22 Dekabr 2024, Bazar

Yenə görüşünə gəlmişəm, ata-baba yurdum, doğma kəndim Qahab. Səninlə söhbətləşmək, ötən günlərə dönmək, bu gününə nəzər salmaq, yenidən doğmalaşmaq, körpə uşaqtək qoynuna sığınmaq üçün gəlmişəm. Harada yerləşməyini, sənə gəlmək üçün hansı yolları qət etməyin lazım olduğunu izah etmək istəmirəm. Çünki bunu bilənlər bilir, bilməyənlər isə dost-tanışdan, internetin imkanlarından istifadə edib məlumat ala bilər. Gəl səmimi söhbət edək. Bilirəm ki, sənin də deməyə çox sözün var. Hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır. Vaxt keçdikcə sən də dəyişmisən, gözəlləşmisən, böyümüsən. Aramızdakı danışığa bir isim də qoyaq: övlad, ana söhbəti. Çünki sən ana Vətənin bir parçasısan. Söhbətimizi qələmə almağı, tarixləşdirməyi özümə övlad borcu bilirəm.

Sirabın, Qaradaşın, Əshabi-kəhfin, Haçadağın fonunda qürurla, əzəmətlə dayanan yurdum mənim. Bəlkə də, adını saydığım bu dörd təbiət abidəsi Naxçıvan torpağının heç bir yerindən belə nizamlı, səliqəli görünmür. Bir-biri ilə, sanki qol-boyundur, Qahaba arxa-dayaqdır, ucu buludlara toxunan vüqardır bu dağlar. Uşaqlığım, gəncliyim Qahab. “Təktəpə”dən, “Qahab gölü”nün ən hündür yerindən durub seyr edirəm səni, göz gəzdirirəm həyət-bacalara. Üzüm yarpağı, cürbəcür meyvələr, kəklikotu toplayanları görən zaman deyirəm: əvvəlki səxavətindən, ürəyiaçıqlığından heç nə itirməmisən. Bir valideyn kimi övladlarının, doğmalarının qayğısını çəkirsən.
Biz elə bu qayğınla, sığalınla böyüdük, boya-başa çatdıq. Deyirəm, zaman nə yaman tez keçdi, doğma kəndim. Sanki dünən idi, məhəlləmizdə, küçə-bacamızda dostlarımızla, həmyaşıdlarımızla “Bənövşə, bizdən sizə kim düşə?”, “Gizlənqaç”, “Ocaq yandı, su qaynadı” oynamağımız. Təndir qalayıb, ocaq salanda analarımızın, nənələrimizin “ay bala, oğlan uşağı təndirə gəlməz”, ya da ki, “kim təndirdən təzə çıxan çörəyin qızarmış hissəsini yesə, pul tapacaq” deyimlərinə uşaq ağlı, uşaq saflığı ilə inandığımız günlər çox tez yox oldu. Ömrümüzdən illər ötdü və biz gözümüzü açıb gördük ki, daha böyümüşük. “Hərdələr”də, “Yellicə”də, Sirab dağının ətəyində qoyun-quzu otarmaq vaxtlarımız keçib. Bəzən tək-tənha olanda, özüm-özümlə danışanda düşünürəm ki, biz elə zəhməti də, əməyi sevməyi də bu cür öyrəndik. Yeri gələndə uşaqlar arasında növbə təşkil edib heyvanımızı otardıq, yeri gələndə böyüklərimizlə birgə arılarımızı kəndbəkənd dağdan arana, arandan dağa köçürdük, əlimizə bel alıb taxıl sahəmizi suvardığımız vaxtlar da oldu. Bir sözlə, çörəyi zəhmətlə, əlin qabarı ilə qazanmağın yollarını mənimsədik.

Doğma kəndim, bilirəm, sən unutqan deyilsən, xatırlayırsan o şirin, yaddaqalan uşaqlıq xatirələrimizi. Hər məhəllən, hər döngən bizə ötənlərdən, olub keçənlərdən “danışır”. O günləri yada salarkən hərdən çöhrəmizdə xoş təbəssüm yaranır, hərdən dərin bir köks ötürürük. Yenə də uşaq olub “Məşədi Vəli”, “Yuxarı məktəb” bulağından anam üçün su daşımaq istəyirəm. Novruz bayramında uşaqlarla birgə Qahabın aşağı məhəllələrinə qədər təngnəfəs qaçdığımız, tanımadığımız evlərə, ocaqlara belə, papaq atdığımız günlərin həsrəti ilə yaşayıram. İstəyirəm ki, yaz ayları gələr-gəlməz yenə də günümüzün çoxu “Söyüdlük”dəki futbol turnirində keçsin. Ata-baba yurdum, bu xatirələr bir deyil, beş deyil. Saymaqla bitməz. İndi sən daha başqa uşaqların xatirəsində dərin iz buraxmaqla məşğulsan.
Biz böyüdük, Vətən və dövlət qarşısındakı məsuliyyətimizi dərk etdik. Dünən uşaq bildiklərimiz bu gün öz sahəsində fərqlənən ziyalıdır, müəllimdir, həkimdir, mühəndisdir, qalib əsgərdir, zabitdir. Əsgər və zabit demişkən, sən həm də igidlər oylağısan. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, şəhadət şərbətini içən Babəkin, Mübarizin, Pənahın, Şəhriyarın, 44 günlük Vətən müharibəsində Qubadlı torpağının müqəddəsliyini Qahab torpağına daşıyan, Milli Qəhrəman Şükür Həmidovla çiyin-çiyinə döyüşən Abbas­əli İsmayılovun ata-baba yurdusan. İndi Qahab torpağında uyuyan şəhidlərin məzarı üstündə Azərbaycan əsgərinin səma daşı, qələbə bayrağı dalğalanır. İkinci Qarabağ müharibəsində bizə qələbəni gətirən Roman, Rahim, Xalıxverdi kimi qazi oğullarınla da öyünürsən, Qahab.
Bu illər ərzində təkcə biz yox, sən özün də çox dəyişmisən, inkişaf etmisən, doğma kəndim. Ötən əsrin 70-ci illərində tikilmiş yöndəmsiz məktəb binası daha tarixə qovuşub. Hansı ki biz uşaq olanda o məktəbdə istilik üzünə həsrət qalmışdıq. Hətta anamız qalın bir taxta parçasını məktəbli çantamıza yerləşdirərdi ki, dərs saatlarında soyuq döşəmədə ayağımızın üşüməməsi üçün istifadə edək. Hələ bu harasıdır, dərslikləri də valideynlər özləri alırdılar, kitabxanalar zəngin deyildi. Qış aylarında şüşələri qırıq-qırıq olmuş idman zalına girmək adamdan hünər istəyirdi. Bütün bunlar acı xatirədir. İndi Qahabda saray kimi, imarət kimi yeni məktəb binası ucaldılıb. Bir vaxtlar ağlımıza da gəlməyən, heç vaxt görmədiyimiz, xəyalını belə, qura bilmədiyimiz kompüterlər, elektron lövhəli siniflər, laboratoriyalar indi uşaqlarımız üçün əlçatandır. Gəlin etiraf edək ki, indi heç bir valideyn bazardan kitab almaq üçün əlini cibinə salmır. Uşaqlarımız isti, müasir şəraiti olan məktəbdə təhsil alırlar. Nəticə göz qabağındadır: hər il Qahab məktəbinin məzunlarından 10-15 nəfər ali və orta ixtisas təhsili məktəblərinə qəbul olur.
Ata-baba yurdum, blokadanın ilk illərində Naxçıvanın bütün yaşayış məntəqələri kimi, sən də çətin günlər yaşadın. İnsanlar əkib-biçmək, qurub-yaratmaq dərdində yox, müharibə əhvali-ruhiyyəsində, sərhəd kəndlərində düşmənə qarşı inadlı mübarizə aparmaqla məşğul idilər. Bilirsən, bu yaxınlarda yüzillik fəaliyyəti ilə, həqiqətən də, muxtar respublikamızın mətbuat salnaməsinə çevrilən “Şərq qapısı” qəzetinin arxivində maraqlı bir yazıya rast gəldim. 1991-ci ildə nəşr olunan “Sahibsiz kənd” başlıqlı məqalədə səndən, geridə qoyduğun qayğılı günlərdən bəhs olunur: “Yəqin deyəcəksiniz ki, sahibsiz kənd ola bilməz. Yox, mən demirəm ki... Sosial qayğıları olan, əhalisi diqqətdən kənarda qalan kəndə, ancaq belə ad vermək olar. Rayon mərkəzindən 14-15 kilometr aralıda yerləşən Qahab kəndi də gözdənuzaq, könüldəniraqdır. Kəndə gedən yolun vəziyyəti ilk baxışdan bu yaşayış məskəninin vəziyyəti barədə söz deyir. Yollar bir yana, adamlar su, elektrik enerjisi, qazdan istifadə edə bilmirlər”.
Sən işıqlı, nurlu günlərə müstəqillik illərində qovuşdun, yeni bir tarix yazdın, Qahab. Bu tarixin adı inkişafdır, tərəqqidir, müasirlikdir. Abad yolların, yan-yana sıralanan sosial obyektlərin gözəlliyinə gözəllik qatır. İndi insanlar iş-güc, təsərrüfat sahibidir. Heydər Əliyev Su Anbarı sol sahil kanalı əkin sahələrinə “can verir”. Hünər, İqbal, Mənsur kimi dövlətdən kredit götürüb heyvandarlıq təsərrüfatı yaradan, süd məhsullarının istehsalı ilə məşğul olan, meyvə bağı salan neçə-neçə təsərrüfat adamın var. Şəhriyar, Cavad, Təbriz, Yunis məşhur “Qahab lavaşı”nın istehsalı ilə məşğul olurlar.

Kimsə düşünməsin ki, Qahaba tərif deməklə onu dünyanın ən yaxşı kəndi kimi təqdim etmək istəyirəm. Yox, bu fikirdən birmənalı olaraq uzağam. Şübhəsiz, Qahabdan böyük, səfalı kəndlər də var. Amma mənə görə, eləcə də minlərlə qahablıya görə dünyanın ən gözəli, yaşamalı, ömür sürməli yeri məhz Qahabdır. Çünki körpə vaxtı anamızın qulağımıza dediyi laylalar yaşayır bu kənddə, ilk dəfə Qahab torpağında qədəmlərimizi yerə basıb yeriməyi, danışmağı, ünsiyyət qurmağı öyrənmişik. Bu kənddən pərvazlanıb uzağa gedənlər belə, ən azı bayramlarda Qahaba gəlir, yaxınlarının məzarını ziyarət edirlər. Bəzən sosial şəbəkələrdə Qahabla bağlı hər hansı bir paylaşım görəndə ürəyimiz qubar edir, biranlıq mənən, ruhən Qahaba gedib-qayıdırıq. Bunun adı torpağa, can məkana bağlılıqdır.

Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR