Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
Ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə qayıdışı ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində islahatlar həyata keçirilmiş, zəngin qanunvericilik bazası yaradılmışdır.
Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilmişdir. “Dövlət qulluğu haqqında” qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilmiş, 180-dən artıq dəyişikliklə mükəmməl bir hüquqi akt yaradılmışdır.
Ümummilli liderin dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının imzası ilə mühüm Dövlət proqramları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ-hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmış, dövlət qulluğu sahəsində münasibətlərin tənzimlənməsi daim nəzərdə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi bunun bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada dövlət qulluğu sahəsində uğurlu islahatlar aparılmış, müasir dövlət idarəçilik sistemi formalaşdırılmışdır. Həyata keçirilən islahatları iki qrupa ayırmaq olar. Birinci istiqamət dövlət qulluğu sahəsində institusional islahatların həyata keçirilməsi ilə bağlıdır. Bu məqsədlə qanunvericiliklə müəyyən edilmiş dövlət siyasətini və tənzimlənməni həyata keçirən dövlət orqanları yaradılmış və onların normal fəaliyyət göstərməsi təmin olunmuşdur. Dövlət idarəçiliyində innovasiyalar tətbiq edilmiş, “Elektron hökumət” portalı, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilmiş, bəzi dövlət orqanları üzrə səyyar xidmətlər təşkil olunmuş, “ASAN xidmət” Mərkəzi yaradılmışdır. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binalar tikilərək istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmiş, dövlət qulluqçularının fəaliyyəti yaxşılaşdırılmış, onlara lazımi iş şəraiti yaradılmışdır. Bütün bunlar Naxçıvan Muxtar Respublikasında insan amilinə verilən dəyərin göstəricisidir.
Dövlət qulluğu sahəsində islahatların ikinci istiqaməti isə müasir tələblərə cavab verən kadr siyasətinin həyata keçirilməsidir. Kadr siyasətinin əsas məqsədi dövlətə və cəmiyyətə xidmət üçün lazımi keyfiyyətlərə malik dövlət qulluqçularının formalaşdırılması, habelə dövlət qulluğu sferasının yüksək peşəkarlığa malik, vicdanlı, məsuliyyətli və vətənə sədaqətli işçilərin cəlb olunmaqla komplektləşdirilməsidir. Qeyd olunan məqsədlərə nail olmaq üçün muxtar respublikada yeni məktəb binaları, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris korpusları tikilmiş, təhsil müəssisələrində tədris müasir standartlara uyğunlaşdırılmış, maddi-texniki baza möhkəmləndirilmiş, mütəxəssis və kadrların hazırlığı üçün hərtərəfli şərait yaradılmışdır. Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı Ali Məclis Sədrinin 2015-ci il 27 iyul və 2019-cu il 3 aprel tarixli sərəncamları dövlət orqanları və təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə, insan kapitalının inkişafına, dövlət qurumlarının ixtisaslı kadrlarla təmin olunmasına imkan vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması bu istiqamətdə həyata keçirilən islahatların ən vacib tərkib hissəsidir. Muxtar respublikada dövlət qulluğu sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Fərmanı ilə komissiyanın əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd dövlət qulluğu sahəsində qəbul edilmiş normativ-hüquqi aktların muxtar respublikada tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi, dövlət qulluqçularının əlavə təhsili, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən yaradılmış digər dövlət orqanlarında və publik hüquqi şəxslərdə işə qəbul, attestasiya, sertifikasiya və qiymətləndirmənin həyata keçirilməsi sahəsində qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsinin təmin edilməsidir.
Dövlət İmtahan Mərkəzində test mərkəzinin, lokal kompüter şəbəkəsinin, mərkəzi server sisteminin mövcudluğu innovasiya və startapların tətbiqini mümkün etmişdir. Test imtahanı proqramı, Dövlət Qulluqçuları Reyestrinin aparılması proqramı, test və müsahibələrdə iştirak üçün onlayn qeydiyyat proqramı istifadəyə verilmişdir. Dövlət İmtahan Mərkəzinin portalının və yeni proqram təminatının istifadəyə verilməsi vətəndaşların dövlət qulluğuna qəbul üçün müraciət etmək imkanlarının asanlaşdırılmasına, vaxt və maliyyə itkisinin qarşısının alınmasına, mərkəzə gəlmədən və əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibələrdə iştirakına şərait yaratmışdır.
Bu gün muxtar respublikada vətəndaşların dövlət qulluğuna müsabiqə və şəffaflıq əsasında qəbulu üçün lazımi şərait mövcuddur. Belə ki, indiyədək keçirilmiş 21 müsabiqədə 6664 namizəd iştirak etmiş, onlardan 1295-i müsabiqələri müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur.
Mərkəz tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanları da keçirilir. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, muxtar respublika Prokurorluğu, Dövlət Gömrük Komitəsi, Vergi, Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərində vakant vəzifələrin tutulması və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün indiyədək keçirilmiş 52 müsabiqədə iştirak edən 2410 namizəddən 794-ü test imtahanlarında müvafiq keçid balını toplamışdır. Bundan başqa, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında keçirilməsi prinsipi digər sahələrə də tətbiq edilmişdir. 2018-ci ildən dövlət ümumi təhsil müəssisələrinə, 2019-cu ildən isə dövlət musiqi təhsili müəssisələrinə, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə, 2020-ci ildən dövlət səhiyyə müəssisələrinə işə qəbul, attestasiya və sertifikasiya mərkəzləşdirilmiş qaydada, Dövlət İmtahan Mərkəzinin proqram təminatı vasitəsilə həyata keçirilib, test imtahanlarında 11099 nəfər iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki müəssisələrə, dövlət teleradio və mətbuat orqanlarına, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə işə qəbul qaydaları təsdiq olunmuş və bu istiqamətlər üzrə imtahanların təşkili və keçirilməsi də Dövlət İmtahan Mərkəzinə həvalə edilmişdir.
Hər il məhkəmə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün etik davranış qaydalarına riayət olunması, kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları və digər mövzularda keçirilən seminarlarda yüzlərlə inzibati vəzifə tutan dövlət qulluqçusu iştirak edir. “Səyyar dövlət qulluğu xidməti könüllülüyü” layihəsi çərçivəsində rayonlarda yaşayan, internet və informasiya-kommunikasiya texnologiyalarından istifadə edə bilməyən və elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə səyyar xidmət göstərilir. Gənc dövlət qulluqçularını intellektual fəaliyyətə cəlb etmək, onlar arasında bilik və elmin nüfuzunu artırmaq məqsədilə intellektual oyunlar keçirilir.
Həyata keçirilən uğurlu kadr islahatları nəticəsində muxtar respublikamızda dövlət qulluqçularının yaş tərkibi getdikcə cavanlaşdırılır, təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir. Bu, dövlət idarəçiliyində öz müsbət nəticəsini göstərməkdədir. Dövlət Qulluqçuları Reyestrinin məlumatlarına əsasən muxtar respublikanın dövlət orqanlarında 2469 nəfər fəaliyyət göstərir ki, onların 56-sı siyasi, 1947-si inzibati, 466-sı isə yardımçı vəzifə tutur. Dövlət qulluqçularının 25 faizini gənclər, 23 faizini isə qadınlar təşkil edir.
Keçirilən müsabiqələrdə iştirak edənlərin sayının ildən-ilə artması onu göstərir ki, bu sahədə həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verir və vətəndaşların, xüsusilə gənclərin dövlət qulluğuna, o cümlədən dövlət qulluğunun xüsusi növünə aid orqanlara marağı artır. Muxtar respublikada bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsi də öz intibah dövrünü yaşayır. Bütün uğurların təməlində isə ümummilli lider Heydər Əliyev yoluna sadiqlik və bu yolun uğurla davam etdirilməsi dayanır.
Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının günün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılmış, dövlət qulluqçuları qayğı ilə əhatə olunmuş, öz fəaliyyəti ilə fərqlənənlər təltif edilmişlər. Bu gün dövlət qulluqçularının sosial müdafiəsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, muxtar respublikanın şəhər və rayonlarında “Gənclər” şəhərcikləri və yeni yaşayış binaları inşa edilir. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən dövlət qulluqçularına göstərilən qayğının və insan amilinə verilən dəyərin bariz nümunəsidir.
Göstərilən qayğının müqabilində hər bir dövlət qulluqçusu bundan sonra da səylə çalışmalı, ölkəmizin, muxtar respublikamızın inkişafı və tərəqqisinə öz töhfəsini verməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “...Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.
Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti