06 İyul 2022, Çərşənbə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.

Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz tərəfindən həyata keçirilmiş hüquq islahatları ölkəmizdə demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır. Ölkəyə rəhbərlik etdiyi dövrlərdə insan hüquq və azadlıqlarının qorunmasına diqqət yetirən ulu öndər demişdir: “Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur”.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə əsas insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuş, hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan vermiş, çox mühüm normativ-hüquqi aktlar və bir sıra Dövlət proqramları qəbul edilmişdir. Ulu öndər tərəfindən imzalanan “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərman və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncam ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmiş, qanunvericilik və institusional islahatlara təkan vermişdir.

1996-2000-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulan Azərbaycan Respublikası 2001-ci ildə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etmişdir. Avropa Şurasının bu mühüm sənədinə münasibət bildirməklə Azərbaycan beynəlxalq təşkilatla sıx əməkdaşlığa hazır olduğunu və insan hüquqlarının qorunması sahəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bir daha bəyan etmişdir.

Bu gün Azərbaycanın müasir inkişafı dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilir. Ölkə başçısı tərəfindən 2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 2011-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da insan hüquq və azadlıqları ilə bağlı həyata keçirilən mühüm islahatlar ardıcıl şəkildə davam etdirilir. Ölkə başçısının “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada bu istiqamətdə inkişafı təmin etmişdir. Belə ki, fərmanın qəbul edilməsindən ötən dövr ərzində hüquq institutlarının təkmilləşdirilməsi, insan hüquqlarının müdafiə mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin yüksəkkeyfiyyətli hüquqi yardımla təmin edilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Muxtar respublikada insan hüquqlarının müdafiəsi ilə bağlı hüquq institutlarının inkişafı tarixində ən mühüm tədbirlərdən biri də Müvəkkil təsisatının yaradılması olmuşdur.

Muxtar respublikada insan hüquq və azadlıqlarını daim diqqət mərkəzində saxlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2006-cı ildə insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və müstəqil məhkəmədənkənar alternativ hüquq müdafiə vasitəsi olan Müvəkkil təsisatı yaradılmışdır. Ötən dövrdə təsisatın fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmış, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa bir sıra dəyişikliklər edilmişdir. Həyata keçirilən bu tədbirlər muxtar respublikada insan hüquqlarının müdafiəsi istiqamətində mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsini, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsini təmin etmişdir.

Ötən dövr ərzində səmərəli hüquq müdafiə mexanizmi kimi formalaşan Müvəkkil təsisatı fəaliyyətini preventiv mexanizm funksiyalarının icrası, insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması, beynəlxalq təcrübə mübadiləsi, əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə, bu sahədə dövlət və yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığın davamlı inkişaf etdirilməsi istiqamətində qurmuşdur.

Bu gün muxtar respublikada ölkə Konstitusiyasında təsbit edilən fundamental hüquq və azadlıqlar, həmçinin əhalinin müxtəlif sosial qruplarının hüquqlarının daha səmərəli təmin olunması və müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir, əhalinin müxtəlif sosial qruplarının hüquq bərabərliyinin davamlı təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.

Muxtar respublikamızın davamlı sosial-iqtisadi inkişafı əhalinin müxtəlif sosial qruplarının – qadınların, gənclərin, ahıl vətəndaşların, müharibə veteranlarının, şəhid ailələrinin və məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsini gücləndirmiş, onların hüquq və azadlıqlarının səmərəli təmini və etibarlı müdafiəsi məqsədilə mühüm normativ-hüquqi aktlar, Dövlət proqramları qəbul edilmişdir.

Muxtar respublikada əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlər yeni iş yerlərinin açılması ilə yanaşı, sosial cəhətdən həssas əhali qruplarının məşğulluqda iştirak payını da yüksəltmiş, onlar özünüməşğulluq proqramlarına cəlb olunmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 28 yanvar 2021-ci il tarixdə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Qəbul edilmiş Dövlət proqramının məqsədi əhalinin məşğulluğuna yönəldilən tədbirlərin davamlılığına nail olunması, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin edilməsi, əmək bazarında real vəziyyətin təhlil edilməsi və tələbata uyğun kadr hazırlığının aparılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsidir. Bu proqramın icrası muxtar respublikanın yeni sosial-iqtisadi inkişafına uyğun olaraq əhalinin məşğulluğunun artırılmasını, onların rifahının daha da yüksəldilməsini, əmək bazaranın tələbləri əsasında kadr hazırlığının aparılmasını və özünüməşğulluq imkanlarını genişləndirəcəkdir.

Ötən dövrdə muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası, məşğulluq imkanlarının və peşə hazırlığının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, onlara göstərilən sosial xidmət, inklüziv təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində qəbul edilmiş Dövlət proqramlarının icrası təmin edilmiş, muxtar respublikada Əlillərin Bərpa Mərkəzi, Uşaq Bərpa Mərkəzi və məhdud fiziki imkanlı şəxslər üçün Naxçıvan Regional İnformasiya Mərkəzi fəaliyyətə başlamış, əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verməyən uşaqların təhsil hüququnun həyata keçirilməsi üçün onların inklüziv və məsafədən təhsilinə geniş imkanlar yaradılmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 15 mart 2021-ci il tarixdə bu sahədə yeni – “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Yeni Dövlət proqramının məqsədi sağlamlıq imkanları məhdud uşaqların təhsilə və cəmiyyətə inteqrasiyası, inklüziv təhsil imkanlarından geniş istifadə olunması, distant təhsil proqramlarının təkmilləşdirilməsi və onların sosial reabilitasiyasının təmin olunmasıdır. Bu proqramın icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbində davamlılığın təmin edilməsini, bu sahədə təlim-təhsil proseslərinin daha da təkmilləşdirilməsini və onların cəmiyyətə inteqrasiyasını daha da sürətləndirəcəkdir.

Ahıl vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması muxtar respublikada daim diqqət mərkəzində saxlanılan sahələrdəndir. Bu gün ahıl vətəndaşlara göstərilən xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlir, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, müxtəlif növ xidmətlərin göstərilməsi, sağlamlıqlarının qorunması və tibbi reabilitasiyası həyata keçirilir, muxtar respublikada ahıl vətəndaşların sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində davamlı inkişafı təmin edilir.

Muxtar respublikada müharibə veteranlarının və şəhid ailələrinin sosial müdafiəsinin və rifah halının yaxşılaşdırılması sahəsində də ardıcıl tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərə hərtərəfli dövlət qayğısı göstərilir, bu sahədə xidmətlərin həcmi və keyfiyyəti ildən-ilə artırılır, onların müayinə və müalicəsi üçün muxtar respublikada fəaliyyət göstərən səhiyyə müəssisələri müasir avadanlıqlarla təchiz olunur, müvafiq kateqoriyadan olan vətəndaşlar müxtəlif sosial proqramlara, aktiv məşğulluq tədbirlərinə cəlb edilir, onlar mənzil və avtomobillərlə təmin olunurlar. Həyata keçirilən bu tədbirlər Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların fəaliyyətinə dövlət qayğısının bariz ifadəsidir.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti qadınların hüquqlarının etibarlı müdafiəsini təmin etməklə sosial-iqtisadi, elmi-intellektual potensialının daha da artırılmasına, onların ictimai-siyasi, sosial-mədəni həyata daha fəal cəlb edilməsinə geniş imkanlar yaradır. Muxtar respublikada qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması, kredit resurslarından, bazar və müxtəlif imkanlardan istifadəsi, qadınların iqtisadi təşəbbüskarlığının artması, mikro, kiçik və orta biznesdə geniş təmsil olunması, məşğulluğun təmin edilməsi və onların peşə kurslarına cəlb olunması üçün geniş dövlət dəstəyi göstərilir. Həyata keçirilən bütün tədbirlər qadın sahibkarlığın inkişafını, qadınların öz potensiallarının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artırır. Muxtar respublikada dövlət qadın siyasətinin uğurla həyata keçirilməsinin təməlində isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı dayanır.

Muxtar respublikada gənclərin yüksək səviyyədə təhsil almasına, intellektual səviyyəsinin yüksəldilməsinə, dünyagörüşünün formalaşmasına və asudə vaxtlarının səmərəli keçirilməsinə, gənc nəslin sağlamlığının qorunmasına və gənclərin məşğulluq məsələlərinə diqqət günü-gündən artırılır, elektron kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni orta məktəb binaları, idman mərkəzləri və digər obyektlər tikilir və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilir. Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən birini də gənclərin sosial problemlərinin həlli, xüsusilə də mənzil şəraitinin yaxşılaşdırılması təşkil edir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yeni yaşayış kompleksləri tikilərək istifadəyə verilir, gənclərin güzəştli şərtlərlə mənzil sahibi olmaları üçün tədbirlər görülür.

Muxtar respublikada azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraitinin və gündəlik təminatının yaxşılaşdırılması, əmək hüquqlarının təmin edilməsi, cəmiyyətə adaptasiyası və müxtəlif peşə vərdişlərinə yiyələnməsi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin nəzdindəki yaradıcılıq və istehsalat sahələrində məhkumlar müxtəlif peşələr üzrə kurslara cəlb edilir, onların əl işləri müxtəlif sərgilərdə nümayiş etdirilir, azadlığa buraxıldıqdan sonra sosial adaptasiyası və özünüməşğulluğun təmin edilməsinə geniş imkanlar yaradılır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan humanist cəza siyasəti muxtar respublikamızda uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların barəsində humanist cəza siyasətinə əsaslanan tədbirlərin uğurla davam etdirilməsi onların islah edilmə prosesinin sürətlənməsini, normal sosial faydalı həyata adaptasiya olunmasını və bu sosial qrupdan olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsini təmin edir.

Ötən dövr ərzində muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi uğurla davam etdirilmişdir. Belə ki, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı bütün zəruri tədbirlərin reallaşdırılması və daxili əmək bazarının qanunsuz miqrantlardan qorunması təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Saxlanılması Mərkəzində saxlanılan miqrantların hüquqlarının qorunması muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətinin beynəlxalq standartlara uyğun həyata keçirilməsinin bariz nümunəsidir.

Muxtar respublikada informasiya agentliklərinin, dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi və səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, jurnalist peşəkarlığının yüksəldilməsi, azad mətbuatın fəaliyyət göstərməsi, sürətli internetə çıxış imkanlarının yaradılması söz və fikir azadlığının təmin olunması, insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Həyata keçirilmiş bu tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mətbuata və kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğısının parlaq təzahürü olmaqla yanaşı, həm də ictimai tribuna kimi insan hüquqlarının təminatı sahəsində görülən işlərin davamıdır.

Bu gün muxtar respublikanın yüksələn iqtisadi inkişafı, hər bir sosial qrupa ünvanlanmış sosial-iqtisadi layihələrin ardıcıl həyata keçirilməsi əhalinin rifah halının getdikcə yaxşılaşmasına, nəticə etibarilə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, etibarlı müdafiəsinə və davamlı inkişafına öz töhfəsini verməkdədir. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı tərəfindən insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti

 

 

 

 

 

 

 

ARXİV

İyul 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR