Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Baş Prokurorluqdan verilən məlumata görə, belə ki, bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan Respublikasına və oradan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə qaçaq yolla xüsusilə külli miqdar dəyərində silah sursatların, hərbi texnikanın qanunsuz olaraq daşınması barədə dərc edilmiş məlumatlar üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırma aparılmışdır.
Müəyyən edilmişdir ki, biznes fəaliyyəti ilə məşğul olan, “Taşir” şirkətlər qrupunun rəhbəri Karapetyan Samvel Sarkisoviç, Ermənistanda "boz biznesmen" kimi tanınan və “Royalsys Engineering” şirkətinin sahibi David Qalustyan, “KOMEX” şirkətinin baş direktoru Abramyan Ara Arşaviroviç və qeyriləri Ermənistan Respublikasının Silahlı qüvvələrini qanunsuz olaraq silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz edilməsi üçün 2001-2021-ci illər ərzində müxtəlif vaxtlarda hava yolu ilə “Beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının, “Avropada Adi Silahların Məhdudlaşdırılması” haqqında Müqavilənin tələblərinə zidd olmaqla müxtəlif reyslərlə uçan sərnişin təyyarələri, habelə Ermənistan Hərbi Hava Qüvvələrinin İL-76 TD tipli yük təyyarəsi ilə, eləcə də Ara Abramyan tərəfindən alınmış “İLYUSHİN-76TD” tipli, yük daşıma təyinatlı təyyarə ilə - ayırdıqları maliyyə vəsaiti hesabına hərbi təyinatlı iri çaplı odlu silah, döyüş sursatı, hərbi təyinatlı partlayıcı maddələr və qurğuları, o cümlədən raketləri qanunsuz əldə edib Ermənistan Respublikasına və Ermənistanın işğalına məruz qalmış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarına qaçaq yollarla daşınmasını təşkil etmişdir.