabrın 1-də müharibənin bitməsinə günlər qalmış Xocavənd istiqamətində düşmən artilleriyasının açdığı atəş nəticəsində ciddi xəsarət alaraq döyüş meydanını tərk etməyə məcbur olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Hazırda Babək rayonu, Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbdə hərbi rəhbər vəzifəsində çalışan Abbasəli müəllimin dediklərindən: “Minlərlə vətənpərvər oğullar kimi, mən də Vətən müharibəsində iştirak edib, zəfər tarixini yazanlar arasında olduğum üçün çox qürurluyam. Mübariz ata-babalarımızın mənəvi mirasına sadiq olduğumuzu düşmənin layiqli cavabını verməklə bir daha sübut etdik, şəhid qardaşlarımızın qisasını aldıq, qanı yerdə qalmadı igidlərin. Həqiqətən, doğru deyiblər ki, azadlıq ən şirin nemətdir, onu heç nə ilə əvəz etmək olmaz. Bunu müharibə dövründə torpaqlarımız azad olunduqca, o müqəddəs yerlərə ayaq basan zaman hiss edirdik, duyurduq. İllərlə həsrətdə qalan torpağın düşmən tapdağından təmizlənməsində kiçicik də olsa, payın olmasını bilmək, azad olunma medalları ilə təltif edilmək bambaşqa duyğudur. O hissi sözlə ifadə etmək mümkünsüzdür.
Qalib ordunun ehtiyatda olan nümayəndəsi kimi keçirdiyim döyüşlərdən danışır, hərbin ilkin sirlərini öyrətməyə çalışıram şagirdlərimə. Dövlətimizə də gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi üçün məktəbimizdə gözəl şərait yaratdığı, müharibə iştirakçısı, qazi kimi mənə burada dərs deməyə səlahiyyət verdiyi üçün ayrıca minnətdarlıq edirəm. Ümumiyyətlə, bu gün hara üz tuturamsa, orada həm insanların həssas münasibətini, həm də dövlətimizin qayğısını görürəm. Yeni il ərəfəsində yeni mənzillə təmin olunmağımın sevinci də çox böyükdür. Yaşasın hərbi qulluqçusunun, sosial təminatlı vətəndaşının qayğısına qalan, onun ehtiyacını ödəyən dövlətimiz”.
Yeni il ərəfəsində avtomobillə təmin olunan Nəriman Fərəcli 1992-ci il mayın 8-də Culfa şəhərində dünyaya göz açıb. Deyirlər, həyatda təsadüf yoxdur, olacaqları yaşayırıq. Bir vaxt heç kimin ağlına da gəlməzdi ki, I Qarabağ müharibəsi dövründə, Şuşanın işğalı günü dünyaya göz açan Nəriman, gün gələcək, düşməni o torpaqdan qovanlar arasında yer alacaq. Bəli, o, ürəyindəki Vətən eşqi ilə yaşadı, hər il doğum gününü könül xoşluğu ilə qeyd etmədən böyüdü, yaşa doldu. 2013-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinə sənədlərini təqdim etdi, bütün normativləri yüksək şəkildə yerinə yetirərək uşaqlıq arzusuna, müqəddəs istəyinə çatdı. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlanması torpaq qədri bilən bütün oğullarımız kimi, Nərimanın da ürəyindən idi. 29-cu ad gününü fəxrlə qeyd etmək şansı, 30 illik həsrətə son qoymaq məqamı yetişmişdi artıq. Döyüşlərin başladığı ilk gündən Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Şuşa istiqamətlərində bir sıra tapşırıqları səlis şəkildə, dəqiqliklə yerinə yetirən bu xüsusi təyinatlımız oktyabrın 20-də ağır xəsarət alır, özü də istəmədən müharibəni davam etdirə bilmir. Ancaq onun yarımçıq qoyduğu işi döyüş yoldaşları böyük müvəffəqiyyətlə tamamlayır...
“Cəsur döyüşçü”, Füzulinin, Cəbrayılın, Kəlbəcərin, Şuşanın azad olunmasına görə medallarını üzərində böyük fəxrlə daşıyan Nəriman deyir ki, I Qarabağ müharibəsinin ağrı-acıları ilə keçdiyi kiçik yaşlarından hərb sənətinə böyük marağı olub. Ailəsinin, müəllimlərinin aşıladığı hərbi-vətənpərvərlik duyğuları yaşa dolduqca fikrinin qətiləşməsində böyük rol oynayıb, bu sahəni seçməsinə sövq edib. Bu gün qürurla, fəxrlə, başı dik şəkildə gəzir. Çünki o, qalib ordudan ehtiyata buraxılıb, düşmənin layiqli cavabını verənlər arasında onun da adı vardır. Yüksək müavinətlə, Prezident təqaüdü ilə təmin olunan qazimiz avtomobil hədiyyə etdiyi üçün dövlətimizə minnətdarlıq edir. Arzusudur ki, ona hədiyyə olunan həmin avtomobillə tezliklə açılacaq Zəngəzur dəhlizi ilə azad Şuşaya, Laçına, Qarabağa getsin...
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, tarix həmişə hər şeyi öz yerinə qoyur. Bəli, dahi siyasətçinin xüsusi dəstxətlə yazdığı müstəqillik, dirçəliş, yüksəliş tarixinin nuru bizi xalq olaraq qalibiyyətə, dövlətimizi böyük söz sahibliyinə, ordumuzu qüdrətə, yenilməzliyə, zəfərə apardı, düşmənə isə layiq olduğu yeri göstərdi. Böyük Qələbədə izi olan şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilərə verilən dəyər, göstərilən qayğı da məhz təməli illər öncə qoyulan bu yola sədaqətin nəticəsi, milli-mənəvi dəyərlərə hörmətin ifadəsi kimi həm də bu günün gəncliyinə bir örnək, nümunədir...

Nail ƏSGƏROV

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR