İyunun 22-də Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyininkonfransı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransın gündəliyində duran məsələlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin hesabatı dinləniləcək, daha sonra birliyin yeni İdarə Heyətinin üzvləri və qurumun sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcəkdir.
Konfransın gündəliyi qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyininsədri Tural Bağırovun hesabatı dinlənilmişdir. Bildirilmişdir ki, Aşıqlar Birliyi muxtar respublikada keçirilən yubiley və bayram tədbirlərində, konsert proqramlarında, festivallarda, Novruz bayramı şənliklərində, həmçinin, tarixi və əlamətdar günlərdə hərbi hissələrdə təşkil olunmuş tədbirlərdə iştirak etmişdir. Birliyin 5 hesabat konserti, şair və aşıqlara həsr olunmuş 8 xatirə gecəsi, 1 onlayn konsert və Aşıq Ələsgərin 200 illiyi ilə əlaqədar saz müsabiqəsi keçirilmişdir. Bakı şəhərində keçirilən 2 konsert və 1 festivalda birliyin üzvləri iştirak etmişdir. Aşıqlar Birliyi tərəfindən Naxçıvan Musiqi Kollecinin Aşıq sənəti ixtisası üzrə təhsil alan tələbələri ilə aşıqların 3 görüşü təşkil edilmişdir. Son illər fəxri adlarla təltif olunan mədəniyyət işçilərinin arasında Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvləri də vardır. Tural Bağırov fəaliyyətləri üçün yaradılan şəraitə görə Birliyin üzvləri adından Ali Məclis Sədrinə minnətdarlıq etmişdir.
Hesabat məruzəsindən sonra İdarə Heyətinin yeni tərkibi seçilmişdir.
Birliyin İdarə Heyətinin üzvləri Aydın Cəfərov və Zeynab Yusifova çıxış edərək Bağırov Tural Vidadi oğlunun Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri vəzifəsinə namizədliyini irəli sürmüşlər.
Təklif səsə qoyularaq qəbul olunmuş və Tural Bağırov Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri seçilmişdir.
Tural Bağırov ona göstərilən etimada görə birlik üzvlərinə minnətdarlığını bildirmişdir.
Daha sonra Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin Nəzarət-Təftiş Komissiyasının tərkibi seçilmiş, konfransın qərarı qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli konfransda çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında aşıq sənətinin inkişafı və təbliği mədəni sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq dövlət qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı, 2012-ci ilin muxtar respublikada “Milli dəyərlər ili” elan olunması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 2021-ci il 22 fevral tarixli Sərəncamı bu sahədə görülən işlərin tərkib hissəsidir. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə 2009-cu ildə muxtar respublikada istedadlı aşıqları bir araya gətirən Naxçıvan Aşıqlar Birliyi yaradılmış və fəaliyyəti təmin edilmişdir. Bundan əlavə, Naxçıvan Musiqi Kollecində Aşıq sənəti ixtisası açılmış, ixtisas Aşıqlar Birliyinin hamiliyinə verilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 20 may tarixli Sərəncamına əsasən Aşıqlar Birliyinə dövlət qayğısının daha da artırılması məqsədilə vəsait ayrılmışdır.
Ülvi Hüseynli bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qarşıya qoyduğu vəzifələr əsas fəaliyyət istiqaməti olmalıdır. Aşıqlar Birliyi aşıq sənətinin zənginləşməsi və təbliği istiqamətində bundan sonra da fəaliyyətini gücləndirməli, gənc istedadların yaradıcılıq qabiliyyətinin formalaşmasına kömək etmək məqsədilə saz-söz məclisləri, müsabiqə və tədbirlər keçirməlidir. Təşkilata yeni üzvlər qəbul olunmalı, hesabat konsertləri, tanınmış aşıqların xatirə gecələri, musiqi təhsili müəssisələrində ustad dərslərin keçirilməsi davam etdirilməlidir. Bununla yanaşı Yazıçılar Birliyi və Bəstəkarlar Təşkilatı ilə birlikdə layihələr hazırlamalı və həyata keçirməlidir.
“Şərq qapısı”