28 Mart 2024, Cümə axşamı

“Şərq qapısı” – 100

 

Ulu diyarımın ulu yazarı,
Qəlbi sözlə dolu söz xiridarı,
Ömrü xatırladır qoca çinarı,
Ruhu gənc, rüxsarı xoş lətafətlim,
Yüz yaşın mübarək, doğma qəzetim!

Şərqin qapısından verirsən soraq
Dünəndən sabaha körpü salaraq.
Gənc qələm əhlinə olmusan mayak –
İdeya məktəbim, söz səltənətim,
Yüz yaşın mübarək, doğma qəzetim!

Ağrılı-acılı günlər görmüsən,
Qəm-kədərdən söz çələngi hörmüsən,
Çətin sınaqlara sinə gərmisən,
Əyilməz, kəsərli sözüm, söhbətim,
Yüz yaşın mübarək, doğma qəzetim!

Çoxdur şərəfinə, şanına rəğbət,
Böyükdür adına, sanına hörmət,
Çün ulu öndərdən almısan qiymət,
O gündən hey artır şanın-şöhrətin,
Yüz yaşın mübarək, doğma qəzetim!

Fotolar hüsnünə vurur naxışı,
Müasir yurduma çalır alqışı,
Yazılar birliyə edir çağrışı:
“Yaşa əziz xalqım, var ol dövlətim”
Yüz yaşın mübarək, doğma qəzetim!

Milli kimliyimdən açıb söhbəti,
Deyirsən unutma keçmişi qəti,
Təbliğ eyləyirsən milli sərvəti,
Danışan tarixim, mədəniyyətim,
Yüz yaşın mübarək, doğma qəzetim!

Şairə, yazara verib qol-qanad,
Qoymursan it-bata düşə istedad,
Sözə dəyər verən, ey böyük ustad,
Getməsin heç zaman bada zəhmətin,
Yüz yaşın mübarək, doğma qəzetim!

Böyüyüb yetmisən ahıl yaşına,
“Nəvə-nəticən” də dolub başına,
Arzumdur çatasan lap min yaşına,
Ürəkdə qalmasın arzun, niyyətin,
Yüz yaşın mübarək, doğma qəzetim!

Nail ƏSGƏROV
Şeir “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə
keçirilən yaradıcılıq müsabiqəsinə təqdim edilir.

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR